Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2787/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6175/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə ona dəqiqləşmə verərək məhkəmədən ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «… ******* saylı əmək kitabçasına əsasən 1974-2001-ci illər ərzində müxtəlif vəzifələrdə çalışmışdır. 04 fevral 1974-cü ildən 10 noyabr 1977-ci ilədək Füzuli rayonu, Aşağı Rəfədinli kəndi “Karl Marks” adına kolxozda kolxozçu vəzifəsində çalışmışdır. Hərbi xidmətə getdiyinə görə 10 noyabr 1977-ci ildə həmin vəzifədən azad olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 20 noyabr 1979-cu ildən etibarən öz ərizəsilə təkrar həmin kolxozda işləməyə başlamış, 15 mart 1982-ci ildən etibarən İdarə Heyətinin qərarına əsasən həmin kolxozda inşaat briqadiri vəzifəsində işləməyə başlamış, 15 may 1984-cü ildən etibarən isə həmin kolxozda kassir vəzifəsində çalışmış, 10 yanvar 1997-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. Daha sonra 15 yanvar 1997 - 30 dekabr 2001-ci illər arası "xxxx" MMC-də təchizatçı vəzifəsində çalışmışdır. Beləliklə də ‘Əmək haqqı pensiyası almaq üçün müvafiq yaş həddinə çatdığı an 25 illik iş stajını toplamış, lakin cavbdeh ona ünvanlanmış 30 dekabr 2023-cü il tarixli məktubda imtina etmiş və bunun səbəbi olaraq bildirmişdir ki,Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1974-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrün doldurulma qaydasının pozulmasıdır. O, bu barədə müvafiq qurunundan pensiya verilməməsinin səbəbini soruşduqda, ona əmək kitabçasının eyni xəttlə yazılmış olduğu deyilmişdir. Halbuki, o, həmin illərdə eyni iş yerindəFüzuli rayonu, Aşağı Rəfədinli kəndi “Karl -.Marks” adına kolxozda müxtəlif vəzifələrdə çalışmışdır. Əmək kitabçasında vəzifəni tutmaq və vəzifədən azad olunmaq barədə məlumatları yazan şəxsin eyni şəxs olduğunu nəzərə alsaq, kitabçanın eyni xəttlə yazılması mümkündür. Həmin illərdə əmək kitabçasını dolduran şəxs eyni idi. Bu səbəbdən yazı xətti də eynidir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nda bu barədə heç bir qeyd və qadağa yoxdur. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası tamamilə qanunsuz və əsassızdır...» Cavaabdeh məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «… İş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş əmək kitabçasının, hərbi biletin surətinə əsasən sığorta stajı 6 il 11 ay 14 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, hərbi biletinin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla, ümumilikdə, 6 il 11 ay 14 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövləri xx.xx.1974-cü il tarixdən xx.xx.1997ci il tarixədək Füzuli rayonu, Aşağı Rəfədinlı kəndi “Karl Marks adına kolxoz”da kolxozçu vəzifəsində işlədiyini iddia etdiyi əmək fəaliyyəti dövrləridir. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1974-cü il tarixdən xx.xx.1997-ci il tarixədək mübahisələndirilən əmək fəaliyyəti dövləri aşağıdakı səbəbdən sığorta stajına daxil edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq əmək kitabçasında həmin dövrə aid qeydlərlə müəyyən olunmuşdur ki, əmək kitabçasının doldurulma qaydası pozulmuş, işədaxiloma və işdənçıxma qeydlər eyni xətt ilə yazılmışdır...» Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6175/2024 saylı,xx.xx.2024 il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «… Qərar məhkəmənin işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmaması nəticəsində qəbul edildiyindən, qanuni və əsaslı deyildir. Belə ki, iddiaçı İ.X2 təqdim etdiyi əmək kitabçasının, hərbi biletin surətinə əsasən sığorta stajı 6 il 11 ay 14 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçıya məxsus xx.xx.1974-cü il tarixdə doldurulmuş l/İT-l seriyalı ******* №-li əmək kitabçasının surətində qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1977-cü -ildən-xx.xx.1979cu ilədək həqiqi hərbi xidmətdə olmuş, Füzuli rayonu Aşağı Rəfədinli kəndində “Karl Marks” adına kolxozda (iş stajı - 20 il, 10 ay, 06 gün): xx.xx.1974-cü il tarixdə kolxozçu vəzifəsinə qəbul edilmişdir, xx.xx.1977-ci ildə hərbi xidmətə getməsi ilə 'əlaqədar kolxoz üzvlüyündən azad edilmişdir, xx.xx.1979-cu il tarixdə hərbi xidmətdən gəldiyinə görə öz ərizəsinə əsasən kolxoz üzvlüyünə qəbul edilmişdir, xx.xx.1982-ci il tarixdə idarə heyətinin qərarına əsasən kolxozda inşaat briqadı vəzifəsinə təyin edilmiş, xx.xx.1987-ci il tarixdə idarə heyətinin qərarına əsasən xəzinədar (kassir) vəzifəsinə təyin edilmiş, xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikasında kolxoz-sovxoz ləğv olunduğuna görə inşaat briqadiri və xəzinədar (kassir) vəzifəsindən azad edilmiş, "xxxx" 890 MMC-də (iş stajı - 04 il, 11 ay, 15 gün): xx.xx.1997-ci il tarixdə təchizatçı vəzifəsinə təyin edilmiş, xx.xx.2001 -ci il tarixdə ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrləri isə əmək kitabçasında qeyd olunmuş xx.xx.1974-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Füzuli rayonu, Aşağı Rəfədinli kəndi “Karl Marks adına kolxoz”da kolxozçu vəzifəsində işlədiyini iddia etdiyi əmək fəaliyyəti dövrləridir. İddiaçı xx.xx.1974-cü il tarixli əmək kitabçasında həmin dövrlərə dair qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan qeyd olunan dövrlər sığorta stajına daxil edilməmişdir. Belə ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlərdə “Karl Marks adına kolxoz”da işlədiyini iddia etsə də, X3 Filialının xx.xx.2024-cü il tarixli, 3- 48-DA-3F-2-28/2024 №-li məktubu ilə 23 oktyabr 1993-cü il tarixdə erməni işğalı zamanı “Karl Marks” adına kolxozun 1974-1985-ci illərə aid sənədləri Horadiz qəsəbəsində yandırılaraq məhv edildiyi müəyyən edilmişdir.Həmçinin, əmək kitabçası eyni xətt və eyni qələmlə doldurulmuşdur. Bundan başqa, əmək kitabçası kiril əlifbasından istifadə edilməklə doldurulmuşdur. Əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarfmn 3-cü maddəsinə uyğun olaraq xx.xx.1974-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamış və bu səbəblərdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı isə onunla razılaşmamış, 1974-cü Füzuli rayonunda Karl Marks adına kolxozda işə girdiyini, eyni zamanda, texnikumda oxuduğunu, kolxozdan oradan əsgər getdiyini, qayıtdıqdan sonra da, həmin kolxozda 1997-ci ilə qədər işlədiyini, 1993-cü ildə erməni işğalına məruz qaldığında, kolxoz İmişli rayonu ərazsinə köçdüyünü, əmək kitabçasınını yazan şəxsin əvvəldən axıradək kolxozun mühasibi tərəfindən yazıldığını, 1997-2001-ci illərdə isə "xxxx" MMC-də işlədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşıdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. İddiaçının iş materiallarına əlavə olunmuş xx.xx.1974-cü il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının və НЗ seriyalı, ******* №-li hərbi biletinin surətlərinə (kserosurət çıxarışlarına) əsasən aşağıdakı kimi sığorta stajı müəyyən olunur: xx.xx.1974-xx.xx.1977: Füzuli rayonu Aşağı Rəfədinli kəndində “Karl Marks” adına kolxozda kolxozçu- 3 il 9 ay ay 6 gün; xx.xx.1977-xx.xx.1979: həqiqi hərbi xidmət – 1 il 11 ay 29 gün; xx.xx.1979 - xx.xx.1982: həmin (“Karl Marks” adına) kolxozda kolxozçu – 2 il 3 ay 25 gün; xx.xx.1982- xx.xx.1987:həmin kolxozda inşaat briqadıri -5 il 2 ay; xx.xx.1987-xx.xx.1997: həmin kolxozda xəzinədar – 9 il 7 ay 25 gün; xx.xx.1997-xx.xx.2001: Canon” 890 MMC-də təchizatçı – 4 il 11 ay 15 gün. İddiaçının qeyd olunan əmək fəaliyyəti üzrə iş stajı toplandıqda, ümumi stajı 27 il 10 ay 10 gün təşkil etmiş olur. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, onun tərəfindən iddiaçının əmək fəaliyyətinin xx.xx.1974-xx.xx.1997-ci illlərdə Füzuli rayonu, Aşağı Rəfədinli kəndi “Karl Marks” adına kolxozunda işlədiyi dövr yalnız mübahisələndirilir. İlk öncə mübahisələndirilir ki, X3 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-DA-3F-2- 28/2024 №-li məktubu ilə 23 oktyabr 1993-cü il tarixdə erməni işğalı zamanı “Karl Marks” adına kolxozun 1974-1985-ci illərə aid sənədləri Horadiz qəsəbəsində yandırılaraq məhv edildiyi müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyaı qeyd edir ki, qeyd olunan obyektiv səbəbələrdən arxiv məlumatlarının mövcud olmaması, heç də iddiaçının əmək kitabçasının sözügedən kolxoz stajının qeydlərini şübhə altına almaq üçün əsas ola bilməz. Çünki, onun həmin kolxozda çalışdığı vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı “ haqqında Qanunun 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasının mübahisələndirilən qeydlərindən isə görünür ki, onun həmin kolxozda işə qəbulu, yerdəyişmələr üzrə tutduğu vəzifələr, işə girmə tarixi, kolxozun ümümi yığıncağının müvafiq protokollırı qeydləri aparan məsul şəxsin və kolxoz sədrinin imzaları və dairəvi möhüru ilə, həm də həmin dövrdə mövcud olan “Kiril” əlifbasının yazısı ilə təsdiq olunmuşdur. Həmin qeydlərin, o cümlədən, kitabça açılarkən giriş səhifəsində təsbit olunan iddiaçı barəsində məlumatların - kolxozun mühasibi A.Qurbanov tərəfindən oldurulduğu onun özünün həm imzası, soyadının yazılışı baxımından aydın görünür. İddiaçı da məhz, həm iddia ərizəsində, həm də məhkəməyə verdiyi izahatında, kolxozda kadrlar işinin, onun işə başladığı vaxtdan sonadək kolxozun mühasibi tərəfindən aparıldığını təsdiq etmişdir. Ən azından iddiaçının hazırkı məhkəmə iclasında məhkəməyə verdiyi ixahatının audio-video yazısına diqət yetirdikdə, onun nə qədər detallı olaraq əmək fəaliyyəti barədə tarixləri, sair xüsusiyyətlri ilə məhkəməyə çatdırması onun dediklərinin doğrulğuna əsaslı surətdə inam yaradır. Ümumiyyətlə, əmək kitabaçasının nəinki sözügedən qeydlərinin, bütövlükdə bütün qeydlərinin həqiqliyini şübhə altına ala bilən qaralama və düzəlişlər mövcud deyil, vərəqlərin tamlığı da pozulmamışdır. Başqa sözlə, mübahisələndirən qeydləri yazılış tərtibatına xələl gətirə bilən halların mövcudluğu müəyyən edilmir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsi də məhz onu nəzərədə tutur ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasının kolxoz stajına dair 1974-1997-ci illəri əhatə edən qeydlərini şübhə altına alaraq, həmin dövrün onun sığorta stajı kimi qəbul etməkdən imtina olunması qanunsuzdır və onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin məhkəmənin qərarı işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmaması nəticəsində qəbul edildiyindən qanuni və əsaslı olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6175/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6175/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2787/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2787/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver