Məhkəmə qərarları › İş №2-1(103)-2789/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2789/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2789/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja dair texniki pasportun verilməsi tələbi”nə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1104/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı evin həyətində yerləşən qaraja texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1104/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia tələbi təmin edilmiş, İddiaçı məxsus ünvan 1 ünvandakı evin həyətində yerləşən qaraja texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1104/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2748/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1104/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılması, İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iş üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 929/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2748/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, hazırkı işin hallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)- 1104/2022 nömrəli qərarı 22 iyun 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmiş (iş vər.88), cavabdeh tərəfindən həmin qərardan hazırkı qərarın “19a” bəndində qeyd olunan prosessual hüquq normasında nəzərdə tutulmuş müddət ərzində şikayət verilməmişdir. Həmin qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində şikayət vermək hüququnun olmasına baxmayaraq, cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra, 25 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Ali Məhkəmənin qərarında əksini tapmış müvafiq göstərişlər nəzərə alınaraq apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması 12 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün hesab edilib baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən təqdim oluna biləcək bütün sübutların iş materiallarında olduğu, yəni birinci instansiya məhkəməsinin qərarını 22 iyun 2022-ci il tarixdə almalarına dair poçt xəbərnaməsinin və apellyasiya şikayətini 25 iyul 2022-ci il tarixdə vermələrini təsdiq edən zərfin olmasını nəzərə alınaraq apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin mümkünlük məsələsini yoxlayıb, Ali Məhkəmənin qərarında əksini tapmış müvafiq göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, 2- 1(112)-1104/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərarı 05 may 2022-ci il tarixli məktubla cavabdehə göndərilmiş, məktub 22 iyun 2022-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti isə 25 iyul 2022-ci il tarixdə poçta verilmiş və həmin tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasından qeydiyyatdan keçmişdir. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1104/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti 25 iyul 2022-ci il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüşdür və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qaraja dair texniki pasportun verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1104/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qaraja dair texniki pasportun verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1104/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar