Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2791/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «qərarın ləğv edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-442/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********8 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.1955-ci ildə doğulmuşdur. Uzun müddət müxtəlif işlərdə işləmiş və DSMF-nin Binəqədi rayon Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi 2ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Həmin dövrdə şəxsin əmək pensiyası məbləği 798,93 manat təşkil etmişdir. Sonradan, dövlət qulluqçularının əmək haqqlarındakı artımlar nəzərə alınmaqla 1.645,60 manat olmuşdur. Daha sonra şəxsə təyin olunmuş əlillik müddəti bitdiyindən ona verilən pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Onun təkrar müayinədən keçməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlilliyin müəyyən edildiyindən onun əmək pensiyası 2022-ci ilin iyun ayında avtomatik olaraq bərpa olunmuş və 2022-ci ilin aprel, may və iyul ayları üzrə ödənilməli olan pensiya məbləği ödənilmiş, lakin cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırılmalar nəticəsində iddiaçıya əmək pensiyası təyin olunan zaman onun pensiya məbləğinin düzgün şəkildə hesablanmadığı səbəbindən pensiya azaldılmışdır. xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, təyin edilmiş pensiyanın azaldığı tarixdən əvvəlki vəziyyətinə bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubla ona aşağıdakılar bildirmişdir: «…Fondun Binəqədi rayon şöbəsi tərəfindən 12 mart 2013-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə ona görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ona xx.xx.2013- xx.xx.2013 dövründə 3150,81 manat, xx.xx.2013-xx.xx.2018 dövründə 29.637,63 manat, xx.xx.2018xx.xx.2019 dövründə 11.316,60 manat, xx.xx.2019-xx.xx.2021 dövründə 16.785,80 manat artıq pul vəsaiti ödənilib. Əlillik müddətinin bitməsi ilə əlaqədar İddiaçı pensiya ödənişi 1 may 2021-ci il tarixindən dayandırılıb. Qeyd olunanlara əsasən xx.xx.2013-xx.xx.2021-ci illərdə ümumilikdə 60890,84 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, təkrar müayinədən keçməsi ilə əlaqədar 10 mart 2022-ci il tarixindən İİİ dərəcəli əlilliyi müəyyən edildiyindən əmək pensiyası cari ilin iyun ayında avtomatik bərpa olunaraq ona 2022-ci ilin iyun və iyul ayları ərzində (aprel və may ayları üzrə ödənilməli olan pensiya məbləğləri daxil olmaqla) ümumilikdə 3225,24 manat pul vəsaiti ödənilməli olduğu halda, 6582,40 manat ödənilib. Nəticədə adıçəkilən şəxsə həmin dövr üzrə ümumilikdə 3357,16 manat artıq pul vəsaiti ödənilib. Həmçinin, cari ilin mart ayı (22 gün üçün) üzrə ödənilməli olan 572,22 manat pensiya məbləği hesablanıb. Həmin 572,22 manat pul vəsaiti ona artıq ödənilmiş 64.248,00 (60.890,84+3357,16) manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan 63.675,78 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir…» Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya etirazda iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd olunanları təkrarlayaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-442/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...birinci instansiya məhkəməsinin qərarı əsassızdır. İddiaçı əmək pensiyası tərəfimizdən yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 806,31 manat məbləğində müəyyən edilib və ona ümumilikdə 60890,84 manat artıq pensiya məbləğinin ödənildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar İddiaçı artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 60890,84 manatdan 20069,06 manata (xx.xx.2019-xx.xx.2023-ci il tarixləri arasındakı dövr üzrə) azaldılıb…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Əlvəndov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının tələbindən göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin xx.xx.2022-ci il tarixli **********8 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsini tələb etmişdir. Birinci instansya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixli qərarı qəbul edərkən qanunvericiliyin tələblərinə uyğun hərəkət etməmişdir, bu səbəbdən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı: - xx.xx.1977-ci il tarixdə Azərbaycan SSR MN-nin xx.xx.1977-ci il tarixli 385 nömrəli vəsiqəsinə sərəncama göndərilmiş, ali təhsilli müəllim Sərçuvar kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.1984-cü il tarixdə ərizəsinə əsasən başqa işə keçməsi ilə əlaqədar xx.xx.1984-cü il tarixdən rayon müəllimliyindən azad edilmiş, xx.xx.1984-cü il tarixdə Azərbaycan SSR “Azərtəchizkom”da aparatın nəqliyyat şöbəsinə mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı il tarixdə aparatın Texniki İdarəetmə şöbəsinə rəhbər vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixdə vəzifədən azad edilmiş, xx.xx.1992-ci ildə X3 sərnişin şöbəsinə inspektor təyin edilmiş, xx.xx.1993-cü il tarixdə X1 postuna böyük inspektor vəzifəsinə köçürülmüş, xx.xx.1993-cü il tarixdə Biləsuvar Gömrükxanasına köçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1993-cü il tarixdə Biləsuvar Gömrükxanasının sərnişin şöbəsinin baş inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə Biləsuvar Gömrükxanasının sərnişin şöbəsinin baş inspektoru vəzifəsindən azad edilərək Astara Gömrükxanasının sərnişin şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Gömrük orqanlarında xidmət haqqında Əsanamənin 120-ci maddəsinə əsasən (4-cü bənd) tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda iş materiallarına əsasən müəyyən olunur ki: -iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000- 180/1xx-xx/011705 nömrəli məktubana əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək gömrük orqanlarında xüsusi rütbəli vəzifələrdə xidmət etmiş; -31 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tıərəfindən verilmiş 021117 nömrəli TSEK-də müayinə aktından çıxarışına əsasən xx.xx.2013-cü ildə müayinə olunmuş ona ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci qrup əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2014-cü il müəyyən edilmiş; - Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2013-cü il tarixli, 664 nömrəli qərarı ilə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi dövlət qulluqçusu kimi İİİ qrup əlilliyə görə 582,40 manat məbləğində pensiya təyin edilmiş; - lakin cavabdeh iddiaçının etimad göstərdiyi xx.xx.2013-cü il tarixdə təyin edilmiş 1645,60 manat məbləğində əmək pensiyasını “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarı ilə yenidən hesablanaraq 26,39 faiz müəyyən edilməklə 806,31 manata qədər azaltmışdır. Göründüyü kimi, öz-özlüyündə iddiaçının razılığı, həm də məhkəmənin qərarı olmadan onun əmək pensiyasından dolayısı ilə tutulma prosesi başlanılmışdır. Halbuki, cavabdehin özünün də istinadetdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin imperativ tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mübahisələndirilən qərara nəzər saldıqda isə iddiaçıya təyin edilmiş pensiya məbləğinin hansı əsasla azaldılması göstərilməmiş, yəni qərar əsaslandırıldığı müəyyən olunmur. Belə çıxır ki, cavabdeh orqan çox rahat şəkildə «Əmək pensiyaları haqqında Qanunun 39cu maddəsinin tələblərindən yan keçərək, iddiaçının əmək pesiyasının yenidən hesablanması haqqında qərar qəbul etməklə, məsələni öz istəyinə uyğun həll etmişdir. İş materiallarına,o cümlədən, iddiaçının izahatına əsasən onun pensiyasının azaldılmasına səbəb olan hal ondan ibarətdir ki, ona ilk dəfə 2013-cü ildə dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilərkən onun həm Azərbaycan Respublikasının Dövlət Maddi-Texniki Təchizat Komitəsində, həm də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işlədiyi müddət dövlət qulluğu stajı kimi qəbul edilsə də, sonradan aparılmış araşdırma nəticəsində iddiaçının yalnız Azərbaycan Respublikasının Dövlət Maddi-Texniki Təchizat Komitəsində işlədiyi 7 il 11 ay 28 gün xidmət müddətinin dövlət qulluğu stajına daxil edilməli olduğu müəyyən edilmiş və iddiaçıya təyin edilmiş əmək pensiyası həmin staj nəzərə alınmaqla yenidən hesablanmışdır. Başqa sözlə, azaldılmanın əsil səbəbi iddiaçının xx.xx.1992- xx.xx.2002-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işlədiyi 10 il 1 ay 12 gün iş dövrünün dövlət qulluğunun xüsusi növü olması səbəbi ilə onun dövlət qulluğu stajına daxil etməməsi olmuşdur.Məhkəmə kollegiyası hesabedir ki,cavabdehin həmin əsasla iddiaçının pensiyasının azaldılmasına gətirib çıxaran qərarı tamamilə qanunsuz və professionallıqdan uzaqdır. Belə ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VİQD nömrəli Qanununu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş və Qanuna aşağıdakı məzmunda 22.7-1-ci və 22.7-2-ci maddələr əlavə edilmişdir: « …22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir…” Göründüyü cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilənə qədər qanunvericiliyə xx.xx.2021-ci il tarixdə edilmiş dəyişiklikdən sonra dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin şəxsin dövlət qulluğu stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə, sözügedən dəyişikliyi qədər belə gömrük, fövqaladə və s. orqanlarda xidmət, dövlət qulğunun xüsüsi növü kimi də qəbul olunurdu. Lakin işin hallarından göründüyü kimi,cavabdeh tərəfindən iddiaçının dövlət qulluğunun xüsusi növündə işlədiyi müddəti çıxmaqla, yalnız dövlət qulluğu stajına əsasən ona təyin edilmiş əmək pensiyasını yenidən hesablayarkən yuxarıda göstərilən norma qüvvədə olmuş, buna baxmayaraq cavabdeh həmin müddəti qulluq stajı kimi nəzərə almamışdır. Halbuki, işə əlavə olunmuş işdə olan X4 xx.xx.2024- cü il tarixli, 9-3/2-288/2024 nömrəli məktubunda aşağıdaklır bildirilmişdir: «… “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Adıçəkilən Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Qeyd edilənlərə əsasən 1992-2002-cı illərdə gömrük orqanlarında müxtəlif vəzifələrdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır…» Beləliklə də, cavabdeh tərəfindən 1992- 2002-ci illərdə Dövlət Gömrük Komitəsində işlədiyi müddətin 2022-ci ildə iddiaçının dövlət qulluğu stajına aid olmaması adı altında təyin edilmiş pensiya məbləğinin azaldılması, maddi hüquq normalarına zidd, yəni qanunsuz olduğu sübuta yetirilir. Bundan əlavə, mübahisələndirilən qərar qəbulolunarkən cavabdeh trəfindən inzibati icraat haqqında hüquq normaları da pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun aşağıda qeyd olunan maddələrinə əsasən: 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İşin müəyyən olunan hallarından göründüyü kimi, cavabdeh iddiaçıya ilk dəfə pensiya təyin edilərkən onun dövlət qulluğu stajının düzgün müəyyən edilməməsi qənaətinə gəlsə də, həmin aktın qəbul edildiyi tarixdən 1 ildən artıq vaxt keçdiyini nəzərə almamış, iddiaçıya təyin edilmiş pensiya məbləğinin azaldılması barədə qərar qəbul edərkən onu inzibati icraata cəlb etməmiş, dinlənilmək hüququnu təmin etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisələndirilən qərarın inzibati icraat haqqında və maddi hüquq normalarının pozulmasıilə qəbul olunjduğu sübuta yetirilir. Belə olan halda, İnzibati icraat haqqında Qanunun sözügedən 67.1-ci maddəsinin tələbi baxımından, həmin qərar qanunsuzdur ki, belə olan halda da həmin Qanunun 67.3cü maddəsinin tələbinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunaraq mübahisələndirilən qərarın ləğv edilməsi işin hallarına və maddi hüquq normalrına uyğun nəticədir. İPM-in 70.1-ci maddəsi də məhz nəzərədə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Ona görə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-442/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-442/2024 saylı xx.xx.2024-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2791/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2791/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver