Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2789/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1152/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyası üzrə keçmiş 3 il müddəti üçün ümumilikdə 25653,24 manat olmaqla, aylıq 712,59 manat əlavə pensiya ödənişi edilməsi və ilkin olaraq 712,59 manat pensiya təyin edilməklə əmək pensiyasının yenidən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək pensiyasının düzgün hesablanmaması və az məbləğdə əmək pensiyası verilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh 17 mart 2023cü il tarixli məktubla onun müraciətini cavablandırmışdır. Həmin cavab məktubundan sonra müəyyən edilmişdir ki, iddiaçının pensiya ödənişi onun hüquqlarının pozulması ilə həyata keçirilmişdir. Belə ki, cavabdehin 17 mart 2023-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 102613,94 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada pensiya hüququnun yarandığı tarixə (xx.xx.2019-cu il) 450,06 manat (102613,94:228 ay (64 il-57 il=84 ay+144 ay)) (xx.xx.2021-ci il tarixinə indeksləşdirilərək 584,60 manat) məbləğində müəyyən edilmişdir. Eyni zamanda iddiaçıya əmək pensiyası üzrə keçmiş müddət üçün 13059,84 manat pensiya məbləği də hesablanmışdır. Məktubda həmin 13059,84 manat pensiya məbləği 2022-ci ilin noyabr ayından etibarən hər ay 544,16 manat olmaqla pensiyanın üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürüləcəyi qeyd edilmişdir. Cavabdeh xx.xx.2022ci il tarixdə güzəştli şərtlərlə yaşa görə iddiaçıya əmək pensiyası təyin etdiyi halda "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin (qanuni qüvvədən düşmüş, iddiaçının vəziyyətini ağırlaşdıran qanunun geriyə qüvvəsi olmadığı halda) ikinci cümləsinin tələblərinə istinad edərək sığorta kapitalını, yəni 102613,94 manatı 144 ay əvəzinə 228 aya bölməklə və nəticədə 450,06 manat pensiya təyin etməklə qanunsuzluğa yol vermişdir. Əslində iddiaçının sığorta kapitalı olan 102613,94 manat pulu 144 aya bölünsəydi, nəticədə ona ilkin olaraq 712,59 manat pensiya təyin edilməli idi. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır. Bundan başqa, iddiaçıya əmək pensiyası üzrə keçmiş müddət üçün 13059,84 manat pensiya məbləği hesablanmışdır. Həmin 13059,84 manat pensiya məbləğin 2022-ci ilin noyabr ayından etibarən hər ay 544,16 manat olmaqla iddiaçının pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürüləcəyi bildirilmişdir. Cavabdehin iş üzrə bu yanaşması da qanunsuzdur. Belə ki, 13059,84 manat: 544,16 manat = 24 ay, yəni 2 il müddət edir. Cavabdeh iddiaçıya əmək pensiyası üzrə keçmiş müddət üçün 3 il əvəzinə 2 il müddətinə pensiya məbləği hesablamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitsuyasının 12-ci maddəsinə əsasən dövlətin əsas məqsədi insan və vətəndaş hüquqlarının təmin edilməsidir. Cavabdeh özü istədiyi kimi hesablama aparmaqla İddiaçının qanunla qorunan hüquq və mənafelərinə zidd hərəkət etmişdir. Halbuki, cavabdeh iddiaçıya əmək pensiyası üzrə keçmiş müddət üçün 3 il, özü də ayda ən azı 712,59 manat aylıq əlavə pensiya hesablamaqla ödəniş etməlidir. Bu da 3 il üçün ümumilikdə 25653,24 manat edir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-1152/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyası üzrə keçmiş 3 il müddəti üçün ümumilikdə 25653,24 manat olmaqla, aylıq 712,59 manat əlavə pensiya ödənişi edilməsi və iddiaçıya ilkin olaraq 712,59 manat pensiya təyin edilməklə əmək pensiyasının yenidən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, məhkəmənin qəbul etdiyi bu qərar əsassız və qanunsuzdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə iddiaçıya əmək pensiyası təyin etdiyi halda, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin (qanuni qüvvədən düşmüş, İddiaçının vəziyyətini ağırlaşdıran qanunun geriyə qüvvəsi olmadığı halda) ikinci cümləsinin tələblərinə istinad edərək sığorta kapitalını, yəni 102613,94 manatı 144 ay əvəzinə 228 aya bölməklə və nəticədə 450,06 manat pensiya təyin etməklə qanunsuzluğa yol vermişdir. Əslində iddiaçının sığorta kapitalı olan 102613,94 manat pulu 144 aya bölünsəydi, nəticədə ona ilkin olaraq 712,59 manat pensiyatəyin edilməli idi. Məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla 45-ci maddənin ikinci cümləsi çıxarılsa da, bu dəyişikliyin həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsinə dair qeydi əsas tutmaqla Azərbaycan Respublikasının Konstitusiyasının 147 və 149-cü maddəsinin tələblərinə məhəl qoymamışdır. Halbuki 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikası Qanununun iddiaçıya tətbiq edilməməsinə dair Qeyd hissəsinin tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasının 147 və 149-cü maddəsinin tələblərinə ziddir və məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasını əsas tutmalı idi. İddiaçının bu əsaslı dəlili ilə bağlı məhkəmə heç bir hüquqi qiymətləndirmə aparmadan əsas Qanunun tələblərini qəbul etmək istəməyərək kobud qanunsuzluğa yol vermişdir. İddiaçıya əmək pensiyası üzrə keçmiş müddət üçün 13059,84 manat pensiya məbləği hesablanmışdır. Həmin 13059,84 manat pensiya məbləğin 2022-ci ilin noyabr ayından etibarən hər ay 544,16 manat olmaqla iddiaçının pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürüləcəyi bildirilmişdir. Cavabdehin iş üzrə bu yanaşması da qanunsuzdur. Belə ki, 13059,84 manat : 544,16 manat = 24 ay, yəni 2 il müddət edir. Cavabdeh iddiaçıya əmək pensiyası üzrə keçmiş müddət üçün 3 il əvəzinə 2 il müddətinə pensiya məbləği hesablamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitsuyasının 12-ci maddəsinə əsasən dövlətin əsas məqsədi insan və vətəndaş hüquqlarının təmin edilməsidir. Cavabdeh özü istədiyi kimi hesablama aparmaqla İddiaçının qanunla qorunan hüquq və mənafelərinə zidd hərəkət etmişdir. Halbuki, cavabdeh iddiaçıya əmək pensiyası üzrə keçmiş müddət üçün 3 il, özü də ayda ən azı 712,59 manat aylıq əlavə pensiya hesablamaqla ödəniş etməlidir. Bu da 3 il üçün ümumilikdə 25653,24 manat edir. Cavabdeh iddiaçıya əmək pensiyası üzrə keçmiş müddət üçün 13059,84 manat pensiya məbləği hesablamaqla özünün qərarlarına zidd hərəkət etmiş və qanunsuzluğunu əsaslandırmaq üçün sonuncu sənədləşmədə məlumatları səhv göstərməklə bu qanunsuzluğu pərdələmək istəmişdir. Belə ki, cavabdehin təqdim etdiyi materiallardakı “əmək pensiyasının təyin edilməsi haqqında” olan xx.xx.2022-ci il tarixli Qərarın 10-cu bəndində nəzərdə tutulan “ötən dövlər üzrə hesablanmış pensiya məbləğləri” qismində xx.xx.2019-xx.xx.2022-ci il və 13059,78 manat:24=544,1575 manat kimi göstərilmişdir. Həmin tarixli başqa bir Qərarda “ötən dövlər üzrə hesablanmış pensiya məbləğləri” qismində aşağıda qeyd edilən məlumat qeyd edilmişdir. xx.xx.2019-xx.xx.2019 = aylıq verilməli pensiya məbləği 450,06 manat, xx.xx.2020-xx.xx.2020 = aylıq verilməli pensiya məbləği 524,77 manat, xx.xx.2021xx.xx.2021 = aylıq verilməli pensiya məbləği 584.59 manat, xx.xx.2022-xx.xx.2022 = aylıq verilməli pensiya məbləği 584.59 manat. Buradan aydın olur ki, cavabdeh ötən dövlər üçün pensiya müddətini xx.xx.2021 - xx.xx.2022-ci illər üzrə, yəni 24 ay yox, 22 ay götürməklə (xx.xx.2021-xx.xx.2022 tarixdə hesablanmış məbləğ 13059,78 manat edir) iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Əgər cavabdeh öz qərarında qeyd etdiyi kimi, nəzərdə tutulmuş 3 illik bir müddəti göstərsə idi, onda özünün hesabladığı məbləğə uyğun olaraq İddiaçıya ötən dövlər üçün ən azı 20152,02 manat pensiya ödənişi etməli idi. Bunu riyazi hesablama ilə dəqiq olaraq göstərmək mümkündür. xx.xx.2019 - xx.xx.2019 = 450,06 x 54 gün = 795 manat, xx.xx.2020 - xx.xx.2020 = 524,77 x 12 ay = 6297,24 manat, xx.xx.2021 - xx.xx.2021 = 584.59 x 12 ay = 7015,08 manat, xx.xx.2022 - xx.xx.2022 = 584.59 x 10 ay (sonuncu iki ay çıxmaqla) = 6044,7 manat. Hesablamadan aydın olur ki, hətta İddiaçının qanunsuz saydığı cavabdehin müvafiq Qərarına əsasən ötən dövlər üzrə hesablanmış pensiyasının ümumi məbləği 20152,02 manat olmalı idi. Ədalət naminə onu qeyd etmək lazımdır ki, bu hesablamadan, eləcə də məhkəmənin bu faktı diqqətə alaraq cavabdehdən bu məsələyə aydınlıq gətirməsi tələbindən sonra iddiaçının köhnə hesablama ilə də pozulmuş hüquqlarının bərpa edilməsinə, yəni əvvəlki illər üçün hesablanmış pensiya məbləğinin 7600 manat civarında artırılmasına dair yeni qərar qəbul edilmişdir. Lakin hər bir halda iddiaçıya münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 147 və 149-cu maddəsinin tələbləri tətbiq edilmədiyindən onun hüquqları pozulmaqda davam edir. Belə ki, əmək pensiyası üzrə keçmiş 3 il müddəti üçün ümumilikdə ən azı 25653,24 manat olmaqla ödəniş edilməlidir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz məhkəməyə daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. İddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, onun apellyasiya dəlilləri aşağıdakılardan ibarətdir: əmək pensiyasının yenidən hesablanması zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinin 2-ci cümləsinin tətbiq edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasının 147-ci və 149-cu maddəsinin tələblərini pozması; əmək pensiyasının yenidən hesablanması zamanı iddiaçıya əvvəlki dövr üzrə 20152,02 manat ödənilməli olduğu halda, 13059,78 manat pul vəsaiti ödənilməsi. İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən ona məxsus pensiya kapitalının yenidən hesablanması və bu barədə ona məlumat verilməsini xahiş etmiş, cavabdeh orqan iddiaçının pensiyasının yenidən hesablanması barədə xx.xx.2022ci il tarixli məktubla ona məlumat vermişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü ildə cavabdeh orqana yenidən müraciət edərək bir daha ona təyin edilmiş pensiya barədə məlumat verilməsini xahiş etmiş, cavabdeh orqan iddiaçının həmin tarixli müraciətini nəzərə alaraq, iddiaçıya xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubunda ona xx.xx.2022-ci il tarixdə hüququnun yarandığı tarixdən, yəni xx.xx.2019-cu il tarixdən pensiya təyin edildiyini bildirmişdir. Məktubda əlavə olaraq onun xx.xx.2021-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyindən həmin tarixdən pensiyasının yenidən hesablanmasına dair məlumatlar da qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixində kişilərə münasibətdə pensiya yaş həddi 64 il) arasındakı ayların sayı qədər artırılır, çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İddiaçının 07 oktyabr 2022-ci il tarixli müraciətinə əsasən cavabdeh orqan tərəfindən iddiaçıya 10 fevral 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək 07 oktyabr 2019-cu il tarixdən hesablanmışdır. Bununla əlaqədar olaraq, iddiaçının pensiya hüququnun yarandığı 10 fevral 2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 102613,94 manat pensiya sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq həmin tarixə 450,06 manat (102613,94:228 ay (64 il- 57 il=84 ay+144 ay)) məbləğində müəyyən edilmişdir (xx.xx.2021-ci il tarixədək indeksləşdirilməklə 584,60 manat). Qeyd edilənlərə əsasən, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 13059,78 manat pul vəsaiti hesablanmış, qeyd edilən pul vəsaiti 2022-ci ilin noyabr ayından etibarən hər ay 544,16 manat olmaqla əmək pensiyasının üzərinə əlavə edilərək iddiaçının müvafiq kart hesabına köçürülür. İddiaçının 14 noyabr 2022-ci il tarixli müraciətinə əsasən xx.xx.2021-ci il tarixdə onun işdən azad olmağı ilə əlaqədar iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 13384,32 manat sığorta kapitalına görə "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 192 (65 il-59 il 6 ay=66 ay+(144 ay-18 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))) aya bölünməklə (13384,32:192=69,71 manat) həmin tarixə əmək pensiyasının (584,60 manat) üzərinə əlavə edilərək (584,60+60,71=654,31 manat (xx.xx.2022-ci il tarixədək indeksləşdirilməklə 676,55 manat)) pensiya məbləği yenidən hesablanmışdır. Əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 1089,75 manat pul vəsaiti hesablanmışdır. Həmin pul vəsaitinin xx.xx.2023-cü il tarixdən etibarən hissəhissə (hər ay 121,08 manat) əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 676,55 manat məbləğində olmaqla ona ödənilir. İddiaçının apellyasiya dəlili olan əmək pensiyasının yenidən hesablanması zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinin 2-ci cümləsinin tətbiq edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasının 147-ci və 149-cu maddəsinin tələblərini pozması ilə bağlı bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla 45-ci maddənin ikinci cümləsi çıxarılsa da, bu dəyişikliyin həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi bu Qanunun özündə (2.2-ci bəndində) bilavasitə təsbit edilmişdir. Bu səbəbdən yeni redaksiyanın iddiaçıya münasibətdə tətbiqi istisna edilir. İddiaçının apellyasiya dəlili olan əmək pensiyasının yenidən hesablanması zamanı iddiaçıya əvvəlki dövr üzrə 20152,02 manat ödənilməli olduğu halda 13059,78 manat pul vəsaitinin ödənilməsi ilə bağlı bildirilir ki, bu hal işin birinci instansiya məhkəməsində baxılması zamanı araşdırılmış və iddiaçının əmək pensiyasının yenidən heablanmasına dair 26 oktyabr 2022-ci il tarixli qərarda olan hesab səhvləri aradan qaldırılmış, iddiaçıya əvvəlki dövr üzrə ödənilməli olan məbləğ 20620,09 manat olaraq müəyyən edilmişdir. Qeyd olunanlardan görünür ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona təyin olunmuş pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçun öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17 mart 2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala 23 fevral 2023-cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filial tərəfindən Sizə 26 oktyabr 2022-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 57 yaşınızın tamam olduğu 10 fevral 2019-cu il tarixindən hesablanmışdır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixinə kişilər 64 il) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 102613,94 manat sığorta kapitalına görə əmək pensiyanız “Əmək pensiyaları haqqında’’ Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada pensiya hüququnuzun yarandığı tarixə (xx.xx.2019-cu il) 450,06 manat (102613,94:228 ay (64 il-57 il=84 ay+144 ay)) (xx.xx.2021-ci il tarixinə indeksləşdirilərək 584,60 manat) məbləğində müəyyən edilib. Eyni zamanda, əmək pensiyanız üzrə keçmiş müddət üçün 13059,84 manat pensiya məbləği hesablanıb. Həmin 13059,84 manat pensiya məbləği 2022-ci ilin noyabr ayından etibarən hər ay 544,16 manat olmaqla pensiyanızın üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülür. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-cı maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə oimuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdiriiir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına kəçuikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar olaraq, xx.xx.2021-ci il tarixində işdən azad olmağınızla əlaqədar işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığınız 13383,48 manat sığorta kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinici cümləsinin tələblərinə uyğun qaydada (13383,48:192 ay (65 il-59 il 6 ay=66 ay +(144 ay - 18 ay) işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz tarixədək işlədiyiniz ayların sayı)=69,71 manat) əmək pensiyanız yenidən hesablanaraq 584,60 manatdan 654,31 (584,59+69,71) manata artırılıb. Eyni zamanda, əmək pensiyanız üzrə keçmiş müddəti üçün Sizə əlavə olaraq 1089,72 manat pul vəsaiti hesablanıb. Həmin 1089,72 manat pul vəsaiti cari ilin yanvar ayından etibarən hər ay 121,08 manat olmaqla əmək pensiyanızın üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülür. Əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən 693,22 manat müəyyən edilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız xx.xx.2023-cü il tarixindən etibarən 795,12 manat təşkil edir. İş materiallarında olan iddiaçıya məxsus pensiya işində olan ərizədən və DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X2 pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı 7 oktyabr 2022-ci il tarixli müraciətinə əsasən ona xx.xx.2019-cu ildən xüsusi şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək 7 oktyabr 2019-cu il tarixdən hesablanmışdır. İş materiallarında olan pensiya altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2024-cü ildən 884,17 manat pensiya məbləği, xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək 20620,09 manat əskik ödəmə hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.9. fərdi şəxsi hesabın yığım hissəsi - sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 1.0.13. əmək pensiyasının yığım hissəsi - fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi şəxsi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. (37.3.1-ci maddənin xx.xx.2022-ci ilədək olan redaksiyası - 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir).
45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. (45-ci maddənin xx.xx.2022-ci ilədək olan redaksiyası - 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır (Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır). Həmin Qanunun 2.2-ci maddəsinə əsasən isə bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. İşin faktiki hallarından görünür ki, iddiaçının 7 oktyabr 2022-ci il tarixli müraciətinə əsasən cavabdeh orqan tərəfindən iddiaçıya 10 fevral 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək 7 oktyabr 2019-cu il tarixdən hesablanmışdır. Bununla əlaqədar olaraq, iddiaçının pensiya hüququnun yarandığı 10 fevral 2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə əsasən 228 (64 il-57 il=84 ay+144 ay)) aya bölünərək (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır) müəyyən edilmişdir. İddiaçının 14 noyabr 2022-ci il tarixli müraciətinə əsasən xx.xx.2021-ci il tarixdə onun işdən azad olmağı ilə əlaqədar iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-cı maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 192 (65 il-59 il 6 ay=66 ay+(144 ay-18 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))) aya bölünməklə əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği yenidən hesablanmışdır. Hazırda iddiaçı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliyin ona şamil edilməsi və pensiya məbləğinin yenidən hesablanmasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı iddiaçının pensiya hüququnun yarandığı tarixdə (xx.xx.2019-cu il) qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanmışdır. Belə ki, gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə (57 yaş) Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixinə kişilər 64 yaş) arasındakı ayların sayı qədər (64 il-57 il=7 il x 12 ay = 84 ay) artırılmışdır (cəmi 144+84=228 ay). Həmçinin iddiaçının yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı qanunvericiliyə uyğun olaraq, sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə (59 il 6 ay) Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (65 yaş) arasındakı ayların sayı qədər artırılmış (65 il-59 il 6 ay=66 ay) və işlədiyi ayların sayı qədər (18 ay) azaldılmışdır (cəmi 144+66-18=192 ay). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla 45-ci maddənin ikinci cümləsi çıxarılsa da, həmin dəyişikliyin bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi bu qanunun özündə (2.2-ci maddəsində) bilavasitə təsbit edildiyi üçün yeni redaksiyanın iddiaçıya münasibətdə tətbiqi istisna edilir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilərkən və yenidən hesablanarkən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1152/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.