Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-279/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi) qarşı “müqavilənin bağlanması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-943/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1995-ci ildən bu vaxta qədər istifadəsində olan, Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına daxil, ümumi sahəsi 15 kv.m-dən ibarət radioteleviziya emalatxanası ilə müqavilə bağlayıb, dövlət mülkiyyətindən istifadəyə görə dövlət vəsaitinin dövlət büdcəsinə keçirilməsini təmin etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla müqavilə bağlanması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanında yerləşən M.Ə.Sabir adına kitabxana-klubda, kitabxana-klubun direktoru tərəfindən imzalanmış 01 iyun 1995-ci il tarixli 14a saylı əmrə əsasən həmin müəssisədə açılmış radio-televiziya təmiri emalatxanasında 01 iyun 1995-ci il tarixli əmək müqaviləsi əsasında “televizor təmiri” peşəsi üzrə əmək fəaliyyətinə başlamışdır. xx.xx.1995-ci il tarixli əmək müqaviləsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq qazanılmış pul vəsaitlərini müdiriyyətə təhvil vermişdir, bunun müqabilində müdiriyyət müqavilənin 5-ci bəndində göstərildiyi kimi qazanılan məbləğin 40%-ni iddiaçıya əmək haqqı kimi ödəmişdir. Bundan sonra iddiaçı qarşılıqlı anlaşma şəraitində xx.xx.2000ci il və xx.xx.2001-ci il tarixli əmək müqavilələri əsasında əmək fəaliyyətini davam etdirmişdir. Lakin Bakı şəhər Mədəniyyət İdarəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı əmrindən sonra xx.xx.2003-cü il tarixli əmrə əsasən işdən azad edilmişdir. İddiaçı işə bərpa olunmaq üçün Xətai Rayon Məhkəməsinə müraciət etdikdən sonra xx.xx.2003-cü il tarixində Xətai Rayon Məhkəməsində keçirilən iclasda cavabdeh məhkəməyə müraciət edərək səhvə yol verdiyini, bu səbəbdən də işçiləri könüllü olaraq işlərinə bərpa edəcəyini bildirdiyi üçün məhkəmə tərəflər arasında barışıq sazişinin olması əsası ilə iş üzrə icraata xitam vermişdir. Bundan sonra klubun rəhbərliyi ilə onun arasında xx.xx.2004-cü ildə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq hər ay M.Ə.Sabir adına kitabxana-klubun hesabına 100.000 manat pul vəsaiti ödənilmişdir, 2005ci ildə müqavilənin müddəti uzadılmışdır. xx.xx.2005-ci ildə ƏMDX M.Ə.Sabir adına kitabxanaya məktub ünvanlayaraq klubun direktoru F.Bəkirzadənin iddiaçı ilə bağladığı daxili müqavilələrin qeyri-qanuni olduğunu bildirmişdir. Bundan sonra klubun direktoru xx.xx.2005-ci ildə məktubla iddiaçıya 2006-cı ildə icarə müqaviləsi bağlamayacağını, icarə müqaviləsinin cavabdeh ilə bağlanmalı olduğunu bildirmişdir. İddiaçı həmin məktubu aldıqdan sonra cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir, belə ki, cavabdeh bildirmişdir ki, iddiaçının istifadəsində olan sahə Sabir adına kitabxananın icarəsinə verilmişdir, kitabxananın direktoru kitabxananın hər hansı bir hissəsindən imtina edib iddiaçı ilə müqavilə bağlamağa razılıq verərsə, onun müraciətinə baxıla bilər. Dəfələrlə cavabdehə müraciət edərək istifadəsində olan qeyri-yaşayış sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanmasını xahiş etsə də müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-943/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanında yerləşən sahəsi 15 kv.metr olan qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanması barədə inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-943/2024 nömrəli qərarı əsassızdır, qərar ləğv edilməli, iddia rədd edilməlidir. Məhkəmə qərarını aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 15 avqust 2006cı il tarixli qətnaməsinə əsaslanaraq cavabdehin iddiaçı ilə icarə müqaviləsinin bağlanmasından imtinası kimi göstərilən əsasın qeyd olunan məhkəmə aktı ilə təkzib olduğunu, yəni iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi heç də X7 adına şəhər kütləvi kitabxanasının inzibati sahəsi kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin balansında qeydiyyata alınmadığını qeyd etmişdir. Bildirilir ki, məhkəmə qərar qəbul edərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılmamış, cavabdehin imtinasında qeyd olunan əsaslar mövcud iş materialları ilə təsdiq olunduğu halda, qeyd olunanlara əhəmiyyət vermədən hazırkı iş üzrə hər hansı aidiyyəti olmayan yuxarıda qeyd olunan məhkəmə qərarına əsaslanmaqla qanunsuz qərar qəbul etmişdir. Bununla bağlı bildirilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək iddianın predmeti olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-A-00xx-xx/2023 nömrəli məktubu ilə müraciətə cavab verilərək, İddiaçı icarə haqqı ödəmək istədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 147s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verildiyi, qeyd edilən sahənin icarəsinə verilməsinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı olduğu təqdirdə onun tərəfindən qaldırılmış məsələnin həlli üçün zəruri tədbirlər görüləcəyi, əks halda istifadə etdiyi sahənin boşaldılması üçün qanunvericiliklə müəyyən edilmiş zəruri addımlar atılacağı qeyd olunmuşdur. Buna baxmayaraq, iddiaçı iddianın predmeti olan qeyriyaşayış sahəsinin onun icarəsinə verilməsini xahiş etsə də, bu günədək həmin sahənin icarəyə verilməsinə razılıq verilməsinə dair balanssaxlayıcı qurumun razılıq məktubu Xidmətə təqdim olunmamışdır. Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyriyaşayış sahəsinin icarəyə verilməsindən imtina edilməmiş, yalnız qanunvericiliklə müəyyən olunmuş zəruri sənədlər təqdim edildikdən sonra iddiaçının müraciətinə baxılacağı bildirilmişdir. Bundan əlavə, məhkəmə iclası zamanı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair məhkəməyə təqdim olunmuş registrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında 9 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 1823.60 kv.m təşkil edən qeyri-yaşayış sahəsi Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin balansında olmaqla dövlət mülkiyyətindədir və hazırkı mübahisə predmeti olan qeyri-yaşayış 15 kv.m qeyri-yaşayış sahəsi qeyd olunan qeyriyaşayış sahəsinin bir hissəsində yerləşir. Bundan əlavə, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən və balanssaxlayıcı qurum tərəfindən təqdim olunan məktublarda mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin balansında olması qeyd olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olması işin mübahisəsiz halını təşkil etdiyi və məhkəməyə təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında həmin sahənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 mart 2016-cı il tarixli 147s nömrəli sərəncamı ilə Mədəniyyət Nazirliyinin balansına keçməsi və hazırda qeyd olunan dövlət qurumunun balansında olması işin araşdırılmış halları və səlahiyyətli dövlət qurumları tərəfindən təsdiq olunduğu halda, birinci instansiya məhkəməsinin qeyd olunan sərəncam əsasında hazırkı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin balansına verilmiş 1823 kv.m qeyriyaşayış sahəsinin tərkibinə daxil edilib-edilməməsini araşdırmaq əvəzinə, bununla bağlı hər hansı əhəmiyyət kəsb etməyən 2006-cı il tarixdə qəbul edilmiş məhkəmə qərarında qeyd olunanlara əsaslanmaqla yanlış mülahizə əsasında gəldiyi nəticə tamamilə əsassızdır. Hazırkı halda mübahisəli qeyri-yaşayış sahəsinin 2016-cı il tarixdən Mədəniyyət Nazirliyinin balansına verilməsi işin mübahisəsiz halıdır və həmin qeyriyaşayış sahəsi yalnız balanssaxlayıcı qurumun razılığı ilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının icarəsinə verilə bilər. Konstitusiya və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması işə baxan məhkəmənin xidməti vəzifəsi olduğu halda, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddia ərizəsində qeyd olunan halları, sübutları araşdırmadan və nəzərə almaqdan imtina edərək, birmənalı olaraq iddiaçının xeyrinə qərar qəbul etmək məqsədi güdmüşdür. Bakı İnzibati Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, araşdırılmalı olan halları araşdırmamış, qərarı əsaslandırmamışdır. Üçüncü şəxs tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı aşağıda göstərilənlərə əsasən qanunsuz və əsassız hesab edilir. Məhkəmə iddianı təmin edərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır (qərarın 13-cü bəndinin 4-cü abzası): “Cavabdehin iddiaçı ilə icarə müqaviləsinin bağlamasından imtinası kimi göstərilən əsasın mövcud olması qüvvədə olan məhkəmə aktı ilə təkzib olunur, yəni iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi heç də X7 adına şəhər kütləvi kitabxanasının inzibati sahəsi kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin balansında qeydiyyata alınmamışdır. Belə olan halda isə iddiaçının faktiki istifadəsində olan 15 kv.metr qeyriyaşayış sahəsinin iddiaçıya icarəyə verilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin razılığının olması tələb olunmur, belə olan halda məhkəmənin gəldiyi nəticəyə görə cavabdehin imtinasında göstərilənlər əsassız olduğu üçün cavabdeh məhz dövlət əmlakından səmərəli istifadə olunmanı təmin etmək məqsədilə iddiaçı ilə iddiaçının istifadəsində olan dövlət əmlakının icarəyə verilməsi barədə inzibati akt qəbul etməli olduğu halda bunu etməmişdir. Qeyd olunmalıdır ki, burada məhkəmənin bəhs etdiyi “məhkəmə aktı” ifadəsi özünün də qərarında qeyd etdiyi kimi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli, 6K2665 nömrəli qərarını özündə ehtiva edir. Halbuki, həmin qərarla hazırki iş üzrə iddiaçıya hər hansı hüquq verilməmiş, qərarın təsviri-əsaslandırıcı hissəsində Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyası mübahisə predmeti əmlakın həmin dövr üzrə - xx.xx.2006-cı ilədək balans mənsubiyyətini, yəni əmlakın cari dövr üzrə kimin balansında olduğunu qeyd etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi preyudisiallıq məsələsinə yanlış qiymət verərək kobud pozuntuya yol vermişdir. Belə ki, sözügedən məhkəmə aktında təsbit olunmuş müddəa həmin dövrədək olan mübahisə üzrə preyudisial əhəmiyyət daşıya bilər. Çünki dövlət əmlakının balans mənsubiyyəti dəyişə bilər və mövcud qanunvericilik bunun dəqiq mexanizmini müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə görə dövlət orqanlarına dövlət əmlakının verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.4-cü bəndinə görə qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş normativlər əsasında daşınmaz dövlət əmlakı obyektlərinin dövlət orqanlarına, müəssisə və təşkilatlarına verilməsi Dövlət Xidmətinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məhz qeyd olunmuş normaya uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 147s nömrəli Sərəncamı ilə Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansında olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilmişdir. Göründüyü kimi, indiki halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 147s nömrəli sərəncamı daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Mədəniyyət Nazirliyinin mülkiyyət hüququnu təsbit edir. Lakin birinci instansiya məhkəməsi bütün bunlara, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 147s nömrəli sərəncamının qüvvədə olduğunu və hazırki iddia tələbində mübahisələndirilmədiyini nəzərə almayaraq, həmçinin daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasına zidd olaraq 2006-cı ildə qəbul edilmiş məhkəmə qərarının təsviriəsaslandırma hissəsində göstərilmiş məlumatda mübahisə predmeti əmlakın başqa qurumun balansında olduğunu göstərmişdir. Bakı İnzibati Məhkəməsinin yanlış preyudisial istinadından fərqli olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 mart 2016-cı il tarixli, 147s nömrəli sərəncamına istinad edərək 27 dekabr 2023-cü il tarixli 2(011)-4742/2023 nömrəli qətnaməsi ilə mübahisəli qeyri-yaşayış sahəsinin boşaldılmasına dair iddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsinin cavabdeh İddiaçı qarşı iddiasını təmin etmişdir. Məhkəmə ilk növbədə normativ hüquqi aktlar əsasında dövlət əmlakının balans mənsubiyyətinin müəyyən edilməsi hallarını, qeyri-normativ hüquqi akt əsasında mübahisəli əmlakın Mədəniyyət Nazirliyinin balansında olmasını nəzərə almamış, həmçinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmayaraq mübahisəli əmlakın Mədəniyyət Nazirliyinin balansında olmasını yenə də nəzərə almamış, eyni zamanda, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş mübahisə predmeti əmlakın Mədəniyyət Nazirliyinin balansında olmadığına dair nəticəsi də işin hallarına uyğun gəlməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 hər iki apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 hər iki apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil hər iki apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Xətai rayonu, Gəncə pr. 99 ünvanda yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə və icarə haqqının ödənilməsi üçün hesab nömrəsinin verilməsinə dair iddiaçının müraciətinə baxılmış, qeyd edilən qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olduğu, balanssaxlayıcı tərəfindən münasibət bildirildiyi təqdirdə həmin məsələyə Komitədə qanunvericiliklə müəyyən edilmiş qaydada baxıla biləcəyi bildirilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, icarə haqqı ödəmək istədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 147s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilmişdir. Müraciətdə qeyd olunan sahənin icarəyə verilməsinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı oduğu təqdirdə iddiaçının qaldırdığı məsələnin həlli üçün zəruri tədbirlər görüləcəkdir. İş materiallarında olan “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” vergi orqanının arayışından görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə pr.,99 ünvanda uçota alınmışdır, fəaliyyəti televizor təmiri, VÖEN **********, uçota alınma tarixi xx.xx.2012-ci il. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli registrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanda yerləşən 1823,60 kv. m sahəsi olan X7 adına şəhər kütləvi kitabxanasının inzibati sahəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin balansındadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanında qeyriyaşayış sahəsinin, həmçinin sözügedən ünvanda 15 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2025-ci il tarixli 10/1053 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 2087,08 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanında yerləşən və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 1820,64 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 2087,08 kv.metr təşkil etdiyini, bu sahənin 1820,64 kv.metr hissəsinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olduğunu nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı onunla müqavilə bağlanılmasını tələb etdiyi 15,0 kv.metr hissəsinin həmin ünvanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsinin daxilində yerləşmədiyi müəyyən edilmişdir. «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 629 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən hallar, habelə dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiya parkları, sənaye məhəllələri və aqroparklar, həmçinin turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri, Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan tarix və mədəniyyət abidələri və ya onların hissələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində müəyyən edilən məqsədlər üçün ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin və ya onların ayrı-ayrı hissələrinin (arxeoloji abidələr, habelə Şuşa şəhərinin ərazisində yerləşən tarix və mədəniyyət abidələri və ya onların hissələri istisna olmaqla) icarəyə verilməsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir. Dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri istisna olmaqla, Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan digər tarix və mədəniyyət abidələri və ya onların hissələri Şuşa şəhərinin Baş planına uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən icarəyə (istifadəyə) verilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.11. Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanında yerləşən ümumi sahəsi 15 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi 2004-cü ildən bu günə qədər iddiaçının istifadəsindədir. İddiaçı həmin sahədən ilkin olaraq X7 adına şəhər kütləvi kitabxanası ilə bağladığı icarə müqaviləsi əsasında istifadə etmiş, daha sonra isə dəfələrlə cavabdehə müraciət edərək istifadə etdiyi 15 kv.metr qeyriyaşayış sahəsi ilə bağlı onunla icarə müqaviləsinin bağlanmasını xahiş etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh imtinasının əsası kimi həmin qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 147s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin balansına verilməsini göstərmiş, həmin sahənin icarəyə verilməsinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı oduğu təqdirdə iddiaçının qaldırdığı məsələnin həlli üçün zəruri tədbirlər görüləcəyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh və üçüncü şəxs iddiaçının icarə müqaviləsinin bağlanılmasını xahiş etdiyi 15 kv.m qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin balansına verilmiş qeyri-yaşayış sahəsi olduğunu bildirsələr də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədilər. Hazırki iş üzrə apellyasiya baxışı zamanı məhkəmə tərəfindən ekspertiza keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2025-ci il tarixli 10/1053 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiq olunan qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman, sözügedən qeyri-yaşayış sahəsi faktiki olaraq daxili arakəsmə divarlarla hissələrə bölünərək müxtəlif təyinatlı obyektlər (polis otağı, idman zalı, kitabxana, dərzi sexi, televizor təmiri sexi və seçki dairəsi) kimi istifadə edildiyi müəyyən edilmişdir, baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 2087,08 kv.m təşkil etdiyi, bu sahənin 1820,64 kv.m hissəsi kitabxananın, 15,0 kv.m hissəsi İddiaçı istifadəsində olan təmir sexinin, 15,0 kv.m hişşəsi dərzi sexinin, 126,06 kv.m hissəsi seçki dairəsinin, 110,38 kv.m hissəsi digər obyektlərin istifadəsində olduğu müəyyən edilmişdir. Həmin ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 2087,08 kv.metr təşkil etdiyi, həmin ünvanda yerləşən və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin isə 1820,64 kv.metr təşkil etdiyi və İddiaçı onunla müqavilə bağlanılmasını tələb etdiyi 15,0 kv.metr hissənin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsinin daxilində yerləşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh və üçüncü şəxs iddiaçının onunla icarə müqaviləsinin bağlanılmasını xahiş etdiyi 15 kv.m hissənin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilmiş hissə olduğunu bildirsələr də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədilər. Əksinə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, qeyd olunan hissə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsinin daxilində yerləşmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-943/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-279/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-279/2025
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver