Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2785/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçılar İddiaçı4 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və qeyrisinə qarşı “tikilinin sökülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2- 1(112)-8483/2021 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 13.07.2021-ci il tarixində (bundan sonra mətndə - iddiaçılar) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin 09.10.2017-ci il tarixli, 231 saylı sərəncamının və Əmlak Məsələləri Dövlət Komitəsi ilə X2 arasında bağlanmış 09.10.2017-ci il tarixli, 377 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 18.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamının etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan tikilinin sökülməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 09.10.2017-ci il tarixli, 231 nömrəli sərəncamı ilə X1 məxsus olan S.Ə.ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istifadəsinə 842 kv.m. torpaq sahəsi ayrılmışdır. Bu fakt icarə müqaviləsinin 1.1-ci bəndi və Əmlak Məsələləri Dövlət Komitəsinin məktubları ilə müəyyən edilir. Müqaviləyə əlavə edilmiş plan-cizgidən görünür ki, X2 tərəfindən mübahisəli ərazidə 519,3 kv.m. torpaq sahəsində qeyri-yaşayış binasının layihələndirilməsi nəzərdə tutulub. 842 kv.m. torpaq sahəsinin 304,7 kv.m. hissəsinə əvvəllər “Qərənfil” şadlıq sarayı kimi fəaliyyət göstərən qeyri-yaşayış binası yerləşib, həmin bina Həsən Hacısoyun mülkiyyətindədir, onun altında yerləşən 304,7 kv.m. ölçüdə olan torpaq sahəsi və qanunsuz şəkildə Həsən Hacısoy tərəfindən tikinti işləri aparılan 519,3 kv.m. hissədə olan torpaq sahəsi hüquqa zidd şəkildə qəbul edilmiş sərəncamla ayrılmışdır. Bundan başqa digər cavabdeh Xətai Rayon İcra Hakimiyyəti 18.03.2018-ci il tarixdə sözügedən layihələndirilmiş sahədə tikinti aparılması üçün qanunvericiliyə zidd olan 69 nömrəli sərəncam verilmişdir. Məhkəmənin 15.03.2021-ci il tarixli qərardadı ilə iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamların, icarə müqaviləsinin etibarsız hesab edilməsi və tikilinin sökülməsi” tələbinə dair işin : - iddiaçılar İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “Əmlak Məsələləri Dövlət Komitəsinin 09.10.2017-ci il tarixli, 231 saylı sərəncamının və Əmlak Məsələləri Dövlət Komitəsi ilə X2 arasında bağlanmış 09.10.2017-ci il tarixli, 377 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbi üzrə icraat e-2-1(112)4939/2021 nömrə ilə; - iddiaçılar İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 18.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamının etibarsız hesab edilməsi” tələbi üzrə icraat yeni nömrə ilə; - iddiaçılar İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə X2 üçüncü şəxs qismində cəlb edilməklə “ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan tikilinin sökülməsi” tələbi üzrə icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması qərara alınmışdır. İddiaçı4 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “tikilinin sökülməsi” tələbinə dair inzibati iş 2-1(112)8483/2021 nömrə ilə qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(112)-8483/2021 nömrəli qərardadı ilə (hakim H.Ağalarov) İddiaçı4 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “tikilinin sökülməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021ci il tarixli, 2-1(112)-8483/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. 04.11.2021-ci il tarixində iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçılar, onların nümayəndəsi və vəkili Vəkil (“Femida” Vəkil Bürosu), cavabdehlər və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin mahiyyəti üçüncü şəxs X2 tərəfindən aparılmış tikintinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması ilə bağlıdır Göründüyü kimi iddiaçılar iddia ərizəsi ilə cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürsələr də, iddiaçıların özlərinin də iddia ərizəsində bildirdikləri kimi, mübahisə predmeti tikili üçüncü şəxs tərəfindən inşa edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçıların hazırkı iddia tələbində nəzərdə tutulmuş hüquqlarının tələbin irəli sürüldüyü cavabdeh inzibati orqanların hərəkət və ya hərəkətsizliyi nəticəsində pozulması müəyyən edilmədiyindən hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı4 və qeyrilərinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(112)-8483/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2785/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2785/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver