Məhkəmə qərarları › İş №2-1(103)-2787/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2787/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2787/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair Açar söz: kirayə haqqının ödənilməsi X1 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3190/2021 saylı, 03 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 6 dekabr 1985-ci tarixdən 13 noyabr 1987-ci il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət, 2 dekabr 1987-ci il tarixdən avqust 1988-ci il tarixədək SSRİ SQ-də və noyabr 1992-ci il tarixdən 28 iyul 2006-cı il tarixədək AR SQ-də müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirinin 21 iyun 2006cı il tarixli, 093 gm saylı əmri ilə ehtiyata buraxılmışdır.

2. Suraxanı rayon İcra Hakimiyyəti başçısının 236 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışa əsasən, iddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir.

3. Eyni zamanda, iddiaçı 5 nəfər ailə tərkibi ilə birgə (özü, arvadı, oğlu, 2 qızı) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş və ailə üzvlərinin hər birinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 183 nömrəli qərarına əsasən mənzil kirayəsi haqqı ödənilmişdir.

4. Suraxanı rayon Qeydiyyat İdarəsindən Suraxanı rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktuba əsasən, iddiaçının iki qız övladı xx.xx.2012-ci il və xx.xx.2016-cı il tarixlərdə nikaha daxil olmuşlar.

5. İddiaçının "xxxx" ASC-dəki hesabından çıxarışa əsasən, iddiaçıya 2020-ci ilin may ayınadək özü və ailə üzvlərinə görə 450 manat kirayə haqqı ödənilmiş, may ayından sonra ödənilən məbləğ bəzi aylar 150 manat (2 qıza ödənilən məbləğ qədər) azaldılaraq 300 manat ödənilmişdir.

6. İddiaçı məsələnin araşdırılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya ünvanlandığı 394-068 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, RİHB-nin 236 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamına əsasən, xx.xx.2007-ci il tarixdən ehtiyata buraxılmış hərbçi kimi iddiaçı yaşayış yeri üzrə Suraxanı rayon İcra Hakimiyyətində 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və ona, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli,183 nömrəli qərarına əsasən, 5 nəfər ailə tərkibi ilə mənzil kirayəsi haqqı ödənilmişdir. Suraxanı rayon Qeydiyyat İdarəsindən RİH-nə daxil olmuş xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktuba əsasən, iki qız övladı nikaha daxil olaraq ailə qurduğu müəyyən edildiyindən onlara şamil edilməyən mənzil kirayəsi haqqının ödənilməsi qanunvericiliyinin tələblərinə uyğun olaraq dayandırılmışdır.

7. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin 1208 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən, iddiaçı arvadı, oğlu və iki qızı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İsmayılov küçəsi, 3 saylı evin 2 nömrəli mənzilində qeydiyyatdadır

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ:

birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı “Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış M-394-068 nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi, pozulmuş hüquqlarının bərpa olunaraq Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona 2020-ci ilin may ayından qətnamə qüvvəyə minənədək ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq ödənilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

9. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildən Azərbaycan ordusunda hərbi xidmət etmiş və 2006-cı ildə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən evi olmadığı üçün Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona dörd nəfər ailə üzvü nəzərə alınmaqla, hər ay 450 manat müvəqqəti mənzil üçün kirayə haqqı təyin olunmuşdur. 2020-ci ilin may-iyun aylarında 450 manat kirayə haqqından hər ay 150 manat kəsirlə ona verilmiş, iyul, avqust, sentyabr, oktyabr ayları ona verilən kirayə haqqı tam kəsilmişdir. Cavabdeh iddiaçının iki qızının nikaha daxil olması əsasına görə kirayə haqqının verilməsini dayandırsa da, qanunvericilikdə kirayə haqqının belə əsasla dayandırılması nəzərdə tutulmamışdır.

10. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.2007-ci il tarixdən ehtiyata buraxılmış hərbçi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Suraxanı rayon İcra Hakimiyyətində 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır. Suraxanı rayon Qeydiyyat İdarəsindən RİH-nə daxil olmuş xx.xx.2020-ci il tarixli, 461- 0576 nömrəli məktuba əsasən, iddiaçının iki qız övladı nikaha daxil olaraq ailə qurduğu müəyyən edildiyindən, onlara şamil edilməyən mənzil kirayəsi haqqının ödənilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılmışdır.

11. Bakı İnzibati Məhkəməsinin 3 avqust 2021-ci il tarixli, 2-1(112)-3190/2021 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddia təmin edilmiş, cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlanmış M-394-068 nömrəli, xx.xx.2020ci il tarixli cavab məktubu qanunsuz hesab edilməklə, İddiaçı pozulmuş hüquqlarının bərpa olunaraq 2020-ci ilin may ayından hazırkı qərar qüvvəyə minənədək ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının aid olduğu kateqoriyadan olan şəxslərə ödənilən kirayə haqqının məbləği müəyyən edilərkən əsas meyar onlarla birgə yaşayan ailə üzvlərinin siyahısıdır ki, iddiaçının təqdim etdiyi arayışa əsasən, onunla birlikdə yaşayan ailə üzvlərinin sayında dəyişiklik olmamışdır və o, hazırda 5 nəfər ailə üzvü (özü, arvadı, oğlu və iki qızı) ilə birlikdə kirayə götürdüyü Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İsmayılov küçəsi, 3 saylı evin 2 nömrəli mənzilində yaşayır. İddiaçının aid olduğu kateqoriyadan olan şəxslərə ödənilən mənzil kirayəsi pulunun onunla yaşayan ailə üzvlərinin nikaha daxil olması əsası ilə dayandırılması və ya azaldılması isə qanunvericilikdə nəzərdə tutulmamışdır.

Apellyasiya instansiya məhkəməsindəbirinci icraat

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)-402/2022 nömrəli (hakimlər: H.Ü.Həmidov (sədrlik edən və məruzəçi), E.E.Nağıyeva və C.A.Yusifov) qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi öz qərarında Suraxanı rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış 394-068 nömrəli, xx.xx.2020-ci il tarixli məktubuna istinad etməsinə baxmayaraq iddianı təmin etmişdir. Halbuki, iş materiallarında olan həmin məktuba əsasən, RİHB-nin 236 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı ilə xx.xx.2007-ci il tarixdən ehtiyata buraxılmış hərbçi kimi iddiaçı yaşayış yeri üzrə Suraxanı rayon İcra Hakimiyyətində 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli,183 nömrəli qərarına əsasən, ona 5 nəfər ailə tərkibi ilə mənzil kirayəsi haqqı ödənilmişdir. Suraxanı rayon Qeydiyyat İdarəsindən RİH-nə daxil olmuş xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktuba əsasən, iki qız övladı nikaha daxil olaraq ailə qurduğu müəyyən edildiyindən, onlara şamil edilməyən mənzil kirayəsi haqqının ödənilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılmışdır. İddiaçının qızlarının ailə qurması halı mübahisələndirilmir. Belə olan halda, cavabdeh tərəfindən məhzil kirayə haqqının dayandırılması (150 manat məbləğində) qanunvericiliyin tələblərinə uyğundur. Kassasiya instansiya məhkəməsində birinci icraat

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi baradə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 878/022 saylı 14 iyun 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-402/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, iş üzrə iddiaçının tələbi Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona 2020-ci ilin may ayından ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq ödənilməsidir. İddiaçı iddia ərizəsində ona ödənilən mənzil kirayə haqqının 2020-ci ilin may-iyun aylarında azaldıldığını, 2020-ci ilin iyul ayından etibarən isə tamamilə kəsildiyini bildirmişdir. İşə baxan məhkəmələr isə iddiaçıya münasibətdə yalnız 150 manat məbləğində mənzil kirayə haqqının azaldılmasının qanuniliyinə qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağı işə baxan aşağı instansiya məhkəmələri tərəfindən dəqiqləşdirilməmişdir. Belə ki, iddiaçının mənzil kirayə haqqının azaldılmasını, yaxud tam şəkildə kəsilməsini mübahisələndirməsi aydın deyildir və apellyasiya instansiyası məhkəməsi də bu hala qiymət verməyərək İPM-nin 13-cü maddəsinin tələbini pozmuşdur.

19. Bundan əlavə, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı qərarı ilə mənzil uçotuna götürülmüş şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi, qanunvericilik mənzil uçotuna götürülmüş şəxslərdən əlavə onlarla birlikdə yaşayan hər bir ailə üzvünə kompensasiya ödənilməsini nəzərdə tutmuş, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini əsaslı saysa da, iddiaçının qızlarına görə əlavə kompensasiya ödənilməli olmaması ilə bağlı mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı qərarının müddəaları və işin halları (iddiaçının qızlarının onunla birgə yaşaması və mənzildə qeydiyyatda olmaları) baxımından əsaslandırmamışdır. Belə ki, qanunvericilik onlarla birlikdə yaşayan hər bir ailə üzvü ifadəsindən istifadə etmiş və bu zaman hər hansı istisna hallar nəzərdə tutmamışdır.

20. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, işin tərəflər arasında mübahisələndirilməyən halları ilə də müəyyən olunur ki, iddiaçının qızları xx.xx.2012-ci il və xx.xx.2016-cı il tarixlərdə nikaha daxil olmuş, lakin buna baxmayaraq iddiaçıya uzun illər kompensasiya tam həcmdə ödənilmişdir. İşin hallarının “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından təhlili ilə bağlı olaraq da qeyd edilməlidir ki, hazırkı mübahisə üzrə iddiaçının cavabdeh inzibati orqanın davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntiləri də mövcud olmuşdur. Belə ki, iddiaçıya qızları nikahda ola-ola kompensasiya ödənildiyindən, cavabdehin buna uyğun qaydada davranacağı ilə bağlı iddiaçının haqlı olaraq qanuni gözləntiləri yaranmışdır (etimad hüququ). Etimad prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati orqanın davranışını, qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

21. Lakin, işə baxan apellyasiya instansiya məhkəməsi kompensasiyanın kəsilməsi zamanı etimad hüququnun qorunub-qorunmadığını, eyni zamanda “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun inzibati icraat aparılıb-aparılmaması ilə bağlı araşdırma və qiymətləndirmə aparmamış, yalnız cavabdehin dəlillərinə isitnad etməkə iddia tələbini əsassız hesab etmiş, bununla da, İPM-nin 12.1-ci maddəsinin tələblərini pozmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

22. İşə təkrar apellyasiya qaydasında sonuncu dəfə baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. 23.Məhkəmə iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

24. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

25. Tətbiq edilən hüquq “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı qərarı:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun; 12- ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir.Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. 12-ci maddəsinin 7-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). 12-ci maddəsinin 10-cu hissəsinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinə əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün ayrı-ayrı yaşayış məntəqələri üzrə hər ay aşağıdakı qaydada kompensasiya ödənilir:Bakı şəhərində - 150 manat; Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat , başqa şəhər və rayon mərkəzlərində - 75 manat miqdarında; digər yaşayış məntəqələrində - 55 manat.Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 13-cü maddə-məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

Əsaslandırma hissəsi:

26. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

27. Məhkəmə kollegiyası izahatı dinləyərək dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək 2020-ci ilin may ayından ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir.

28. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə iddiaçıya İPM-nin 13cü maddəsinin tələbinə uyğun olaraq tələbini dəqiqləşdirməyi təklif etmiş, iddiaçı ərizə ilə müraciət edərək iddia tələbindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbindən “qətnamə qüvvəyə minənədək” sözlərini çıxarrdığının nəzərə alınmasını xahiş etmişdir.

29. Ali Məhkəmənin qərarındakı göstərişə müvafiq olaraq iddiaçının iştirakı ilə keçirilmiş məhkəmə iclasında iddiaçıya kirayə haqqı ödənişlərinin hansı aylarda cavabdeh tərəfindən tam kəsildiyi dəqiqləşdirilmiş və müəyyən edilmişdir ki, 2020-ci ilin iyun ayınadək iddiaçıya hər ay 450 manat kirayə haqqı ödənilmiş, hesabdan çıxarışa əsasən 2020-ci ilin iyul ayında 300 manat, oktyabr ayında ödənişin məbləği 300 manat olmuş, 2020-ci ilin iyun və senyabr ayında isə kirayə haqqı ümumiyyətlə ödənilməmiş, 2020-ci ilin oktyabr ayından isə hər ay 300 manat kirayə haqqı ödənilmişdir.

30. Məhkəmə kollegiyası iş üzrə yuxarı instansiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı qərarında ailə üzvünün nikaha daxil olması həmin ailə üzvünə görə ödənilən müvəqqəti kirayə haqqının dayandırılması üçün əsas kimi nəzərdə tutulmadığından, hazırkı halda iddiaçının nikaha daxil olmuş ailə üzvlərinin onunla birgə yaşamadığını, nikahdan sonra yaşayış yerlərini dəyişdiklərini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh bu barədə məhkəməyə sübut təqdim etmədiyindən, o cümlədən nikaha daxil olmuş ailə üzvlərinə görə iddiaçıya 2020-ci ilin iyun ayınadək kirayə haqqı ödənildiyi üçün cavabdehin buna qanuni gözləntisi yarandığından kirayə haqqı məbləğinin 2020-ci ilin iyun və sentyabr aylarında ümumiyyətlə ödənilməməsi, digər aylarda isə 150 manat azaldılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur. 31.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanunu və əsaslıdır. İşə apellyasiya qaydasında baxılarkən iddia tələbinin dəqiqləşdirildiyi nəzərə alınaraq məhkəmə hesab edir ki, iş üzrə qəbul edilmiş qərar dəyişdirilməlidir.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticə hissəsi:

33. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək 2020-ci ilin may ayından ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, kollegiya

qərara aldı:

Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2-1(112)-3190/2022 saylı qərarı dəyişdirilsin. İddia təmin edilərək 2020-ci ilin may ayından ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar