Məhkəmə qərarları › İş №2-1(103)-2799/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2799/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2799/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehin qərarlarının ləğv edilməsi və əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin qoyulması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2022 nömrəli iş üzrə 18 aprel 2022-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il və artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi və ona təyin olunmuş pensiyanın dayandırıldığı, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Fondun aidiyyəti mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi xx.xx.1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan məlumatlara əsasən xx.xx.1982-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan” Nəşriyyatında saplama maşınının yığıcısı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, onun işlədiyi vəzifə yuxarıda qeyd olunan metal və ərinti əridiciləri vəzifəsinə uyğun deyil. Bu səbəblərdən də iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2013-cü il tarixdən DSMF Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, cavabdehin Əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarının ləğvi tələbinə dair hissədə iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:

1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);

2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Cavabdehin mübahisəli inzibati aktının qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda “İnzibati icraat haqqında” AR Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamışdır. Belə ki, həmin Qanununun: Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; Maddə 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir; Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır; Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabddehin mübahisəli inzibati aktından görünür ki, həmin aktda mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməmiş, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar qeyd olunmamışdır. Qərardan anlaşılan yalnız odur ki, pensiyanın dayandırılması DSMF-nin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubuna əsasən həyata keçirilmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmçinin, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı maddi-hüquqi baxımdan da qanuni olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı gündən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Lakin işdən görünür ki, cavabdehin mübahisəli qərarı “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulan tələblərə də uyğun olmamışdır. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, “İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.” Qeyd olunan normanın mənasına görə, iddiaçıya əmək pensiyası təyin edilən cavabdehin xx.xx.2013-cü il tarixli inzibati aktı hər hansı səbəbdən qüvvədən düşmüş hesab edilənə, o cümlədən cavabdeh tərəfindən ləğv edilənə qədər hüquqi qüvvəyə malikdir və hüquqi cəhətdən etibarlıdır. Pensiya təyin edilməsinə dair inzibati akt qüvvədə olduğu halda “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində təsbit olunan əsaslar olmadan pensiya ödənişinin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. İşin hallarından isə görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas olan inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının pensiya ödənişi dayandırılarkən göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilmir, cavabdeh özü də bu barədə heç bir dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, baxmayaraq, cavabdeh Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarında “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsini (Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur) qeyd etməmişdir, onun həmin qərarda “İnzibati icraat haqqında” Qanunun 64.1-ci (İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir), 82-ci (Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir) və “İcra haqqında” AR Qanununun 6.1.8-ci (Aşağıdakılar icra sənədləri sayılır: Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar) maddələrinə istinad etməsi o qənaətə gəlməyə imkan verir ki, cavabdeh sözügedən aktının məhz inzibati akt olduğunu vurğulamışdır. Odur ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ilə bağlı hüquqi qiymətləndirmə eynilə xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarı üçün də keçərlidir. Fərz olunsa ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarı, həmin qərarda “İnzibati icraat haqqında” Qanunun 64.1-ci və 82.1-ci, “İcra haqqında” Qanunun 6.1.8-ci maddələrinə istinad olunsa da, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt deyil, o halda cavabdehin xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ilə bağlı hüquqi qiymətləndirmə “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən (Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur) xx.xx.2021-ci il tarixli qərar üçün keçərli olacaqdır. İddia pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair hissədə də əsaslıdır. Belə ki, İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu mənada məhkəmə kolegiyası apellyasiya şikayətinin mübahisənin bilavasitə mahiyyəti (əmək pensiyasının təyin edilməsinin əsasları) ilə bağlı dəlillərinin ayrıca müzakirəsinə lüzum görmədən, şikayətlə bütövlükdə razılaşmır.

Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin mübahisələndirilən qərarlarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehin qərarları qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə zidd olmuş və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin qərarları mövcud inzibati praktikaya zidd olmaqla, onun inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayəti işin halları və qanunvericiliklə təkzib olunmaqla, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2022 nömrəli iş üzrə 18 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar