Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-279/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1072/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçı X1 adına dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1072/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı X3 həmin qərardan apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə hazırki məhkəməyə müraciət edərək, bildirmişdir ki, hal-hazırda iddia olunan ünvanda dəyişiklik olmuş və eyni zamanda qeyri-yaşayış sahəsinə dair müqavilədə qeyd olunan sahə ilə faktiki sahə arasında fərq vardır. Odur ki, qeyd olunanlara əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 128,5 kv.m olan qeyri-yaşayış sahəsəsinin iddiaçı X1 adına dövlət reyestrində qeydiyyata alınması və ona hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndələri X7, X5 və X6 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, 05 dekabr 2012-ci il tarixli “Mənzil Tikintisinə və Satışına dair” müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan qeyri-yaşayış sahəsini X2 verməyi, sonuncu isə həmin qeyriyaşayış sahəsini qəbul etməyi və haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən həmin qeyri-yaşayış sahənin ümumi dəyəri 187.600 manat müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş İSR/SH/-187 nömrəli 01 aprel 2013-cü il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan qeyri-yaşayış sahəsininin sahibi X1 maliyyə borcu yoxdur. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə məhkəməyə müraciət edərək, həmin qeyri-yaşayış sahəsinə dair onun adına dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi xahiş etmiş və sonuncu tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi qeyd edilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyi və qeyri-yaşayış sahəsinə dair sənədlərin "xxxx" MMC tərəfindən təsdiq edildiyi məlum olmuşdur. Sözügedən yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak sahibləri tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları qeydiyyata alına bilər. İddiaçı bildirir ki, o, qeyri-yaşayış sahəsinə münasibətdə mülki əqdə, maliyyə arayışına malik olduğundan, onun əmlak üzərində mülkiyyət hüquqları yaranır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh iddiaya etiraz edir və öz etirazını iddiaçının daşınmaz əmlakın onun adına dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə imtina ilə eyni qaydada əsaslandırır və əlavə olaraq bildirir ki, İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsi 17 (+texniki) mərtəbə binanın ikinci mərtəbəsində yerləşir. Lakin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, 221 saylı çoxmənzilli yaşayış binasının istismarına icazə sənədində binanın ikinci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmamışdır. İddiaçının faktiki istifadəsində olan 3.7 kv.m sahə İdarəyə təqdim edilmiş layihədə işarələnməmişdir. Qeyri-yaşayış sahəsinin ölçüsü sənəd üzrə 134 kv.m olsa da, faktiki olaraq 124.7 kv.m (işarələnmiş sahə ilə birilikdə 128.4 kv.m) təşkil edir. Qeyri-yaşayış sahəsinə yenidən qurma işləri aparılmışdır. Belə ki, qeyri-yaşayış sahəsinin daxilində arakəsmə divarlar inşa olunaraq, müxtəlif otaqlar tikilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyü-nün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-cı maddələrinə əsasən isə Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-topqa sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmıış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeyriyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. Bu maddəyə görə, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. İşdəki sənədlərlə də müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi 05 dekabr 2012-ci il tarixdə iddiaçıya satılmış, sahənin dəyəri onun tərəfindən 01 aprel 2013-cü il tarixdə ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Eyni zamanda işdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 841-842-ci məhəllə, G.Qədirbəyova küçəsi, 5; 2 girişli zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli, 17 (+texniki) mərtəbəli yaşayış binasına Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixli 529 nömrəli istismara icazə sənədi verilmişdir. Məhkəmə kollegiyası cavabdeh İdarənin istinad etdiyi yaşayış binasına "xxxx" MMCnin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyriyaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlillərini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanılmış 05 dekabr 2012-ci il tarixli müqavilə ilə "xxxx" MMC inşa etdiyi binadakı qeyri-yaşayış sahənin dəyərini almaqla satmışdır. Ona görə də, həmin sahəyə dair "xxxx" MMC hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün mənzilə mülkiyyət hüququ 05 dekabr 2012-ci il tarixli müqaviləyə əsasən iddiaçıya keçmişdir. Bundan əlavə cavabdehin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, 221 saylı çoxmənzilli yaşayış binasının istismarına icazə sənədində binanın ikinci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmaması ilə bağlı dəlilləri də əsassızdır. Belə ki, apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı binanın layihəsinin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilmiş və sorğuya cavab olaraq sonuncu tərəfindən binanın layihəsinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Həmin layihədən görünür ki, binanın 1 və 2-ci mərtəbələrində qeyri-yaşayış sahələri yerləşir, yaşayış sahələri isə binanın üçüncü mərtəbəsindən başlayır. Həmçinin kollegiya hesab edir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsində yenidənqurma işlərinin aparılması onun hüquqlarının dövlət reyestrindən imtina və hazırda iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki cavabdeh həmin dəlilini ümumiyyətlə əsaslandırmamış və iddiaçı tərəfindən həmin işlərin görülməsi ilə qanunvericiliyin hansı tələbinin pozulduğuna istinad etməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində də hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan qeyri-yaşayış sahəsi üzərindəki hüquqlarının tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Kollegiyanın qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Ona görə də, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1072/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 128,5 kv.m olan qeyri-yaşayış sahəsəsinin iddiaçı X1 adına dövlət reyestrində qeydiyyata alınması və ona hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-279/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-279/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver