Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2796/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5661/2021 saylı, 30 avqust 2021-ci il tarixli qərardadından iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin Ə209 ş/h-033-19 nömrəli, 31.05.2019-cu il tarixli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və işləmədiyi dövr üçün pul müavinətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 28.04.2005-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində polis nəfəri kimi xidmətə başlamışdır. 31.05.2019-cu il tarixli əmrlə xidmətdən xaric edildiyi günə qədər işində heç bir qüsura yol vermədən, heç bir töhmət, xəbərdarlıq və digər intizam tənbehi almadan xidmət etmişdir. Hətta xidmət etdiyi müddətdə bir neçə dəfə təşəkkürnamə və digər mükafatlar almışdır. 2019-cu ilin əvvəllərindən onun barəsində daxili təhqiqat başlanmış vı bir müddət araşdırma getmişdir. Daxili təhqiqatlar əsasında iddiaçıya konkret olaraq nədən şübhələndiklərini dəqiq bildirilməmişdir. Bu əsnada iddiaçının anası X2, həyat yoldaşı X3 və digər yaxın tanışlarından izahat almışdırlar. Hətta araşdırma gedişində iddiaçının şəxsi həyatına dair məlumatlarla onu şantaj etmək hədəsi də olmuşdur. Yalnız daxili təhqiqatın sonunda və şifahi şəkildə ona bildirilmişdir ki, xidmətdə olduğu zaman kimlərləsə (ona məlum olmayan şəxslər) “qanunsuz sövdələşməyə” girmiş və polis adına ləkə gətirən hərəkətlərə yol vermişdir. İddiaçının kimlərləsə sövdələşməyə girməyi xidmətin təşkili və nəzarət mexanizmləri səbəbindən qeyri-mümkündür. Belə ki, polis nəfəri olaraq iddiaçı heç vaxt tək xidmət aparmamışdır, hər zaman onlara təhkim edildiyi əraziyə ən azı iki polis nəfəri olaraq çıxırdılar və növbəli xidmət aparırdılar. Bu vəziyyətdə isə iddiaçının təkbaşına hansısa qanunsuzluq etməyi və qərar qəbul etməyi mümkün deyildir. Onun fəaliyyəti müntəzəm olaraq yuxarı rəislər tərəfindən yoxlanılıb və xidmət kitabçasında hər gün üzrə yoxlamalar imzalanmaqla təsdiq edilib və həmin müddətdə də onun barəsində hər hansı təqdimat və şikayət daxil olmamışdır. Onun və digər post-patrul xidməti aparan polis nəfərinin hansısa qərar qəbul etmək, kiminləsə sövdələşməyə girib hansısa şəxsə imtiyaz təqdim etmək kimi səlahiyyəti yoxdur. Post-patrul xidməti yalnız onlara təhkim edilmiş ərazidə fasiləsiz müşahidələr aparmaqla qanunsuzluqlar barədə həmin əraziyə məsul olan sahə müvəkkilinə xəbər verə bilər və ən yaxşı halda sahə müvəkkili vəzifəli şəxs olaraq hansısa qərar qəbul edə bilər. 31.05.2019-cu il tarixdən sonra ona şifahi şəkildə bildirildi ki, xidmətdən polis adına ləkə gətirən hərəkətə yol verməyi səbəbindən xaric edilmişdir. Lakin nə qədər tələb etsə də əmri ona rəsmən təqdim etmədilər. Əmrin verilməməsinə görə isə onun məhz hansı əsasla və nə səbəbə işdən azad edilməyi uzun zaman (təqribən 2 ilə yaxın müddətdə) ona naməlum qalmışdır. Hətta bu hallara görə o dəfələrlə X8 və Nazirliyin digər vəzifəli şəxslərinə xidmətə bərpa olunmaq üçün (çünki əmr ona təqdim edilmədiyindən məsələni hələ ki, mübahisələndirmək istəmir və mübahisəni sülh yolu ilə həll etmək isdəyirdi) şəxsən yazılı müraciətlər etmişdir. Hər dəfəsində də eyni məzmunlu cavab verilirdi, lakin məhz əmrin surəti ona təqdim edilmirdi. Əmrin surətini təkidlə istəyəndən sonra isə ona yazılı və şifahi formada bildirilirdi ki, əmrin surətinin alınması üçün məhz X9 Alayına gəlməyi vacibdir. Yəni, hər vəchlə əmrin surəti ona verilmirdi. Dəfələrlə yazılı tələbindən sonra 31.05.2019-cu il tarixli əmrin surəti 12.03.2021-ci il tarixdə poçtla rəsmi qaydada ona təqdim edildi. Həmin Əmrdə iddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət törətdiyinə görə) xidmətdən xaric edilməyini görmüşdür. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilən etirazda göstərmişdir ki, Daxili İşlər Nazirliyinin X9 Alayının 5-ci patrul Bölüyünün polis nəfəri İddiaçı korrupsiya hüquqpozmalarına və polis adına ləkə gətirən digər hərəkətlərə yol verməsi, özünün ailəli və himayəsində iki azyaşlı övladının olmasına baxmayaraq vətəndaş Zərifə Adıgözəlova ilə əxlaq normalarına zidd münasibətlər qurması barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında 2019-cu ilin may ayında xidməti təhqiqat aparılmışdır. Araşdırmalar nəticəsində Daxili İşlər Nazirliyinin X9 Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri İddiaçı ayrı-ayrı vaxtlarda şəxsi marağı müqabilində vətəndaş O.Hüseynov və E.Nəzərov qanunsuz küçə tiracəti ilə məşğul olmalarına şərait yaratdığına, gül satışı ilə məşğul olması müqabilində 06.03.2019-cu il tarixində vətəndaş N.Manafovla şəxsi marağından irəli gələn mövzuda danışıqlar apardığına, rəsmi nikahda olmasına baxmayaraq vətəndaş Z.Adgözəlova ilə etik davranış qaydalarına zidd münasibətlər qurduğuna, habelə xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Qeyd olunan əmr (Daxili İşlər Nazirliyinin 27.05.2019-cu il tarixli Ə416-001-19 nömrəli) 31.05.2019-cu il tarixdə alayının şəxsi heyətinə və həmin tarixdə özünün iştirakı ilə 5-ci patrul bölüyünün əməkdaşlarına elan olunmuşdur. Həmçinin, sabiq polis əməkdaşı İddiaçı 2005-ci ildən 2019-cu ilədək DİO-da xidmət etmiş, xidmət dövründə 46 dəfə mükafatlandırılmış, 2 dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5661/2021 saylı, 30 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia tələbinə uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5661/2021 saylı, 30 avqust 2021-ci il tarixli qərardadının ləğv edilərək iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadın ləğv edilərək iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək iddianın mümkün sayılmaması haqqında birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan materiallarında olan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 27 may 2019-cu il tarixli, Ə416- 001-19 saylı əmrindən görünür ki, “Polis haqqında Qanun”un 5 və 13-cü, “DİO əməkdaşlarının etik davranış kodeksinin 12,17,19 və 20-ci maddələrinin tələblərini pozaraq daxili işlər orqanları əməkdaşları adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in X9 Alayının 5-ci Patrul Bölüyünün polis serjantı İddiaçı “Azəbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndi ilə müvafiq olaraq daxili işlər orqanlarının əməkdaşı adına ləkə gətirən hərəkət törətdiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ƏÇPA-nın Ə209 ş/H-033-19 nömrəli 31 may 2019-cu il tarixli əmrin çıxarışından müəyyən olunur ki, polis serjantı İddiaçı “AR daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndi ilə müvafiq olaraq daxili işlər orqanlarının əməkdaşı adına ləkə gətirən hərəkət törətdiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. - İddiaçı 2019-2020-ci illərdə Daxili İşlər Nazirliyinə yazılı müraciətlər edərək xidmətə bərpa edilməsini xahiş etmiş və cavabdeh orqan tərəfindən ona cavab məktubları ünvanlanmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Daxili Təhqiqatlar İdarəsinin İddiaçı ünvanlanmış 17.12.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Daxili işlər orqanlarında xidmətdən əsassız xaric olunmağınız və yenidən xidmətə qəbul olunmanıza köməklik göstərilməsi barədə DİN rəhbərliyinə ünvanladığınız eyni məzmunlu müraciətlərinizə baxılmışdır. Bildirilmişdir ki, DİN-in X9 Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edərkən yol verdiyiniz ciddi nöqsanlara görə DİN-in müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmisiniz. Barənizdə qəbul edilmiş qərar əsaslıdır və onun dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir, narazı qaldığı halda məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Daxili Təhqiqatlar İdarəsinin İddiaçı ünvanlanmış 16.12.2020-ci il tarixli, 023- 69257M-4220 nömrəli məktubunda göstərilmişdir ki, Daxili işlər orqanlarında xidmətə bərpa edilməsi barədə 05.12.2020-ci il tarixdə elektron poçt vasitəsi ilə Nazirliyə daxil olmuş müraciətinə baxılmış və müəyyən edilmişdir ki, DİN-in X9 Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edərkən yol verdiyi ciddi nöqsanlara görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Onun nəzərinə çatdırılmışdır ki, xidmət zamanı yol verilmiş qəbahətləri baxımından daxili işlər orqanlarında xidmətə yenidən qəbul olunması Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən məqsədəuyğun sayılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilimiş məktublardan göründüyü kimi, İddiaçı onun barəsində cavabdehin verdiyi 27 may 2019-cu il tarixli əmr barədə 2019-cu ilin dekabr ayında məlumatlı olmuşdur, məhkəməyə isə iddiaçı 09 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Belə olduqda İddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş 30 gün müddət üzrsüz səbəbdən buraxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı onun barəsində cavabdehin verdiyi 27 may 2019-cu il tarixli əmr barədə 2019-cu ilin dekabr ayında məlumatlı olmuşdur, məhkəməyə isə iddiaçı 09 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Belə olduqda İddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş 30 gün müddət üzrsüz səbəbdən buraxılmışdır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5661/2021 saylı, 30 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5661/2021 saylı, 30 avqust 2021ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2796/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2796/2021
01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver