Məhkəmə qərarları › İş №2-1(103)-2786/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2786/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2786/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə cavabdehin əmrinin ləğv edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2021 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 90 nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması öhdəyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, cavabdeh tərəfindən iddiaçının işdən azad olunması barədə əmr qəbul edilərkən və əmrin qəbuluna səbəb olan araşdırma zamanı qanun pozuntularına yol verilmişdir: 1. əmrdə adı keçən X6 heç bir zaman iddaçı ilə bağlı DMXyə şikayətlə müraciət etməmiş, belə müraciət DMX-də qeydiyyata alınmamış, A.M.Məmmədovanın şəxsiyyəti qeyri-müəyyəndir; 2. X4 iddiaçı barədə DMX-yə şikayət ilə müraciət etməmişdir, DMX-yə sözügedən əmr qəbul edilənədək iddiaçıdan şikayətinin olmaması barədə ərizə təqdim etmişdir. Habelə notarial qaydada təsdiq edilən ərizələrində də iddiaçıdan şikayətinin olmadığını bəyan etmişdir; 3. iddiaçı barədə DMX-də araşdırma zamanı obyektiv araşdırmanın prinsipləri pozulmuş, qeyri-etik hərəkətlərlə bağlı faktların və digər sübutların olmamasına baxmayaraq, iddiaçının araşdırma zamanı verdiyi izahatlar qeyri-səmimi və özünü müdafiə xarakterli olaraq qiymətləndirilmiş, habelə qərarın qəbul edilməsi üçün inzibati orqan kifayət qədər yetərli əsaslara malik olmamışdır; 4. “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nın tətbiqi qanuna ziddir; 5. iddiaçı barədə həmkarlar ittifaqının rəyi saxtadır. Cavabdehin iddiaya qarşı yazılı etirazında göstərilmişdir ki, 25 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X4 DMX-yə müraciət edərək, miqrasiya orqanları işçisinə məxsus xüsusi geyim formasında olan bir şəxsin ünvan 1 ünvanda yerləşən “ENDİ” marketdən çıxan 15 yaşlı övladı Fatimə Əyyubovanı izləməsini, yaşayış binasının qarşısında ona yaxınlaşıb tanışlıq təklif etməsini, qızının bundan çox qorxduğunu bildirmiş və bu nalayiq hərəkətin DMX tərəfindən araşdırılmasını xahiş etmişdir. Qeyd olunan şikayətdən əlavə 25 fevral 2020-ci il tarixdə DMX-yə Azərbaycan Respublikasının vətəndaşı X6 müraciət edərək, miqrasiya orqanları işçisinə məxsus xüsusi geyim formasında olan bir şəxsin ünvan 2 ünvanda yerləşən "xxxx"ə daxil olduğunu və onun çalışdığı hissəyə gələrək bir müddət onunla əşyaların qiymətləri ilə bağlı söhbət etdiyini, sonradan isə ona tanışlıq təklif etdiyini bildirmişdir. İş yoldaşları ilə söhbət zamanı bilmişdir ki, həmin şəxs "xxxx"də çalışan digər bir qadına da tanış olmaq məqsədilə yaxınlaşmışdır. Daxil olan şikayətləri araşdırmaq məqsədilə DMX Daxili təhlükəsizlik idarəsi tərəfindən “ENDİ” market və eyni ünvanda yerləşən "xxxx"də quraşdırılmış müşahidə kameralarına baxış keçirilmişdir. Müşahidə kameralarına baxış zamanı şikayətçilər tərəfindən qeyd olunan şəxsin DMX Təşkilat-nəzarət baş idarəsi Təşkilat idərəsinin inspektoru kiçik miqrasiya xidməti müşaviri İddiaçı olduğu məlum olmuşdur. Daxili təhlükəsizlik idarəsi tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı iş vaxtı xidməti vəzifələrini icra etməli olduğu müddətdə 25 fervral 2020-ci il tarixdə saat 09:10-da xüsusi geyim formasında Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov ünvanda yerləşən "xxxx"ə daxil olmuş və birbaşa eskalator ilə birinci mərtəbəyə düşmüş və lift ilə üçüncü mərtəbəyə qalxmışdır. İddiaçı birbaşa orada çalışan Aygün Məmmədovaya yaxınlaşmış və vitrində yerləşən əşyalara baxaraq, əli cibində onunla söhbət etmiş və onun arxasınca gedərək 15 dəqiqə onunla danışmışdır. Sonradan o, saat 09:25-də lift ilə birinci mərtəbəyə enərək orada çalışan digər qadın işçiyə yaxınlaşmış, onunla bir neçə dəqiqə söhbət etdikdən sonra saat 09:30-da qadın liftə doğru hərəkət etmiş, iddiaçı isə onun arxasınca gedərək birlikdə liftə minib üçüncü mərtəbəyə qalxmışdır. Üçüncü mərtəbədə satıcı qadın liftdən düşdükdən sonra iddiaçı birinci mərtəbəyə düşmüş və saat 09:37-də marketi tərk etmişdir. İddiaçı saat 09:47-də Bakı şəhəri regional miqrasiya idarəsinin inzibati binasına daxil olmuşdur. Sonradan iddiaçı saat 12:00-da xüsusi geyim formasında yenidən Bakı şəhər regional miqrasiya idarəsinin inzibati binasından çıxmış, yuxarıda qeyd olunan market ilə eyni küçədə yerləşən “ENDİ" marketə getmiş və həmin yerdən alış-veriş etdikdən sonra marketdə müştəri qismində olan uşaq Fatimə Əyyubovanın çıxmasını gözləmişdir. Sonuncu marketdən çıxdıqdan sonra iddiaçı onun arxasınca yaşadığı binanın qarşısınadək getmiş, ona yaxınlaşmış və tanışlıq təklif etmişdir. F.Əyyubovanın yaşadığı binanın blokuna daxil olmasını və evə qalxmasını gördükdən sonra iddiaçı qayıtmış, saat 12:20-də yenidən "xxxx"ə daxil olmuş və saat 12:49-dək birinci mərtəbədə heç nə almadan yalnız gəzmişdir. Saat 12:50-də marketi tərk etmiş, saat 13:17-də Bakı şəhər regional miqrasiya idarəsinin inzibati binasına daxil olmuşdur. Şikayətlərlə bağlı iddiaçıdan izahatı alınmışdır. İddiaçı izahatında “ENDİ” marketdən çıxan uşaq F.Əyyubovanı izləyərək, ona yaxınlaşdığını təsdiq etmiş, onu hüquqşünas tanışına bənzətdiyini və ona yaxınlaşaraq tanış gəldiyini demişdir. F.Əyyubova isə ona “xeyr” cavabı verdikdən sonra geri qayıtmışdır. İddiaçı ikinci şikayətlə bağlı izahatında "xxxx"ə getdiyini təsdiq etsə də, şikayətdə qeyd olunan məqamları təkzib etmiş və o, həmin qadınlara yaxınlaşaraq, yalnız oradakı əşyaların qiymətləri ilə maraqlandığını bildirmişdir. Həmçinin, 28 fevral 2020-ci il tarixdə şikayətçilər X4 və X6 mobil telefon vasitəsilə Daxili təhlükəsizlik idarəsinin rəisinə (Elfan Quliyevə) zəng vuraraq iddiaçının nahar fasiləsi zamanı “ENDİ” marketə və "xxxx"ə gedərək orada işləyənlərə hədə-qorxu gəldiyi və mobil nömrəsini "xxxx"də çalışan bir işçiyə verərək Aygün adlı işçinin gələcəyi təqdirdə ona məlumat verilməsini tələb etdiyini bildirmişlər. Araşdırma zamanı iddiaçının miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi, etik davranış və intizam qaydalarını kobud şəkildə pozduğu müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “Göründüyü kimi, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin tələbləri bu Əsasnamənin 30 – 32-ci maddəsinin tələblərini pozan, o cümlədən miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verən, etik davranış və intizam qaydalarına əməl etməyən işçiyə müvafiq intizam təhbehlərinin tətbiq olunmasını nəzərdə tutur. Digər tərəfdən də, Əsasnamə həmin intizam təhbehləri sırasında “miqrasiya orqanlarından xaric etmə”ni işçinin vəzifələrinin icrasında kobud (yaxud mütəmadi olaraq) pozuntuya və ya Əsasnamənin 31, 32-ci maddələrində göstərilən hərəkətlərə yol verməsi ilə şərtləndirir. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan AR Dövlət Miqrasiya Xidmətinin hazırkı İddiaçı miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilməsi barədə 12 mart 2020-ci il tarixli 90 nömrəli əmri də «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 95.8 və 99-cu maddələrinə istinad etməklə əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt, yəni 12 mart 2020-ci il tarixli 90 nömrəli əmr qəbul edilən zaman «Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları» qüvvədə olmasa da (X8 Reyestrinə daxil edilməsə də), cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının hərəkətlərini “miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkət” qismində qiymətləndirməklə, onun miqrasiya orqanlarından xaric edilməsi barədə qərar qəbul etmişdir. Bu qərar «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi baxımından, o cümlədən törədilən xətanın xarakteri, törədilməsi şəraiti nəzərə alınmaqla mütənasib akt kimi dəyərləndirilməlidir. Məhkəmənin qənaətinə görə inzibati orqan AR Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan inzibati icraatda (araşdırmada) İddiaçı miqrasiya orqanlarında qulluqla bir araya sığmayan hərəkətlərə yol verməsi birbaşa təsdiqlənməsə də, qulluq dövründə xidməti geyim forması daşıyan şəxs kimi iki ayrı-ayrı epizod üzrə onun hərəkətlərinin istər ictimai mühitdə, istərsə də xidməti münasibətlər çərçivəsində müzakirələrə çıxarılması, bununla bağlı müxtəlif yaş həddində olan şəxslərin yazışmalara cəlb olunması və izahatlarının alınması onun özünün davranışından və iradəsindən törəmə və məcmu şəkildə miqrasiya orqanlarının nüfuzuna zərbə vuran hal qismində yaranan nəticədir. Hansı ki, bu halların həm baş verməsinin, həm də sonradan davamı olaraq ictimai təəssüratının qarşısını iddiaçının həmin orqanın işçisi kimi ictimai ehtimada yönəlmiş nümunəvi davranışı ala bilərdi. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12 mart 2020-ci il tarixli 90 nömrəli əmri qanuna zidd sayıla bilməz. Odur ki, hazırkı iddia əsassızdır.” Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, mahiyyəti üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərarının özündə iddiaçının miqrasiya orqanlarında qulluqla bir araya sığmayan hərəkətlərə yol verməsinin təsdiqlənmədiyini etiraf edilir. Qərarın əsaslandırma hissəsində məhkəmə özü iddiaçının miqrasiya orqanlarında qulluqla biraraya sığmayan iradəsi ilə əhatə olunan davranışa yol verməməsini təsdiqləməsinə baxmayaraq, iddiaçı barədə DMX-də araşdırma aparılması faktını belə əsassız və qərəzli olaraq miqrasiya orqanlarının nüfuzuna zərbə vuran hal qismində dəyərləndirmişdir. Məhkəmə qərarını əsaslandırmaq üçün daxili inamı əsas tutmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan mülki prosessual qanunvericiliyində "daxili inam” qaydası haqqında norma yoxdur. “Daxili inam” qaydasına məhkəmə və hakimlərin fəaliyyətini nizamlayan “Məhkəmələr və hakimlər haqqında” Qanunda rast gəlmək olar. Həmin qanunun 100-cü maddəsində deyilir ki, “Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır”. Məhkəmə öz daxili inamına əsasən qərar qəbul edir, sübutların qiymətləndirilmə meyarı kimi hakimin həmin an daxili fikri çıxış edir, lakin bu o demek deyil ki, hakim subyektiv prinsip olan “sərbəst daxili inam” prizmasından çıxış edərək, öz intuisiyasına əsaslanaraq və onun daha çox “ürəyincə” olan sübuta əsaslanaraq qərar qəbul edəcəkdir. İPM-in 12-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları da toplamağa borcludur. Lakin iddiaçıya münasibətdə bu tələblər pozulmuşdur. Belə ki, məhkəmə A.Məmmədovanın və onun şikayətini qəbul etdiyi iddia olunan DMX Daxili təhlükəsizlik idarəsinin rəisi Elfan Quliyevin şahid qismində çağırılmalarına dair vəsatətləri təmin etməmişdir. Halbu ki, A.Məmmədovanın şikayəti ilə faktları müəyyənləşdirmək üçün bu vacib idi. Məhkəmə öz qərarında DMX-nin qərarının hüquqa, özü tərəfindən müəyyən olunmuş işin hallarına və qənaətini formalaşdıran sübutlara, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillərə uyğunluğunu yoxlamaq və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmaq əvəzinə qeyri-müəyyən, obyektiv əsaslandırmadankənar "daxili inamını" əsas tutmuşdur. Məhkəmə dövlət orqanının xeyrinə qərarın çıxarılmasına üstünlük vermişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-207/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul edilərək, cavabdehin xx.xx.2020-ci il tarixli 90 nömrəli əmrinin ləğv olunması, iddiaçının işə bərpa olunması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərarla razılaşmayan iddiaçı və cavabdeh ondan kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1169/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı qismən - Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv olunması, iddianın qismən təmin edilməsi, cavabdehin xx.xx.2020-ci il tarixli 90 nömrəli əmrinin ləğv olunması, iddiaçının işə bərpa olunması hissəsində ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini İPM-in 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İlk olaraq, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı qəbul edilən andan qüvvəyə mindiyindən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı da həmin andan “məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia rədd edilən hissədə qüvvəyə mindiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmetini iddianın yalnız “əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması öhdəyinin cavabdehin üzərinə qoyulması” tələbləri təmin edilməyən hissəsi təşkil edir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “22. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 16 fevral 2022-ci il tarixli qərarın əsaslandırma hissəsi 6 (altı) səhifədən ibarət olsa da, onun əksər hissəsini müxtəlif hüquq normalarının və işin hallarının sadalanması təşkil edir.

23. Qərarın əsaslandırma hissəsinə isə apellyasiya məhkəməsinin yalnız bir cümləsini şərti olaraq aid etmək olar ki, bu cümlə qərarda öz əksini belə tapmışdır: “iddiaçı vəzifələrinin icrası zamanı nə kobud və ya mütəmadi olaraq pozuntulara yol verməmiş, nə də ki, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 31 və 32-ci bəndlərində nəzərdə tutulmuş hərəkətləri etməsi iş materiallarına əsasən sübut olunmur”.

24. Həmçinin qeyd edilməlidir ki, qərarın əsaslandırma hissəsində apellyasiya instansiyası məhkəməsinin iş üzrə yuxarıda göstərilmiş nəticəyə gəlməsi şərti olaraq əsaslandırma kimi qəbul ediləcək həmin yeganə cümlənin təsdiqi kimi qərarda yazılmışdır: “inzibati orqan tərəfindən iddiaçı barəsində intizam icraatı X2 ərizəsinə əsasən başlanılmışdır. Lakin intizam icraatı zamanı nə onun, nə də ki qızının izahatları alınmamışdır. X1 daha sonra ərizə ilə inzibati orqana müraciət edərək iddiaçı barəsində heç bir şikayətinin olmadığını bildirmişdir”.

25. Eyni zamanda apellyasiya məhkəməsinin öz qərarında göstərdiyi sonrakı cümlə, yəni ““İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir”, apellyasiya instansiyası məhkəməsinin intizam icraatı ilə inzibati icraatı eyniləşdirməsi anlamına gəlir ki, bu da fərqli anlayışlar olduğundan yolverilməzdir.

26. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi belə olan halda X3 və onun qızını məhkəməyə dəvət edib izahatlarını almalı və mübahisəli məsələni tam və hərtərəfli araşdırmalı idi.

27. Lakin apellyasiya instansiyası məhkəməsi bunu etməmiş və bu səbəbdən iş üzrə qanuna uyğun olmayan nəticəyə gəlmişdir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

İşdə olan, xx.xx.2020-ci il tarixli 90 nömrəli əmrə əsasən, DMX Aparatının Təşkilatnəzarət baş idarəsi Təşkilat idarəsinin inspektoru kiçik miqrasiya müşaviri İddiaçı xx.xx.2020-ci il tarixdən miqrasiya orqanlarından xaric edilərək, qulluq keçməsinə xitam verilmiş, 2019-2020-ci iş ili üçün ödənilmiş məzuniyyət haqqının müəyyən hissəsi (2 gün) tutulmuşdur. DMX Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2020-ci il tarixli 2 nömrəli protokoluna görə, inspektor İddiaçı vəzifə təlimatı ilə üzərinə düşən öhdəlikləri və etik davranış qaydalarını kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. X4 tərəfindən DMX-nin rəisinə ünvanlanmış ərizəyə əsasən, o, Xidmət rəisindən baş vermiş hadisənin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. X2 xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən onun iddiaçıya qarşı heç bir şikayəti, iddiası, maddi və mənəvi tələbi yoxdur. Vəkil sorğusuna "xxxx" MMC-nin verdiyi cavaba əsasən iddiaçının qanunsuz hərəkətləri ilə bağlı aidiyyəti orqanlara və ya vəzifəli şəxslərə müraciətləri olmamışdır. DMX Daxili təhlükəsizlik idarəsinin rəisi Elfan Quliyev və Mühafizə şöbəsinin 6 inspektorunun iştirakı ilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş 1 nömrəli aktda qeyd olunmuşdur ki, “Biz, aşağıda imza edənlər, bu aktı tərtib etdik ondan ötrü ki, həqiqətən xx.xx.2020-ci il tarixdə özünü Aygün Məmmədova kimi təqdim edən şəxs Bakı şəhər regional miqrasiya idarəsinin vətəndaşların qəbul şöbəsində xidmət aparan DTİ əməkdaşlarına müraciət edərək, Ayna Sultanovada yerləşən "xxxx"-də işlədiyini, həmin gün miqrasiya orqanlarının xüsusi geyim formasında olan bir əməkdaşın ona yaxınlaşaraq əvvəlcə bəzi malların qiymətinin soruşduğunu, daha sonra isə tanışlıq təklif etdiyini bildirmiş,'bu halın çox pis bir hal kimi qiymətləndirdiyini qeyd etmişdir. Baş vermiş hal ilə bağlı DTİ-nin rəisi Elfan Quliyevə məruzə edilmiş, A.X5 Xidmətinin aparatına dəvət olunmuşdur. Şəxs üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənədin olmadığını, eləcə də onun ailəsindən və iş yerini itirməkdən qorxduğunu qeyd edərək, yazılı müraciətdən imtina etmiş və şifahi formada müraciət etmək istədiyini bildirmişdir. A.Məmmədovanın şifahi müraciəti Daxili təhlükəsizlik idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Elfan Quliyev tərəfindən qəbul edilərək dinlənilmiş və aidiyyəti üzrə məruzə edilmişdir.” DMX Daxili təhlükəsizlik idarəsinin rəisi Elfan Quliyev və Mühafizə şöbəsinin 3 inspektorunun iştirakı ilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş 2 nömrəli aktda göstərilmişdir ki, “Biz, aşağıda imza edənlər, bu aktı tərtib etdik ondan ötrü ki, həqiqətən Nicat Əyyubov xx.xx.2020-ci il tarixdə ***-***-**-** nömrəli telefon nömrəsi ilə DTİ-nin rəisi, miqrasiya xidməti müşaviri Elfan Quliyevin ***-***-**-** nömrəli telefonuna zəng edərək, Dövlət Miqrasiya Xidmətinə İddiaçı etdiyi hərəkətlər barədə ərizə verdikdən sonra İddiaçı “ENDİ” marketə gedərək, orada işləyənlərə hədə- qorxu gəldiyi barədə məlumat vermişdir. Əlavə olaraq, N.Əyyubov ***-***-**-** nömrəli whatsapp nömrəsindən E.Quliyevin yuxarıda qeyd olunan nömrəsinə səs yazısı da göndərmiş, İddiaçı yuxarıda göstərilən hərəkətləri barədə bildirmişdir. Eyni zamanda Ayna Sultanovada yerləşən "xxxx"-də işləyən Aygün Məmmədova adlı şəxs də İddiaçı barəsində DMX-yə şifahi müraciətindən sonra onun yenidən həmin marketə gələrək, onun haqqında DMX-yə şikayət edildiyini bildirmişdir. A.Məmmədova ***- ***-**-** nömrəli telefonla DTİ-nin rəisi Elfan Quliyevin mobil telefonuna zəng edərək məlumat vermişdir. Əlavə olaraq, "xxxx" MMC-də departament müdiri vəzifəsində işləyən Zaur adlı şəxs (tel: ***-***-**-**) mühafizə şöbəsinin baş inspektoru Taleh İbrahimovun ***-***-**-** nömrəli telefonuna zəng edərək İddiaçı marketə gələrək, orda çalışanlara yaxınlaşaraq Aygün adlı xanımı işçini soruşduğunu, mobil nömrəsini təqdim edərək Aygün gələcəyi təqdirdə ona bu barədə məlumat verilməsini istəmişdir.”

“İnzibati icraat haqqında” AR Qanunu: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir; Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur; Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin: Maddə 30. Miqrasiya orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 30.4. başqa işçilərin işini çətinləşdirən, yaxud miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 30.11. etik davranış və intizam qaydalarına əməl etməlidir; Maddə 95. Miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 95.8. miqrasiya orqanlarından xaric etmə; Maddə 99. Bu Əsasnamənin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə tətbiq edilə bilər; Maddə 111. Aşağıdakı əsaslar olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 111.11. miqrasiya orqanlarından xaric edildikdə. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 12 noyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 25 noyabr 2020-ci il tarixdə X8 Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nın 2-ci bəndində nəzərdə tutulmuşdur ki: 2.3.2. işçi etik davranışı və öz peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin miqrasiya orqanlarına inamını artırmalı və möhkəmləndirməlidir; 2.4.3. işçi hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir; 2.5.1. işçi Azərbaycan Respublikasının, miqrasiya orqanlarının və bu orqanlarda qulluğun nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Həmin Qaydaların “İşçilərin xidmətdənkənar davranışı” adlı 6-cı bəndinə görə: 6.1. İşçi şəxsi həyatında ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir.

Məhkəmə kollegiyası tərəflərin iştirakı ilə işdə olan foto və video materiallara baxış keçirib, audio yazıları dinləyib, Ali Məhkəmənin qərarında əks olunan göstərişləri nəzərə alıb, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Cavabdehin mübahisəli əmrinin əsası ondan ibarət olmuşdur ki, iddiaçı miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, etik davranış və intizam qaydalarını kobud şəkildə pozmuşdur. Əmr “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 30.4 və 30.11ci maddələri, habelə “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydaları”nın müvafiq bəndləri ilə əsaslandırılmışdır. Bu kontekstdə, cavabdehin əmrinin ləğvi tələbinə dair hissədə iddia, həmin əmr 1) inzibati orqan (DMX) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni (miqrasiya orqanlarından xaric edilməni) həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanlandığı şəxs (miqrasiya orqanının vəzifəli şəxsi olmuş iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (miqrasiya orqanlarında iddiaçının xidmətinə xitam verən) əmr formasında tərtib edilən hakimiyyət tədbiri olduğu və bu baxımdan “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzubati akt sayıldığından, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır:

1. formal-hüquqi baxımdan; 2. maddi-hüquqi baxımdan. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:

1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);

2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Cavabdehin mübahisəli inzibati aktının qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda “İnzibati icraat haqqında” Qanunun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Belə ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən həmin Qanunun: Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; Maddə 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; Maddə 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir; Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır; Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdehin mübahisəli əmri maddi-hüquqi baxımdan da qanuni olmuşdur. Belə ki, iddiaçının miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi, etik davranış qaydalarını kobud şəkildə pozduğu iş materialları ilə təsdiqini tapır, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 30.4 və 30.11-ci maddələri ilə miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verilməməsi və etik davranış və intizam qaydalarına əməl edilməsi miqrasiya orqanları işçilərinin vəzifəsi kimi müəyyən edilmiş, 95.8-ci maddəsində miqrasiya orqanlarının işçisinin bu Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, miqrasiya orqanlarından xaric edilə biləcəyi nəzərdə tutulmuş, 99-cu maddəsində isə, bu Əsasnamənin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehinin vəzifələrin icrası zamanı kobud pozuntulara görə tətbiq edilə biləcəyi təsbit olunmuşdur. Həmin Əsasnamənin 111.11-ci maddəsinə görə isə, miqrasiya orqanlarından xaric edildikdə miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Cavabdehin tərəfindən mübahisəli əmr qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi hallarına yol verilmədiyindən, həmin inzibati aktın məhkəmə qaydasında ləğv olunması üçün əsaslar iş üzrə müəyyən olunmur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır və onun dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçının miqrasiya orqanlarında qulluqla biraraya sığmayan hərəkətlərə yol verməsi işdə olan mötəbər sübutlarla təsdiqlənir, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı iş üzrə daxili inam işin düzgün müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasını təşkil edən normaların tətbiqi nəticəsində əsaslı olaraq yaranmışdır, A.Məmmədovanın və onun şikayətini qəbul edən DMX Daxili təhlükəsizlik idarəsinin rəisi E.Quliyevin şahid qismində çağrılmalarına dair iddiaçının vəsatətlərinin təmin olunmasına, həmin hallar işdə olan foto və video materiallar, habelə tərtib olunmuş aktlar və iddiaçının özünün ilkin izahatları ilə tam aydınlaşdığı üçün, zərurət olmamışdır, mübahisənin tərəfinin dövlət orqanı olub-olmamasından asılı olmayaraq, mövqeyi qanuni olan subyektin lehinə əsaslandırılmış qərarın çıxarılması məhkəmənin vəzifəsidir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin mübahisəli əmrinin qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.1-ci maddəsi), cavabdehin əmri qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə zidd olmamış və bunun nəticəsində iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 70.1-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin əmri mövcud inzibati praktikaya zidd olmamaqla, onun inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə yoxlanılan hissədə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq qərar yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2021 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar