Məhkəmə qərarları › İş №2-1(103)-2795/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2795/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2795/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5875/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya əmək pensiyası almaq hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.1957-ci il təvəllüdlü iddiaçı xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2009-cu il tarixinə qədər müxtəlif orqan və təşkilatlarda işləmiş, xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuş, ümumilikdə 30 ildən çox sığorta stajı vardır. O, xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə pensiya təyin edilməsi barədə ərizə ilə müraciət etmiş, lakin, sonuncu onun kifayət qədər əmək stajı olmasına baxmayaraq, xx.xx.2022- ci il tarixli cavab məktubu ilə iddiaçının 25 ildən az (19 il 6 ay 24 gün) siğorta stajı olması səbəbi ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, cəmi stajı olduğu qeyd edilir. Məktubda xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cıı il tarixədək fərdi hesabın siğorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün onun Azşərqtrans-1 müəssisəsində işlədiyi dövrlərin sığorta stajına daxil edilmədiyi qeyd edilmişdir. Halbuki, xx.xx.1998-xx.xx.2004-cü illərdə Azşərqtrans-1 müəssisəsində 5 il 7 ay 23 gün işləmişdir. İddiaçı,onun iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasında müvafiq qeydlərin olduğuna və həmin qeydlərin həqəqtə uyğun olmadğı cavabdeh tərəfindən sübuta yetirilmədiyi halda, qeyd olunan dövr onun sığorta stajına daxil edilməlidir Cavabdeh iddia ərizəsinə etirazında, imtina məktubunda istinad edilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5875/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı işin bütün faktiki hallarının aydınlaşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.Belə ki, iddiaçının əmək kitabçası və hərbi biletinin surətinə əsasən mübahisələndirilməyən sığorta stajı 19 il 6 ay 24 gün təşkil edir. Mübahisələndirilən sığorta stajı xx.xx.1998-xx.xx.2004 və xx.xx.2005-xx.xx.2009-cu illərdə Azşərqtrans-1 müəssisəsində sürücü işlədiyi dövrlərdir. xx.xx.2006-xx.xx.2009-cu illərdə onun fərdi hesabının sığorta hissəsində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” alt sistemində pensiya kapitalı aşkar olunmamışdır.Ona görə də qeyd olunan dövrlərin sığorta stajına daxil edilməsi mümkün deyil Bundan əlavə, məhkəmə sığıorta stajı hesablanarkən xx.xx.1979-xx.xx.1980-ci illərdə işlədiyi dövrü xx.xx.1980-cı il tarixini, xx.xx.1981 tarixi kimi hesablamış, staj 11 ay 17 gün təşkil etdiyi halda 1 il 1 ay 17 gün hesablanmışdır. Həmçinin, Bakı şəhəri X4 üzrə Baş İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda “Azərtrans-1” müəssiəsinin xx.xx.1999-cu və xx.xx.2004-cü illərdə VÖEN-lə vergi uçotuna alınması və xx.xx.1999-xx.xx.2009-cu illərdə fəaliyyətinin aktiv vəziyyətdə müəyyən edilmişdir. Məhkəmə tərəfindən isə bütün bunlar nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclaslarıında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin qeyd olunan dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, onun hətta 2006-cı ilə kimi stajının 25 ili keçdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir (Hazırkı məhkəmə iclası barədə məlumatlandırılsa da gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.) ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının iş materiallarına əlavə olunmuş, 5 may 1976-cı il tarixli hərbi biletinin və xx.xx.1978-ci il tarixdə açılmış əmək kitabçasının surətlərinə əsasən aşağıdakı kimi sığorta stajı müəyyən olunur: xx.xx.1976-xx.xx.1978: Sovet ordusunda hərbi xidmət -2 il 1 ay 18 gün; xx.xx.1978-xx.xx.1979: Bakı Şüşə zavodu - 4 ay 3 gün; xx.xx.1979-xx.xx.1980: Səyyar mexanikləşdirilmiş dəstə- 1 ay 16 gün; xx.xx.1981-xx.xx.1984: Tikinti-quraşdırma tresti (“SMU”) –3 il 9 ay 18gün; xx.xx.1984-xx.xx.1988 : Tikinti-quraşdırma tresti (“SMU”) – 3 il 4 ay22 gün; xx.xx.1988-xx.xx.1991: “Bakıtaksotrans” – 2 il 8 ay 24 gün; xx.xx.1991-xx.xx.1993: “Bakıavtotrans”- 2 il 5 ay 29 gün ; xx.xx.1993-xx.xx.1995: Müstəqil K/M - 1 il 3 ay 26 gün; xx.xx.1996-xx.xx.1996: 5No-li TQİ - 27 gün; xx.xx.1996-xx.xx.1997: "xxxx" Firması - 1 il 2 ay 1 gün; xx.xx.1998 -xx.xx.1998: “Reno-12” - 4 ay 9 gün; xx.xx.1998 – xx.xx.2004: Azşərqtrans-1 – 5 il 7 ay 24 gün; xx.xx.2005-xx.xx.2009: Azşərqtrans-1 - 3 il 5 ay 11 gün; İddiaçının qeyd olunan əmək fəaliyyəti ümumiləşdirildikdə, onun 26 il 10 ay 18 gün iş stajı müəyyən olunur. İşin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin“Azşərqtrans-1” müəssisəsində işlədiyi son iki dövrü: xx.xx.1998–xx.xx.2004 və xx.xx.2005-xx.xx.2009 illərin onun sığorta stajı kimi qəbul edilmir. Apellyasiya şikayətində iddiaçının xx.xx.1998-ici ildən xx.xx.2006-cı ilə qədər olan stajının hansı əsasla sığorta stajı kimi qəbul etmədiyi anlaşılan deyil. Çünki, cavabdehin özü tərəfindən də Bakı şəhəri X4 üzrə Baş İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubuna istinadən, həmin müəssiənin xx.xx.1999-cu və xx.xx.2004-cü illərdə VÖEN-lə vergi uçotuna alındığı və xx.xx.1999-xx.xx.2009-cu illərdə fəaliyyətinin aktiv vəziyyətdə olduğunun müəyyən edildiyi qeyd olunur. xx.xx.2006-xx.xx.2009 dövrü ilə əlaqədar isə cavabdeh mübahisələndirir ki, iddiaçının həmin illərdə fərdi hesabının sığorta hissəsində sığorta kapitalının aşkar edilməmişdir. Məhkəmə kollegiyası, cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmayaraq həmin dövrlərin iddiaçının sığorta stajına qəbul edilməsindən imtina etməsini qanunvericiliyin tələbinə zidd hərəkət kimi qiymətləndirir . Birincisi, qeyd olunmalıdır ki, cavabdehin özünün də istinad etdiyi, iş materiallarına əlavə olunmuş Bakı şəhəri X4 üzrə Baş İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli həmin məktubuna əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1998-xx.xx.2009-cu illərdə vergi uçotunda olan və aktiv fəaliyyət göstərən bir müəssisədə (“Azşərqtrans-1”) çalışmışdır. Belə olan halda, həmin dövrlərdə iddiaçının ödədiyi və işəgötürən tərəfindən onun əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqlarının DSMF-nin hesabına ödənilməməsi sığortaolnan kimi iddiaçının təqsirinə yozula bilməz. Çünki, sığortaedən kimi işəgötürən ondan tutduğu və müəssisənin əmək haqqı fondundan hesablanan məcburi sığorta ödənişləri qanunvericiliyə uyğun olaraq sığortaçıya ödəmək, sonuncu isə öz növbəsində bu ödənişlərin vaxtında ödənilməsini təmin etmək vəzifələridir. Başqa sözlə, qanunvericiliklə, sığortaolunan, sığortaedənin və sığortaçının əvəzinə, yetirməli olduqları hərəkətləri etmək səlahiyyətinə malik deyildir. Belə ki, “Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanunun, iddiaçının həmin müəssəsdə çalışdığı vaxt qüvvədə olan 9, 10, 14, 18-ci maddələrinin tələblərinə görə: - məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək - sığorta edənin; - sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək - sığortaçının; Məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq etmək, məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar etmək, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırmaq, ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq, Azərbaycan Respulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sığortaedən tərəfindən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilən işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortasına cəlb etmək – məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzəfəlidir. Digər tərəfdən, 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 1-ci hissəsi nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. İddiaçının əmək kitabçası mövcuddur və həmin kitabçanın mübahisələndirilən qeydlərində, onun işə qəbulu və işdən azad edilməsi, işlədiyi təşkilatın adı, onda baş verən struktur dəyişiklər, müvafiq əmrlər təsbit olunmuş, qeydlərin həqiqiliyi müəssisə rəhbərinin imzası və dairəvi möhürü ilə təsdiq olunmuş, həqiqliyini şübhə altına alan qarlama və düzəlişlərin mövcud deyil, həmin vərəqin tamlığı pozulmamışdır. Bu baxımdan, cavabdehin həmin qeydləri mötəbər məlumatlar kimi qəbul etməməsi əhəmiyyətsiz hesab edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də, cavabdeh tərəfindən iddiaçının “Azşərqtrans-1” müəssisəsində əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməməsinin qanunsuz olduğu sübuta yetirilir. Belə olan halda, cavabdehin həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsinin mümkünsüz olduğuna istinad olunan və bütün bunların məhkəmə tərəfindən nəzərə alınmadığını mübahisələndirən dəlilləri əsasssızdır. Cavabdehin, iddiaçının xx.xx.1979-xx.xx.1980-ci illərdə işlədiyi dövrün xx.xx.1981 tarixi kimi götürülməklə, məhəkəmə tərəfindən “11 ay 17 gün” əvəzinə, “1 il 1 ay 17 gün” kimi hesablandığını mübahisələndirən dəlillərinə gəldikdə, məhkəmə kollegiyası həmin dəlilləri ilə razılaşır. Lakin hazırkı mərhələdə iddiaçınınn əmək kitabçasının qeydlərinin təkrar araşıdırılmasının yuxarıda qeyd olunan nəticələrindən göründüyü kimi, məhkəmənin həmin hesab səhvinin düzəlişindən sonra da, onun 25 ildən çox əmək stajı toplanır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbindən isə göründüyü kimi, azı 25 il sığorta stajına malik olan şəxslərin (o cümlədən kişilərin) 2020-ci ilin iyul ayının 1dən 65 yaşdan yaşa görə əmək pensiyası hüququna malikdirlər. Konkret halda isə işin qeyd ollunan hallarından göründüyü kimi, xx.xx.1957-ci il təvəllüdlü iddiaçının 65 yaşının tamam olduğu xx.xx.1922-ci il tarixdən yaşa görə pensiya hüququ yarandığı halda, ona sığorta stajının 25 ildən az olası əsası ilə pensiya təyin edilməsindən imtina olunması qanunla qorunan olunun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da, cavabdehin apellyasiya şikayətinin qərar qəbul olunarkən, işdə olan sübutlara düzgün qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5875/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5875/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar