Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2792/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1939/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə yenidən hesablanması və pensiya hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1963-cü ildə anadan olmuşdur. 1989-cu ildə “Ç.İldırım” adına Azərbaycan Texniki İnstitutunun radiotexnik ixtisasını bitirmişdir. İddiaçı təhsil alana qədər, təhsil aldığı dövrdə və təhsil aldıqdan sonra uzun müddət ərzində işləmişdir. O, xx.xx.1980-ci ildə “Azbaşenerjinin” “Azərenerjisazlama” müəssisəsinin elektrik avadanlığının təmiri sexinə fəhlə peşəsinə qəbul edilib, xx.xx.1981ci ildə həmin müəssisədə elektrik çilingəri peşəsinə keçirilmiş və xx.xx.1982-ci ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə (həqiqi hərbi xidmətə çağırışla əlaqədar) əsasən işdən azad edilmişdir (1 il 5 ay iş stajı). xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər hərbi xidmətdə olmuşdur (2 il iş stajı). xx.xx.1984-cü ildə “Azbaşenerjinin” “Azərenerjisazlama” müəssisəsinin elektrik avadanlığının təmiri sexinə 1-3 qabaritli transformator avadanlığının təmiri üzrə elektrik çilingəri peşəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə həmin sahədə 6-cı dərəcəli elektrik çilingəri dərəcəsi verilmiş, xx.xx.1990-cı ildə həmin sahədə İİ qrup usta vəzifəsinə keçirilmiş və xx.xx.1995-ci ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir (10 il 9 ay iş stajı). xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə qədər iş yerindən ezam edilməklə Azərbaycan Respublikasının Milli Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur (3 il iş stajı). xx.xx.1996- cı ildə "xxxx" müəssisəsinin Elektrotexniki avadanlığın təmiri sexinə transformator avadanlığının təmiri üzrə İ qrup usta vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2002-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir (6 il 1 ay iş stajı). xx.xx.2002-ci ildə "xxxx" MMC-nin Elektrik avadanlığının təmiri və saxlanması sexinin transformatorların təmiri sahəsinə usta vəzifəsinə qəbul edilmiş və xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir (1 il 5 ay iş stajı). xx.xx.2006-cı ildə "xxxx" ASC-nin "xxxx" MMC-nin Energetik avadanlıqların quraşdırılması və təmiri İdarəsinin Transformatorların təmiri sexinə mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2009-cu ildə Kürdəmir sahəsinə 11-ci dərəcəli sahə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci ildə Sumqayıt Transformatorların təmiri sahəsinə 11-ci dərəcəli sahə rəisinin müavini vəzifəsinə keçirilmiş və xx.xx.2013-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir (6 il 7 ay iş stajı). İddiaçı fəaliyyət göstərdiyi müəssisədən xx.xx.2023-cü il tarixli arayışı əldə etdikdən sonra digər sənədləri ilə birlikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. İddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus olan hərbi biletdə və əmək kitabçasında olan qeydlərə əsasən iddiaçının ümumi iş stajı 25 ildən çox təşkil edir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşələr də nəzərdə tutulmuşdur. Siyahının “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlı Xİİİ fəslinin (kod ********) 2140000a-18455 saylı şifrəsinə əsasən bütün adlardan olan elektrik çilingərlərin və 2140000b-23362 saylı şifrəsinə əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustaların əmək şəraiti zərərli və ağır olan işlər kateqoriyasına aiddir. İddia ərizəsinə əlavə edilmiş əmək kitabçasının surətindən və "xxxx" ASC-nin verdiyi işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, iddiaçının yuxarıda qeyd edilən kateqoriyalara daxil olan peşələrdə iş stajı 12 il 6 aydan çoxdur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1939/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia tələbi təmin edilmiş və İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 01 oktyabr 2023-cü il tarixli 01-VƏ/187 nömrəli arayışda İddiaçı xx.xx.1990-xx.xx.1995-ci il arasındakı dövr ərzində “Azbaşenerji”nin “Azərenerjisazlama” müəssisəsində elektrik avadanlığının təmiri sexində, xx.xx.1996-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində elektrotexniki avadanlığın təmiri sexində transformator avadanlığının təmiri üzrə usta, xx.xx.2002xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində isə elektrik avadanlığının təmiri və sazlanması sexinin transformator avadanlığının təmiri sahəsində usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sexlərin fəaliyyət sahəsi sözügedən arayışda, həmçinin yuxarıda qeyd olunan qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinə aid deyil. Göstərilən səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 7 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçıya dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 01- VƏ/187 nömrəli arayışında İddiaçı xx.xx.1980-ci il tarixdə “Azbaşenerji”nin “Enerjisazlama” müəssisəsinin Elektrik avadanlığının təmiri sexinə “fəhlə” peşəsinə qəbul edildiyi, xx.xx.1981-ci il tarixdə həmin müəssisədə “elektrik çilingəri” peşəsinə keçirildiyi, xx.xx.1982-ci il tarixdə hərbi xidmətə çağırışla əlaqədar işdən azad edildiyi, xx.xx.1984-cü il tarixdə “Azbaşenerji”nin “Enerjisazlama” müəssisəsinin Elektrik avadanlığının təmiri sexinə 1-3 qabaritli Transformator Avadanlığının təmiri üzrə “elektrik çilingəri” peşəsinə işə qəbul edildiyi, xx.xx.1988-ci il tarixdə həmin sahədə ona 6-cı dərəcəli elektrik çilingəri dərəcəsi verildiyi, xx.xx.1990-cı il tarixdə həmin sahədə İİ qrup usta vəzifəsinə keçirildiyi və xx.xx.1995-ci il tarixdə işdən azad edildiyi qeyd edilmişdir. Eyni zamanda, həmin arayışda İddiaçı xx.xx.1996-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" müəssisəsinin Elektrotexniki Avadanlığın təmiri sexinə Transformator avadanlığının təmiri üzrə İ qrup usta vəzifəsində işlədiyi, xx.xx.2002- xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Elektrik Avadanlığının təmiri və Sazlanması sexinin Transformatorların təmiri sahəsində “usta” vəzifəsində, xx.xx.2006-cı il tarixdə "xxxx" ASC-nin "xxxx" MMC-nin X1 və Təmiri İdarəsinin Transformatorların Təmiri sexinə “mühəndis” vəzifəsinə işə qəbul edildiyi, xx.xx.2009-cu ildə Kürdəmir sahəsinə 11-ci dərəcəli “sahə rəisi” vəzifəsinə keçirildiyi, xx.xx.2012-ci il tarixdə Sumqayıt Transformatorların Təmiri sahəsinə 11-ci dərəcəli sahə rəisinin müavini vəzifəsinə keçirildiyi və xx.xx.2013-cü il tarixdə öz xahişi ilə işdən azad edildiyi qeyd edilmişdir. Göründüyü kimi güzəştli arayışda qeyd edilən iddiaçının işlədiyi vəzifələrdən yalnız xx.xx.1981-ci il tarixdən-xx.xx.1982-ci il tarixə kimi və xx.xx.1984-cü il tarixdənxx.xx.1990-cı il tarixədək “elektrik çilingəri” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” İİ nömrəli Siyahının Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı (Xİİİ) bəndinin (********) fəhlələr yarımbəndində (a) 21400000a-18455 kodu üzrə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsi qeyd edilmişdir. Bütün qeyd olunanlara və qanunvericilik aktlarının tələblərinə baxmayaraq, Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(112)-1939/2024 nömrəli qərarı ilə iddiaçıya məxsus güzəştli arayışda qeyd edilən iddaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi dövrü bütövlükdə güzəştli hesab edərək xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan çox, 17 il 3 ay 22 gün təşkil etdiyi qənaətinə gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci ildə və xx.xx.2023-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh sonuncu dəfə iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 3-17-1/2-A-152350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24), rəhbərlər və mütəxəssislər bəndində (b) qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 1 may 2023-cü il tarixli 01-VƏ/187 nömrəli arayışında xx.xx.1990-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “Azbaşenerji”nin “Azərenerjisazlama” müəssisəsində elektrik avadanlığının təmiri sexində, xx.xx.1996- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində elektrotexniki avadanlığın təmiri sexində transformator avadanlığının təmiri üzrə usta, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində isə elektrik avadanlığının təmiri və sazlanması sexinin transformator avadanlığının təmiri sahəsində usta vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi sexlərin fəaliyyət sahəsi yuxarıda qeyd olunan qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinə aid deyil. Göstərilən səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 11 ay 7 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Daha sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 68-ci maddəsinə görə pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə. Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan : -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1963-cü ildə doğulmuş, 57 yaşı xx.xx.2020-ci ildə tamam olmuşdur. -xx.xx.1989-cu il tarixli, 086854 nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1993-xx.xx.1994-cü illərdə Xocavənd istiqamətində erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 187 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək SSRİ SQ-da əsgər, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası SQ-da zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Zabitin xidmət etdiyi hərbi hissələr cəbhə bölgəsi sayılır. AR MN-nin xx.xx.1996-cı il tarixli 0290 saylı əmrinə əsasən “HXH” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin “f” bəndinə (ailə vəziyyətinə görə) və N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 96 nömrəli əmrinə müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -İddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, ИТ-İ №0360806 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı: xx.xx.1980-ci il tarixdə “Azərenerjisazlama” müəssisəsinə elektrik avadanlıqlarının təmiri sexinə fəhlə vəzifəsinə qəbul edilmiş; xx.xx.1981-ci il tarixdə həmin sexdə birinci dərəcəli elektrik çilingəri vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci il tarixdə Sovet Ordusunda xidmətə çağırışla bağlı tutduğu vəzifədən azad edilmişdir; xx.xx.1982-xx.xx.1984-cü illərdə Sovet ordusunda xidmət etmişdir; 15 iyun 1984-cü il tarixdə “Azərenerjisazlama” müəssisəsinə elektrik avadanlıqlarının təmiri sexinə 1-3 qabaritli transformatorların təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmiş; xx.xx.1985-ci il tarixdə həmin sexdə və sahədə transformatorların təmiri üzrə dördüncü dərəcəli elektrik çilingəri dərəcəsi verilmiş; xx.xx.1986-cı il tarixdə həmin sexdə xaric işlərin təmiri üzrə sahəyə həmin vəzifəyə keçirilmiş; xx.xx.1987-ci il tarixdə istehsalın təşkilinin təkmilləşdirilməsi və yeni tarif dərəcəsinin və peşlərin tətbiqi ilə bağlı elektrik enerjisi avadanlıqlarının təmiri üzrə sexin transformatorların təmiri üzrə sahəyə bölüşdürücü qurğuların avadanlıqların təmiri üzrə 4 dərəcəli elektrik çilingəri müəyyən edilmişdir; xx.xx.1988-ci il tarixdə həmin sexdə bölüşdürücü qurğuların avadanlıqlarının təmiri üzrə altıncı dərəcəli elektrik çilingəri vəzifəsinə keçirilmiş; xx.xx.1989-cu il tarixdə "xxxx" Müəssisəsinin xx.xx.1988-ci il tarixli 563 saylı əmrinə əsasən “Azərenerjisazlama” müəssisəsinin yenidən qurulması ilə bağlı adı dəyişdirilərək "xxxx" İstehsalat Birliyinin "xxxx" təmir-sazlama müəssisəsi adlandırılmışdır; İddiaçı xx.xx.1990-cı il tarixdə elektrik texniki avadanlıqlarının təmiri üzrə sexə transformatorların təmiri üzrə sahəyə İİ qrup usta vəzifəsinə keçirilmiş; - xx.xx.1992-ci il tarixdə həmin sahəyə İ qrup usta keçirilmiş, xx.xx.1995-ci il tarixdə Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinə əsasən (hərbi xidmətə çağırış ilə bağlı) işdən azad edilmişdir; xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Milli Ordu sıralarında xidmət etmiş; xx.xx.1996-cı il tarixdə "xxxx" Müəssisəsinə transformatorların təmiri üzrə sahədə elektriktexniki avadanlığın təmiri üzrə sexə İ qrup usta vəzifəsinə qəbul edilmiş; xx.xx.1999-cu il tarixdə "xxxx" № 91 SC-nin xx.xx.1999-cu il tarixli əmrinə əsasən "xxxx" müəssisəsinə S.İ.Lətifov adı verilmişdir; xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir; 16 may 2002-ci il tarixdə "xxxx" ASC-nin "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının təmiri və Sazlanması sexinin Transformatorların təmiri sahəsinə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3- cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.2003-cü ildə "xxxx" MMC-yə “Elektrik Avadanlıqlarının Təmiri” müəssisəsinin 10-cu dərəcəli ustası vəzifəsinə təyin edilmiş; xx.xx.2004-cü ildə 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş; xx.xx.2006-cı ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçının hərbi xidmət və döyüş əməliyyatlarında iştirak dövrü və əmək kitabçasındakı qeydləri nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2006-cı il tarixə 25 il 7 ay 16 gün ümumi iş stajı olmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, iş materiallarında olan "xxxx" ASC-nin işin xarakteri haqqında xx.xx.2023-cü il tarixli, 01- VƏ/187 nömrəli güzəştli arxiv arayışından görünür ki, İddiaçı çalışdığı peşədə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən çilingərlərin işi və “b” mütəxəssislər bəndinə əsasən usta vəzifəsi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000а-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına və 2140000b —23362 saylı şifrəsinə əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustaların kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 19 il, 07 ay, 21 gün təşkil edir. “Azbaşenerji"nin xx.xx.1988-ci il tarixli 563 №-li əmrinə əsasən "Azenerjisazlama" müəssisəsi "Azenerjitəmirsazlama” müəssisəsinə çevrildi. Azərbaycan Respublikasının Prezidentinin 423№-li, xx.xx.1996-cı il tarixli Fərmanına əsasən "xxxx" Açıq Səhimdar Cəmiyyəti adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.1999-cu il tarixli 91 №-li əmrinə əsasən “Azərenerjitəmirsazlama müəssisəsi" S.İ.Lətifov adına “Azərenerjitəmirsazlama müəssisəsi" adlandırılıb. “Azərenerji" ASC-nin xx.xx.2002-ci il tarixli 13 №-li əmrinə əsasən S.İ.Lətifov adına "Azərenerjitəmirsazlama müəssisəsi" ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC “Azərenerjixüsusitəmirsazlama" MMC adlandırılmışdır. "xxxx" ASCnin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. Həmçinin, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı “Azenerjisazlama” müəssisəsinin Elektrik Avadanlığının təmiri sexində işlədiyi elektrik çilingəri peşəsi və usta vəzifəsi zərərli vəzifələr hesab edilir. Həmin vəzifələrdə işləməyini Arxiv- bölməsinin araşdırılması nəticəsində müəyyən edilən Kadrlar şöbəsinin T-2 Şəxsi vərəqəsində qeyd edilmişdir. Əmək funksiyasının xarakterinə görə həmin sahələrin elektrik çilingərləri və ustaları Elektrik və X2 istehsal olunan elektrik enerjisinin ötürülməsini nizamlayan və gərginliyini tənzimləyən avadalıqlarının (yanacaq ötürmə avadanlığı) təmirini və sazlanmasını təmin edirlər. Yuxarıda göstərilən illərdə həmin vəzifələrdə zərərli işdə işləmiş X4 işlədiyinə görə əmək məzuniyyətinə əlavə gün və əmək haqqına 8% əlavə almışdır. Göstərilən peşədə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a" fəhlələr bəndinə əsasən çilingərlərin işi və "b" mütəxəssislər bəndinə əsasən usta vəzifəsi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının 2 №-li əlavəsinin "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısının. Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına və 2140000b —23362 saylı şifrəsinə əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustaların kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 21400000, Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı - 2140000a—18455 - qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri və 2140000b—23362 - b) rəhbərlər və mütəxəssislər - avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama)” vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.2003-cü il tarixədək yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışı ilə təsdiq edilir. Həmin arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan çox, 17 il 3 ay 22 gün güzəştli iş stajı mövcuddur. Bundan əlavə, işin apellyasiya qaydasında baxılması zamanı məhkəmə kollegiyası tərəfindən "xxxx" ASC-yə sorğusuna cavab olaraq sonuncu tərəfindən verilmiş işin xüsusiyyətləri haqqında xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “İddiaçı işlədiyi peşələr güc təsərrüfatına aid olan sahələrdir. Güc təsərrüfati dedikdə, yülsək gərginlikli elektrik xəttlərinin istismarı, xidməti və təmiri işlərinin məcmusu başa düşülür. Güc təsərrüfatları elektrik stansiyalarında hasil edilmiş elektrik enerjisinin yüksək gərginlikli elektrik ötürücü xətlərinə ötürülməsini həyata keçirir. Həmin proses təhlükəli olduğu üçün elektrik enerjisini istənilən ötürücü xəttə ötürə bilmək, bir xəttdən ayırıb digər xəttə birləşdirmək üçün xüsusi qurğularda istifadə edilir ki, onlara ümumilikdə paylayıcı qurğular adı verilmişdir. Elektrik stansiyalarında istehsal olunan enerji paylanması və bölüşdürülməsini müxtəlif gərginlikləri nizamlayan güc transformatorları vasitəsi ilə yerinə yetirilir. Həmin qurğulara xüsusi ixtisaslaşmış müəssisələr tərəfindən xidmət göstərilir ki, iddiaçının vaxtilə işlədiyi “Azərenerjisazlama” müəssisəsi və "xxxx" MMC də bu qəbildəndir. İddiaçı həmin müəssisənin paylayıcı qurğuların təmiri üzrə elektrik çilingəri vəzifəsində işləmişdir. Sexin adından da göründüyü kimi, elektrik xəttlərini birləşdiribayırmaq üçün paylayıcı qurğular adlanan bir qrup qurğulardan istifadə edilir. Həmin qurğuların yerləşdiyi ərazidə yüksək intensivlikli maqnit sahəsi mövcud olur ki, bu da hətta işçinin sadəcə ərazidə olması səbəbilə bütün orqanizmə güclü mənfi təsir göstərir. Həmin sahədə çalışan elektrik çilingərləri nominal gərginlik- 300 və 500 kV-lüq altında olan paylayıcı qurğular sıradan çıxdıqda təmir etməyə burcludurlar, çünki elektrik stansiyaların işinin davamlılığı elektrik enerjisinin istehsalının əsasını təşkil edir, yəni elektrik enerjisinin istehsalını saxlamaq mümkün deyil. Bu vəzifələrdə işləyən mütəxəssislər üçün zərərli əmək şəraiti aşağıdakılardır, lakin qeyd edilən zərərli təsirlər bunlarla məhdudlaşmır: Yüksək gərginliklə bağlı həyat üçün birbaşa təhlükə, açıq hava şəraitində atmosfer şəraitinin- yüksək və ya aşağı temperaturun olması, hava nəmliyinin birbaşa təsiri, yüksək gərginlikli avadanlığın ətrafında daimi mövcud olan yüksək intensivlikli maqnit sahəsinin orqanizmə mənfi təsiri, işlərin yerinə yetirildiyi sahədə işıqlanmanm kifayət dərəcədə olmaması və s. Göstərilən peşədə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət iizrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən çilingərlərin işi və “b” mütəxəssislər bəndinə əsasən usta vəzifəsi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatf’nm 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına və 2140000b —23362 saylı şifrəsinə əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustaların kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 19 il, 07 ay, 21 gün təşkil edir”. Həmçinin, məhkəmə kollegiyasının iclasında iddiaçının verdiyi məlumatlar əsasında onunla eyni vaxtda işləyən və pensiya alan şəxslərin (M.M.Əhmədov, R.M.Omarov və R.F.Sədullayev) pensiya işləri tələb olunmuş və cavabdeh inzibati orqan tərəfindən göndərilmiş həmin şəxslərin pensiya işlərindən görünür ki, iddiaçı ilə eyni müəssisədə, eyni vaxtda və eyni vəzifədə işləyən qeyd olunan şəxslərə cavabdeh inzibati orqan tərəfindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuşdur. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 2006-ci ilədək 25 ildən artıq ümumi və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcuddur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, birincisi, işəgötürən iddiaçının usta vəzifəsində işlədiyi dövrü güzəştli staja daxil edərkən 2 nömrəli siyahının 2140000b—23362 koduna (avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama) aid etmiş, cavabdeh isə iddiaçının işlədiyi vəzifənin 2140000b—23398 kodda göstərilən qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifəsinə uyğun gəlmədiyini bildirmişdir. İkinci olaraq isə işəgötürənən arayışından görünür ki, iddiaçı həmin dövrdə Elektrotexniki Avadanlığın təmiri və Transformator Avadanlığının təmiri sexlərində usta vəzifəsində işləmiş, Elektrik və X2 istehsal olunan elektrik enerjisinin ötürülməsini nizamlayan və gərginliyini tənzimləyən avadalıqlarının (yanacaq ötürmə avadanlığı) təmirini və sazlanmasını təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin vəzifənin siyahıda nəzərdə tutulan sahəyə uyğun olmadığını göstərsə də, bu uyğunsuzluğun nədən ibarət olmasını bildirməmiş, hər hansı bir əsaslandırma olmadan iddiaçıya imtina cavabı vermişdir. Lakin, formalaşmış məhkəmə təcrübəsinə görə şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi isə işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, arayış ilə müəyyən edilir. Kollegiya işəgötürən müəssisənin fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğunu nəzərə alaraq, onun tərəfindən verilən arayışı mötəbər sənəd kimi qəbul edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (iddiaçı cavabdehə ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1939/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2792/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2792/2024
15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver