Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2790/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2861/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizələrlə müraciət edərək, bildirmişdir ki, 2021-ci ilin sentyabr ayından ona məlum olmayan səbəbdən pensiyası dayandırılmış, 2022-ci ilin aprel ayının 29-da bərpa olunmuşdur. Həmin aralıqda ödənilməli olan pensiyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
2. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, ona Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 16 noyabr 1996-cı il tarixində əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İddiaçının əlilliyinin müddətinin 10 sentyabr 2021-ci il tarixdə bitməsi ilə əlaqədar pensiya ödənişi 1 oktyabr 2021-ci il tarixdə dayandırılıb. İddiaçı 22 noyabr 2021-ci il tarixdə əmək pensiyasının bərpa olunması üçün Mərkəzi Filiala müraciət etmişdir. Müvafiq araşdırma zamanı “Əlillik” alt sistemində iddiaçıya xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumi xəstəlik səbəbindən İİ dərəcə əlillik təyin olunduğu aşkar edilmişdir. Eyni zamanda, iddiaçının əlilliyi ilə bağlı verilmiş sorğuya cavab olaraq ona Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 4 okyabr 2019-cu il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz İİ dərəcə əlillik təyin edildiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Bununla əlaqədar, iddiaçının əmək pensiyası 2022-ci ilin aprel ayından “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (601,05 manat) 55 faizi-330,58 manat məbləğində bərpa edilib. Eyni zamanda, keçmiş müddət üçün yenidən hesablanaraq ona ödənilməli olan 1.983,48 manat pensiya məbləği müəyyən edilmişdir. Həmçinin, ümumi xəstəlik səbəbindən əlil olması ilə əlaqədar hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ olmadığından ona xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15.860,82 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, ona artıq ödənilmiş 15.860,82 manat pul vəsaitindən ona ödənilməli olan 1.983,48 manat pul vəsaiti çıxılmış, qalıq 13.877,34 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar, ona artıq ödənilmiş qalıq 13.877,34 manatdan 953,52 manata azaldılmışdır. Həmin 953,52 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə iddiaçı tərəfindən yazılı razılığın mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsı xahiş edilmişdir. Sonda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyasının həmin tarixdən 363,64 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 417,09 manata artırılaraq ödənilir.
3. Aprel 2007-ci il tarixli 681 nömrəli Hərbi qulluqçunun pensiya təminatı üzrə məlumat vərəqəsindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1996-cı ildə xəstəliyə görə hərbi xidmətdən tərxis edilmiş, həmin tarixə cəmi xidmət müddəti 15 il 7 ay 11 gün olmuş, müharibə iştirakçısı kimi ona 3-cü qrup əlilliyə görə 35 faiz ilə xx.xx.1996-cı ildən əlillik təyin edilmişdir.
4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 317-4/2-31864/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2014cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2015-ci il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən 1 il müddətinə (xx.xx.2016-cı ilədək) ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Həmin dövr ərzində İddiaçı dair hərbi xidmət dövrü ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin 1 nömrəli Poliklinikası tərəfindən 4399003AAAE7 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır.
5. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 Rasim İlyas oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 16 noyabr 1996-cı il tarixində əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sizə əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Eyni zamanda müvafiq araşdırma zamanı ona xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumi xəstəlik səbəbindən İİ dərəcə əlillik təyin edildiyi aşkarlanmışdır. Buna görə də, ümumi xəstəlik səbəbindən əlil olması ilə əlaqədar hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ olmadığından ona yuxarıda qeyd olunan dövr üzrə ümumilikdə 15.860,82 manat artıq pul vəsaiti ödənilmişdir. Bundan başqa cari ilin aprel ayından “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təminat xərcliyinin (601,05 manat) 55 faizi- 330,58 manat məbləğində hesablanaraq iddiaçıya ödənilməli olan 1.983,48 manat pensiya məbləği müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya artıq ödənilmiş 15.860,82 manat pul vəsaitindən ödənilməli olan 1.983,48 manat pul vəsaiti çıxılmış, qalıq 13.877,34 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığı mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilir, əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir.”
6. İşdə olan “Pensiya” alt sistemindən çıxarışdan görünür ki, İddiaçı oktyabr 2021-ci il mart 2022-ci illərdə əlilliyə görə pensiya ödənilməmişdir. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi və 8 ay hərbi qulluqçu kimi ödənilməyən pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin ona ödənilməli olan pensiya məbləğinin əvəzləşdirilməsindən ibarət hərəkətinin qanunsuz hesab edilməsi və əvəzləşdirilmiş 1.983,48 manat pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1980-ci il tarixdə hərbi xidmətə çağırılmış, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci il tarixdə Daxili İşlər orqanında kiçik serjant vəzifəsinə qəbul olunmuşdur. 1991-ci il tarixdə Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlər zamanı Laçın rayonunda erməni işğalçılarına qarşı mübarizə aparmışdır. 1992-ci il tarixdə iş zamanı xidmət başında olarkən minaya düşərək ayağını itirmişdir. Buna baxmayaraq Daxili İşlər orqanalarında xidmət etməyə davam etmişdir. 1996-cı il tarixdə ayağının itirilməsi səbəbi ilə işdən çıxmış və elə həmin il, yəni xx.xx.1996-cı il tarixdən DİN tərəfindən hərbi əlilliyə görə üçüncü qrup əlil və ona uyğun təqaüd təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xüsusi fərmanına əsasən əlilliyin, təqaüdün təyinatı və ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmiş və qanunvericiliyə uyğun olaraq ona təqaüdün ödənilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Uzun illər təqaüd almasına baxmayaraq 2021-ci il tarixindən təqaüdü məlum olmayan səbəblərdən dayandırılmışdır. Təqaüdünün dayandırılma səbəbinin araşdırması zamanı məlum olmuşdur ki, ona ümumi xəstəliklə əlaqədar olaraq 2-ci qrup əlillik və ona uyğun təqaüd təyin edilmişdir. Belə ki, ona 2-ci qrup əlillik verilərkən hərbi əlil təyinatı statusu ilə verilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə DİN Tibb idarəsi tərəfindən xəstəliyilə bağlı göndəriş göndərilmişdir. Həmin göndərişdə diaqnozu ətraflı şəkildə izah olunmuş, həmçinin təyin olunmuş əlillik səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar” kimi qeyd olunmuşdur. Həmçinin əlilliyi müddətsiz təyin olunmuşdur. Lakin sonradan xəstəliklə bağlı göndəriş etibarsız hesab edilərək təqaüdü qanunsuz və əsassız şəkildə dayandırılmışdır. Müəyyən araşdırmalardan 8 ay sonra, 2022-ci il tarixdə yenidən hərbi əliliyi bərpa olunmuşdur. Verilən imtinaya görə cavabdeh iddia edir ki, o, ümumi xəstəlik səbəbi ilə ikinci qrup əlildir. Bu isə sadəcə onların fərziyəsidir. İddiaçıya hərbi əlil statusu ilə pensiya təyin olunarkən lazımi sənədləri lazimi orqana təqdim etmiş və bunun əsasında da uzun illər pensiyanı o şəkildə almışdır.
10. Cavabdeh iddiaya qarşı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-283186/2023 nömrəli yazılı etirazını imtina məktubunda göstərilən əsaslarla əsaslandırmış və məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2861/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ödənilməli olan pensiya məbləğinin əvəzləşdirilməsindən ibarət hərəkətinin qanunsuz hesab edilməsi və İddiaçı ödənilməli olan pensiya ödənişindən tutulmuş (əvəzləşdirilmiş) 1.983,48 manat məbləğin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2861/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2861/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “əvəzləşdirilmiş pensiya məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2- 1(112)-2861/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, ödənilməli olan pensiya məbləğinin əvəzləşdirilməsindən ibarət hərəkəti qanunsuz hesab edilərək iddiaçıya ödənilməli olan pensiya ödənişindən tutulmuş (əvəzləşdirilmiş) 1.983,48 manat məbləğin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan aprel 2007-ci il tarixli 681 nömrə Hərbi qulluqçunun pensiya təminatı üzrə məlumat vərəqəsindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1996-cı ildə xəstəliyə görə hərbi xidmətdən tərxis edilmiş, həmin tarixə xidmət müddəti ümumilikdə 15 il 7 ay 11 gün təşkili etmiş, xx.xx.1996-cı il tarixdən müharibə iştirakçısı kimi 35 faiz ilə 3-cü qrup əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-31864/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2015-ci il tarixdə qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən 1 il müddətinə (xx.xx.2016-cı ilədək) ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Həmin dövr ərzində iddiaçıya dair hərbi xidmət dövrü ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin 1 nömrəli Poliklinikası tərəfindən 4399003AAAE7 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 16 noyabr 1996cı il tarixdə əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziyu) nəticəsində üz verdikdə təyin edilir. Eyni zamanda müvafiq araşdırma zamanı iddiaçıya xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumi xəstəlik səbəbindən İİ dərəcə əlillik təyin edildiyi aşkarlanmışdır. Buna görə də, ümumi xəstəlik səbəbindən əlil olması ilə əlaqədar hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ olmadığından ona yuxarıda qeyd olunan dövr üzrə ümumilikdə 15.860,82 manat artıq pul vəsaiti ödənilmişdir. Bundan başqa cari ilin aprel ayından “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təminat xərcliyinin (601,05 manat) 55 faizi-330,58 manat məbləğində hesablanaraq iddiaçıya ödənilməli olan 1.983,48 manat pensiya məbləği müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya artıq ödənilmiş 15.860,82 manat pul vəsaitindən ödənilməli olan 1.983,48 manat pul vəsaiti çıxılmış, qalıq 13.877,34 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığı mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 363,64 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 417,09 manata artırılaraq ödənilir. “Pensiya” alt sistemindən çıxarışlara əsasən iddiaçıya oktyabr 2021-2022-ci illərdə əlliliyə görə pensiya ödənilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutlara əsasən işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçıya 1996cı ildən etibarən əliliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2014-xx.xx.2019-cu il tarixlərdə ona ümumi xəstəlik səbəbindən əlillik təyin edilsə də, o “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə əlilliyə görə əmək pensiyası almış, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyası araşdırılarkən oktyabr 2021-2022-ci illərdə iddiaçıya təyin edilmiş pensiya ödənişi dayandırılmış, daha sonra pensiyası bərpa olunduqdan sonra cavabdeh inzibati orqan iddiaçıya 15.860,82 manat artıq ödəmə olduğunu bildirərək dayandırılmış müddətdə ödənilməli olan 1.983,48 manat pensiya məbləğini iddiaçıya ödəməkdən imtina etmiş, həmin məbləğin artıqödəmə ilə əvəzləşdirildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə əhəmiyyətli olan halların tam, hərtərəfli və obyektiv araşdırmadığı görünür. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2-1(112)-2861/2024 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
18. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu
19. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
20. Maddə 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur.
21. Maddə 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır.
22. Maddə 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu
23. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
24. Maddə 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər.
25. Maddə 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir.
26. Maddə 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
27. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);
28. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
29. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
30. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər.
31. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
32. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
33. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
34. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
35. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
36. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
37. 1 saylı Protokolun 1-ci maddəsinin müddəaları sosial və əmək pensiyası təminatı sisteminə də tətbiq edilir (Andreyeva Latviyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 77).
38. 1 saylı Protokolun 1-ci maddəsi Konvensiya üzrə razılığa gələn dövlətlər üçün sosial təminat sisteminin hər hansı bir xüsusi formasını və ya belə sistem üzrə veriləcək əmək pensiyası növünü və ya miqdarını təmin etmək üçün heç bir pozitiv öhdəlik yaratmır (Suxanov və İlçenko Ukraynaya qarşı işi üzrə qərar, § 31; Stek və digərləri Birləşmiş Krallığa qarşı işi üzrə Böyük Palatanın qərarı, § 53). Lakin, razılığa gələn dövlətlər bu və ya digər sosial təminat sistemini təmin edərsə və onun daxili qanunvericiliyində həyata keçirilməsini müəyyən edərsə, bu hüququn qanun tərəfindən tanınması Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə düşən mülkiyyət marağı yarada bilər (Xoniakina Gürcüstana qarşı işi üzrə qərar, § 69). Beləliklə, qeyd etmək lazımdır ki, Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi müəyyən miqdarda əmək pensiyası verilməsi hüququnu təmin etmir, lakin, verilmiş əmək pensiyası məbləğinin azaldılması və ya ləğv edilməsi mülkiyyətdən dinc istifadəyə müdaxilə kimi qiymətləndirilə bilər (Rasmussen Polşaya qarşı işi üzrə qərar, § 71). Əgər əmək pensiyası məbləğinin azaldılması və ya ləğvi şəxsin fərdi hallarının dəyişməsi nəticəsinə görə deyil, qanunda dəyişikliklərin edilməsi və ya onun icrası nəticəsində baş vermişsə, bu Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlara müdaxilə kimi təsnif edilə bilər (X1rşı işi üzrə qərar, § 44).
39. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, ““İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
41. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
42. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
45. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçıya 1996-cı ildən etibarən əliliyə görə əmək pensiyası təyin edilməsi, xx.xx.2014-xx.xx.2019-cu il tarixlərdə iddiaçıya ümumi xəstəlik səbəbindən əlillik təyin edilsə də, onun “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə əlilliyə görə əmək pensiyası alması, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyası araşdırılarkən oktyabr 2021-ci il - mart 2022-ci illərdə iddiaçıya təyin edilmiş pensiya ödənişinin dayandırılması, iddiaçının pensiyası bərpa olunduqdan sonra cavabdeh iddiaçıya 15.860,82 manat artıq ödəmə olduğunu iddia edərək dayandırılmış müddətdə ödənilməli olan 1.983,48 manat pensiya məbləğini iddiaçıya ödəməkdən imtina etməsi, həmin məbləğin artıqödəmə ilə əvəzləşdirildiyini bildirməsi işin mübahisə edilməyən hallarıdır.
46. İddiaçı tələbində cavabdehin bu hərəkətini qanunsuz hesab edərək əvəzləşdirilən 1.983,48 manat məbləğin qaytarılmasını xahiş edir.
47. Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, bu məbləğ yalnız qanuni qüvvəsini alan məhkəmə aktına əsasən tutula bilər.
48. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya 15.860,82 manat artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub-olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona oktyabr 2021 - mart 2022-ci illərdə ödənilməli olan pensiya məbləğini tam ödəməmiş, sonradan isə həmin 1.983,48 manat pensiya ödənişini artıq ödənilmiş məbləğin əvəzləşdirilməsinə aid edərək, bu məbləği iddiaçıya ödəməkdən imtina etmişdir. Baxmayaraq ki, öz fəaliyyətində rəhbər tutmalı olduğu yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən, cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün ilk növbədə onun razılığını almalı, daha sonra bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi.
49. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı olmadığından, qanunvericiliyin tələbinə əsasən, həmin vəsaitin cavabdeh tərəfindən iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmadığından, əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasından tutulması, məhkəmənin səlahiyyətinə aid edildiyi üçün belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilməsi mümkün olduğundan cavabdehin artıq ödənilmiş pensiya məbləğini iddiaçıya ödənilmiş vəsaitlə əvəzləşdirməsinə dair hərəkəti qanunsuz olmuşdur.
50. İsinad olunanlara əsasən, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
51. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2861/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.