Məhkəmə qərarları › İş №2-1(103)-280/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-280/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-280/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-2-1(112)-4139/2021 saylı, 14.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, 60 yaşının tamam olduğu 26 yanvar 2021-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1961-ci ildə Salyanda doğulmuş, 19.09.1978-ci il tarixindən hal-hazıra qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. 42 ilədək ümumi, 14 ilədək zərərli və ağır işlərdə iş stajı vardır. O, işlədiyi "xxxx" QSC-nın 24 saylı X2 05.04.2004-cü ildən 08.06.2004-cü ilə qədər presləyici, 08.06.2004-cü ildən 12.08.2013-cü il tarixə qədər relskəsən, 12.08.2013-cü ildən 01.05.2016-ci ilə qədər relsötürən, 01.05.2016-cı ildən hal-hazıra qədər relskəsən vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.2-ci bəndinin 25-ci abzasında (isti metalın kəsilməsi ilə məşğul olan metalın preslərlə və qayçılarla kəsiciləri) öz əksini tapmışdır. Odur ki, 60 yaşından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanlanmış 01.02.2021-ci il tarixli cavab məktubu ilə onun işlədiyi peşələrin sözügedən “Siyahı”nın “Metal emalı” bölməsində (11) dəmirçi-presləmə istehsalatı bəndində (11.2) işçi ştamp presləyicilər peşəsinə uyğun gəlmədiyini əsas gətirərək, qanunsuz olaraq ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, imtina məktubunda göstərilən əsaslarla iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-2-1(112)-4139/2021 saylı, 14.07.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Birincisi, işlədiyi yerlərdə zərərli və ağır sahə olduğundan ona əlavə əmək haqqı və süd verilmişdir. İkincisi, onun tutduğu vəzifəsi rels bəndləyicilərin istehsalı isti metalın kəsmə və təmizlənməsi, presdə rels bəndlərinin doğranması ilə məşğul olan qayçılarda və preslərdə metalın kəsicisi, rels bəndlərinin presləyicisi, isti ştamplama ilə məşğul olan rels bəndlərinin deşici presləyicisi, isti metalların qayçılarla və preslərdə, mişarlarla, bıçaqlarla və dəzgahlarda kəsilməsi ilə məşğul olan kəsici olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 No-li Siyahısında qeyd olunan vəzifələr 1072103a-17914, 1072103a-17928, 2040300a-17089, 2040300a-17914, 10303000a- 17089 kodlarında qeyd olunmuşdur. Bu isə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Üçüncüsü, iddiaçının iş yeri zərərli, ağır sahə olmasına dair iş yerindən arayış iş materiallarına əlavə olunsa da məhkəmə bu hissəsinə düzgün hüquqi qiymət verməmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əhmədova iddiaçının fərdi hesabında müvafiq pensiya kapitalının yığıldığını bildirərək, bu barədə arayşı məhkəməyə təqdim etmiş və hər bir halda iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, 60 yaşının tamam olduğu 26 yanvar 2021-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi təmin edilməmişdir. Məhkəmə bu nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçının işlədiyi presləyici, reslskəsən və resötürən vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərədə tutulmamışdıır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. 01.01.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1ci maddəsinin 01.07.2017-ci il tarixədən qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanun qeyd olunan tələbindən göründüyü kimi,60 yaşından güzəştli əmək pensiyasının təyin edilməsi üçün sığortaolunanın 60 yaşı tamam olmalı, 25 il ümumi və azı 12 il 6 ay güzətli pensiya hüququ verən iş stajına malik olmalı və onun minimum əmk pensiysını almağa imkan verən pensiya kapitalı olmalıdır. Konkret halda qanunvericiliyin müəyyən etdiyi həmin şərtlər iddiaçıda mövcuddur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti...; «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı...; 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər... Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iddiaçının iş materiallarında olan əmək kitabçasının və hərbi biletinin təsdiq olunmuş surətlərinə əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur: 1) 28.04.1979 – 22.04.1981: müddətli həqiqi hərbi xidmət (1 il 11 ay 24 gün) 2) 01.06.1981 - 01.07.1981: Salyan plastmas emalı zavodunda fəhlə (1 ay); 3) 19.09.1978 - 12.04.1979: Salyan Taxıl məhsulları kombinatının yem zavodunda fəhlə( 6 ay 21gün); 4)16.07.1981 - 01.05.2004: “Salyan-Taxıl” Səhmdar Cəmiyyətində teplovoz maşinisti (22 il 9ay 15gün ); 5) 05.04.2004 - 08.06.2004: 24 saylı X5 presləyici ( 2 ay 3 gün); 6) 08.06.2004 - 12.08.2013: həmin müəssisədə relskəsən (9 il 2 ay 4gün); 7) 12.08.2013 - 01.05.2016: relsötürən (2 il 8 ay 19 gün); 9) 01.05.2016 - 26.01.2021(cavabdehə müraciət etdiyi tarix): relskəsən (4 il 8 ay 25 gün); Beləliklə də pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixə kimi iddiaçının 26.01.2021-ci il tarixində 60 yaşı tamam olana kimi 25 ildən çox iş stajı mövcud olmuşdur ki, bu da işin mübahisələndirilməyən hallarını təşkil edir. Eyni zamanda, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən pensiya kapitalına malik olması da işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdehin nümayəndəsinin hazırkı məhkəmə iclasında verdiyi izahatına və məhkəmə sorğusuna əsasən onun məhkəməyə təqdim etdiyi 12 yanvar 2022-ci il məktubuna əsasən bildirmişdir ki, iddiaçının cəmi, pensiya kapitalı 44.113,95 manat təşkil edir. Güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün isə qanunvericiliyə uyğun olaraq ona münasibətdə minimum 40.800,00 manat məbləğində pensiya kapitalı tələb olunur. Qeyd edilməlidir ki, iddiaçının Qanunun qeyd olunan normasında göstərilən 60 yaş həddinə çatması da işin mübahisələndirilməyən halıdır. Belə ki, iddiaçının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin ( № 0*******: Salyan RPŞ 29.04.2011) surətinə əsasən 26.01.2061-ci il tarixində doğulduğu nəzərə alındıqda, onun 26.01.2021-ci il tarixinə 60 yaşı tamam olmuşdur. İşin cavabdeh tərəfindən imtina məktubunda və məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında mübahisələndirdiyi hallar isə ondan ibarətdir ki, cavabdeh iddiaçının Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan azı 12 il 6 ay xüsusi iş stajının olmadığını mübahisələndirərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.2-ci bəndinin 25-ci abzasında isti metalın kəsilməsi ilə məşğul olan metalın preslərlə və qayçılarla kəsiciləri öz əksini tapmışdır. İddiaçının çalışdığı vəzifələr həmin vəzifəyə uyğun gəlmir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarının 7-ci vərəqində olan 24 saylı X6 03 saylı 25 yanvar 2021-ci il tarixli arayışında göstərilmişdir ki, iddiaçının həmin müəssisədə çalışdığı 05.04.2004 - 08.06.2004 dövründə presləyici; 08.06.2004 -12.08.2013 dövründə relskəsən; 01.05.2016-cı il tarixindən hal-hazıradək relskəsən kimi işlədiyi müddətin 13 ilə 10 ay 25 günü (relskəsən kimi işlədiyi müddət) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 11.2-ci (abzas 25) bəndində göstərilən isti metalın kəsilməsi ilə məhğul olan metalın preslərlə və qayçılarla kəsicisi peşəsinə uyğun gəlməklə ona güzəştli təqaüd almaq hüququ verir. İşin apellyasiya icraatı mərəhləsində iddiaçının izahatına əsasən müəyyən olunmuşdur ki, o, isti metalın (relsin) deyil, soyuq metalın kəsilməsi ilə məşğul olmuşdur. Bu ziddiyyətin aradan qaldırılması üçün məhkəmə tərəfindən müvafiq sorğular verilmiş və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X4”nin 12 saylı 12 noyabr 2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş 11 No-li 26.11.2-21-ci il tarixli arayışa əsasən müəyyən olunmuşdur ki, 05.04.2004-cü ildən hal-hazıradək iddiaçı 24 saylı X5 14 il 8 ay 28 gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının “Metal istehsalatı” bölməsinin 3.7-ci bəndinin (“Yayma, çarxyayma, bandajyayma, yabayayma, tənəkəyayma, qalayçı, sinkləmə, qurğuşunlama istehsalatı. Rels bəndlərinin istehsalı. İsti metalın termik emalı, kəsilməsi və təmizlənməsi.) 35-ci abzasına (soyuq metalın kəsiciləri) uyğun olan işdə işləmişdir. Həmin məktuba əlavə olunmuş “Relskəsən”in vəzifə təlmatından da görünür ki, relskəsənin vəzifəsi ressin kəsilməsini təmin etməkdən ibarət dir. O cümlədən, həmin Təlimatın 4-cü bəndinə əsasən xüsusi zəhərli məhlulla çalışan tenoloji xətdə quraşdırılmış polad lentvari mişarlı TMC markalı dəzgahda relslərin kəsilməsini təmin etmək relkəsənin vəzifəsidir. Beləliklə də iddiaçının 60 yaşının tamam olduğu 26.01.2021-ci il tarixinə qədər 12 il 6 aydan da çox qeyd olunan “Siyahının” 3.7-ci bəndinə uyğun gələn peşədə soyuq metalın, o cümlədən, relsin kəsicisi kimi işlədyi sübuta yetirilir. Belə olan halda, peşəsində çalışdıbı kimi kəsən peşəsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin nəzərdə tutulan 60 yaşından güzəştli pensiya təyinatı üçün tələb olunan azı 12 il 6 ay xüsusi iş stajının mövcudluğu da müəyyən olunur. Onu da qeyd etmək lazımdır ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 No-li qərarı ilə 1 və 2 №-li Siyahı təsdiq edilənə qədər qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 22.08.1956-cı il tarixli 1173 nömrəli Qərarı ilə təsdiq edilmiş “2 №-li Siyahı”nın 30-cu bölməsi “Nəqliyyat” adlanırdı. Həmin bölmənin “Dəmiryol nəqliyyatı və Metropoliten” adında 1-ci yarımbölməsində isə teplovoz, (o cümlədən didizel) sürücü və maşinistləri və onların koməkçiləri peşələri güzəştli pensiya hüququ verən peləşələrə aid edilirdi. İddiaçının da yuxarıda qeyd edilən əmək stajından da görünür ki, 16.07.1981 - 01.05.2004-cü illərdə, o cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarı ilə 1 və 2 No-li Siyahılar təsdiq ediləndək X3 teplovoz maşinisti kimi işləmişdir. Belə olan halda, “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, həmin müddətin də iddiaçının güzəştli pensiya hüqu verən iş stajı kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğundur. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya güzətli şərtlərlə əmək pensiyası təyin edilməsini zəruri edən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən bütün şərtlər öz təsdiqini tapır (İPM m.14.3). İPM-in 73.1-ci maddəsinin tələbtindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Lakin birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmamış, iş üçün əhəmiyyƏti olan bütün faktiki hallar aydınlaşdırılmamış, bütün bunların nəticəsi olaraq da iddianın rədd olunması barədə maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan nəticəyə gəlinmişdir. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zərərli işlərdə çalışdığını, birinci instansiya məhkəməsi tərəfindən isə iddiaçının bütün bunların nəzərə alınmadığını və işin hallarına düzgün hüquqi qiymət verilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-2-1(112)-4139/2021 saylı, 14.07.2021-ci il tarixli qərarı ləğv edilməli, iddianın təmin edilməsi və iddiaçıya 60 yaşının tamam olduğu 26 yanvar 2021-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-2-1(112)-4139/2021 saylı, 14.07.2021-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı, 60 yaşının tamam olduğu 26 yanvar 2021-ci il tarixindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar