Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2794/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş əlavə dəyər vergisinin və gömrük rüsumunun geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2557/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı məhkəməyə müraciət edərək, gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən artıq ödənilmiş 42,826.64 manat ƏDV məbləğinin geri qaytarılması barədə rəyin tərtib edilməsi və 23,099.79 manat gömrük rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsi və rəyin tərtib edilməsi öhdəliyinin cavabdeh gömrük orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı (VÖEN **********) tərəfindən Çin Xalq Respublikasından ümumilikdə 20450 ədəd SCHUAR ticarət nişanlı projektor və hissələri idxal edilmiş və həmin malların invoys dəyəri 60,275.98 ABŞ dolları (102,469.17 AZN) olmuşdur. Lakin həmin malların idxalı zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********6685 sorğu nömrəli gömrük bəyannaməsində malların gömrük dəyəri və ona uyğun hesablanmış rüsum və vergilər aşağıdakı kimi əks olunmuşdur: Gömrük dəyəri: 220,500.20 manat. Gömrük rüsumu: 220,500.20 * 15% = 33,075.03 manat. ƏDV: (220,500.20 + 33,075.03) * 18% = 45,643.54 manat. Halbuki, rüsum və vergilər invoys dəyəri nəzərə alınmaqla aşağıdakı kimi hesablanmalı idi: İnvoys dəyəri: 102,469.17 manat. Gömrük rüsumu: 102,469.17 * 15% = 15,370.37 manat. ƏDV: (102,469.17 + 15,370.37) * 18% = 21,211.12 manat. Göründüyü kimi, gömrük orqanı idxal olunmuş mallara görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********6685 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük rüsumunu 17,704.66 manat, ƏDV-ni isə 24,432.42 manat artıq hesablamış və həmin vəsait ödəyici tərəfindən səhv hesablama nəticəsində artıq ödənilmişdir. Bundan başqa, ödəyici tərəfindən Çin Xalq Respublikasından ümumilikdə 100445 ədəd SCHUAR ticarət nişanlı projektor və hissələri, 92500 ədəd SCHUAR ticarət nişanlı işıq saçan diod lampaları və 12000 ədəd SCHUAR ticarət nişanlı projektorların hissələri idxal edilmiş və həmin malların invoys dəyəri ümumilikdə 38,523.81 ABŞ dolları (65,490.48 AZN) olmuşdur. Lakin həmin malların idxal zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********7527 sorğu nömrəli gömrük bəyannaməsində malların gömrük dəyəri və ona uyğun hesablanmış rüsum və vergilər aşağıdakı kimi əks olunmuşdur: Projektorlar və hissələri: Gömrük dəyəri: 34,596.70 manat. Gömrük rüsumu: 34,596.70 * 15% = 5,189.50 manat. ƏDV: (34,596.70 + 5,189.50) * 18% = 7,161.52 manat. LED lampaları və projektor hissələri: Gömrük dəyəri: 127,688.7 manat. Gömrük rüsumu: 127,688.7 * 5% = 6,384.44 manat. ƏDV: (127,688.7 + 6,384.44) * 18% = 24,133.17 manat. Halbuki, rüsum və vergilər invoys dəyəri nəzərə alınmaqla aşağıdakı kimi hesablanmalı idi: Projektorlar və hissələri: İnvosy dəyəri: 29,042.85 manat. Gömrük rüsumu: 29,042.85 * 15% = 4,356.43 manat. ƏDV: (29,042.85 + 4,356.43) * 18% = 6,011.87 manat. LED lampaları və projektor hissələri: İnvoys dəyəri: 36,447.63 manat. Gömrük rüsumu: 36,447.63 * 5% = 1,822.38 manat. ƏDV: (36,447.63 + 1,822.38) * 18% = 6,888.60 manat. Göründüyü kimi, gömrük orqanı idxal olunmuş mallara görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********7527 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük rüsumunu 5,395.13 manat, ƏDVni isə 18,394.22 manat artıq hesablamış və həmin vəsait ödəyici tərəfindən səhv hesablama nəticəsində artıq ödənilmişdir. Bir sözlə, xx.xx.2023-cü il tarixli **********6685 sorğu nömrəli və xx.xx.2023-cü il tarixli **********7527 sorğu nömrəli gömrük bəyannamələri üzrə 17,704.66 manat gömrük rüsumunu, 24,432.42 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********7527 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5,395.13 manat gömrük rüsumu, 18,394.22 manat ƏDV, ümumilikdə 23,099.79 manat gömrük rüsumu, 42,826.64 manat ƏDV səhv hesablama nəticəsində ödəyici tərəfindən artıq ödənilmişdir. Qeyd olunan artıq ödəmələrin geri qaytarılması və müvafiq rəyin verilməsi məqsədilə xx.xx.2023-cü il tarixli ərizələr ilə cavabdeh gömrük orqanına müraciət etsək də, müraciətlərimizə bu günədək hər hansı cavab verilməmişdir. Hesab edir ki, gömrük orqanı tərəfindən səhv hesablanmış və iddiaçı tərəfindən artıq ödənilmiş 42,826.64 manat ƏDV məbləğinin geri qaytarılması barədə rəyin tərtib edilməsi və 23,099.79 manat gömrük rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsi və rəyin tərtib edilməsi öhdəliyi cavabdeh vergi orqanının üzərinə qoyulmalıdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır. Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir. İddiaçının təqdim etdiyi məlumatlar əsasında aparılan təhlillər nəticəsində aşkar olunan risklərin minimallaşdırılması üçün **********6685 və **********7527 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan malların gömrük dəyərinə düzəliş edilməsinə dair GDD********** və GDD********** saylı Bildirişlər iddiaçıya göndərilmiş və bəyannamələr müvafiq düzəlişlərin aparılması üçün bəyannaməçiyə geri qaytarılmışdır. 31 iyul 2023-cü il tarixdə iddiaçı ondan tələb olunan düzəlişləri etdiyi, gömrük ödənişlərini ödədiyi üçün idxal olunan mallar həmin gün sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş, bununla da idxal olunan malların gömrük rəsmiləşdirilməsi başa çatmışdır. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Göründüyü kimi iddiaçı qanunla ona verilmiş hüquqdan istifadə etməyərək yuxarı gömrük orqanına yaxud məhkəməyə müraciət etməmiş, cavabdehin təqdim etdiyi bildirişlə razılaşaraq orada göstərilən gömrük dəyərini bəyannamədə düzəliş aparmaqla bəyan etmiş və gömrük ödənişlərini ödəmişdir. Xüsusilə qeyd etməliyik ki, bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. İddiaçının dövlət büdcəsinə ödədiyi gömrük ödənişlərinin səhvən hesablandığını iddia etməsi üçün heç bir əsası yoxdur. Eyni zamanda, qeyd edilən gömrük bəyannaməsi üzrə araşdırma aparılan zaman tərəfimizdən heç bir artıq ödənilmiş məbləğ müəyyən edilməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2557/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı gömrük rəsmiləşdirilməsi zamanı tərəfindən artıq ödənilmiş 42,826.64 manat ƏDV məbləğinin geri qaytarılması barədə rəyin tərtib edilməsi və 23,099.79 manat gömrük rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsi və rəyin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2557/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması qaydaları”nın: 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 6.1. gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2023-cü il tarixli 2004 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaları üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 2.2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 yanvar tarixli 2004 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2023-cü il tarixli 142s nömrəli Sərəncamına əsasən: 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaların layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Yuxarıda qeyd edilənlərə əsaəsn məhkəmə kollegiyası hesab edir ki, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar normativ tənzimlənmə mərhələsində olduğundan hazırkı iş üzrə qüvvədə olan “Gömrük tarifi haqqında” Qanunun 12.2-ci maddəsinin müddəaları nəzərə alınmalı və gömrük orqanı malların gömrük dəyərinin müəyyən edilməsi zamanı əsas üsuldan (malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi) istifadənin mümkünsüzlüyünü əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən malların daha yüksək məbləğdə gömrük dəyərinin bəyan edilməsi onu Qaydaların 2.1.2-ci bəndinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilməsini bildirmək və artıq ödənilmiş məbləğin geri tələb etmək hüququndan məhrum etmir. Bu zaman müvafiq müraciət olduğu təqdirdə inzibati orqanın müvafiq inzibati araşdırmanı aparmaqla “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsinə uyğun olaraq məsələyə qiymət vermək öhdəliyi yaranır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinin, o cümlədən “İnzibati icraat haqqında” Qanunun 24, 41-47-ci maddələrinin birgə təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan iş üzrə əhəmiyyətli halları hərtərəfli araşdırmalı, bu zaman iş üzrə obyektiv həqiqətin əldə edilməsi üçün lazımi sübutları əldə etməlidir. Sübutların əldə edilməsi və qiymətləndirilməsi zamanı inzibati icraatın iştirakçısının üzərinə əlavə yük qoyulmamalı, lüzumsuz və qanunda nəzərdə tutulmayan sənədlər tələb edilməməlidir. Həmçinin qanunvericilikdə inzibati orqanın ona təqdim edilmiş sənədlərin mötəbərliliyini birmənalı şəkildə qəbul etmək vəzifəsi təsbit edilməmiş, zəruri hallarda təqdim edilən sənədlərin və oradakı məlumatların həqiqiliyini yoxlamaq hüququ verilmişdir (digər orqanlara və ya təşkilatlara sorğular verməklə, ekspert və mütəxəssis rəyi almaqla, təqdim edilən sənədin əslini və ya notarial təsdiqini tələb etməklə və s.). Qeyd edilməlidir ki, cavabdeh gömrük orqanının gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciət etmək, bundan başqa malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizasının keçirilməsi müəyyən etmək hüquqları qanunvericiliklə təsbit edilsə də, cavabdeh tərəfindən hər hansı müraciətin edilməsi müəyyən edilmir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qurum malların mənşə ölkəsinin gömrük xidmətindən məlumatları əldə etmək imkanı olduğu halda, malların invoys dəyərinə dair əsaslı şübhələri, eləcə də gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsinin mümkünsüzlüyünü əsaslandıran araşdırmanı aparmadan (yəni malların mənşə ölkəsinin gömrük xidmətindən onun faktiki dəyəri ilə bağlı məlumatları əldə etmədən) digər üsulla dəyərləndirilməli olduğunu hesab etmişdir O da qeyd edilməlidir ki, qanunvericiliyə əsasən artıq ödənilmiş gömrük ödənişinin qaytarılması birbaşa olaraq gömrük orqanının üzərinə qoyula bilməz. Belə ki, Gömrük ödənişlərinin qaytarılması qaydalarının 6-cı bəndinə uyğun olaraq gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanı qərar qəbul etməli və gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına buna dair rəy verməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi əsas götürülməklə rəsmiləşdirilməsi həyata keçirilməli və nəticədə artıq ödənilmiş gömrük ödənişinin qaytarılması ilə bağlı qərar və rəyin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2557/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2557/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2794/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2794/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver