Məhkəmə qərarları › İş №2-1(103)-2789/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2789/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2789/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin 0566 saylı 06.08.2014-cü il tarixli əmrinin dəyişdirilməsi və 04.12.2008-18.04.2018-ci ilədək xidmət illərinin və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Günel Firudin qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin 0566 saylı 06.08.2014-cü il tarixli əmrinin dəyişdirilməsi və 04.12.2008-18.04.2018-ci ilədək xidmət illərinin və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8030/2021 saylı 30 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0566 saylı 06.08.2014-cü il tarixli əmrində “Həqiqi hərbi xidmətə çağırılsın” sözlərinin “Hərbi xidmətə bərpa edilsin” sözləri ilə əvəz edilməsi və 04.12.2008-ci ildən 18.04.2018-ci ilədək xidmət illərinin və yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28 iyun 1986-cı il tarixdən 06 iyun 1988-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi, 01 oktyabr 1992-ci il tarixdən 04 dekabr 2008-ci il tarixədək və 06 avqust 2014-cü il tarixdən 18 aprel 2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı qüvvələrində hərbi xidmətdə olmuş, ümumi xidmət illəri 25 il 02 ay 08 gün olmaqla yaşa görə ehtiyata buraxılmışdır. Müharibə veteranıdır. Xidmət zamanı 04.12.2008-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbətçi olduğu zaman parkda yanacaq oğurluq edərkən günahkar şəxsləri saxladığı üçün xidmət edə-edə iş və vəzifəsindən kənarlaşdırılaraq, qanunsuz “Xidməti uyğunsuzluq“ bəndi ilə ehtiyata buraxılmışdır. İllərlə bütün instansiyalara bunun qanunsuz olduğu barədə müraciət etməsinə baxmayaraq, indiyə qədər heç bir köməyi olmamışdır. 2014-cü ilin avqust ayında yeni təyin edilmiş Azərbaycan Respublikası müdafiə nazirinə qanunsuz tərxis olunduğu haqda “Şikayət ərizə”si yazaraq, qəbula yazılmış, şikayət araşdırılmış və 3 gün ərzində keçmiş vəzifəsinə bərpa etmişlər. Vəzifəyə təyin olunduğu 06.08.2014-ci il tarixli müvafiq əmrdə keçmiş MN-nin 04.12.2008-ci il tarixli əmrinin ləğv edilməsi barədə heç bir cümlə də yazılmamışdır. Daha doğrusu bunu, ancaq 2018-ci ildə tərxis olunanda bilmişdir. 18.04.2018-ci ildə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin “Yaşa görə” bəndinə əsasən SQ-dən tərxis olunmuş, tərxis olunarkən, onun 04.12.2008-06.08.2014-cü ilədək qulluq müddətlərini xidmət illəri kimi hesablamamışlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8030/2021 saylı 30 avqust 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadını heç bir hüquq normaları ilə əsaslandırmamışdır. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehin 0566 saylı 06.08.2014-cü il tarixli əmrində onun həqiqi hərbi xidmətə qəbul edilməsinin qeyd edilməsindən məlumatı ikinci dəfə tərxis olunan zaman olmuşdur. Bununla bağlı cavabdeh orqana sözügedən əmrdə düzəliş edilməsinə kömək göstərilməsini xahiş etsə də ona köməklik edilməmişdir. 2018-ci ildə ehtiyata çıxmış, həmin vaxtdan da pensiya alır. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0566 saylı 06.08.2014-cü il tarixli əmrində “Həqiqi hərbi xidmətə çağırılsın” sözlərinin “Hərbi xidmətə bərpa edilsin” sözləri ilə əvəz edilməsi və 04.12.2008-ci ildən 18.04.2018-ci ilədək xidmət illərinin və yaşa görə əmək pensiyasının yenidən hesablanması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətinin ötürülməsinə istinad edərək, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0451 saylı 04 dekabr 2008-ci il tarixli əmrindən görünür ki, Silahlı Qüvvələrin Təlim və X5 fənlər kafedrasının kütləvi qırğın silahlarından mühafizə silsiləsinin baş müəllimi – kimya xidməti rəisi, mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0566 saylı 06 avqust 2014-cü il tarixli əmrindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4 və 38.1.5-ci maddələrinə müvafiq olaraq, ehtiyatda olan mayor İddiaçı könüllülük əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və X5 fənlər kafedrasının kimya təminatı və kütləvi qırğın silahlarından mühafizə silsiləsinin baş müəllimi – kimya xidməti rəisi təyin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1011/2020 saylı 14.04.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı Müdafiə Nazirliyinin 0451 nömrəli 04.12.2008-ci il tarixli əmrinin qeyriqanuni hesab edilməsi və 04.12.2008 - 06.02.2014-cü ilədək xidmət illərinin və yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 2-1(81)-3657/2019 saylı 01.11.2019-cu il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 01.11.2019-cu il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3049/19 saylı 24.12.2019-cu il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 01 noyabr 2019cu il tarixli, 2-1(81)-3657/2019 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçı həmin qərarddan kasasiya şikayəti vermişdir. İddiaçının kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-3049/2019 saylı 24 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, hazırki işdə iddiaçı inzibati orqanın bundan 7 il əvvəl onun barəsində qəbul etdiyi əmrini mübahisələndirir (onun dəyişdirilməsini tələb edir). Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Hazırki işdə iddiaçı mübahisələndirdiyi əmrdən 2018-ci ildə tərxis olunanda məlumatlı olduğunu bildirir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər. Məhkəmə kollegiyası hazırki işdə yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi bu əsasla iddianı qeyri-mümkün saymaqda düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsinə əsas vermir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd olunanlarla bağlı Kollegiya hesab edir ki, iddiaçının “əmrin dəyişdirilməsi” barədə tələbi qeyri-mümkün sayıldığı üçün həmin tələbə əlavə tələb olaraq verilən “04.12.2008-18.04.2018-ci ilədək xidmət illərinin və əmək pensiyasının yenidən hesablanması” barədə tələb də həm bu əsasla, həm də cavabdehin düzgün seçilməməsi əsası ilə qeyri-mümkün sayılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-8030/2021 saylı 30 avqust 2021-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8030/2021 saylı 30 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar