Məhkəmə qərarları › İş №2-1(103)-2796/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2796/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2796/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Açar söz: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi X4 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, iddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 1997/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1960-ci ildə anadan olmuşdur.

2. İddiaçı 1983-cü ildən 26 iyun 1989-cu il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunda “avtomatika və telemexanika” ixtisası üzrə təhsil almışdır.

3. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmət keçmişdir.

4. Əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Şifer istehsalına 3-cü dərəcəli növbətçi elektrik montyoru; (08 ay 18 gün), xx.xx.1982-ci il tarixdə Şifer istehsalına 3 dərəcəli növbətçi elektrik monyoru qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə KÖA və A 3 dərəcəli növbətçi elektrik çilingəri keçirilmiş; xx.xx.1984-cü il tarixdə KÖA və A 4 dərəcəli elektrik çilingəri verilmiş; xx.xx.1985-cü il KÖA və A 5 dərəcəli elektrik çilingəri verilmiş; xx.xx.1985-ci il il kontrol ölçü alətləri və avtomatika üzrə 5 dərəcəli çilingər; xx.xx.1988-ci il əməyin ödənişinin yeni şərtlərlə keçməsi ilə əlaqədar olaraq kontrol ölçü alətləri və avtomatika üzrə 5 dərəcəli çilingər üzrə tariflənmiş; xx.xx.1990-cı il tarixdə çilingər keçirilmiş, xx.xx.1993-cü il tarixdə sahə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə işdən azad edilmiş; (11 il 09 ay 10 gün), xx.xx.1994-cü il Bakı asbosement və keramik məmulalar kombinatından köçürülmə qaydasında 3 N sexə 6 dərəcəli radiomexanik qəbul edilmiş; xx.xx.1996cı il tarixdə laboratoriya müdürü vəzifəsinə keçirilmiş; xx.xx.1999-cu il tarixdə 3 №-li sexin 6-cı dərəcəli radiomexanik vəzifəsinə keçirilmiş və xx.xx.2006-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (xx.xx.2006-cı il tarixədək -12 il 04 gün; xx.xx.2006-cı il tarixədək 11 il 08 ay), xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC “X1 Şəbəkəsi” MMC-də baş mühəndisin müavini vəzifəsində; (01 il 02 ay 02 gün) , xx.xx.2008-ci il tarixdə "xxxx" ASC “X1 Şəbəkəsi” MMC-nin baş mühəndis vəzifəsinə 1 (bir) aylıq sınaq müddətinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə İnformasiya texnologiyaları və Rabitə İdarəsinin Rabitə xidmətinə xidmət rəisinin müavini vəzifəsinə təyin edilmiş və hal hazıradək əmək fəaliyyətini davam etdirir.

5. İddiaçı cavabdeh orqana ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmiş, imtina əsası kimi qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1979-xx.xx.1980-ci il tarixləri arasındakı dövr ərzində “şifer istehsalında növbətçi elektromontyor” və xx.xx.1982-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi “növbətçi elektroçilingər”, “çilingər”, “sahə rəisi” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından iddiaçının güzəştli iş stajı yoxdur.

Birinci instansiya məhkəməsində icraat

6.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona 18 oktyabr 2012-ci il tarixdən (52 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin isə 05 noyabr 2017-ci ildən hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1979-xx.xx.1980-cı il tarixləri arasındakı dövr ərzində “Bakı Şifer və Keramika məlumatları” Kombinatında növbətçi elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalaların peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın tikinti materialları istehsalı bölməsində (14) nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəşli iş stajı 12 il 6 aydan az 11 il 9 ay 9 gün (xx.xx.1982-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi.

8. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)-1997/2022 saylı qərarı ilə (hakim Orxan Həsənov) iddia tələbi təmin edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığına və bununla da onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının toplanmadığına istinad etmişdir.

10. Məhkəmə işdəki sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı = 26 il 02 ay 29 gün (xx.xx.1979-xx.xx.1980; xx.xx.1980xx.xx.1982; xx.xx.1982-xx.xx.1994; xx.xx.1994-xx.xx.2006) təşkil edir.

11. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirmişdir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir.

12. Məhkəmə "xxxx" ASC-nin sorğuya xx.xx.2021-ci il tarixlicavab məktubuna əsasən müəyyən etmişdir ki, İddiaçı 06 avqust 1979-cu ildən 23 aprel 1980-cı ilə qədər Bakı asbestsement və keramika məmulatları kombinatında elektomontyor (növbətçi elektrik) və 16 iyul 1982-cı ildən 25 aprel 1994-cü ilədək elektroçilingər (növbətçi elektrik çilingər sahə rəis) işləmiş, onun həmin dövrdə tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 8.1.2-ci bəndinin “b” yarımbəndinə uyğun gəlmiş (Azbest texniki məmulatların istehsalı üzrə 8.1.2 bəndinin “a” yarımbəndində göstərilən sexlərdə, sahələrdə və bölmələrdə məşğul olan sahə, növbə rəisləri, ustalar və böyük ustalar), həmçinin o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli xə xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda 1080A02b – 23187 kod qrupuna aid edilməklə ona güzəştlər müəyyən edilmişdir. 13.Məhkəmə araşdırılması zamanı eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2002-xx.xx.2004-cü il tarixlərdə N nömrəli hərbi hissədə (hərbi hissənin nömrəsi N nömrəli hərbi hissəyə dəyişdirilib) radiomexanik vəzifəsində işləmiş, həmin illərdə ona Azərbaycan Respublikası Nazirlə Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara dənizdə çalışan neftçilərə yaşa görə güzəşli şərlərlə pensiya hüququ verən istehsalatların işlərin peşələrin vəzifələrin və göstəricilərin N nömrəli Siyahısında qeyd edilən 12412000-17541 (daim radiasiya zərərliyi şəraitində işləyən fəhlələr mütəxəssislər və rəhbərlər) kod qrupuna aid edilməklə ona işlədiyi müddətdə güzəştlər şamil edilmişdir. İddiaçı qeyd olunan illərdə işlədiyi zaman Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə məxsus gücü 1 KVT-dan və tzliyi 30 Mhs-dən yuxarı UQD (ultraqısa dalğalı) HAYT (həddən artıq yüksək tezlikli) və yüksək səs-küylə müşayiət olunan radiolokasiya sistemlərinin avadanlıqlarının təmiri zamanı radioekranlaşdırıcı kostyumdan istifadə etmişdir.(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin Siyahısı nın 35-ci bəndi (ümumi peşələr) (Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissə) 14.Məhkəmə qeyd etmişdir ki, iddiaçının həmin dövrlər ərzində işlədiyi sahə rəisi konkret olaraq 1 №-li Siyahıda nəzərdə tutulsa da, elektroçilingər vəzifəsi həmin Siyahının azbest texniki məmulatlar istehsalında nəzərdə tutulmamışdır. Buna baxmayaraq məhkəmə həmin vəzifənin iddiaçının güzəşlti şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifəyə aid olduğunu qəbul edir. Belə ki, iddiaçının "xxxx" ASC tərəfindən verilmiş arayışda onun xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi vəzifə üzrə icra etdiyi əmək funksiyaları bilavasitə nəzarət-ölçü cihazlarının, avtomatika və kommunikasiyanın təmiri, profilaktikası və xidməti avadanlığın təmiri üzrə ustaların (böyük ustalar) vəzifəsinə aiddir. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”na nəzər yetirdikdə görünür ki, sahə ustaları, ustalar, böyük ustalar istehsalın vaxtında hazırlığını, fəhlələrin və briqadanın yerləşdirilməsini təmin edir, texnoloji proseslərin nəzərə alınmasına nəzarət edir, onların pozulması səbəblərini operativ üzə çıxarır və aradan qaldırır; yeni texnoloji proseslərin işlənib hazırlanmasında və mövcud istehsalat rejiminin, həmçinin istehsalat qrafikinin təkmilləşdirilməsində iştirak edir. Bundan başqa, buraxılmış məhsulun və ya yerinə yetirilmiş işin keyfiyyətini yoxlayır, zay məhsulun qarşısını almaq və məhsulun, işin, xidmətin keyfiyyətini qaldırmaq üçün tədbirlər həyata keçirir, sahənin yenidən qurulması üçün tamamlanmış işlərin, texnoloji avadanlığın təmiri, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak edir. Əməyin mütərəqqi üsulları və metodlarının tətbiqi, çoxdəzgahlı və çoxaqreqatlı xidməti, attestasiyanı və iş yerlərinin səmərələşdirilməsi və peşələrin əvəz olunmasını təşkil edir. Fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil edir. Məhkəmə diqqətə çatdırmışdır ki, sahə ustaları, ustalar, böyük ustaların anlayışı geniş təsvir olunmuş, onların əmək funksiyaları bilavasitə təmir ilə bağlı olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək əmək funksiyaları bilavasitə nəzarət-ölçü cihazlarının, avtomatika və kommunikasiyasının təmiri ilə bağlı olduğundan, həmin vəzifənin funksiyaları vahid sorğu kitabçasına əsasən “böyük ustalar” vəzifəsi üzrə icra olunan əmək funskiyalarına uyğundur. 15, Məhkəmənin qənaətinə görə iddiaçının "xxxx" ASC-də xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi elektroçilingər vəzifəsi və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək sahə rəisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda 1080A02b – 23187 kod altında nəzərdə tutulan azbest texniki məmulatlar istehsalının sexlərdə, sahələrdə və bölmələrdə məşğul olan sahə, növbə rəisləri, ustalar və böyük ustalar vəzifəsinə uyğun olduğundan, eyni zamanda onun xx.xx.2002-xx.xx.2004-cü il tarixlərdə N nömrəli hərbi hissədə işlədiyi radiomexanik vəzifəsi 1 №-li Siyahıda 12412000-17541 (daim radiasiya zərərliyi şəraitində işləyən fəhlələr mütəxəssislər və rəhbərlər) kod altında nəzərdə tutulduğundan, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən (12 il 09 ay 11 gün) çox təşkil edir.

16. Məhkəmə qeyd etmişdir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. İstinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş güzəştli arayışda aşkar olaraq göstərilmişdir. 17.İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir

Apellyasiya şikayətinin dəlilləri:

18. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 15 aprel mart 2022-ci il tarixli, 2-1(112)-1997/2022 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdə xx.xx.1979-xx.xx.1980-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Şifer və Keramika məmulatları” Kombinatında növbətçi elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş N nömrəli hərbi hissənin N nömrəli, xx.xx.2020-ci il tarixli arayışında onun xx.xx.2002-xx.xx.2004-cü illərdə N nömrəli hərbi hissədə zərərli işlərdə işlədiyi qeyd olunsa da, iddiaçının işlədiyi vəzifənin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahılarda əks olunan vəzifələrlə uyğunluq təşkil etməsi, siyahıda hansı bölməyə, hansı koda aid olması qeyd olunmamışdır. Odur ki, iddiaçının güzəştli iş stajı 2 il 6 aydan az -11 il 9 ay 9 gün (xx.xx.1982-ci il-xx.xx.1994-cü il) təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

20. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

22. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1 -ci maddə- əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddə- sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddə- axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddə-bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan N nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X9) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun (iddiaçının iş stajı topladığı dövrdə qüvvədə olmuş) qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

Apellyasiya Məhkəməsinin hüquqi mövqeyi:

23. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. İşin hallarından görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən artıqdır. Bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi vəzifələr üzrə topladığı stajı mübahisələndirmir və iddiaçının ən azı 11 il 9 ay 9 gün güzəştli iş stajına malik olduğunu qəbul edir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçının ən azı “Bakı asbestsement və keramika məmulatları” kombinatında xx.xx.1982ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi vəzifə (elektromantyor və elektroçilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda “Kimya istehsalı” bölməsi “Azbest texniki məmulatların istehsalı” yarımbölməsində 1080A02b – 23187 kod qrupuna (azbest texniki məmulatlar istehsalının aşağıdakı sex, sahə və bölmələrində sahə, növbə rəisləri, ustaları və böyük ustaları) aid olduğundan və iddiaçı xx.xx.2006-cı ilədək 10 il güzəştli staja, 20 il ümumi staja malik olduğundan ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə tələbi əsaslıdır.

27. Cavabdeh apellyasiya şikayətində iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 12 il 6 ay güzəştli iş stajı tələb olunduğunu qeyd etsə də, bu mövqeyini əsaslandıra bilməmişdir. İddiaçının işlədiyi vəzifə N nömrəli siyahıda nəzərdə tutulduğu üçün 10 il güzəştli staj tələb olunduğundan məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1979-xx.xx.1980-ci illərdə və xx.xx.2002-xx.xx.2004-cü illərdə iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verən vəzifələr olub-olmadığının apellyasiya instansiyası mərhələsində yenidən araşdırılmasını zəruri hesab etməmişdir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticəvi hissə:

29. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1997/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1997/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar