Məhkəmə qərarları › İş №2-1(103)-2798/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2798/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2798/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “mitinqin keçirilməsinə şərait yaradılması tələbinə dair” iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7268/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların müraciətinə verilmiş imtinanın əsassız sayılmasını və mitinq keçirməsinə şərait yaradılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini aşağıdakılarla əsaslandırılmışlar: “...17 fevral 2024-cü il tarixdə, saat 12:00-dan 13:00-dək Bakı şəhəri, İstiqlaliyyət küçəsində, Bakı metropoliteninin “İçəri Şəhər” metrostansiyasından 50 metr məsafədə, yaxud “28 May” metrostansiyası yaxınlığında, C.Cabbarlının abidəsi önündə “Səsvermənin nəticələri ləğv olunsun!”, “MSK da daxil olmaqla seçki komissiyalarının tərkibi dəyişdirilsin!”, “Normal seçki mühiti yaradılsın!”, “Yeni prezident seçkiləri keçirilsin”” şüarları ilə 3000 nəfərin iştirakı ilə mitinq keçirmək üçün cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin sonuncu məktubunda planlaşdırılan aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7268/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmaqla təmin oolunmasına dair yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...Qərardad qanunsuz və əsassızdır Şikayət olunan qərardaddan da görüldüyü kimi məhkəmə iddia tələbinin mahiyyəti üzrə baxılmasından imtina edərək, iddia tələbinin mümkünsüz hesab etmişdir. Bu isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə ziddir...” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kolegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçıların tələbindən göründüyü kimi, mitinq keçirməsinə şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişlər. «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun «Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər» adlanan 7-ci maddəsinin 1-ci hissəsi ilə isə müəyyən edilmişdir ki, «Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verəməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin Qanunun 9-cu maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yerləşdiyi binanın ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, Qanunun qeyd olunan tələbləri nəzərə alınmaqla, qeyd etmişdir ki, “... iddiaçıların hazırkı müraciəti ilə əlaqədar, qeyd edilmiş ərazinin təhsil müəssisələrinin, həmçinin əhalinin daha sıx faəliyyətdə olduğu metro çıxışı, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olması, həmin yerdə mitintin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olması ilə bağlı cavabdeh İcra Hakimiyyəti mübahisələndirilən məktubunda yalnız öz mövqeyini bildirmişdir. ...Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, mitinqin keçirilməsi tələb olunan ərazilər Bakı şəhərinin tam mərkəzində və ən çox istifadə olunan metrostansiyaların yaxınlığında, həm vətəndaşların və nəqliyyat vasitələrinin daha gur olduğu, günün “pik” saatlarında, saat 12dən -13-ə qədər zaman kəsiyində isə ümumiyyətlə insanların dah sıx hərəkət etdiyi, həm də şəhərə gələn qonaqları və turistləri tarixi abidələrlə tanış olmağa və gəzməyə çalışdıqları ərazilər hesab olunur. Bütün bu qeyd olunanlar, sözügedən ərazilərdə (“İçəri Şəhər” metrostansiyasından 50 metr məsafədə, yaxud “28 May” metrostansiyası yaxınlığında, C.Cabbarlının abidəsi önündə) 3000 nəfərin iştirakı ilə mitinq keçirilməsinə icazə verilməsini mümkünsüz edir. Bu baxımdan, iddiaçıların hazırkı iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qiymətləndirilə bilməz. İPM-in 35.1-ci maddəsi isə nəzərdə tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Konkret haldisə, iddianın mümkün sayılmasını zəruri edən faktiki şərtlər mövcud deyildir. Başqa sözlə iddia məhkəmə icraatının mümkünlüyü istisna edilir. İPM-in 35.3-cü maddəsi isə nəzərədə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması düzgün nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçıların apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7268/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7268/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar