Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2783/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən düzgün hesablanması və qalıq məbləğin ödənilməsinin cavabdehin üzərinə qoyulması” GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, onun vəkili X3, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən düzgün hesablanması və qalıq məbləğin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3645/2021 saylı 30 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı onun 26 aprel 1992-ci ildə daxili işlər orqanlarında son yaş həddi sayılan 50 yaşının tamam olması ilə əlaqədar 27 aprel 1992-ci il tarixdən Azərbaycan Respublikası daxili işlər orqanlarından tərxis olunmasına dair konstitusion hüququnun tanınması; onun Azərbaycan Respublikası 29 aprel 1992-ci il tarixli, 109 nömrəli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanununa əsasən dövlət tərəfindən təminatı verilmiş (29 aprel 1992-ci ildə daxili işlər orqanlarında son yaş həddi sayılan 50 yaşının tamam olması ilə əlaqədar) əldə etdiyi daimi və ömürlük pensiya təminatına, məhz bu qanunda göstərildiyi kimi, hüququ, o cümlədən, onun 27 aprel 1992-ci il tarixdən 30 sentyabr 1993-cü il tarix də daxil olmaqla (Azərbaycan Respublikası DİN-dən tərxis olunma gününədək) xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifəsi pul təminatına uyğun pensiya almaq hüququnun tanınması; onun 27 aprel 1992-ci il tarixdən 30 sentyabr 1993-cü ilədək pensiyasının Azərbaycan Respublikası DİN İstintaq İdarəsinin xüsusilə mühim işlər üzrə baş müstəntiq vəzifəsinin pul təminatına uyğun təyin edilməsi və həmin müddət ərzində ona ödənilməmiş pensiyanın indeksləşdirilmə, inflyasiya və əlavələr, eləcə də, istehlak qiymətlərin artım indeksi nəzərə alınmaqla ödənilməsi, eləcə də, ona ödənilməmiş pensiya hissəsinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmiş faiz hesab ilə məbləğin ödənilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması; 1 oktyabr 1993-cü ildən bu günədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsi maaşına uyğun əldə etdiyi pensiya hüququnun tanınması; onun pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsi maaşına uyğun yenidən hesablanması və 1 oktyabr 1993-cü ildən bu günədək, bu müddət ərzində inflyasiya, indeksasiya və istehlak qiymətlərinin artımı indeksləri nəzərə alınmaqla tam həcmdə ona ödənilməsinin cavabdehlərin üzərinə qoyulması; ona ödənilməmiş pensiya məbləğindən istifadə olunaraq, gəlir əldə edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının hesab tarifi faizinə uyğun olaraq həmin gəlirdən faiz hesabı ilə ona 1 oktyabr 1993-cü il tarixdən müvafiq pul məbləğinin ödənilməsinin cavabdehlərin üzərinə qoyulması, ona dəymiş maddi və mənəvi ziyanın kompensasiyasının 27 aprel 1992-ci il tarixdən bu günədək hər gün üçün 1 manat məbləğində və məhkəmə xərclərinin ağlabatan həcmdə ödənilməsinin cavabdehlərin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3645/2021 saylı 30 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır və ləğv edilməlidir, məhkəmə tərəfindən gəldiyi nəticəyə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə öz qərarında iddia ərizəsini əsassız sayaraq konstitusyon hüquqlarının tanınmasını rədd etmişdir. Məhkəmə qərarını onun Azərbaycan Respublikası DİN 2 iyul 1993-cü il tarixli əmrilə müstəntiq vəzifəsinə keçirilməsilə, DİN 19 avqust 1993cü il tarixli əmrilə tərxis olunması ilə, hüquqlarının bərpa olunması ilə bağlı cavabdehə çoxsaylı müraciətlərinin təmin edilməməsilə, DİN tərəfindən 20 aprel 2007-ci ildə tərtib edilən 21464 nömrəli məlumat vərəqəsində müstəntiq vəzifəsi göstərilməsilə əsaslandırmışdır. Məhkəmə məlum olmayan səbəbdən ona ümumiyyətlə aidiyyatı olmayan Azərbaycan Respublikası 2007-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanuna və Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarına istinad etmişdir. İddia ərizəsində ətraflı izah etmişdir ki, onun pensiya məsələsilə əlaqədar DİN-lə hüquqi münasibətləri 27 aprel 1992-ci ildə yaranmış, DİN əməkdaşlarının ona qarşı etdikləri əməllər vəzifə cinayəti kimi qiymətləndirilə bilər, məhkəmə isə bu hərəkətləri müsbət qiymətləndirmişdir. Məhkəmə tərəfindən qərarı əsaslandıran dəlillər cavabdehlər tərəfindən təqdim edilməmiş və məhkəmə iclasında müzakirə olunmamışdır. Onun müstəntiq vəzifəsinə keçirilməsinə dair dəlil DİN vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən suiistifadə etmələrinin və qanun pozuntularına yol vermələrinin nəticəsidir. Məhkəmə qərarından görünür ki, hakim qanunvericiliyin tələblərini pozaraq ədalət mühakiməsini keçirməkdən yayınmışdır. Məhkəmə öz qərarında tətbiq ediləsi qanun normalarını göstərməmişdir, halbuki bu normalar iddia ərizəsində qeyd edilmişdir. Tərəflərin izahatları İddiaçı, onun vəkili X6 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında iddiaçının aşağı vəzifəyə keçirilməsi barədə əmrin olduğunu, həmin əmrin mübahisələndirilmədiyi, bununla bağlı şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 15.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1108 ş/h saylı 02 iyul 1993-cü il tarixli əmrindən çıxarışdan görünür ki, polis polkovniki İddiaçı, K-039002, 5 iyul 1993-cü il tarixdən Azərbaycan Respublikası DİN-in İstintaq İdarəsinin istintaq hissəsinin mühüm işlər üzrə baş müstəntiqi vəzifəsindən azad olunaraq, həmin idarənin istintaq hissəsinin müstəntiqi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 avqust 1993-cü il tarixli, 1508 ş/h nömrəli əmrindən çıxarışdan görünür ki, “Azərbaycan Respublikası DİO-nın sıravi və rəis heyətini xidmətdən xaric edilməsi qaydaları barədə müvəqqəti Təlimat”a müvafiq olaraq daxili işlər orqanlarından, 4-cü maddənin “a” bəndinə əsasən (yaş həddinə görə) polis polkovniki İddiaçı K-039002, Azərbaycan Rspublikası DİN-in İstintaq İdarəsinin istintaq hissəsinin müstəntiqi, “30” sentyabr 1993-cü il tarixdən silahlı qüvvələrdən ehtiyata buraxılmışdır. İddiaçıya məxsus pensiya işindən görünür ki, iddiaçıya 01.10.1993-cü il tarixdən yaşa görə pensiya təyin edilmişdir. Onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 21464 nömrəli 20.04.2007-ci il tarixli məlumat vərəqəsi göndərilmiş, həmin məlumat vərəqəsində iddiaçının tərxis olunduğu vəzifə DİN-in İstintaq İdarəsi müstəntiqi, hərbi rütbəsi polkovnik leytenant, cəmi iş stajının 30 il 4 ay 14 gün təşkil etdiyi, 01.10.1993-cü il tarixdən pensiya təyin edildiyi, pensiya təyin edilməsi üçün 29.04.1992-ci il tarixli 109 nömrəli Qanununun əsas götürülməsi və iddiaçının cəmi pul təminatının 337.95 manat olması barədə məlumatlar göstərilmişdir. Hazırda iddiaçı ona 01.10.1993-cü il tarixdən yaşa görə təyin edilmiş pensiyanın məbləği ilə razılaşmayaraq, pensiyasının yenidən hesablanmasını, yəni ona 27 aprel 1992ci il tarixdən Azərbaycan Respublikası daxili işlər orqanlarından tərxis olunma hüququ olduğuna görə 30 sentyabr 1993-cü il tarix də daxil olmaqla xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifəsinin pul təminatına uyğun pensiya təyin edilməsini, həmin müddət ərzində ona ödənilməmiş pensiyanın indeksləşdirilmə, inflyasiya və əlavələr nəzərə alınmaqla ödənilməsini və ona dəymiş maddi və mənəvi ziyanın cavabdehlərdən tutulmasını tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hər iki cavabdehə münasibətdə iddiaçının göstərdiyi dəlillərin təsdiqini tapmamasına istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulmasının əsaslandırılmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki iş üzrə verilmiş iddia ərizəsinin, apellyasiya şikayətinin məzmunundan, eyni zamanda iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan aydın olur ki, onun hüquqi marağı “təyin edilmiş pensiyasının yenidən düzgün hesablanması və ödənilməyən pensiya məbləğinin indeksasiya edilərək ödənilməsinə, maddi və mənəvi ziyanın ödənilməsi”nə yönəlmiş və cavabdehlər qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qismində göstərilmiş Daxili İşlər Nazirliyi iddiaçının qeyd olunan iddia tələblərinə cavab verilməli orqan deyildir. İddiaçıya tələb etdiyi pensiyanın yenidən hesablanması üçün istədiyi məlumatların göstərildiyi yeni məlumat vərəqəsi Daxili İşlər Nazirliyi tərəfindən işlənib verildikdən sonra onun pensiyasının həmin məlumat vərəqəsindəki məlumatlar əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən yenidən hesablanması mümkündür. Lakin göründüyü kimi, iddiaçının hazırki işdə yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə qarşı hər hansı tələbi yoxdur. Kollegiya nəzərə alır ki, iddiaçının hüquqi marağının təmin edilməsi, istədiyi məlumatların əksini tapan yeni məlumat vərəqəsi əsasında pensiyasının yenidən hesablanması yolu ilə mümkündür. Bununla bağlı apellyasiya baxışı zamanı iddiaçıya hüquqi yardım göstərilərək, cavabdeh qismində qoyduğu Daxili İşlər Nazirliyinin pensiya hesablayan orqan olmadığı, onun yalnız iddiaçı barəsində yeni məlumat vərəqəsini işləyib verə biləcəyi nəzərinə çatdırılmış, habelə hazırki işdə iddiaçının belə tələbi olmadığı üçün verilmiş tələbi üzrə həmin orqan cavabdehlik daşımadığından iddia tələblərini dəqiqləşdirmək və düzgün cavabdeh seçmək hüququnun olduğu bildirilmiş, lakin iddiaçı tərəfindən bu barədə hər hansı ərizə məhkəməyə təqdim olunmamış və sonuncu hazırki işə verilmiş tələb həddində baxılmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, iddiaçı barəsində istədiyi məlumatların əksini tapacağı yeni məlumat vərəqəsinin Daxili İşlər Nazirliyi tərəfindən verilmədiyi təqdirdə, onun barəsində Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 21464 nömrəli 20.04.2007-ci il tarixli məlumat vərəqəsi əsasında pensiyasının yenidən hesablanması qeyri-mümkündür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçının cavabdeh Daxili İşlər Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” barədə tələbi olmadığından, “pensiyasının yenidən hesablanması” tələbi üzrə isə həmin inzibati orqan iddiaya cavab verməli orqan hesab olunmadığından, eyni zamanda digər cavabdeh- DSMF –nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona iddiaçı barəsində müvafiq inzibati orqan (DİN) tərəfindən yeni məlumat vərəqəsinin verilmədiyi halda iddiaçının pensiyasının istinad etdiyi hallarla bağlı yenidən hesablanmasını həyata keçirmək kimi bir səlahiyyəti qanunvericiliklə müəyyən edilmədiyi üçün iddiaçının iddiası qeyri-mümkündür. İddiaçının “pensiyasının indeksasiya olunaraq ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi, maddi və mənəvi ziyanın cavabdehlərdən tutulması” barədə tələbləri isə əsas tələbə əlavə tələblər olub, müstəqil şəkildə baxılması mümkün olmadığından və əsas iddia tələbinin qeyri-mümkün sayılması səbəbindən onlara da mahiyyəti üzrə baxılmasının qeyrimümkün olduğu nəzərə alınaraq mümkün sayılmamalıdır. Qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla bağlı iddiaçının iddia tələblərinə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3645/2021 saylı 30 iyun 2021ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3645/2021 saylı 30 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-2783/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2783/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver