Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-28/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə X13 qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin nümayəndəsi X2, Üçüncü şəxs X4 və üçüncü şəxsin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X12) cavabdehin hərəkətlərinin qanunsuz sayılması, torpaq sahəsinin plan-ölçüsü barədə ilkin sənədlərin və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin faktiki ölçüsü ilkin sənədlərdə əks olunan plan-sxemdəki ölçülərə uyğun deyil. Bundan başqa, üçüncü şəxsin adına verilmiş xx xxxxxx 1998-ci il tarixli, 000087 nömrəli şəhadətnamə və sonradan verilmiş çıxarışla texniki pasport arasında aşkar uyğunsuzluq mövcuddur. Cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhz həmin şəhadətnaməyə əsasən qeyd olunan torpaq sahəsinə dair üçüncü şəxsə xx xxxxxx 2017-ci il tarixli, ******* saylı reyestrdən çıxarış və eyni tarixli texniki pasport verilmişdir. Cavabdeh orqan tərəfindən, üçüncü şəxsə reyestrdən çıxarış və texniki pasport verilərkən iddia edilən torpaq sahəsinə baxış keçirilməmiş, mübahisəli torpağın ilkin sənədləri ilə sonradan verilən sənədləri arasında ciddi uyğunsuzluqların mövcudluğu nəzərə alınmamış, sahənin qonşuluqda yerləşən sahələrlə sərhədləri düzgün müəyyən edilməmiş, nəticədə İddiaçınə məxsus olan binanın ərazisinə (onun binasına bitişik yerləşməklə) və onun torpaq sahəsinə müdaxilə olunaraq, onun hüquqları pozulmuşdur. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşdə olan: - X7 ünvanlanmış AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin **********95 bömrəli xx.xx.2016-cı il tarixli bildirişində göstərilir ki, “ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinə texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** nömrəli, xx.xx.2016-cı il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, mülkiyyətinizdə olan torpaq sahəsinin bir hissəsində digər fiziki şəxs tərəfindən tikili inşa olunaraq istifadəsindədir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır.” - Üçüncü şəxsin xx.xx.2017-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2016-cı il tarixli məktubda göstərilən qanunsuz tikilinin ona məxsus torpaq sahəsinin hansı hissəsində inşa olunmasına dair araşdırma aparılmasına dair müraciətinə hazırki iş üzrə cavabdehin xx.xx.2017-ci il tarixli, **********49 nömrəli məktubu ilə bildirilmişdir ki, “mülkiyyətinizdə olan 109,24 kv.m torpaq sahəsindən 22,1 kv.m torpaq sahəsi digər fiziki şəxs tərəfindən zəbt edilərək istifadə edilməkdədir və həmin sahədə 1 mərtəbəli tikili inşa edilmişdir.” Cavabdeh orqanın birinci imtina məktubuna əsasən hazırkı iş üzrə üçüncü şəxs qismində iştirak edən X12 “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-654/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddianı qismən, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma hissəsində təmin etmişdir. Qətnamədən apelyasiya şikayəti verilmişdir. Lakin hazırki inzibati işin gedişatı ilə əlaqədar olaraq mülki iş üzrə icraat müvəqqəti olaraq dayandırılmışdır. İşin hallarından görünür ki, İddiaçı cavabdeh AR ƏMDK yanında Bakı şəhər Ərazi İdarəsinə, üçüncü şəxs X14 olmaqla, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, torpaq sahəsinin plan-ölçüsü barədə ilkin sənədlər və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbini irəli sürərək, iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə iddiaçı "SAF” çoxsahəli kiçik müəssisəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X7 qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, torpaq sahəsinin plan-ölçüsü barədə ilkin sənədlər və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “... məhkəmə icraatında iddiaçının gətirdiyi dəlillər təsdiqini tapmadığından, eləcə də cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxsin adına reyestdən çıxarışı və digər sənədləri (o cümlədən texniki pasportu) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin verdiyi “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə əsasında verdiyi müəyyən olunduğundan, cavabdehin həmin sənədlərin verilməsi ilə bağlı hərəkətlərinin qanunsuz olduğu isbat olunmur. Həmçinin qeyd edir ki, iş üzrə ekspertiza təyin edilmiş, lakin zəruri mütəxəssis rəyi alınmadığından ekspertiza rəyinin verilməsi də mümkün olmamışdır. İddiaçının mübahisələndirdiyi aktların ləğvi və etibarsız sayılması ilə bağlı xüsusatlar məhkəmə icraatında müəyyən edilməmişdir.” Aşağıdakılara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır. Belə ki, işdə olan: -Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 11.11.97-ci il tarixli Şəhadətnaməyə əsasən ünvan 3 ünvanda yerləşən 134 saylı pavilyon X1. - ünvan 3 ünvanda yerləşən 134 saylı pavilyona dair xx.xx.1997-ci il tarixdə tərtib edilmiş texniki pasportdan müəyyən edilir ki, pavilyonun ümumi tikinti altı sahəsi 37,63 kv.m. təşkil edir. - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.1998-ci il tarixli 87 saylı Şəhadətnaməyə əsasən ünvan 3 ünvanda yerləşən 134 saylı pavilyonun ümumi sahəsi 109,24 kv.m X5 mülkiyyətindədir. - DƏDRX-dən xx.xx.2006-cı il tarixli MN ******* nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanda, istifadədə olan 0,01269 ha torpaq sahəsində yerləşən 115,6 kv.m. ümumi, 104.7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam X5 mülkiyyətinə verilmişdir. Həmin çıxarışa əlavə olunmuş 134 saylı pavilyonun torpaq sahəsinin plan-sxeminə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 20 ünvanda yerləşən sahənin ümumi sahəsi 109,24 kv.m. tikinti altı sahə 37,63 kv.m., sərbəst sahə 71,61 kv.m. təşkil edir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 20 ünvanda 0,010924 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 115,6 kv.m. qeyri-yaşayış sahəsi X5 mülkiyyətindədir. Həmin çıxarışa əlavə olunmuş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş xx.xx.2017-ci il tarixli texniki pasporta əsasən, torpaqayırma sənədləri üzrə 109,24 kv.m., faktiki istifadə üzrə 161,8 kv.m. və əsas tikinti altı sahə 132,0 kv.m. təşkil edir. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi üçüncü şəxsin adına verilmiş çıxarış və texniki pasportda göstərilən koordinatların düzgün təyin edilibedilməməsi və həmin koordinatların iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinə dair məhkəmə texniki ekspertizası təyin etmiş, lakin mütəxəssis rəyinin verilməməsi ilə əlaqədar olaraq, ekspert rəyinin verilməsi mümkün olmamışdır. Məhkəmə bununla kifayətlənmiş və ekspert rəyinin verilməsinə mane olan halları aradan qaldırmamış, nəticədə işin halları kifayət qədər araşdırılmadan yekun məhkəmə qərarı qəbul edilmişdir. İş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün üçüncü şəxsin adına verilmiş texniki pasportda və reystrdən çıxarışda göstərilən koordinatların dəqiqləşdirilməsi, həmin koordinatların iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinə dair məhkəmə texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1164 nömrəli ekspert rəyində isə aşağıdakılar müəyyən edilmişdir: - AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifov) mütəxəssis rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən X5 mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş texniki pasporta uyğun olduğu müəyyən edilir. - AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavinin imzaladığı xx.xx.2017-ci il tarixli məktubun məlumatlarını və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.1998-ci il tarixli 87 saylı qeydiyyat nömrəli Şəhadətnamə və şəhadətnaməyə əlavə olunmuş plan sxem ilə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 20 ünvanında yerləşən, 134 saylı paviliyonun torpaq sahəsinə dair xx.xx.2006-ci il tarixli və xx.xx.2017-ci il tarixli çıxarışlarda göstərilən ölçülər arasında uyğunsuzluq olduğunu nəzərə alaraq, cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X5 adına 2017-ci il tarixdə verilmiş reyestrdən çıxarış və texniki pasportda əks olunanlar, ilkin sənədlərdə göstərilən torpaq sahəsinin ölçüsü və faktiki vəziyyəti ilə eynilik təşkil etmir. -Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş texniki pasporta əsasən, X5 istifadəsində olan 2,8x7,7m ölçüdə torpaq sahəsi ilə, İddiaçı kiçik müəssəsinin faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi üst-üstə düşdüyü müəyyən olunur. Lakin Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 20 ünvanında yerləşən, X5 adına verilmiş 134 saylı paviliyona dair ilkin sənədlərə əsasən sərhədlərinin müəyyən etmək mümkün olmadığı üçün, Z.Əliyevin adına verilmiş ilkin sənədlərdə göstərilən mübahisəli torpaq sahəsi ilə iddiaçının torpaq sahəsi və üzərində olan tikililər ilə üstə-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Göründüyü kimi 134 saylı pavilyona dair ilkin sənədlərə əsasən sərhədlərinin müəyyən edilməməsinə görə, üçüncü şəxsin adına verilmiş ilkin sənədlərdə göstərilən torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin üstüstə düşməsi ekspert tərəfindən müəyyən edilməmiş, lakin cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş xx.xx.2017-ci il tarixli texniki pasporta əsasən sonuncunun istifadəsində olan torpaq sahəsinin bir hissəsinin iddiaçının faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhz yuxarıda qeyd olunan sənədlərin tədqiqi nəticəsində aşkar müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 20 ünvanda yerləşən 134 saylı pavilyonun yerləşdiyi torpaq sahəsinə dair X5 adına verilmiş ilkin sənədlərdə göstərilən ölçülərlə, sonradan verilmiş sənədlərdə əks olunan ölçülər arasında uyğunsuzluqlar vardır. İş materiallarında olan, xx xxxxxx 2020-ci il tarixli, 10-1164 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, “Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin rəis müavininin imzaladığı xx.xx.2017-ci il tarixli məktubun məlumatlarını və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.1998-ci il tarixli 87 saylı Qeydiyyat nömrəli Şəhadətnamə və Şəhadətnaməyə əlavə olunmuş plan sxem ilə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 20 ünvanda yerləşən 134 saylı pavilyonun torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli və xx.xx.2017-ci il tarixli Çıxarışlarda göstərilən ölçülər arasında uyğunsuzluq olduğunu nəzərə alaraq, cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X9 adına 2017-ci il tarixdə verilmiş reyestrdən çıxarış və texniki pasportda əks olunanlar, ilkin sənədlərdə göstərilən torpaq sahəsinin ölçüsü və faktiki vəziyyəti ilə eynilik təşkil etmir.” Beləliklə, iş üzrə tədqiq edilən sənədlərlə, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin rəis müavininin imzaladığı xx.xx.2017-ci il tarixli məktubun məlumatları və xx xxxxxx 2020-ci il tarixli, 10-1164 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, üçüncü şəxs X5 adına 2017-ci il tarixdə verilmiş reyestrdən çıxarış və texniki pasportda əks olunanlar, ilkin sənədlərdə göstərilən torpaq sahəsinin ölçüsü və faktiki vəziyyəti ilə eynilik təşkil etməməklə, həmin çıxarış və texniki pasport ilkin sənədlərə uyğun verilməmişdir. Digər tərəfdən, üçüncü şəxs X5 adına ünvan 5 ünvanda yerləşən 134 saylı pavilyona dair ilkin sənədlərə uygun verilməyən xx.xx.2017-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, üçüncü şəxsin adına mülkiyyət hüquqları qeydiyyata alınmış ünvan 5 ünvanda 0,010924 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 115,6 kv.m.-dir. Beləliklə, yuxarıda qeyd olunan sənədlərə əsasən, üçüncü şəxsin, ümumi sahəsi 115,6 kv.m. olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,010924 ha ölçüdə olan torpaq sahəsinə hüquqları qeydə alınmışdır. Bu isə o deməkdir ki, üçüncü şəxsin 1 mərtəbəli, ümumi sahəsi 115,6 kv.m. olan qeyri-yaşayış sahəsindən 6,36 kv.m az ölçüdə olan, 109,24 kv.m. torpaq sahəsinə hüququ vardır. Belə vəziyyətdə, iddiaçının hər hansı tikililəri üçüncü şəxsə məxsus torpaq sahəsində inşa etməsindən söhbət gedə bilməz. Bundan əlavə, iş materiallarından həm də müəyyən olunmuşdur ki, cavabdeh orqan üçüncü şəxsin hüquqlarının dövlət qeydiyyatına alınmasına dair müraciətinə xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə cavab verərək, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində başqa fiziki şəxsin tikintisi olmasına görə “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” AR Qanununun 13.7-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina etmiş, sonuncu cavabında isə dəqiqləşdirərək üçüncü şəxsin mülkiyyətində olan 109,24 kv.m torpaq sahəsindən 22,1 kv.m torpaq sahəsinin digər fiziki şəxs tərəfindən zəbt edilərək istifadə edildiyini bildirmişdir. İşin hallarından görünür ki, məhz cavabdehin xx.xx.2016-cı il tarixli imtina məktubuna əsasən, Ziyad Əliyev Bakı şəhər Nərimanov Rayon Məhkəməsində qanunsuz tikilinin sökülməsi və s. barədə iddia qaldırmışdır. Qeyd olunan mülki iş üzrə icraat davam edərkən, sonuncu məktubundan 5 ay sonra cavabdeh orqan üçüncü şəxs X5 hüquqlarını dövlət qeydiyyatına almış, onun adına xx.xx.2017-ci il tarixli çıxarış və texniki pasport vermişdir. İşin qeyd edilən bu halı, yəni cavabdehin məktublarında qeyd etdiyi maneə ilə əlaqədar imtinasının ardından, üçüncü şəxsin hüquqlarını dövlət qeydiyyatına alması sonuncu məktubda qeyd olunan 22,1 kv.m torpaq sahəsinin həqiqətən X7 xüsusi mülkiyyətində olan 109 kv.m torpaq sahəsi daxilində deyil, mübahısəli sahənin cavabdeh tərəfindən hüquqmüəyyənedici sənəd olmadan üçüncü şəxsin adına qeyri-qanuni apardığı koordinatlar daxilində olması qənaətinə gəlməsinə əsas verir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, üçüncü şəxs X5 adına Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 20 ünvanda yerləşən 134 saylı pavilyonun ilkin sənədləri verildiyi tarixdən, daha dəqiq desək, 1998-ci ildən cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən torpaq sahəsinə dair hüquqların dövət qeydiyyatına alınmasından imtinaya dair xx.xx.2016-cı tarixli məktubu alana qədər, yəni 18 il ərzində üçüncü şəxs iddiaçının istifadəsində olan tikililərin yerləşdiyi mübahisəli torpaq sahəsinə dair hər hansı tələb irəli sürməmişdir. Bu isə bu gün mübahisə predmeti olan torpaq sahəsinin üçüncü şəxsə hər hansı aidiyyətinin olmadığına dəlalət edir. Həmçinin, xx xxxxxx 2020-ci il tarixli, 10-1164 nömrəli ekspert rəyinin nəticə hissəsində də qeyd edilir ki, “Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş texniki pasporta əsasən, X5 istifadəsində olan 2,8x7,7 ölçüdə torpaq sahəsi ilə İddiaçı kiçik müəssisəsinin faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi üst-üstə düşdüyü müəyyən olunur. Lakin, ünvan 3 ünvanda yerləşən X5 adına verilmiş 134 saylı pavilyona dair ilkin sənədlərə əsasən sərhədlərini müəyyən etmək mümkün olmadığı üçün Z.Əliyevin adına verilmiş ilkin sənədlərdə göstərilən mübahisəli torpaq sahəsi ilə iddiaçının torpaq sahəsi və üzərində olan tikililər ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı”. Göründüyü kimi, üçüncü şəxs X5 adına sonradan verilmiş xx.xx.2017-ci il tarixli Çıxarış və texniki pasporta əsasən iddiaçının torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilir. Qeyd olunan bu sənədlər isə üçüncü şəxsin adına verilmiş ilkin sənədlərlə eynilik təşkil etməyərək, ilkin sənədlərə uyğun deyildir. İlkin sənədlərə əsasən isə X5 adına verilmiş 134 saylı pavilyonun yerləşdiyi torpaq sahəsinin sərhədlərini ümumiyyətlə müəyyən etmək mümkün deyildir. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi yanında DƏDRX-nin ünvan 6 ünvanda yerləşən X5 adına verilmiş 134 saylı pavilyonun yerləşdiyi torpaq sahəsinin sərhədlərinin ilkin sənədlərə görə müəyyən etmək mümkün olmadığı halda, ilkin sənədləri nəzərə almadan, xx.xx.2017-ci il tarixdə üçüncü şəxsə ilkin sənədlərə tamamilə uyğun olmayan Çıxarış və texniki pasport vermiş, nəticədə həmin sənədlər, X5 istifadəsində olan 2,8x7,7 ölçüdə torpaq sahəsi ilə İddiaçı kiçik müəssisəsinin faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahələrinin üst-üstə düşməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə, bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: -9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; -9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; -9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. -13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. İşin sadalanan hqallarını nəzərə alaraq məhkəmə kollegiyasıl hesab edir ki, cavabdeh tərəfindən üçüncü şəxsin adına aparılmış dövlət qeydiyyatı, yalnız qeyd olunan 21,56 kv.m (2,8x7,7) üst-üstə düşən hissədə iddiaçının hüquqlarına toxunduğundan və üçüncü şəxsin adına aparılmış sonuncu qeydiyyatla həmin torpaq sahəsinə dair ilkin sənədlər öz əhəmiyyətini itirdiyindən, X5 adına aparılmş sonuncu dövlət qeydiyyatı və xx.xx.2017-ci il tarixli, 112749 nömrəli çıxarış və texniki pasport yalnız iddiaçının hüququna toxunan hissədə mübahisələndirilə bilər və həmin hissəsə ləğv edilməlidir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normaları baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Bu səbəbdən, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X5 adına aparılmış, ünvan 7 ünvanında yerləşən torpaq sahəsinə dair dövlət qeydiyyatı və onun əsasında verilən xx.xx.2017-ci il tarixli çıxarış və digər sənədlər iddiaçının faktiki torpaq sahəsi ilə üst-üstə düşən 21,56 kv.m. hissədə ləğv edilsin. İddia qalan hissədə təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyal Sarıyev Hakim: Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-28/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-28/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver