Məhkəmə qərarları › İş №2-1(103)-2781/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2781/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2781/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqənin verilməsi” barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3545/2025 nömrəli 14 mart 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1-ci Qarabağ müharibəsi zamanı dövlətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı səbəbilə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət ünvanlamışdır. Lakin Müdafiə Nazirliyi tərəfindən müraciətə müsbət cavab verilməyərək iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İmtinanın səbəbi olaraq isə Mərkəzi Arxivdə iddiaçının döyüş əməliyyatları aparılan dövrdə hərbi xidmətdə olması barədə məlumat olmadığı qeyd edilmişdir. Bu əsassız imtina səbəbilə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə zərurət yaranmışdır. N92-ci ilin iyun ayının 2-də Ağcabədi rayon Hərbi Komisarlığı tərəfindən təqdim edilən çağırış vərəqəsi ilə İddiaçı Hərbi Komisarlıga getmiş, hərbi bileti təqdim edib, lazımı sənədlərə imza atdıqdan sonra hərbi hissəyə yollanmışdır. Əvvəlcə qərargah sayılan Ağcabədi şəhər 2 saylı məktəbə gətirilib orada bir neçə gün hərbi təlim keçdikdən sonra Xocavənd rayonunun Əmirallar kəndi yaxinligina aparılıb. İddiaçının iştirak etdiyi 831-ci hərbi hissənin tərkibində olan rota sonradan N saylı hərbi hissəyə daxil edilib. İddiaçı pulemyot atıcısı olaraq Əmirallar kəndi uğrunda gedən döyüşlərdə, sonra Qara kənd və Pir bulağı deyilən istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak etmiş, həmçinin sapyor (minatəmizləyən) vəzifəsini icra etmişdir. Bir müddət sonra hərbi vəziyyətlə əlaqədar dağların arasında qaldıqları yerin rütubətli olması səbəbilə iddiaçının oynaqlarında yaranan şişkinlik hərəkət məhdudluğu və kəskin oynaq ağrılarına səbəb olduğundan Ağcabədi rayon Mərkəzi Xəstəxanasının tərkibində yerləşən Hospitalda müalicə almış və sonra yenidən cəbhəyə yollanmışdır. Bir müddət Əmrallar kəndi uğrunda gedən döyüşdə iştirak etmiş, sonra yenidən Ağcabədi rayonunun stadionunda yerləşən qərargaha gətiriliblər. Orada olan müddətdə Ağcabədi rayon komendaturası kimi rayonun giriş-çıxışlarına nəzarət ediblər. Bir müddət sonra Ağdam rayonunun Şelli və Naxçivanik kəndlərinə ermənilərin hücum etmələri rotada elan olunaraq onları oraya köməyə göndəriblər. Rota komandiri olan “borada Rafiq” ləqəbli Tofiq Cəfərov rotanı 3 hissəyə bölərək müəyyən intervalla onları Ağdama erməni silahlılarına qarşı vuruşmağa göndərmişdir. O vaxt həmin rotanın 3 tankı, 3 zil 131 markalı hərbi maşını var idi. Ağdamda Şelli və Naxçivanik uğrunda gedən döyüşlərdə iştirak etdikdən sonra yenidən öz qərargahlarına qayıtmışlar. N93-cü ilin mart ayında N saylı rotanın bir hissəsini evə buraxıblar. Bir neçə gündən sonra qərargaha qayıdanda onlara qərargahın Şorlama deyilən əraziyə köçürüldüyü bildirilib. Oraya gedəndə isə həmin rotanın artıq hərbi polis kimi fəaliyyət göstərməyə başladığı deyilib. Digər döyüşçülərdən yaşca çox böyük olduğundan iddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq onu hərbi polis kimi fəaliyyətə qəbul etməyiblər. Bu zaman iddiaçı hərbi biletinin verilməsini istədikdə bildirilib ki, hərbi bileti Ağcabədi hərbi komissarlığındadır. Lakin iddiaçı dəfələrlə sözügedən hərbi komisarlığa müraciət etsə də hərbi biletini tapa bilmədiklərini bildirmişlər. Hərbi komissarlığa sonuncu dəfə yenidən 2007- ci ildə müraciət etdikdə isə iddiaçıya hərbi bilət əvəzinə arayış təqdim edilmişdir.. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin iyun-dekabr N92-ci il və yanvar-mart N93- cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeyd hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 3-25- 2/2-Q-9059 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3545/2025 nömrəli 14 mart 2025-ci il tarixli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, hazırki iş üzrə iddiaçının dövlətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edən hərbi arxivdən arayış, eləcə də Ağcabədi rayon X1 tərəfindən verilmiş 776-cı rotada iştirak edən şəxslərin siyahısı məhkəməyə təqdim edilmişdir. Qeyd edilən siyahı onun 776-cı rotanın tərkibində döyüş əməliyyatlarında iştirakı faktını təsdiq edən sənəddir. Buna baxmayaraq Məhkəmə “iddiaçının döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar edilmədiyini” bildirməklə sözügedən Əsasnamənin tələblərinə zidd qərar qəbul etmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr N95-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N98-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən N88-ci il fevralın 1-dən N91-ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N97-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 3- 25/2-Q-600- 1/2024 nömrəli məktubundan görünür ki, onun Müdafiə Nazirliyi Mərkəzi Arxivinə ünvanladığı ərizəyə baxılmışdır. N №-li hərbi hissə komandirinin iyun-dekabr N92-ci il və yanvar-mart N93-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Qaradağ rayon hərbi komissarlığının 686 nömrəli xx.xx.2007-ci il tarixli hərbi bilet əvəzi arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.N80-ci ildən xx.xx.N82-ci il tarixədək H/H 68301-xx.xx-1080 H/H 52861xx.xx.0582 Silahlı Qüvvələrində hırbi xidmət keçmişdir. Hal-hazırda Sabunçu rayon hərbi komissarlığında hərbi qeydiyyatdadır Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3487 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli 2-1(112)-14654/2024 №-li məktuba (Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə xx.xx.2024-cü il tarixdə daxil olmuş) cavab olaraq bildirilir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin iyun-dekabr N92-ci il, yanvar-dekabr N93-cü il, yanvar-dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar edilməmişdir. Qeyd edilir ki, məktubda yazılmış N №-li hərbi hissə komandirinin xx.xx.N92- ci il tarixli 109 №-li əmri, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin sentyabr N92ci il tarixli nizami hissə üzrə əmrlərində öz təsdiqini tapmamışdır. Belə ki, N №-li hərbi hissə komandiri tərəfindən xx.xx.N92-ci il tarixdə 109 №-li nizami hissə üzrə əmr verilməmişdir. N №-li hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N92-ci il tarli 55 №-li və xx.xx.N92-ci il tarixli 109 №-li nizami hissə üzrə əmrlərində İddiaçı barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək, 11,10.N92-ci il tarixdən xx.xx.N93-cü il tarixədək, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək, xx.xx.N93- cü il tarixdən xx.xx.N93-cü il tarixədək, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək, xx.xx.N94-cü il tarixdən xx.xx.N94-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat Statistika və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur . Apellyasiya şikayətinin dəlillərinə cavab olaraq Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. İş üzrə müəyyən olunur ki.iddiaçının hərbi xidmətə qəbulu, xidmət keçməsi barədə müvafiq əmrlər olsa da, sonuncu dəfə xx.xx.N94-cü il tarixli əmrdən sonra xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçının xidmət keçməsi barədə məlumat, xüsusən də iddiaçının xidmətinin başa çatması, onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə qanunla nəzərdə tutulmuş sənədlər iş üzrə müəyyən olunmadığından iddia tələbi əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının qanuna zidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3545/2025 nömrəli 14 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar