Məhkəmə qərarları › İş №2-1(103)-2785/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2785/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2785/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-726/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Əraz İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mərdəkan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışa əsasən İddiaçı istifadəsində olan 217,33 kv.m torpaq sahəsinin “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 23-cü bəndinin tələblərini nəzərə almaqla satılması məqsədəuyğun hesab edilmiş, mülkiyyət hüququ ilə nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə bələdiyyəyə təqdim edilməsi barədə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsindən xahiş edilməsi qərara alınmışdır.

2. Mərdəkan Bələdiyyəsinin xəritəsindən çıxarışa əsasən, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsinin sxemi tərtib olunmuş, sxem Mərdəkan Bələdiyyəsinin sədri tərəfindən “təsdiq edilib” imzalanmış və Mərdəkan Bələdiyyəsinin möhürü ilə təsdiqlənmişdir.

3. Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 890 nömrəli xx.xx.2007-ci il tarixli Bakı şəhər İcra Hakimiyyəti memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığı məktubunda bildirilmişdir ki, Mərdəkan Bələdiyyəsi rayon İcra Hakimiyyətinə müraciət edərək vətəndaş İddiaçı 217.33 kv.m torpaq sahəsini müvafiq qaydada onun adına sənədləşdirilməsini xahiş etmiş, Əzizbəyov rayon İcra Hakimiyyəti həmin torpaq sahəsini İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılmasına etiraz etmir və bu məsələyə münasibət bildirməsini xahiş edir.

4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-2522/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinə qarşı “torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi təmin edilərək Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən və İddiaçı istifadəsində olan 217,33 kv.m olan torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin plan və ölçüsünün (kadastr planı) verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********56 nömrəli məktubu ilə Bakı İnzibati Məhkəməsinə təqdim olunan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2in(82)2522/2012 saylı qərarına əsasən, Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 217,33 kv.m. torpaq sahəsinə dair plan və ölçüsü tərtib edilmiş və X5 kitabında xx.xx.2013-cü il tarixdə 34203 nömrə ilə uçota alınmışdır.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastı və Yerquruluşu Layihə-X4 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21- 3-60/2-626/2023 nömrəli məktubundan müəyyən olunur ki, sözügedən 217.33 kv.m torpaq sahəsinin yeri, yerləşdiyi zona və normativ qiyməti barədə məlumat ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İddiaçı adına verilmiş AN-439893 (kod **********4211) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin qaimə hissəsində göstərilmişdir.

7. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 avqust 2023-cü il tarixli 3-35-1/2- 1880/2023 nömrəli məktubu ilə Bakı İnzibati Məhkəməsinə təqdim olunan Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Mərdəkan Bələdiyyəsinə və Əzizbəyov RİH-nə ünvanlanmış xx.xx.2007-ci il tarixli 18/03-8/6697 nömrəli məktubunda vət. İddiaçı və vət. X2 müraciətləri ilə əlaqədar qaldırılmış məsələlərin qanun çərçivəsində həll edilməsinə etiraz edilmədiyi bildirilmişdir.

8. Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 1-3/47 nömrəli məktubundan müəyyən olunur ki, vətəndaş İddiaçı istifadəsində olan 217,33 kv.m torpaq sahəsi üçün 05 noyabr 2007-ci il tarixdə Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən rəy verilmişdir. Bələdiyyə tərəfindən 17 aprel 2008-ci il tarixdə həmin torpaq sahəsinin yerində dəqiqləşdirib yerquruluşu layihəsinin və situasiya cizgisinin çəkilməsi üçün Dövlət Torpaq Komitəsinin Bakı Şəhər Torpaq şöbəsinə müraciət olunmuşdur.

9. İddiaçı xx.xx.2007-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Əzizbəyov rayonu Mərdəkan Bələdiyyəsinə müraciət edərək Mərdəkan qəsəbəsi daxilində alqı-satqı predmeti olan 217,33 kv.m. torpaq sahəsinin müvafiq qaydalara uyğun olaraq ona satılmasına köməklik göstərilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Mərdəkan Bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Bakı Şəhər Torpaq şöbəsinə ünvanladığı xx.xx.2008-ci il tarixli, 1-3/115 nömrəli məktubundan müəyyən olunur ki, Bakı şəhər sakini İddiaçı Mərdəkan Bələdiyyəsinə ərizə ilə müraciət edərək Mərdəkan qəsəbəsi hüdudları daxilində yerləşən, alqı-satqı predmeti olan 217,33 kv.m. torpaq sahəsinin mövcud qanunlara uyğun olaraq, ona satılmasını xahiş etmişdir. Mərdəkan Bələdiyyəsində bu müraciətə baxılmış və həmin 217,33 kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı satılması məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq İslahatı haqqında”, “X1 edilməsi haqqında”, “Torpaq alqı-satqı qaydaları haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq həmin torpaq sahəsinin yerində dəqiqləşdirilib yer quruluşu layihəsinin və situasiya cizgisinin çəkilməsi Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Bakı Şəhər Torpaq şöbəsindən xahiş olunmuşdur.

11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********78 nömrəli məktubu ilə Bakı İnzibati Məhkəməsinə təqdim olunan mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilərək naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən araşdırılmışdır. Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinə iddiaçının nümayəndəsinin iştirakı ilə yerində baxış keçirilmiş, döngə nöqtələrinin koordinatlatları müəyyən edilmişdir. Torpaq sahəsinin planında torpağın sahəsinin 217.33 kv.m göstərilməsinə baxmayaraq faktiki vəziyyətdə hasarla əhatələnmiş torpağın sahəsi 231.85 kv.m təşkil edir. Bakı şəhəri üzrə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrini özündə əks etdirən bələdiyyə xəritələrinin aidiyyəti qurumlar tərəfindən təsdiq edilməməsi səbəbindən iddia olunan torpaq sahəsi dövlət mülkiyyəti torpağı hesab edilir.

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********20 nömrəli məktubu ilə Bakı İnzibati Məhkəməsinə təqdim olunan torpaq sahəsinin texniki vəziyətini əks etdirən müayinə aktından görünür ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi bələdiyyə torpağıdır, yaşayış məntəqələrinin torpaqlarıdır, torpaq sahəsinin daxilində tikili mövcud deyil, faktiki sahədə mövcud kommunikasiya xətləri mövcuddur. Qeyd: Kadastr elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş torpaq sahəsi daxilində **********4211 nömrəli kadastr planı vardır. Bələdiyyə xəritələrinin aidiyyəti qurumlar tərəfindən təsdiq edilməməsi səbəbindən iddia olunan torpaq sahəsi dövlət mülkiyyəti torpağı hesab edilir.

13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********86 nömrəli imtina məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətə baxılaraq Mərdəkan Bələdiyyəsi tərəfindən sənədləin xx.xx.2007-ci il tarixdən sonra verilməsi bildirilmişdir. Belə ki, “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2007ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qanuni istifadəsində olan, Mərdəkan qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq həmin torpaq sahəsinə dair müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqii şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qanuni istifadəsində olan, Mərdəkan qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydə alınaraq həmin torpaq sahəsinə dair müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********486 saylı məktubla müraciətinin həllindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçı Mərdəkan qəsəbəsi ərazisində yerləşən və uzun müddət istifadəsində olan ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsinin ona satılması üçün Mərdəkan Bələdiyyəsinə 29 may 2007-cı il tarixdə, yəni “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişiklikdən təxminən 5 ay əvvəl müraciət etmişdir. Həmin dövrdə torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün bələdiyyə tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuş, Bakı şəhər İH Başçısı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 890 saylı xx.xx.2007-ci il tarixli məktubu ilə torpaq sahəsinin qanunamüvafiq qaydada ona ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrılması nəzərdə tutulan torpaq sahəsinin sxemi razılaşdırılmış və Mərdəkan Bələdiyyəsinə və Əzizbəyov (Xəzər) Rayon İcra hakimiyyətinə ünvanlanmış 18/03-8/6697 saylı xx.xx.2007-ci il tarixli məktubda bildirilmişdir ki, qaldırılan məsələnin qanun çərçivəsində həll edilməsinə etiraz etmirlər. Mərdəkan Bələdiyyəsinin 21 aprel 2011-ci il tarixli 05 saylı iclas Protokolu ilə qeyd olunan torpaq sahəsinin “Planı və ölçüsü sənədi”nin hazırlanması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə göndərilməsi qərara alınmış və bu barədə həmin şöbəyə 1-3/145 saylı xx.xx.2011-ci il tarixli məktub ünvanlanmışdır. Lakin həmin müraciətə cavab verilmədiyi üçün tərəfindən məhkəməyə müraciət olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2in(82)-2522/2012 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X6 kitabında xx.xx.2013-cü il tarixdə 34203 nömrə ilə qeydə alınmaqla onun adına AN 439893 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. Lakin həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. İddiaçının bələdiyyə orqanına müraciətinə vaxtında baxılmaması və qanunvericilikdə hər hansı dəyişikliyin olması onun qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinaya əsas ola bilməz.

16. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Mərdəkan Bələdiyyəsi tərəfindən verilmiş sənədlər xx.xx.2007-ci il tarixdən sonrakı tarixə aiddir. Belə ki, “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bundan əlavə, idarənin mütəxəssislərinə torpaq sahəsinə texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Mərdəkan Bələdiyyəsi tərəfindən verilmiş sənədlər xx.xx.2007-ci il tarixdən sonrakı tarixə aiddir. Belə ki, “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bundan əlavə, idarənin mütəxəssislərinə torpaq sahəsinə texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş olunur.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-726/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-726/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Əraz İdarəsi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-726/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qanuni istifadəsində olan, Mərdəkan qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq həmin torpaq sahəsinə dair müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlə Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 726/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət torpağıdır. “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Mərdəkan Bələdiyyəsi tərəfindən verilmiş sənədlər xx.xx.2007-ci il tarixdən sonrakı tarixə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin dövlət mülkiyyətində olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Ona görə də, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-726/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri

20. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

21. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

22. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

24. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

25. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

26. Maddə 51.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

27. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

28. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. X1 edilməsi haqqında Azərbaycan Respublikası Qanunu

29. Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;

30. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

31. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

32. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. (6.5-ci maddənin 28 oktyabr 2008-ci il tarixədək qüvvədə olan redaksiyası).

33. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (6.5-ci maddənin 28 oktyabr 2008-ci il tarixli dəyişiklikdən sonra qüvvədə olan redaksiyası).

34. Maddə 9.1. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. (9.1-ci maddənin 23 oktyabr 2007-ci il tarixədək qüvvədə olan redaksiyası).

35. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (9.1-ci maddəyə 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişiklikdən sonra qüvvədə olan redaksiyası). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə

36. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu

37. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

38. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

39. Maddə10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

40. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

41. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”

42. Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək.

43. Bənd 3. DƏDKR-in vəzifələri və hüquqları: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Azərbaycan Respublikasının İnzibati İcraat haqqında Qanunu

44. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

45. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

46. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

47. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

48. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

49. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

50. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

51. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

52. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

53. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

54. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

55. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

56. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

57. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103).” Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

58. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

59. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya Məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

61. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

62. Belə ki, iddiaçı Mərdəkan qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 217,33 kv.metr torpaq sahəsinin Mərdəkan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli protokol qərarı ilə adına rəsmiləşdirildiyini, torpaq sahəsinə plan-ölçü sənədinin verildiyini və həmin torpaq sahəsinin hazırda da onun qanuni istifadəsində olduğunu əsas gətirərək torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

63. Cavabdehin müraciətin təminindən imtinasının əsası ondan ibarət olmuşdur ki, Mərdəkan Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş xx.xx.2007-ci il tarixdən qüvvədə olan dəyişiklikdən sonrakı tarixə aiddir ki, qeyd edilən dəyişikliklə torpaq sahəsinin, yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi imkanı nəzərdə tutulmuşdur.

64. Kollegiya qeyd edir ki, 23 oktyabr 2007-ci il tarixli dəyişikliyə qədər bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin bələdiyyə qərarı və alqı-satqı aktı əsasında fiziki və hüquqi şəxslərin mülkiyyətinə ayrılması nəzərdə tutulduğu halda qeyd edilən dəyişiklikdən sonra və hazırda da qüvvədə olan qanunun redaksiyasında torpaq sahələrinin yalnız açıq hərrac, müsabiqə vasitəsilə mülkiyyətə ayrılması təsbit olunmuşdur.

65. İstinad olunan Qanunun 28 oktyabr 2008-ci il tarixli dəyişikliyə qədər qüvvədə olmuş 6.5-ci maddəsinin redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilməsi nəzərdə tutulmuşdur.

66. İddiaçı xx.xx.2007-ci ildə Mərdəkan Bələdiyyəsinə müraciət edərək Mərdəkan qəsəbəsi daxilində istifadəsində olan 217,33 kv.m. torpaq sahəsinin müvafiq qaydalara uyğun olaraq ona satılmasına köməklik göstərilməsini xahiş etmiş, Mərdəkan Bələdiyyəsinin müraciəti ilə əlaqədar Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti 890 nömrəli xx.xx.2007-ci il tarixli məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək rayon İcra Hakimiyyətinin iddiaçının istifadəsində olan torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılmasına etiraz etmədiyini, məsələyə münasibət bildirilməsini xahiş etmiş, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2007-ci il tarixli 18/03- 8/6697 nömrəli məktubu ilə İddiaçı müraciəti ilə əlaqədar torpaq sahəsinin ayrılması məsələsinə etiraz etmədiyini bildirmişdir.

67. Bakı şəhəri Mərdəkan Bələdiyyəsi Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Bakı Şəhər Torpaq şöbəsinə xx.xx.2008-ci il tarixli, 1-3/115 nömrəli məktub ünvanlayaraq həmin torpaq sahəsinin yerində dəqiqləşdirilib yer quruluşu layihəsinin və situasiya cizgisinin çəkilməsi üçün köməklik göstərilməsini xahiş etmiş, Mərdəkan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışa əsasən İddiaçı istifadəsində olan 217,33 kv.m torpaq sahəsinin “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli Qanunu ilə dəyişikliklər nəzərə alınmaqla ona satılması məqsədəuyğun hesab edilmiş, torpaq sahəsinin yerləşmə cizgisi bələdiyyə tərəfindən tərtib olunaraq təsdiq edilmişdir.

68. Daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-2522/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı istifadəsində olan 217,33 kv.m olan torpaq sahəsinə dair plan və ölçüsünün (kadastr planı) verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmiş, qanuni qüvvəsini alan məhkəmə qərarı icra olunaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin AN-439893 (kod **********4211) planı və ölçüsü tərtib edilərək həmin koordinatlarda torpaq sahəsi X5 kitabında xx.xx.2013-cü il tarixdə 34203 nömrə ilə uçota alınmış, torpaq sahəsinin yeri, yerləşdiyi zona və normativ qiyməti müəyyən edilmişdir.

69. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılması cavabdehin istinad etdiyi xx.xx.2007-ci il tarixli dəyişiklikdən öncə baş vermiş, torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş, sahənin ayrılması zamanı müvafiq qurumların rəylərinin əldə edilməsi ilə bağlı bələdiyyə, eləcə də yerli icra hakimiyyəti orqanı tərəfindən müraciətlər edilmiş, Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Bələdiyyənin xx.xx.2011-ci il tarixli protokol qərarı isə ayrılmış torpaq sahəsinin iddiaçının adına yalnız sənədləşdirilməsi ilə bağlı olduğundan, iddiaçıya həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbləri əsasında (hərrac və müsabiqə yolu ilə) torpaqayırma qaydaları tətbiq edilməmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin naturada yerləşdiyi yer üzrə koordinatları müəyyən edilərək məhkəmə qərarı əsasında plan-ölçü sənədi (kadastr planı) səlahiyyətli qurum tərəfindən tərtib edilmişdir.

70. Bundan əlavə hazırkı məhkəmə icraatı gedişində istifadədə olan mübahisəli torpaq sahəsinin cavabdeh orqanın mütəxəssisləri tərəfindən yerində müayinəsi həyata keçirilmişdir. Təqdim edimiş mütəxəssis rəyində faktiki torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, Bakı şəhəri üzrə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrini özündə əks etdirən bələdiyyə xəritələrinin aidiyyəti qurumlar tərəfindən təsdiq edilməməsi səbəbindən iddia olunan dövlət mülkiyyəti torpağı hesab edildiyi qeyd edilmişdir. Başqa sözlə, sözügedən torpaq sahəsinin birmənalı olaraq bələdiyyə mülkiyyətində olmadığı qeyd edilməmiş, yalnız bələdiyyə xəritəsinin təsdiq ediılməməsi əsası ilə topağın dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qəbul edildiyi təsbit edilmişdir.

71. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı iddiaçının iddia etdiyi ölçüdə torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək hallar müəyyən edilmədiyindən, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası ilə yanaşı apellyasiya şikayətinin dəlilləri də əsassız olduğundan apellyasiya şikayəti təmin edlə bilməz.

72. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-726/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar