Məhkəmə qərarları › İş №2-1(103)-2791/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2791/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2791/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6782/2021 saylı, 09.08.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalı əsasında yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə hərbi qulluqçu kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edildikdən sonra azı 6 il hərbi xidmətini davam etdirmiş, fərdi hesabının sığorta hissəsində istifadə olunmamış pensiya kapitalı mövcuddur. Bununla bağlı 14.04.2021-ci il tarixində cavabdehə müraciət edərək, əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş emiş, lakin sonuncu 19.04.2021-ci il tarixli cavab məktubunda imtina etmişdir. İmtinanın əsaslarına görə hərbi qulluqçu kimi iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. O,pensiya kapitalı əsas götürülməklə, pensiya təminatı hüququndan istifadə etmək hüquna malik olsa da, bu zaman güzəştli pensiya almaq hüququndan istifadə edə bilməyəcək. Odur ki, o, hərbi qulluqçu kimi pensiya təminatından imtina etməklə yalnız, sığorta kapitalına görə pensiyanın yenidən hesablanması üçün yaşadığı ərazi üzrə DSMFnin aidiyyəti filialına müraciət edə bilər. Cavabdeh iddia ərizəsinə etirazında, imtina məktubunda istinad etdiyi əsaslara görə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6782/2021 saylı, 09.08.2021-ci il tarixli qərarı il ə iddia təmin edilmiş, İddiaçı pensiya təyin olunduqdan sonra onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla onun əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təmnat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na, ”Əmək pensiyaları haqqında” Qanunun 3.1, 9.6, 22.4-cü maddələrinə istinadən, aşağıdakılarla əsaslandırılmışdır. “...Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onların müvafiq qurumlar tərəfindən tərtib edilmiş “Məlumat vərəqi”indəki təminat xərcliyinə əsasən təyin edilir. Qanunun 6.3 və 37.3.1-ci maddələrində qeyd edilən sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinə aid deyil və şamil edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maşları, xidməti illərinə görə faiz əlavəsi və s., ümumilikdə təminat xərcliyini təşkil edir. Daha sonra, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5 və 29-ci maddələrinin tələblərini qeyd etdikdən sonra bildirir ki, Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: 1.Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; 2.Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. Həmin Qanunun 9-cu maddəsinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Qeyd olunanlar baxımından, həmin 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün ərazi üzrə DSMF-nin aidiyyəti rayon şöbəsinə müraciət etməlidir...” Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddiaçının işə əlavə olunmuş əmək kitabçasının (No 0678978”; 16.12.2014), habelə, pensiya uçot vərəqinə və DSMF-nin HQXXRŞİD-nin 14/3331 saylı 15.11.2014-cü il tarixli qərarına (surətlərinə) əsasən müəyyən olunur ki, iddiaçı 25.09.1987 - 04.10.2014cü illərdə hərbi xidmət keçmiş, 04.11.2014-cü il tarixində ona hərbi qulluqçu kimi 1.156,35 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmçinin, iddiaçının əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, ona əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirmiş, 16.12.2014-cü il tarixindən 07.09.2020-ci il tarixinə kimi hərbi təhsil müəssisəsində müəllim vəzifəsində çalışmış və 15.09.2020-ci il tarixindən isə hərbi qürumda avtomobil təmiri sahəsində təmirçi-çilingər işində çalışır. Cavabdehin işə əlavə olunmuş 19.04.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə müvafiq olaraq pensiyasının yenidən hesablanması barədə müraciəti cavabdehə (Filiala) 14.04.2021-ci il tarixində daxil olmuşdur. Beləliklə də, iddiaçı 04.11.2014-cü il tarixində hərbi qulluqçu kimi pensiyaya çıxdıqdan sonra, 16.12.2014-cü il tarixindən 14.04.2021-ci il tarixinə kimi hərbi xidmətini davam etdirmiş, azı 6 il xidmət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Sığortaolunan İddiaçı işə əlavə edilmiş şəxsi kabinetindən (portaldan) çıxarışa əsasən müəyyən olunur ki, onun fərdi hesabında 6 ail ərzində 42.106,75 manat pensiya kapitalı yığılmışdır. Cavabdehin, iddiaçıya ünvanlanmış 19.04.2021-ci il tarixli imtina məktubundan və iddia ərizəsinə etirazınadan, habelə, hazırkı apellyasiya şikayətinin dəlillərindən görünür ki, 2014-cü ildə hərbi qulluqçu kimi pensiyaya çıxjdıqdan sonra iddiaçının azı 6 il çalışması və fərdi hnesabında 42.106,75 manat pensiya kapitalının toplandığı mübahisələndirilmir. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi hal ondan ibarətdir ki, hərbi qulluqçu kimi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edildiyi halda, “Əmək pensiyaları haqqında” Qanunun 6.3 və 37.3.1-ci maddələrində qeyd edilən sığorta və yığım hissələri ona münasibətdə pensiyasına aid edilə ona şamil oluna bilməz. Digər tərəfdən, cavabdeh, həmin Qanunun 9-cu maddəsinə istinadən, hərbi qulluqçu olaraq iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxil olduğunu qeyd etsə də, ziddiyyətli şəkildə, həmin Qanunun 37.3.1-ci maddəsində qeyd olunanların, güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara tətbiq edilməsini mümkünsüz hesab edərək, iddiaçıya sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün onun ərazi üzrə DSMF-nin aidiyyəti rayon şöbəsinə müraciət etməli olduğunu bildirir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri əsasızdır. Belə ki, Qanunun sözügedən aydın və düzünə şəkildə ifadə olunmuş imperativ normaları onun tərəfindən nəinki düzgün təfsir olunmur, əksinə təhrif edilir. Çünki, «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin 1 iyul 2017-ci il tarixindən qüvvəyə minmiş redaksiyasına görə: - “hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” Maddənin qeyd olunan məzmunundan açıq-aydın görünür ki, hərbi xidmətdən buraxıldıqdan sonra əmək pensiyası təyin olunmuş hərbi qulluqçu hərbi xidmətini davam etdirərək azı 6 il sığorta stacı yığarsa onun əmək pensiyası, fərdi hesabında qeydə alınmış pensiya kapitalına görə yenidən hesablana bilər. Ən azından bu norma, məhz, Əmək “güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsinin tərkibində olan bir normadır. Bütün bunlar onu deməyə əsas verir ki, konkret halda, Qanunun 9.6-cü maddəsinin 3-cü cümləsi iddiaçıya münasibətdə şamil olunmalıdır, Həmin Qanunun 37.3.1-ci maddəsinin tələbindən isə görünür ki, pensiya təyin olunduqdan sonra xidmət etmiş hərbi qulluçuların fərdi hesabında yığılmış sığorta pensiya kapitalı nəzərə alınmaqla, pensiyanın yenidən hesablanmasının aşağıdakı qaydası müəyyən olunmuşdur: - “ Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.” İşin tədqiq olunan sübutlarla müəyyən edilən və tərəflər arasında mübahisələndirilməyən hallarından da məhz göründyü kimi, iddiaçı tərəfindən qanunvericiliyin tələblərindən irəli gələn faktiki şərtlər yerinə yetirilmişdir (İPM m.4.3). Yəni, o, hərbi xidmətdən buraxılıb pensiyaya çıxdıqdan sonra, azı 6 il hərbi xdmətini davam etdirmiş və həmin müddət ərzində onun fərdi hesabında 42.106,75 manat pensiya kapitalı yığılmışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən onun pensiyasının yenidən hesablanmasından imtina olunması qanunsuz olmuş, hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6782/2021 saylı, 09.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6782/2021 saylı, 09.08.2021-ci il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar