Məhkəmə qərarları › İş №2-1(103)-279/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-279/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-279/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mohammad qızının cavabdeh Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5838/2021 saylı 16.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Mohammad qızı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin 02.03.2021-ci il tarixli 02/21 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış onun mülkiyyətindədir. Cavabdeh təşkilat 2028-ci ilədək nə torpaq sahəsi, nə də ki qeyriyaşayış üçün əmlak vergisi barədə iddiaçıya tədiyyə bildirişi təqdim etməyib. İddiaçıya qeyri-rəsmi olaraq, hər dəfə illlik 300-400 manat əmlak vergisi ödəməsi təklif olunub və iddiaçı mütəmadi olaraq həmin vergiləri ödəyib. Lakin, 2020-ci ildən başlayaraq iddiaçının ödənişləri sistemə yerləşdirilməyib və ona bildirilib ki, əvvəlki illər üzrə onun əsas və faiz borcları olub və ödənilən ödənişlər həmin borcların silinməsinə sərf olunur. Cavabdeh təşkilatın 02.03.2021-ci il tarixli 02/21 saylı qərarı ilə 2018, 2019 və 2020-ci illər üzrə 1294,36 manat əsas borcun, 764,46 manat faiz borcunun 738,58 manat cari borcun, 100 manat maliyyə sanksiyasının olduğu qərara alınıb. Halbuki, hazıradək cavabdehə 2029 manat pul ödəmiş və ona hər dəfə borcunun olmaması bildirilib. Hesab edir ki, borcun hesablanması qanunsuzdur və qeyd edilən qərar ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5838/2021 saylı 16.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: O.Həsənov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, X4 rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 52A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətçisi olmaqla, qeyri-rezident şəxs kimi Nərimanov rayonu, K.Rəhimov küçəsi ev 13, mənzil 6-da yaşayır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 02.06.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışdan aydın olur ki, İddiaçı məxsus 2172.3 kv.m. qeyriyaşayış sahəsi 3 paya bölünməklə ümumilikdə 47.8% olmaqla, ona məxsusdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1 maddəsinin tələblərinə uyğun olaraq İddiaçı 17.03.2017-ci ildə X3 və ödənişlər şöbəsində fiziki şəxs kimi qeydiyyata götürülmüşdür. Hesablanma 9-cu Zonaya uyğun olaraq (0.40*0.85)=0.34 qəpik olmaqla aparılmış və borcluya illik 738,58 manat əmlak vergisi hesablanmışdır. Fiziki şəxs İddiaçı 17.03.2017-ci ilə hesablanmış 738.58 manat əmlak vergisi ödəmək əvəzinə 17.03.2017-ci il tarixdə 200 manat, 11.11.2018-ci ildə 101.99 manat, 14.11.2018-ci ildə 87.78 manat, 14.05.2019-cu ildə 100 manat, 15.08.2019-cu ildə 100 manat, 14.11.2019-cu ildə 100 manat, 24.12.2019-cu ildə 100 manat, 27.01.2020-ci ildə 100 manat, 20.07.2020-ci ildə 100 manat, 16.09.2020-ci ildə 100 manat, 24.12.2020-ci ildə 200 manat olmaqla ödəniş etmişdir. Həmin dövrə ödəniş vaxtında olmadığına görə, əmlak vergi ödəyicisinin ümumi borcu, faizlə birlikdə ümumilikdə 2058.09 manat olmuşdur. Maryam Haşimi 2017-2020-ci illər ərzində Bülbülə Bələdiyyəsinə 2954.32 manat ödəyəcəyi halda, cəmi 1289.77 manat əmlak vergisi ödəmiş və ötən illərə 1664.55 manat əsas borc məbləği qalmışdır. Halbuki 2021-ci il də daxil olmaqla cəmi 2954.32 manat əmlak vergisi ödəməlidir. Haşimi Maryam əmlak vergi borcunu vaxtında ödəmədiyinə görə 01.03.2021-ci il tarixə 2021-ci ilin vergisi ilə birlikdə 2796.67 manat əmlak vergi borcu ödəməlidir. Hesablama dövrünə qədər ona 763.73 manat faiz hesablanmışdır. Hər il bildiriş, xəbərdarlıq, son xəbərdarlıq və tədiyyə bildirişi hesablanaraq mülkiyyətçinin ünvanına vaxtında göndərilsə də İddiaçı əmlak vergisini vaxtında və tam olaraq ödəməkdən boyun qaçırmış və hər dəfə əmlak sahibi vergi öhdəliyini tam yerinə yetirməmişdir. X5 2017ci ildən Vergi və Ödənişlər şöbəsində qeydiyyata alınaraq ona vergi Şəhadətnaməsi verilmişdir. Borclunun əmlak vergi borcun tam və vaxtında ödəmədiyi nəzərə alınaraq icra icraatı qaydasında 25.02.2021-ci il tarixdə 02/21 saylı İnzibati Aktın qəbul edilərək qeyriyaşayış sahəsinin ünvanına göndərilmiş 02.03.202-ci il tarixdə Tələbnamə və 02.03.2021-ci il tarixdə 02/21 Qərar qəbul edilərək və Vergi Məcəlləsinin 57.2 maddəsinin tələblərinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilməklə ümumi borc 2897.40 manat hesablanaraq ödənilməsi üçün Suraxanı rayon icra şöbəsinə göndərilmişdir. İddiaçı vaxtında, yeni hesabat dövrünü əmlak vergisini ödəməkdən yayındığı halda həmin Bələdiyyənin qəbul etdiyi Qərar və İnzibati Aktdan narazı qalaraq məhkəməyə müraciət etməsi borclunun hüququdur, lakin qanunaziddir. Belə ki, fiziki şəxs İddiaçı Bülbülə Bələdiyyəsinin məsul şəxsi ilə qarşılıqlı razılaşma əsasında hər ay 100 manat ödəyəcəyini bildirsə də, hesablaşma hesabında göründüyü kimi borclu ödənişlər arasında uzun fasilələr vermiş, 2021-ci ilin hesabma ümumiyyətlə heç bir ödəniş etməmişdir. Beləliklə də, Vergi Məcəlləsinin 59.1 maddəsinə uyğun olaraq əsas borc məbləğinin üzərinə 0.1% məbləğində faiz gəlmişdir. Bununla bağlı borclunun ünvanına əmlak vergi ödənişi ilə bağlı hər il təkrar məktub göndərilmiş və Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 iş günü müddətində fiziki şəxsin əmlak vergisini bələdiyyənin yerli büdcəsinə ödəmədiyi təqdirdə, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 487 İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti haqqında" Əsasnamənin 5.11-ci bəndini və “İnzibati İcraat haqqında" Azərbaycan Respublikasının Qanunu rəhbər tutaraq müvafiq sanksiya tədbirlərinin tədbiq ediləcəyi bildirilmişdir. Borclunun ünvanına gedən məktub məhkəməyə təqdim olunmuşdur. Buna baxmayaraq İddiaçı xüsusi mülkiyyətindəki qeyri-yaşayış sahəsinə hesablanmış əmlak vergisindən müxtəlif bəhanələrlə yayınmış, qəsdən, bilərəkdən müddəti uzadaraq Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozmuş və məhkəmə predmetinə səbəb olmuşdur. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin 02.03.2021-ci il tarixli 02/21 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə qanuniliyi mübahisələndirilən Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin 02.03.2021-ci il tarixli qərarında qanunvericiliyin tələb etdiyi məlumatlar, o cümlədən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməmişdir. Bundan əlavə, Bülbülə bələdiyyəsinin əmlak vergisi ilə bağlı tədiyyə bildirişlərin, o cümlədən, mübahisələndirilən 02.03.2021-ci il tarixli inzibati aktın (qərarın) ünvanladığı fiziki şəxs - İddiaçı Mohammad qızına təqdim edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab etmişdir ki, iddiaçı mübahisələndirilən qərardan yalnız icra mərhələsində məlum olduğunu, qərarın və tədiyyə bildirişlərin həmin vaxtda əldə etdiyini bildirmişdir ki, cavabdeh bunun əksini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən tədiyyə bildirişinin tərtib olunması şübhə doğurmur. Burada şübhəli olan arqument odur ki, tədiyyə bildirişləri bələdiyyənin sədrinin imzası və möhürü ilə təsdiq olunsa da, tədiyyə bildirişinin kötüyü olan hissə iddiaçıya rəsmi qaydada verilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən tədiyyə bildirişinin alınmasını təsdiq edən hal yalnız o zaman mövcud olar ki, seriya nömrəsi eynilik təşkil etməklə tədiyyə bildirişinin kötüyündə vergi ödəyicisinin imzası mövcud olsun ki, hazırki mübahisə üzrə bu halın olması müəyyən edilməmişdir. Əlavə olaraq qeyd olunur ki, oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasında, bələdiyyə və fiziki şəxs arasında bu cür mübahisəli hallar yarandığı zaman tədiyyə bildirişinin fiziki şəxsə təqdim olunması mütləq qaydada yoxlanılır ki, bu hal mübahisənin həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçın mülkiyyətindədir. İş materiallarında olan Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin 02.03.2021-ci il tarixli 02/21 saylı qərarı ilə İddiaçı 738,47 manat əmlak vergisi, ötən dövrlər üzrə 1.294,36 manat vergi borcu, 764,64 manat faiz və 100 manat maliyyə sanksiyası ümumilikdə 2.897,40 manat vergi borcu hesablanmışdır. İşin faktiki hallarından görünür ki, Bülbülə Bələdiyyəsi tərəfindən mülkiyyətçi vergi ödəyicisi kimi qeydiyyata alınmış və 2018,2019,2020,2021-ci illər üzrə 2.032,94 manat vergi borcunun olması müəyyən edilmişdir. İddiaçı tərəfindən vergi borcu ödənilmədiyi halda onun barəsində 25 fevral 2021-ci il tarixdə müvafiq sanksiya tədbirlərin görülməsi barədə akt qəbul edilmişdir. Bundan sonra 02.03.2021-ci il tarixdə tədiyyə bildirişi və tələbnamə tərtib edilərək vergi borcunun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün Suraxanı İcra və Probasiya Şöbəsinə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. “Bələdiyyələtin statusu haqqında” Qanunun 8-1-ci maddəsinə əsasən yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. Həmin Qanunun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş yerli ödənişlərə aiddir. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. Hazırkı iş üzrə Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin 02.03.2021-ci il tarixli 02/21 saylı qərarı mübahisələndirildiyinən, sözügedən qərarın qanuniliyinə hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 3.1.1-ci bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin etmək (3.1.2), yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qorumaq, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin etmək (3.1.3), səlahiyyətinə aid məsələlər üzrə yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinə arayışlar (o cümlədən, hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə arayışlar) və izahatlar vermək (3.1.11) vergi xidməti orqanının vəzifələrinə aiddir. Həmçinin Əsasnaməyə müvafiq olaraq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kameral vergi yoxlamaları keçirmək (3.2.2), Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək (3.2.3) vergi xidməti orqanının vəzifələrinə aiddir. Həmin Əsasnamənin 3.3-cü maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriyakurort müəssisələrindən alınan yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə bu bənddə göstərilən səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət vergi orqanına müraciət etməlidir. Həmin Əsasnamənin 5.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Həmin Əsasnamənin 5.2-ci maddəsinə əsasən bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir. Həmin Əsasnamənin 5.3-5.11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Vergi Məcəlləsinin 84-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. Verginin hesablanması haqqında bildirişdə aşağıdakılar göstərilir: 84.0.1. vergi ödəyicisinin adı və ya obyektin adı; 84.0.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 84.0.3. bildirişin tarixi; 84.0.4. bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri; 84.0.5. verginin növü, hesablanmış verginin və faizlərin məbləği; 84.0.6. verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri; 84.0.7. verginin ödənildiyi yer və üsul; 84.0.8. verginin hesablanmasına əsas olmuş hallar; 84.0.9. şikayət etmə qaydası. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən aydın olur ki, yerli ödənişlərin ödənilməsinə nəzarət bələdiyyə vergi xidməti orqanlarının səlahiyyətidir, onlar həmin nəzarəti kameral və ya səyyar yoxlama aparmaqla həyata keçirirlər və yoxlamanın aparılması qaydası həm Əsasnamədə, həm də Əsasnamənin 1.2-ci maddəsinə müvafiq olaraq Vergi Məcəlləsi ilə tənzimlənir, yoxlama nəticəsində isə vergi xidməti orqanı akt tərtib etməli və bələdiyyə vergi xidməti orqanının aktına əsasən yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxara bilər və həmin qərar əsasında ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Halbuki, hazırkı iş üzrə mübahisələndirilən Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin 02.03.2021-ci il tarixli 02/21 saylı qərarı yuxarıda sadalanan normaların tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, qəbul edilmiş qərarın mətnində iddiaçıya tədiyyə bildirişi göndərilməsinə baxmayaraq və ötən illərə və cari ilə olan əmlak borcunu bələdiyyənin yerli büdcəsinə ödəməkdən yayındığı qeyd olunsa da, iş materiallarında bununla bağlı hər hansı bir sübut yoxdur. Həmçinin qəbul edilən qərara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməmişdir. İnzibati aktın forması və inzibati akta dair tələblər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda qəti olaraq müəyyən edilmişdir. Həmin Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.10-cu bəndinə əsasən bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışaraq qeyd edir ki, iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun, həmçinin Vergi Məcəlləsinin normalarına görə əsassız sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5838/2021 saylı 16.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar