Məhkəmə qərarları › İş №2-1(103)-280/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-280/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-280/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-597/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, 2-ci dalan, 2 a ünvanda yerləşən qeyri-yaşayış binasının eskiz layihəyə uyğun şəkildə adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, 2-ci dalan, 2 a ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin qeyri-yaşayış binasının kinci mərtəbəsinin inşası üçün tərəfindən Səbail rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. İlk növbədə qeyri-yaşayış binasının eskiz layhəsi hazırlanmış və həmin məsələyə baxılması üçün Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəifndən təqdim olunmuş memarlıq planlaşdırmanın eskiz həlli razılaşdırılmışdır. Bundan sonra Səbail rayon İcra Hakimiyyəti Başçısının 37 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamı ilə adıçəkilən qeyri-yaşayış binasının 2-ci mərtəbəsini inşasına icazə verilmişdir. Bundan sonra tərəfindən layihəyə uyğun olaraq qeyri-yaşayış binasının ikinci mərtəbəsi inşa edilmişdir. O, qeyri-yaşayış sahəsinin mövcud layihəyə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə əlaqədar olaraq ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin, müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, imtina əsassızdır. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-597/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı iləiddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, ünvan 6 dalan, 2 A saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəyə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin qeyriyaşayış sahəsinə dair texniki pasportun və çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan cavabdeh şikayət verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, 2-ci dalan 2A ünvanında yerləşən ümumi sahəsi 29,18 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası (yerləşdiyi 0,00331 ha torpaq sahəsi üzərində mülkiyyət növü dövlət, hüququn növü istifadə) daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçmişdir. Lakin İdarəyə təqdim edilmiş ərizəyə əlavə edilmiş eskiz layihəsindən görünür ki, müvafiq ünvanda əlavə 2 mərtəbə və texniki mərtəbə inşa edilmişdir. Lakin inşa edilmiş əlavə sahələrə dair qanunvericliyin tələblərinə uyğun olan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Belə ki, müvafiq ünvanda inşa edilmiş əlavə sahələrə dair təqdim edilmiş 2016-cı il tarixli tikintiyə icazə sərəncamı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmiş, həmçinin, eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə inşa edilmiş əlavə tikililərə dair istismara icazə sənədi və torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini xx.xx.2018-ci il tarixədək Bakı şəhər İcra Hakimiyyəti, xx.xx.2018-ci il tarixindən sonra isə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Lakin sənədlərdən göründüyü kimi müvafiq qeyri-yaşayış binasına dair sənədlər qanunsuz olaraq Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Bundan əlavə müvafiq ünvanda idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işlərinin aparılmasına iddiaçı tərəfindən şərait yaradılmamışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya imtina məktubu ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-1226/2019 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-597/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-2888/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-1226/2019 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından müəyyən olunmuşdur ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa və xx.xx.2013-cü il tarixli texniki pasporta əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, 2-ci dalan, 2 A ünvanında yerləşən sahəsi 29.18 kv.m olan, 1 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətçisidir. Həmin qeyri-yaşayış binasına dair xx.xx.2013-cü il tarixdə olan vəziyyətə əsasən texniki pasport tərtib edilmişdir. Daha sonra “xxxx” X7 tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, 2-ci dalan, 2 A ünvanında yerləşən qeyriyaşayış sahəsinin eskiz layihəsi verilmiş və bu layihə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə 18/03-8/629 nömrə ilə razılaşdırılmışdır. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 37 saylı, xx xxxx 2016cı il tarixli “Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03- 8/629 saylı, xx.xx.2016-cı il tarixli məktubunun icrası ilə əlaqədar tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” sərəncamı ilə Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/629 saylı, xx.xx.2016-cı il tarixli məktubunda vətəndaş İddiaçı məxsus Səbail rayonu, Salyan yolu küçəsi, 2-ci dalan, 2 A saylı ünvanda yerləşən mövcud qeyri-yaşayış obyektinin (DƏDRX Seriya RX 0244310 saylı, xx.xx.2013-cü il tarixli çıxarış) 2-ci mərtəbəsinin tikinti ilə əlaqədar təqdim olunmuş memarlıq – planlaşdırmasının eskiz həlli (“xxxx” MMC-nin işi, Baş memar S.Əliyeva) razılaşdırılmışdır. Bakı şəhər İH Memarlıq və Şəhrəsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş 18/03-8/629 saylı, xx.xx.2016-cı il tarixli eskiz layihəni, vətəndaşın müraciətini və təqdim edilmiş sənədləri nəzərə alaraq vətəndaş İddiaçı Səbail rayonu, ünvan 6 dalan, 2 A saylı ünvanda yerləşən, mülkiyyətində olan torpaq sahəsindəki mövcud qeyri-yaşayış obyektinin (DƏDRX Seriya RX ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarış) Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixdə, 18/03-8/629 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsi əsasında FHN-nin və Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq rəylərinin alınması şərti ilə 2-ci mərtəbəsinin öz vəsaiti hesabına tikintisinə icazə verilmişdir. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, 2-ci dalan, 2 a ünvanında yerləşən qeyri-yaşayış binasının mövcud layihəyə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə əlaqədar olaraq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş istismara icazə sənədlərinin təqdim edilməməsi, eləcə də, aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı əsası ilə müaciətin təmin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, 2-ci dalan, 2 a ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğunu, həmin sahənin eskiz layihəsinin Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırıldığını, Səbail rayon İcra Hakimiyyətinin 37 saylı, xx xxxx 2016-cı il tarixli sərəncamı ilə iddiaçıya Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016cı il tarixdə, 18/03-8/629 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsi əsasında FHN-nin və Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq rəylərinin alınması şərti ilə 2-ci mərtəbəsinin öz vəsaiti hesabına tikintisinə icazə verildiyini əsas götürərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı”nda İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Göründüyü kimi İ və İİ normal məsuliyyət səviyyəli binaların tikintisinə icazə sənədi vermək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olduğu halda işə qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə dair Bakı şəhər icra hakimiyyətinin sərəncamı əlavə edilməmişdir. Əksinə işdən görünür ki, 2016-cı il tarixli tikintiyə icazə sərəncamı qanunvericiliyə zidd olaraq Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Digər tərəfdən işdən görünür ki, işə qanunla tələb olunan iddiaçı tərəfindən inşa edilmiş 2 mərtəbəli qeyri-yaşayış binasının istismarına icazə sənədi əlavə edilməmişdir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə dair qanunla tələb olunan sənədləri təqdim edilməməsinə baxmayaraq həmin daşınmaz əmlaka eskiz layihəyə uyğun dövlət qeydiyyatına alınması və texniki pasportun verilməsi vəzifəsini cavabdehin üzərinə qoymaqla qanunvericiliyin yuxarıda adı çəkilən normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərilmiş halları araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən Bakı şəhəri Səbail rayonu, Salyan yolu küçəsi, 2-ci dalan, 2 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tikintisinin Bakı şəhəri İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixdə 18/03- 8/629 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun aparılması, həmin qeyriyaşayış sahəsi inşa edilərkən layihədən kənaraçıxma hallarının olmaması və aparılmış tikinti işlərinin mövcud texniki inşaat və təhlükəsizlik normalarına uyğun olmasına dair dəlillərini əsassızdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 10.1 və 10.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən yuxarıda göstərilən məsələlərə müsbət cavablar alınmasını təsdiq edən sənəd, yəni istismara qəbul aktını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim olunduğu halda həmin orqanın üzərinə qeyri-yaşayış sahəsinə çıxarış verilməsinə dair öhdəlik qoyula bilərdi. İşə baxan birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən belə bir sənədin nə inzibati orqana, nə də məhkəməyə təqdim edilməməsinə baxmayaq əsassız olaraq cavabdeh inzibati orqanın üzərinə istismara qəbul edilməmiş əmlaka dair çıxarış verilməsi barədə öhdəlik qoymuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən həmin Məcəllənin 101.2-ci maddəsində qeyd olunan müvafiq icra hakimiyyəti orqanı qismində Bakı şəhər İcra Hakimiyyəti çıxış edir. Bundan başqa Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında əksini tapmış iş üzrə “ekspertiza təyin edilməsi”nə dair göstərişi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, qeyri-yaşayış sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün tikinti obyektinin istismarına icazə aktı mütləq olmalıdır. Hazırki iş üzrə məhkəmə ekspertizası təyin olunaraq aparılan tikinti işlərinin layihəyə uyğun aparıldığı müəyyən olunsa da belə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikinti obyektlərinin istismarına icazə verilməsi barədə müvafiq akt və ya qərar olmadan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə əmlakın dövlət reyestrində qeydə alınmasına dair öhdəliyin qoyulması qanunsuzdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməli (İPM-87.6), şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-597/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən:H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar