Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2790/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İBakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2-1(112)-2881/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01 yanvar 1992-ci il tarixdən 01 yanvar 2006-cı il tarixlərdəki iş stajının ümumi iş stajına daxil edilərək ona 13 fevral 2020-ci ildən, yəni 64,5 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun "DOST" Xidmətinə müraciətinə cavab olaraq, cavabdeh 06 noyabr 2020-ci il tarixli məktubla müraciətindən imtina edərək əmək kitabçasında qeyd edilən 01 yanvar 1992-ci tarixdən 01 yanvar 2006-cı il tarixədək işlədiyi 2702 saylı X5, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti və "xxxx" ASC-nin arxiv sənədlərinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməməsi səbəbindən həmin illərin iş stajının düzgünlüyünü araşdırılmasının mümkün olmamasını, Qanuna müvafiq olaraq həmin illərin onun ümumi iş stajına daxil edilməməsini, təqdim etdiyi sənədlərdən 01 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajının 19 il 5 ay olmaqla qanunla tələb olunan müddətdən az olmasını göstərmişdir. Hesab etmişdir ki, cavabdeh öz imtinasında haqlı olmamış, qanunvericiliyin tələblərini nəzərə almadan müraciətindən imtina etmişdir. O, 13 avqust 1955-ci ildə anadan olmuşdur. 04 fevral 1974-cü ildən Elektroməişəttexnikaları zavoduna ştampçı vəzifəsinə işə düzəlmiş, 15 avqust 1974-cü ildə işdən azad olunmuş, 12 may 1975ci ildə hərbi xidmətə getmiş, 20 may 1977-ci ildə hərbi xidmətdən tərxis olunmuş, 18 iyul 1977-ci ildə 2702 saylı Avtodəstəyə işə düzəlmiş, 29 aprel 1980-cı ildə işdən azad olmuş, 01 iyul 1980-cı ildə Bakı elektrik maşınqayırma zavoduna işə düzəlmiş 01 sentyabr 1980-cı ildə həmin işdən azad olunmuş, 02 dekabr 1980-cı ildə Azneft İB-nə sürücü kimi işə düzəlmiş, 03 avqust 1981-ci ildə işdən azad olunmuş, 11 avqust 1981-ci ildə 2702 saylı Avtodəstəyə sürücü vəzifəsinə işə düzəlmiş, 13 aprel 1988-ci ildə işdən azad olunmuş, 03 may 1988-ci ildə Avtobus avtomobil dəstəsinə sürücü vəzifəsinə işə düzəlmiş, 16 noyabr 1988-ci ildə işdən azad olunmuş, 17 noyabr 1988-ci ildə 2702 saylı Avtodəstəyə işə düzəlmiş və bundan sonra həmin yerdə 24 oktyabr 2008-ci ilə qədər işləmişdir. Yəni onun iş stajı 01 yanvar 2006-cı ilə qədər 30 il 5 ay 8 gün və 24 oktyabr 2008-ci ilə qədər isə 33 il 3 ay 15 gün təşkil etmişdir. İşin hallarından da görünür ki, ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina edərkən cavabdeh o hala istinad etmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə, eləcə də əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına malik olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Onun 64,5 yaşının tamam olduğu vaxt o, qanunla tələb olunan 25 il sosial sığorta stajına malik olduğuna görə ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Onun 25 ildən çox sosial sığorta stajına malik olmağı isə ona məxsus əmək kitabçasındakı qeydlərlə təsdiq olunur. Ona məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, o, 04.02.1974-cü il tarixdən 24 oktyabr 2008-ci il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina edərkən 01 yanvar 1992-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək olan dövrün ümumi iş stajına daxil edilməsinin mümkün olmadığını bildirmişdir. Beləliklə hazırkı iş üzrə mübahisəli məsələ 1992-2006-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də onun həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh tərəfindən bildirilmiş sənədlərin arxivə təhvil verilməməsi səbəbindən həmin illərin düzgünlüyünü araşdırmaq mümkün olmaması məsələsinə münasibətdə isə bildirmişdir ki, bu hal onun təqsiri ilə bağlı deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bakı İnzibati Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2-1(112)-2881/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.(hakim: Ş.Həsənova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyini iddia etdiyi halda həmin müəssisənin 1999-cu ildə dövlət qeydiyyatından keçməsi, iddiaçının 1992-2006-cı illərdə 2702 saylı X4, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti "xxxx" X10 Cəmiyyətində işlədiyi müddətin mötəbərliyini şübhə altına alır. Hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 28.01.2021-ci il tarixli, 2-1(102)- 303/2021 nömrəli qərarı). İddiaçının 1992-ci il tarixdən 2702 saylı X4, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti "xxxx" X10 Cəmiyyətində İşləməsini iddia etməsinə baxmayarq məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X6 Qeydiyyatı İdarəsinə göndərilmiş sorğu nəticəsində məlum olmuşdur ki, "Avto-Qarant” ASC 25.03.1999-cu il tarixdə qeydiyyatdan keçmişdir. Qeyd olunan müəssisənin VÖEN alma tarixi ilə bağlı isə heç bir məlumat etmək mümkün olmamışdır. 2702 saylı X4, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti "xxxx" X10 Cəmiyyətinin 25.03.1999-cu il tarixdə dövlət qeydiyyatından keçdiyini nəzərə alınaraq, bu səbəbdən 01.01.1992-07.01.2006-ci il tarixləri əhatə edən sığorta stajı iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Bununla yanaşı, 14.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə 2702 saylı X4, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti "xxxx" X10 Cəmiyyətində işləyibişləməməsi, işlədiyi təqdirdə şəxsin işə daxil olma və işdən azad olunma əmrləri, sözügedən dövrlər üzrə əmək haqqı cədvəlləri və digər məlumatların təqdim edilməsinə dair sorğu göndərilmiş və 29.01.2021-ci il tarixli 4/118 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, qeyd olunan müəssisənin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı onun 01 yanvar 1992-ci il tarixdən 01 yanvar 2006-cı il tarixlərdəki iş stajının ümumi iş stajına daxil edilərək ona 13 fevral 2020-ci ildən, yəni 64,5 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının əmək kitabçasında qeyd edilən 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi 2702 saylı X5, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti, "xxxx" X9 Cəmiyyətinin arxiv sənədlərinin mövcud olmaması, həmin illərin iş stajının düzgünlüyünü araşdırmaq mümkün olmadığlından həmin illərin onun ümumi iş stajına daxil edilməməsi, 01.01.2006-cı il tarixədək onun ümumi iş stajı 19 il 5 ay olmaqla qanunla tələb olunan müddətdən az olması, eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçının əmək kitabçasında qeyd edilən 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi 2702 saylı X5, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti, "xxxx" X9 Cəmiyyətinin arxiv sənədlərinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməməsi səbəbindən həmin illərin iş stajının düzgünlüyünü araşdırmaq mümkün olmaması barədə gətirdiyi dəlili əsaslı hesab etməmişdir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, işlədiyi müəssisələrin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı hərbi xidmət müddəti, eləcə də 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixinədək işlədiyi müddət nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək artıq 33 il 05 ay 26 gün ümumi iş stajı mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 12.05.1975-cü ildən 14.05.1977-ci ilə qədər (3 il 3 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İş materiallarında olan Bakı Energetika Texnikumu tərəfindən verilmiş C 669608 №-li, 05.04.1975-ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1971-ci ildə Bakı Energetika Texnikumuna daxil olmuş və 1975-ci ildə həmin texnikumu məişətdə işlədilən elektrik cihazları ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 03 mart 1975-ci il tarixli qərarı ilə ona texnik-elektrik ixtisası verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından və azərbaycan dilinə tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 04.02.1974-cü ildən 15.08.1974-cü ilə qədər Bakı Elektrik Məişət Cihazları Zavodu mexaniki sexə 1-ci dərəcəli ştamplayıcı (06 ay 11 gün), 20.05.1975-cü ildən 20.05.1977-ci ilə qədər Sovet ordusunda xidmət etmiş (2 il), 18.07.1977-ci ildən 29.04.1980-cı ilə qədər Bakı AVTO 2 saylı Avtomobil dəstəsində sürücü (2 il 09 ay 11 gün), 01.07.1980-cı ildən 01.09.1980-cı ilə qədər AzSSR STMN Təmir-Tikinti İdarəsində 2-ci dərəcəli fəhlə (2 ay), 20.09.1980-cı ildən 22.09.1980-cı ilə qədər 8 saylı sexdə operatorun şagirdi (2 gün), 02.12.1980-ci ildən 03.08.1981-ci ilə qədər “Azneft” birliyinin Suraxanı texnoloji nəqliyyat idarəsində sürücü (8 ay 1 gün), 11.08.1981-ci ildən 13.04.1988-ci il tarixədək Bakı NPTO 2702 saylı Avtomobil dəstəsində sürücü (6 il 8 ay 2 gün), 03.05.1988-ci ildən 16.11.1988-ci il tarixədək AZSSR ANN PUOO “RAF” mikroavtobusların Zığ avtomobil dəstəsində sürücü (6 ay 13 gün), 17.11.1988-ci ildən 24.10.2008-ci il tarixədək 2702 saylı Avtomobil dəstəsində (Avto-Qarant ASC-də) sürücü (19 il 11 ay 7 gün) vəzifələrində işləmişdir. İş materiallarında olan həmin əmək kitabçasındakı qeydlərdən həmçinin görünür ki, “Bakı Yük Avtonəqliyyat” X2 30.09.1994-cü il tarixli, 38 saylı əmrinə və Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin 18.09.1994-cü il tarixli, 763 saylı sərəncamına əsasən 2702 saylı Avtomobil Dəstəsi 2702 saylı X5 adlandırılıb. Bakı yük avtonəqliyyat istehsalat birliyinin 09.04.97-ci il tarixli, 20 saylı əmrinə əsasən 01.01.97-ci il tarixdən 2702 saylı X5 2702 saylı Avtomobil Dəstəsi adlandırılıb (əmr 38, 10.04.97). Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 20.04.98-ci il tarixli, 660 saylı sərəncamına əsasən 2702 saylı Avtomobil Səhmdar Cəmiyyətinə çevrildiyindən onun adı "xxxx" X10 Cəmiyyəti adlandırılmışdır (əmr № 01K, 31.07.98). İş materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 1-3-118/3088-21 №-li, 05.05.2021-ci il tarixli məktubdan görünür ki, 2702 saylı X5, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti və "xxxx" X10 Cəmiyyətinin arxiv sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********898100 №-li, 26.04.2021-ci il tarixli məktubundan görünür ki, 03.04.2009-cu ildə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:2Ü********) "Azəravtonəqliyyat” Dövlət Konserni 2702 saylı avtomobil dəstəsinin hüquqi varisidir. İş materiallarında olan həmin məktuba əlavə olunmuş "xxxx" ASC-nın yeni redaksiyada nizamnaməsindən və qeydiyyat sənədlərindən görünür ki, cəmiyyət keçmiş dövlət müəssisəsi olan “Azəravtonəqliyyat” Dövlət Konserni 2702 saylı avtomobil dəstəsinin hüquqi varisidir və 25.03.1999-cu ildən qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanladığı **********815600 №-li, 28.04.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) 27.04.2021-ci il tarixə olan məlumatlarına əsasən qeydiyyata alındığı tarixdən bu günədək fəaliyyəti dayandırılmamışdır və hal-hazırda fəaliyyəti aktivdir. İş materiallarında olan Filial tərəfindən iddiaçıya ünvanlanmış **********5 №-li, 06.11.2020-ci il tarixli məktubdan görünür ki, əmək kitabçasında qeyd edilən 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi 2702 saylı X5, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti, "xxxx" X9 Cəmiyyətinin arxiv sənədləri Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməməsi səbəbindən həmin illərin iş stajının düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Qanuna müvafiq olaraq həmin illər onun ümumi iş stajına daxil edilməmişdir. Təqdim etdiyi sənədlərdən göründüyü kimi 01.01.2006-cı il tarixədək onun ümumi iş stajı 19 il 5 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (19 il 5 ay) sığorta kapitalı 14424,20 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 64 il 6 ay yaşa çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, əmək kitabçasında qeyd edilən 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi 2702 saylı X5, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti, "xxxx" X9 Cəmiyyətinin arxiv sənədlərinin mövcud olmaması, həmin illərin iş stajının düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dövrlər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə aid əmək fəaliyyətini əhatə edir və müvafiq olaraq həmin dövrlərdəki əmək fəaliyyətinin pensiya hüququ verən sosial sığorta stajına hesablanıb-hesablanmaması məsələsinə də məhz həmin Qanunun müddəalarından çıxış etməklə qiymət verilməlidir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 01 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla və iddiaçının işlədiyi müəssisə tərəfindən təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə, arxiv sənədlərində heç bir məlumat saxlanılmaması da iddianın əsaslılığına təsir etmir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, iddiaçının 64 il 6 ay yaşı tamam olduğu dövrdə əmək kitabçasına əsasən ümumilikdə 25 ildən artıq sığorta stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2-1(112)-2881/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2790/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2790/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver