Məhkəmə qərarları › İş №2-1(103)-2783/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2783/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2783/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Mirzəyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1635/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. 537512 saylı xx.xx.1975-ci il tarixli diplomdan görünür ki, iddiaçı 1972-1975-ci illər ərzində Prişib 108 nömrəli orta texniki peşə məktəbində çilingər peşəli geniş ixtisaslı traktorçu maşınist üzrə təhsil almışdır. NZ seriyalı ******* saylı xx.xx.1976-cı il tarixli hərbi biletdən görünür ki, İddiaçı 28 may 1976-cı il tarixdən 21 iyun 1978-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, o, müxtəlif illərdə müxtəlif müəssisələrdə işləmiş və əmək stajı 8 il 5 ay 4 gün gündür. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı 22 iyun 2021-ci il il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun təqdim etdiyi İT- İ ******* saylı əmək kitabçasının, 537512 saylı diplomun və H3 ******* saylı hərbi biletinin surətinə əsasən ümumi sığorta stajı 13 il 5 ay olmaqla, tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabda qeydə alınmış pensiya kapitalı 10187,04 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu əsaslara görə yaşa görə əmək pensyasının təyin olunması qanunvericiliyin tələbi baxımından mümkün olmamışdır. Həmçinin ona xx.xx.2021-ci ildən yaşa görə müavinət təyin edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun hərbi xidmət, teniki peşə təhsili dövrü, əmək kitabçasındakı stajı, 1975- 1976-cı ilərdə “Kirov” adına, 1982, 1985-1986-cı illərdə “Nizami” adına, 1986-1996-cı illərdə “Azadlıq” kolxozunda işlədiyi dövrlərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1972-1975-cı illərdə Prişib 108 nömrəli orta texniki peşə məktəbində təhsl almış, 1975-1976-cı illərə Sovet Ordusunda qulluq etmiş, 1972-ci ildən əmək fəaliyyətinə başlamışdır. İşlədiyi dövrlər əmək kitabçasına qeyd olunmuşdur. Lakin 1975-1976, 1985, 1986-1996-cı illərdə Kirov, Nizami, Azadlıq kolxozlarında, 1986-1989-cu illərdə Nizami adına kolxozda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmamışdır. İddiaçı bildirir ki, ümumi iş stajı 30 ildən çoxdur. Hazırda işləyir və 65 yaşı tamam olduğuna görə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. xx.xx.2021-ci ildən ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əmək kitabçasına, hərbi biletə və diplomuna əsasən iddiaçının ümumi sosial sığorta stajı 13 il 5 ay və eyni zamanda fərdi hesabda qeydə alınmış pensiya kapitalı 10187.04 manat təşkil edir. Belə olan halda, İddiaçı ümumi iş stajı qanunla tələb olunan müddətdən az olduğundan, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müraciətinin müsbət həlli mümkün olmamışdır. Mübahisəli müddətlər üzrə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun “İş stajına daxil edilən əmək fəaliyyətinin növləri" adlanan 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayararaq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq iş stajına daxil olur. Həmin Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda is müddəti sosial sığorta stajına daxil edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Belə ki, İddiaçı 1975-ci il tarixdən 1976-cı il tarixədək “Kirov” adına kolxozda, 1982- ci il, 1985-ci il tarixdən 1986-cı il tarixədək “Nizami” adına kolxozda, 1986-cı il tarixdən 1996-cı il tarixədək “Azadlıq” adına kolxozda işlədiyi illər əmək kitabçasında öz əksini tapmadığından sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, İddiaçı tələb olunan 25 il sığorta stajına və ya pensiyanın - minirnum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1635/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı Sovet Ordusunda hərbi xidmətini, texniki peşə təhsili dövrünü, əmək kitabçasındakı stajını və 1975-1976-cı illərdə “Kirov” adına kolxozda, 1982, 1985-1986-cı illərdə “Nizami” adına kolxozda, 1986-1996-cı illərdə Azadlıq kolxozunda işlədiyi dövrlərin sığorta stajı kimi hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmiş, bu səbəbdən də hesab edilir ki, qərar əsassız olduğundan ləğv edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddia müddəti mübahisələndirilmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “onun hərbi xidmət, texniki peşə təhsili dövrü, əmək kitabçasındakı stajı, 1975-1976cı ilərdə “Kirov” adına, 1982, 1985-1986-cı illərdə “Nizami” adına, 1986-1996-cı illərdə “Azadlıq” kolxozunda işlədiyi dövrlərin sığorta stajı kimi hesablanaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun ümumi iş stajının 25 ildən az, yəni 13 il 5 ay, həmçinin pensiya kapitalının 28800 manat tələb olunduğu halda, 10187.04 manat təşkil etməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi iş stajının 25 01 ay 27 gün olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. 1992-ci ildə qəbul edilmiş və 01 yanvar 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə (iş stajına daxil edilən əmək fəaliyyətinin növləri) əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil haqqında sənədini (diplomu), əmək kitabçasını və arxiv arayışlarını təqdim etmişdir. İddiaçıya məxsus diplomdan və hərbi biletdən görünür ki, o, müvafiq olaraq 1972- 1975-ci illər ərzində Prişib 108 nömrəli orta texniki peşə məktəbində çilingər peşəli geniş ixtisaslı traktorçu maşınist üzrə 2 il 11 ay 19 gün təhsil almış, 28 may 1976-cı il tarixdən 30 iyun 1978-cı il tarixinədək isə 2 il 1 ay 2 gün hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçı xx xxxxxx 1956-cı ildə doğulduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya pensiya təyin edilməsi üçün onun həm də azı 25 il sığorta stajı olmalıdır. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi sığorta stajının 25 ildən az, yəni 13 il 5 ay olması, eyni zamanda pensiya kapitalının kifayət qədər olmaması təşkil edir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının 1975-ci il tarixdən 1976-cı il tarixədək “Kirov” adına kolxozda, 1982- ci il, 1985-ci il tarixdən 1986-cı il tarixədək “Nizami” adına kolxozda, 1986-cı il tarixdən 1996-cı il tarixədək “Azadlıq” adına kolxozlarda işlədiyi müddəti bu barədə əmək kitabçasında qeydlərin olmaması səbəbindən mübahisələndirir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, əmək kitabçasında qeydlər aparılmadığı zaman arxiv arayışlarının əsas götürülməsi qanunda müəyyən edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Dövlət Arxivinin 170 B saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Çinarlı kənd sakini İddiaçı 1986-1987-1988-1989-cu illərdə adam gününün az olması kolxozun texnika parkı müstəqil texnika birliyi olmuş, əmək haqqını texnika parkından aldığından, kolxozdan yalnız 6 aylıq müddətə buğda bülgüsü aparıldığı üçün 6 aylıq adam günü hesablanması Nizami adına kolxozun son hesab kitabında aparılmışdır. Göstərilən illərə adam gününün az olması Nizami adına kolxozun texnika birliyin arxiv sənədlərin Arxivə təhvil verilməməsinə görə tam stajı yuxarıda göstərilən illərə adam günlərini tam şəkildə vermək mümkün olmadı. Biləsuvar rayon Dövlət Arxivinin 170 A saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, Çinarlı kənd sakini İddiaçı 1975-1976-cı illərdə “Kirov” adına kolxozda, 1982-ci il, 1985-1986-cı illərdə “Nizami” adına kolxozda, 1986- 1996-cı illər ərzində “Azadlıq” adına kolxozda işlədiyi aşağıdakı qaydada təsdiq edilir: 1975-ci ildə 103 gün, 1976-ci ildə 0 gün, 1982-ci ildə 13 gün, 1985-ci ildə 18 gün, 1986-ci ildə (6+ 191) 197 gün, 1987-ci ildə 212 gün, 1988-ci ildə 192 gün, 1989-cu ildə 184 gün, 1990-ci ildə 331 gün, 1991-ci ildə 272 gün, 1992-ci ildə 309 gün, 1993-cü ildə 296 gün, 1994-cü ildə 272 gün, 1995-ci ildə 244 gün, 1996-ci ildə 202 gün ictimai təsərrüfatda adam günü iştirakı olmuşdur. Birinci instansya məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş Biləsuvar rayon Dövlət Arxivinin 46 saylı 25 fevral 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı işlədiyi “Kirov”, “Nizami” və “Azadlıq” adına kolxozlarda kişilər üçün adam günü norması 250 gün nəzərdə tutulmuşdu. İddiaçının adı çəkilən kolxozlarda iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla hesablanmalı olduğu üçün, həmin müddət 1975-ci ildə 103 gün, 1976-ci ildə 0 gün, lakin 324 manat əmək haqqı alması nəzərə alınmaqla 95 gün (belə ki, 1975-ci ildə 103 adam gününə görə 351 manat aldığı halda, x=324x103:351=95 gün edir), 1982-ci ildə 13 gün, 1985-ci ildə 18 gün, 1986ci ildə (6+ 191) 197 gün, 1987-ci ildə 212 gün, 1988-ci ildə 192 gün, 1989-cu ildə 184 gün, 1990-ci ildə 331 gün (1 il), 1991-ci ildə 272 gün (1 il), 1992-ci ildə 309 gün (1 il), 1993-cü ildə 296 gün (1 il), 1994-cü ildə 272 gün (1 il), 1995-ci ildə 244 gün, 1996-ci ildə 202 gün) cəmi 5 il və 1460 (103+95+13+18+197+212+192+184+244+202) adam günü, yəni 5 il 8 ay (1460 : 250 adam günü norması = 5 il 8 ay) hesablanmaqla, cəmi 10 il 8 ay (5 il+ 5 il 8 ay = 10 il 8 ay) təşkil edir. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun iş stajı xx.xx.1978xx.xx.1986 (7 il 9 ay 22 gün), xx.xx.2020-xx.xx.2020 (6 ay 5 gün) və xx.xx.2020xx.xx.2021-ci il (65 yaşının tamam olduğu) tarixədək (1 ay 7 gün) hesablanmaqla, cəmi 8 il 5 ay 4 gün təşkil edir. Beləliklə, iddiaçının təhsil dövrü (1972-1975-ci illər- 2 il 11 ay 19 gün), hərbi xidmət dövrü (xx.xx.1976-xx.xx.1978-ci illər- 2 il 1 ay 2 gün), əmək kitabçasındakı is stajı (xx.xx.1978-xx.xx.1986-cı illər- 7 il 9 ay 22 gün, xx.xx.2020-xx.xx.2020-ci illər- 6 ay 5 gün, xx.xx.2020-xx.xx.2021-ci illər- 1 ay 7 gün), kolxozda işlədiyi 10 il 8 ay nəzərə alınmaqla, ümumilikdə 24 il 1 ay 15 gün təşkil edir ki, bu da qanunla tələb olunan 25 ildən azdır. Lakin birinci instansiya məhkəməsinin qərarının məzmunundan görünür ki, işə baxmış hakim iddiaçının ümumi iş stajına daxil olan- hərbi xidmət dövrünü və kolxozdakı stajını hesablayarkən texniki səhvlərə yol vermiş və nəticədə müddətləri düzgün, qanunla müəyyən edilmiş qaydaya da uyğun hesablamadığı üçün nəticə etibarilə iddiaçının 25 il ümumi stajının olduğu qənaətinə gəlmişdir ki, bu da qəbul edilən deyildir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənilmir. Digər şərtə- fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinə gəldikdə isə apellyasiya baxışı zamanı bu şərtin də ödənilmədiyi aydın olur. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 28800 manat olmalı olduğu halda, 11099,47 manat təşkil edir ki, bu da ona yaşa görə pensiya təyin olunması üçün kifayət etmir. Odur ki, iddiaçıya yaşa görə pensiya təyin olunması barədə tələb əsassız olub rədd edilməlidir. Qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılıb nəzərə alınmamış və nəticədə maddi hüquq normalarının pozulması ilə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilmişdir. X3 Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etməkdə haqlı olmuş və buna görə də birinci instansiya məhkəməsi iddianın təmin olunması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hazırki işdə iddiaçının ona yaşa görə pensiyaya çıxması üçün qanunda nəzərdə tutulan 25 il ümumi stajının olması şərtinin təmin olunmadığını nəzərə alaraq hesab edir ki, iddia əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1635/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1635/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar