Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-279/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X8) “bağ sahəsinə dair mülkiyyət hüqüqunun qeydiyyata alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1155/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi (İPM m.34.1) ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 911/8 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 911/8 saylı torpaq sahəsi 217 saylı X1 xx.xx.1991-ci il tarixli, 3/75 nömrəli qərarı ilə onun istifadəsinə verilmişdir. Belə ki, sözügedən qərarda torpaq sahəsinin ayrılması üçün verilmiş siyahıda onun da adı qeyd edilmiş, bununla da Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 911/8 saylı torpaq sahəsinin onun istifadəsinə verilməsi faktı öz təsdiqini tapmışdır Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim edilmiş xx.xx.2022ci il tarixli, BA-01382-2022 saylı arxiv çıxarışına əsasən 217 nömrəli Türkan bağ-tikinti kooperativinin üzvləri siyahısında onun adı da qeyd edilmişdir. Ərizə ilə cavabdehə müraciət edərək, həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubu ilə onun tələbini təmin etməkdən imtina edərək, aşağıdakıları bildirmişdir: -təqdim olunan X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmiş, həmçinin, 217 saylı X3 nəzdində 911/8 saylı torpaq sahəsi Türkan bağ massivində eyni tarixli və eyni nömrəli qərar əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və özgəninkiləşdirilmişdir. Bundan başqa təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd edilməmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “... Orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin 217 saylı X3 nəzdində sahəsi 0.12 ha olan 911/8 saylı torpaq sahəsi Türkan bağ massivində eyni tarixli və eyni nömrəli qərar əsasında X5 adına qeydiyyatdan keçmiş və hazırda X4 xüsusi mülkiyyətindədir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd edilməmişdir. İddiaçı bağ sahəsinin yerini dəqiqliklə bilmir, buna görə də bağ sahəsində mərzçəkmə işləri aparılmamış, bağ hasarlanmamışdır. İdarənin mütəxəssisləri tərəfindən əraziyə keçirilən baxış zamanı ərazidə olan bağ sahələrinin yerləşmə ardıcıllığı və hasarlanması bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından bağ sahəsinin koordinatlarını mövcud sənədlər əsasında müəyyən etmək mümkün olmamışdır. Kadastr məlumatlarına əsasən 273 saylı bağ sahəsinin ərazisi sxematik xəritəyə əsasən iddia olunan ərazidən 600 m kənarda yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********00 saylı xx.xx.2021, **********70 saylı xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1155/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın tam ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş üzrə mövcud olan sənədlərdən də aydın olduğu kimi bütün faktlar ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi yerləşən 911/8 saylı torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini şərtləndirir. Belə ki, xx.xx.2022-ci il tarixli, BA-01382/2022 saylı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim edilmiş arxiv çıxarışına əsasən xx.xx.1991-ci il tarixində 217 nömrəli Türkan bağ-tikinti kooperativinin üzləri siyahısında mənim də adımın qeyd edilmişdir. Bundan savayı məhkməyə təqdim edilmiş arxiv sorğusuna cavab olaraq Bakı şəhər X9 İcraiyyə Komitəsinin 3/75 saylı qərarının, eyni zamanda torpaq sahəsinin verilməsi nəzərdə tutulan bağ-tikinti koperativi üzvlərinin siyahısından da aydın olur ki, sözü gedən torpaq sahəsi qanuni əsaslarla mənə verilmişdir. Daha sonra ona order təqdim edilmişdir ki, həmin orderin surəti də tərəfindən məhkəməyə təqdim edilmişdir. Hətta, torpaq ayrılması haqda C-İ3968 saylı arayışda torpaq sahəsi ayrılan şəxslər siyahısında mənim də adım, hətta bağ nömrəsi də öz əksini tapmışdır. Buna baxmayaraq məhkəmə əsassız yerə mənə məxsus olan torpaq sahəsinin üçüncü şəxsin X4 adına dövlət reyestrində qeydə alınmasına əsaslanmışdır. Halbuki, üçüncü şəxs G.Murtuzovanın da bildirdiyi kimi üçüncü şəxsə məxsus olan torpaq sahəsinin mənə məxsus olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur, onun mülkiyyətində olan torpaq sahəsi dəniz kənarında yerləşir. Ona məxsus torpaq sahəsi isə tamam fərqli istiqamətdə yerləşməklə dənizkənarı sahə ilə heç bir əlaqəsi yoxdur. Göründüyü kimi torpaq sahələrinin üst-üstə düşməsi mümkünsüzdür. Məhkəmənin gəldiyi bu ziddiyyətli qənaətin aradan qaldırılması üçün yerli baxışın keçirilməsini də xahiş etsək də məhkəmə yerli baxış keçirməmiş, həqiqətin müəyyən edilməsində maraqlı olmamışdır. Halbuki, məhkəmə tərəfindən yerli baxış keçirilmiş olsaydı həqiqətəndə üçüncü şəxsə məxsus olan əmlakla mübahisə predtmeti olan əmlak arasında hər hansı bir əlaqənin olmadığı müəyyən edilmiş olardı. Cavabdeh orqanın arxivində saxlanılan 217 nömrəli BTK-nın bağ-tikintinin Türkan sahəsidə yerləşmə planının nüsxəsinə diqqətlə baxdıqda görünür ki, ona ayrılmış torpaq sahəsi yan-yana ayrılmış, məhkəmənin üst-üstə düşdüyünü israrla bildirdiyi torpaq sahəsi isə ona ayrılmış torpaq sahəsindən fərqli istiqamətdə yerləşmişdir. Bütün bu faktlar onun iddia tələbimin əsaslı olmasını təsdiq etməklə, iddiasının təmin edilməsini şərtləndirməsinə buna baxmayaraq məhkəmə qanunsuzluğa yol vermiş, əsassız olaraq iddia tələbimi rədd etmiş, bununla da onun qanunla müəyyən edilmiş hüquqları kobud surətdə pozulmuşdur...” Məhkəmə kollegiyasının 16 noyabr 2023-cü il tarixli iclasında iştirak edən İddiaçı istifadəsində olan torpaq sahəsinn ona 1991-ci ildə order əsasında verildiyini, üzərində tikinti olmadığını, boş olduğunu, 400-500 m üçüncü şəxsə məxsus torpaq sahəsindən aralıda yerləşdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxs G.Murtuzova bağların fərqli yerlərdə, 400-500 m bir-birindən aralıda yerləşdiyini təsdiq etmiş və özünə məxsus torpağı aldığını, reyestrdən adına çıxarış verildiyini və həmin torpağın iddiaçıya məxsus torpaqla heç bir əlaqəsinin olmadığını bildirərək məsələnin həllini məhkəmənin səlahiyyətlərinə buraxmışdır. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Yeganlı apellyasiya şikayətini qəbul etmədiyini bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli iddia təmin olunmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış n daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallaı üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 14 iyun 2022-ci ili tarixli məktubu ilə birinci instansiya məhkəməsinin sorğusuna əsasən məhkəməyə təqdim olunmuş arxiv sənədlərinə (i.v.17-21) əsasən müəyyən olunur ki, Bakı şəhər Xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 saylı “Bağtikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi haqqında” qərarından görünür ki, həmin qərarla 217 nömrəli bağ tikinti kooperativinin (“BTK”) 12 nəfərdən ibarət tərkibi təsdiq edilmiş, həmin qərarın 2 nömrəli əlavəsində 217 saylı Türkan BTK-nın üzvlərinin siyahısında İddiaçı adı 2-ci sırada göstərilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində işə baxılarkən əslindən surəti, hazırkı apellyasiya mərhələsində isə əsli məhkəməyə təqdim olunmuş, 217 saylı Türkan BTK tərəfindən iddiaçıya verilmiş 2 nömrəli orderdən də görünür ki, Bakı şəhər Xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 saylı qərarına əsasən Türkan bağ masivində 217 saylı BTK-nın üzvü İddiaçıya sahəsi 0,12 ha olan 911/8 nömrəli bağ sahəsi ayrılmışdır. Tədqiq olunan orderdən göründüyü kimi, arxiv materialları ilə müəyyən edilən məlumatlarla üst-üstə düşür. Yəni, Türkan bağ masivində 217 saylı BTK-nın üzvü İddiaçı Bakı şəhər Xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 saylı qərarına əsasən 0,12 ha ölçüdə torpaq sahəsi ayrıldığı öz təsdiqini tapır. İddiaçının və üçüncü şəxs O.Murtuzovanın məhkəməyə verdiyi izahatlarına əsasən isə müəyyən olunur ki, bağ sahəsi ayrıldığı vaxtan iddiaçıdadır və həmin bağ sahəsinin üçüncü şəxs məxsus bağ sahəsi ilə aralarında 400-500 m məsafə vardır və bağ sahələləri eyni nömrəli olsa da, onların bir-birinə qarşı mübahisələri yoxdur (Əslində cavabdehin özü tərəfindən də bağ sahələrinin naturada bir-birindən aralı yerləşdiyi mübahisələndirilmir.). Göründüyü kimi, cavabdehin imtinası və iddia ərizəsinə etirazında iddiaçıya məxsus orderin nüsxəsinin idarənin arxivində aşkar edilmədiyini və üçüncü şəxsə eyni nömrəli qərar əsasında eyni nömrəli bağ sahəsi verildiyini mübahisələndirən dəlilləri əsassızdır. Həmçinin, cavabdehin imtinası və etirazının mübazisəli bağın bağ sahələrinin yerləşmə ardıcıllığı və hasarlanmasının bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olmadığını və üçüncü şəxsin adına olan bağ sahəsinin nömərisi ilə eyni olmasına dair dəlilləri də əsassız hesab edilməlidir. Çünki, bağların sxematik xəritə və nömrə uyğunsuzluğunu aradan qaldırmaq, məhz, cavabdeh orqanın qanunvericiliklə üzərinə düşən öhdəliyidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərədə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciəti üzrə lazımınca inzibati icraat aparılmamış, sübutların toplanmasında iddiaçıya yetərli yardım göstərilməmiş, birinci instansiya məhkəməsi tərəfindən də iş üzrə hərtərəfli araşdırma aparılmamış, işdə olan sübutlara əsasən müəyyən edilən hallara da düzgün hüquqi qiymət vərə bilməmiş, i cavabdehin imtinası ilə razılaşmışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.3-cü maddəsinin tələbinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə qərarı işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun hesab oluna bilməz. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1155/2023 saylı xx.xx.2023cü il tarixli qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 33, 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1155/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. Bakı şəhər Xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 saylı qərarına əsasən 217 saylı BTK-nın üzvü İddiaçı - Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində 0,12 ha ölçüdə ayrılmış bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-279/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-279/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver