Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2798/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil X1, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “məhkəmə qərarının icra edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16.03.2021ci il tarixli, 2-1(112)-2892/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(82)-3454/2019 saylı qərarını icra etməsi üçün müddət müəyyən edilməsi, həmin müddət ərzində cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda cərimə tətbiq olunacağı barədə cavabdeh orqana xəbərdarlıq edilməsi, müəyyən edilmiş xəbərdarlıq müddətində cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda isə cavabdehin 50.000 manat məbləğində cərimə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım haqqında məktub təqdim edilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin qanunvericiliyə uyğun olaraq iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bakı İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)-2892/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)-2892/2021 saylı qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)-2892/2021 saylı qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim olunmuş apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)-2892/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)-2892/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(82)-3454/2019 saylı qərarını icra etməsi üçün müddət müəyyən edilməsi, həmin müddət ərzində cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda cərimə tətbiq olunacağı barədə cavabdeh orqana xəbərdarlıq edilməsi, müəyyən edilmiş xəbərdarlıq müddətində cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda isə cavabdehin 50.000 manat məbləğində cərimə edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi ilə bağlı olduğundan, həmin tələbə müstəqil iddia icraatı çərçivəsində baxılması mövcud qanunvericilikdə nəzərdə tutulmadığından, həmçinin iddia tələbi dəqiqləşdirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi ələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. «İcra məmurları haqqında» AR Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müəssisə, təşkilat, idarə və vətəndaşlara İcra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir. Məhkəmələrin mülki, inzibati və iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik icra işi çərçivəsində icra məmurunun hərəkətlərindən şikayətə iddia qismində inzibati məhkəmə icraatı qaydasında baxılmasını yox, ona icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, yaranmış vəziyyətdə birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)-2892/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2798/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2798/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver