Məhkəmə qərarları › İş №2-1(103)-2782/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2782/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2782/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “’əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair Açar söz: mülkiyyət hüququnun qeydə alınması X2 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi, cavabehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3882/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.1983-cü il tarixdə verilmiş İİİ-JQ seriyalı 268480 №li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X1 arasında 1983-cü ildə nikah bağlanmış, nikahdan sonra ərə Almazov, arvada Almazova soyadı verilmişdir.

2. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli 018-488A4221 №li məktubundan müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında xx.xx.1983-cü il tarixdən hal-hazıradək yaşayış yeri üzrə qeydiyyatdadır.

3. Həmin İdarənin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1981-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ünvan 1 ünvanında X8 qeydiyyatda olmuşdur.

4. İş materiallarına Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2001-ci ilin avqust ayında ünvan 1 ünvanında yerləşən evin notarial qaydada təsdiq edilmiş texniki pasportu tərtib edilmişdir. Texniki pasportda notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, həmin pasport Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin A-125 saylı, xx.xx.2001-ci il tarixli məktubuna əsasən tərtib olunmuşdur.

5. 1 saylı Bakı “Asan” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 160674 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 19 oktyabr 2014-cü ildə ölmüşdür.

6. ünvan 2 ünvanlanmış X-50 №li 18 fevral 2021-ci il tarixli məktubda göstərilmişdir ki, 19 oktyabr 2014-cü il tarixdə vəfat etmiş X4 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün arvadı İddiaçı Bakı şəhəri 26 saylı Notariat Ofisinə müraciət etmişdir. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqları İdarəsi tərəfindən təsdiq edilmiş mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Texniki Pasporta əsasən ünvan 3 ünvanında yerləşən yaşayış evinə dair yeni Çıxarış verilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur.

7. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə ünvanlanmış xx.xx.2001-ci il tarixli məktubda göstərilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətinə M.Ə.Rəsulzadə qəsəbəsi “Bakı fəhləsi” küçəsi ev 23-də yaşayan X8 A-125 saylı, xx.xx.2001-ci il tarixli ərizə ilə müraciət edərək, yuxarıda qeyd edilən ünvanda 1958ci ildən yaşadığını bildirir və 8 nəfər ailə üzvləri ilə birlikdə pasport qeydiyyatında olduğunu nəzərə alıb, yaşadığı evə texniki pasport tərtib edilməsinə icazə verilməsini xahiş edir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, X5 yaşadığı evdə texniki pasportun tərtib edilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.

8. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətlərə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi (hazırda DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş eyni məzmunlu imtina məktublarında, fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı birinin təqdim olunmaması və təqdim olunmuş Texniki pasportun 2001-ci ilin avqust ayında tərtib olunması əsası ilə müraciətinin təmin olunmasının mümkün olmadığı bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri 26 saylı Notariat ofisi üçüncü şəxs qismində göstərilməklə “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanındakı 1046,9 kv. metr torpaq sahəsinin üzərində yerləşən 193,3 kv. metr fərdi yaşayış evindən mərhim əri X5 adına mülkiyyət hüququnun təsdiq edilməsi və mülkiyyətçi kimi qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X8 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Onlar arasında nikah xx.xx.1983-cü il tarixdə bağlanmışdır. Nikahdan sonra ərinin adına Binəqədi rayonu, Bakı Fəhləsi küçəsi, ev 23 ünvanında yerləşən fərdi yaşayış evini almışlar və həmin evə dair texniki pasport tərtib olunmuşdur. Texniki pasport Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 12-A-125 nömrəli məktubuna əsasən tərtib edilib. Texniki pasportda reyestr nömrəsi 30/770 saylı 04.08.01 (xx.xx.2001)ci il tarixi qeyd olunmuşdur. Texniki pasport olduğu üçün çıxarış almaq məqsədilə müraciət etməmişlər. 2019-cu ildə Bakı şəhəri 26 saylı Notariat ofisinə müraciət edərək, övladları ilə birgə vərəsəliyi qəbul etmişlər və buna dair onlara məktub verilmiş, lakin əmlaka dair çıxarış olmadığı üçün vərəsəlik şəhadətnaməsi verilməmişdir. Bundan sonra bilavasitə özü və notarius vasitəsi ilə dəfələrlə cavabdeh inzibati orqana mübahisəli əmlaka dair hüquqlarının qeydə alınması üçün müraciətlər etsə də sonuncu tərəfindən müxtəlif əsaslarla müraciətinin təmin olunmasından imtina olunmuşdur. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır.

11. Cavabdehin iddiaya etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsasdır. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3882/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim Nəriman Abıyev) iddia tələbi təmin edilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının dairəsi konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mübahisəli daşınmaz əmlaka dair mərhum ərinin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yuxarıda qeyd olunan sənədlərin nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim olunmadığı, iddiaçı tərəfindən təqdim olunan daşınmaz əmlaka dair “Texniki Pasport”un Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdeh orqanın imtinasını qanuni və əsaslı, iddiaçının tələbini əsassız hesab etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14.İddiaçı qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(112)-3882/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X8 ilə xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuşdur. Nikahdan sonra ərinin adına Binəqədi rayonu ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini aldılar (birgə nikah dövründə), mülkiyyətə texniki pasport verdilər (üstündə tarix qələmlə avqust 2001-ci il yazılıb). Texniki pasport Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 12-A-125 nömrəli məktubuna əsasən tərtib edilib. Texniki pasportda reyestr nömrəsi 30/770 saylı 04.08.01 (xx.xx.2001) tarixli yazılıb. İddiaçı bilmədiyindən qeydiyyat vəsiqəsi (kupça-çıxarış) almağa cəhd etməmişdir, rahat olmuşdular ki, texniki pasportları var, çünki texniki pasportun əsasında çıxarış verilir. Bu sahədə biliksiz olduğu üçün əri dünyasını dəyişdikdə iddiaçı vərəsəlik üçün notariusa müraciət etmədi. Düşünmüşdür ki, ərinin adına olan mülk onsuz da onun adına sayılır, yalnız müəyyən əməliyyatlar etmək istəyəndə anladı ki, mülkiyyətinin çıxarışı olmağı çox vacibdi. 2019-cu il tarixdə Bakı 26 saylı Notariat Ofisinə müraciət etdi və vərəsə təyin olundu. Lakin çıxarış olmadığı üçün vərəsəlik şəhadətnaməsi verilə bilməzdi. Notarius sonra iddiaçı dəfələrlə İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX Bakı 1 saylı Ərazi İdarəsinə müraciət etsə də, ya cavab vermirdilər, ya şifahi bildirirdilər ki, sənədin kökü yoxdur. Hətta sənədi əlbəəl qəbul etmədikdə bildirirdilər ki, məktubla müraciət edin. İmtinada iddiaçının mülkiyyətinin ünvanının əvəzinə “Donuzçuluq Sovxozu” ünvanını yazmışdılar, halbuki iddiaçının o ünvanda əmlakı yoxdur. Dəfələrlə şikayətlərdən sonra arxivdən texniki pasport tapıldı, lakin indi də köhnə tarixli qərarı iddiaçıya təqdim edərək çıxarış verməmək üçün bəhanə tapdılar.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. İşə baxılması sonuncu dəfə xx.xx.2022-ci il tarixə təyin edilmiş, İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 17.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

18.Tətbiq edilən hüquq

xx.xx.2004-cü il tarixdə qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0-ci maddə-daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 12.1-ci maddə- daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddə-hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: 1.11-ci bənd- Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. 2.4-ci bənd- üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport ( həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir.

Əsaslandırma hissəsi:

19. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Məhkəmə kollegiyası izahatları dinləyərək dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. İşin hallarından görünür ki, iddiaçı mərhum əri X8 ilə birgə nikah dövründə əldə etdikləri və xx.xx.1983-cü il tarixdən qeydiyyatda olduğu ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin fərdi yaşayış evi ilə bağlı 2001-ci ilin avqust ayında tərtib edilmiş texniki pasportdan başqa qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. İddia ərizəsində qeyd edilənlər və iddiaçının fərdi yaşayış evinə qeydiyyata alındığı tarixə əsasən müəyyən edilir ki, həmin ev 1983-cü il tarixədək inşa edilmişdir. İddia ərizəsində iddiaçı və həyat yoldaşının qeyd edilən fərdi yaşayış evini birgə nikah dövründə əldə etdiyi qeyd edilsə də, evin hansı sənəd əsasında əldə etdiyi işdən görünmür. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qanunla nəzərdə tutulmuş qaydada tikinti məqsədləri üçün səlahiyyətli orqan tərəfindən ayrılması hər hansı qərar və ya sərəncam mövcud olmadığından ehtimal edilir ki, tikili özbaşına tikili olmuşdur. Tikilinin texniki pasportunda həmin tikilinin Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 12-A-125 nömrəli məktubuna əsasən tərtib edildiyi qeyd edilir. İş materiallarına əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 12-A-125 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçının həyat yoldaşı R.Almazov 1958-ci ildən həmin evdə yaşadığını göstərərək (halbuki iddia ərizəsində evin nikahdan, yəni 1983-cü ildən sonra əldə edildiyi göstərilir) evin texniki pasportunun tərtib edilməsinə icazə verilməsini xahiş etmiş, müraciət əsasında Binəqədi rayon İcra Hakimiyyəti texniki pasportun tərtib edilməsi üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlaının Qeydiyyatı İdarəsinə müraciət etmişdir.

22. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, xx.xx.2001-ci il tarixdən sonra İcra Hakimiyyətinin məktubu əsasında tərtib edilmiş texniki pasport digər hüquqmüəyyənedici sənədlər olmadığından daşınmaz əmlak üzərində hüququn qeydə alınmasına əsas vermədiyindən iddiaçının tələbi əsassızdır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qərarın apellyasiya qaydasında dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.

Nəticə hissəsi:

24. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, kollegiya

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3882/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar