Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-280/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8794/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan, iddia tələbinə dəqiqləşmə verərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 iyun 2021-ci il tarixdə **********147921 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 21 may 2021-ci il tarixli **********142128 saylı "xxxx" aktı tərtib edilmişdir. Yoxlama ilə MTK tərəfindən ƏDV üzrə 762 770,29 manat və mənfəət vergisi üzrə 216,08 manat azaldılması, eyni zamanda MTK-nin lisenziyasız fəaliyyətdən 706 268,79 manat qanunsuz xalis gəlirinin əldə edilməsi müəyyən edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 30 iyun 2021-ci il tarixdə **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Beləliklə, yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərarla MTK-ya ƏDV üzrə 762 770,29 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 381 385,15 manat maliyyə sanksiyası, mənfəət vergisi üzrə 216,08 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 108,04 manat maliyyə sanksiyası, ümumilikdə 762 986,37 manat əlavə vergi hesablanmış və 381 493,19 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı tərəfindən yoxlamanın həyata keçirilməsi haqqında qərarda nöbvədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsas formal olaraq göstərilmişdir ki, bu da yoxlamanın qanuni əsasların olmadan təyin edilməsinə və nəticə etibarı ilə yoxlamanın ümumiyyətlə qanunsuz olmasına dəlalət edir. xx.xx.2020-ci il tarixdə başlamış səyyar vergi yoxlaması xx.xx.2020- ci il tarixdə başa çatdırılmalı olduğu halda, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 14 gün sonra, yəni xx.xx.2020-ci il tarixli qərarla dayandırılmışdır.Yəni, yoxlamanın dayandırılmasına dair qərar ilkin səyyar vergi yoxlamasının başa çatmasından 14 gün sonra qəbul edilmişdir ki, bununla da yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haggında” Qərarla 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilsə də, yoxlama qərarına əsasən xx.xx.2021- ci il tarixdə başa çatdırılmalı olduğu halda 30 gündən artıq müddətdə, yəni 18 gün sonra xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır ki, bununla da ikinci dəfə yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir. Belə olan halda, vergi orqanının əlavə vergi yoxlamasının keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Bu, həm də “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında AR Prezidentinin 4 avqust 2016-cı il Sərəncamından və həmin Sərəncamla təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin müddəalarından irəli gəlir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY201455368 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2020, sona çatma tarixi xx.xx.2020 tarixidir. Halbuki, yoxlama xx.xx.2020-ci il tarixində başlasa da, yoxlama müddəti 7 dəfə dayandırılmış (təxirə salınmışdır), bir dəfə əlavə vergi yoxlaması təyin edilmiş və yalnız yoxlamanın başlanmasından 1 il keçdikdən sonra xx.xx.2021-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2020 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2021- ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Əlavə vergi yoxlamasının keçirilməsi ilə bağlı qərarın qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Digər tərəfdən, MTK-nın yoxlamanın gedişatında ekspertizanın keçirilməsindən ümumiyyətlə, xəbəri olmamış, sonuncu vergi orqanı tərəfindən ekspertizanın keçirilməsi haqqında qərarla tanış edilməmiş, MTK-nın onun Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməmiş və yalnız ekspert rəyi əldə edildikdən sonra MTK-ya onlayn kargüzarlıq vasitəsi ilə göndərilmişdir ki, bununla da MTK-nin hüquqları məhdudlaşdırımış və vergi organı tərəfindən kobud ganun pozuntusuna yol verilmişdir. Bundan başqa, ekspertizanı aparan “Azərekspertiza” Birliyinin ekspertinin xüsusi biliyinin olmasını təsdiq edən müvafiq sənədlər, ekspertiza ilə bağlanmış müqavilə və “Azərekspertiza” Birliyinin qiymətləndimrə fəaliyyəti sahəsində ekspertiza aparmaq- səlahiyyətinin olmasını təsdiq edən sənədlər nə ekspert rəyinə əlavə edilmiş, nə də ki MTK- ya yoxlama zamanı təqdim edilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, səyyar vergi yoxlaması vergilərin hesablanması üçün zəruri olan sənədlər (o cümlədən götürülmüş alqı-satqı müqavilələri və sair sənədlər) əsasında aparılmışdır. MTK tərəfindən təməl qoyma xx.xx.2007-ci ilədək olmuşdur. Tikintinin ümumi yaşayış sahəsi 12100,8 kv.m. və 150 mənzildən ibarət olmuşdur. Azərişıqdan alınan məlumata görə 159 sayğac quraşdırılmışdır. Quraşdırılan 159 sayğacdan 149 sayğac yaşayış mənzillərində, digər 10 sayğac qeyri-yaşayış sahələrində quraşdırılmışdır. Bu mənzillərdən 20 mənzil AR Dövlət Sosial Müdafiə Fonduna satdığı mənzilin 1 kv.m. 650.00 Manat təşkil etmişdir. Bunlar nəzərə alınmaqla 150 mənzilin sahəsi 12100,8 kv.m. Ötən dövr üzrə yoxlama ilə əhatə olunan sahə 3752,13 kv/m təşkil etmişdir. Eyni zamanda qeyri-yaşayış üzrə ümumi sahə 1961,1 kv/m təşkil etmişdir. Beləliklə VM-nin 67.16-cı naddəsinə əsasən 2020-ci ilin mart ayı üçün mənzillər üzrə 6803,87 kv/m üzrə 6803.87x400=2721548,0 manat, ƏDV-siz 2306396.61, ƏDV- 415151,39 hesablanmış, əlavə vəsait hesablanmış məbləğə 207575,69 manat m/s tətbiq edilmişdir.Qeyri-yaşayış üzrə 1961,1 kv/m üzrə 1961,1 x 650=1274715,0, ƏDV-siz 1080266,95, ƏDV-194448,05 hesablanmış, əlavə vəsait 97224,02 manat m/s tətbiq edilmişdir. 2019-cu ildə satdığı mənzilin 1544,8kv/m mənzil üzrə 1544,8x650=1004120 manat. ƏDV-siz 850949,15, ƏDV 153170,85 hesablanmış, əlavə vəsait 76585,42 manat m/s tətbiq edilmişdir. MTK-nın 2017-ci ildə fəaliyyəti olmadığı üçün həmin il üzrə mənfəət vergisinin hesablanmasında kənarlaşma aşkar edilməmişdir. 2018-2019-cu illər üzrə icarədən əldə etdiyi gəlirə uyğun xərcləri birbaşa müəyyən etmək mümkün olmadığı üçün Vergi Məcəlləsinin 83.9-cu və 104-cü maddələrinin tələbləri nəzərə alınmaqla NK-nın 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 2018-ci il üzrə 79,36 manat, 2019-cu il üzrə 136,742 manat, cəmi 216,08 manat azaldılmasına görə 50% miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8794/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 iyun 2021-ci il tarixdə **********147921 saylı qərarı ləğv edilmişdir Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «Məhkəmənin qərarı əsassızdır. Səyyar vergi yoxlamasının başlanması üçün kifayət qədər əsaslar olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmçinin iş üzrə sahbkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda da, yoxlama müddəti təqvim günü ilə deyil, iş günü ilə müəyyən edilmişdir. Bu səbəbdən 01 yanvar 2017-ci il tarixinə qədər olan maddənin redaksiyasında kameral vergi yoxlamaların 30 gün ərzində aparılması onu ehtiva edirdi ki, bu günlər təqvim günləri kimi hesablanmalıdır. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının "30 gün" müddətində keçirilməsi ifadəsi əvəzinə "30 iş günü müddətində keçirilir" ifadəsi əks olunmuş və bu qayda 01 yanvar 2017-ci il tarixindən qüvvəyə minmişdir. məhkəməyə sübut olaraq Reyestrdən çıxarış təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutu qiymətləndirərkən yanlış maddi hüquq normasını tətbiq etmişdir. Belə ki, məhkəmə adı çəkilən Əsasnamənin 4.7-ci bəndinə istinad etmiş qeyd olunan bənddə isə reyestrin aparılması ilə bağlı müddəalarda öz əksini tapmışdır. Halbuki, məhkəmə Reyestrdən çıxarışda göstərilməli olan məlumatların siyahısının əksini tapdığı 5-ci bəndə istinad etməli idi. Resyestrdən çıxarışda göstərilməli olan məlumatların isə hər birinin vergi orqanı tərəfindən çıxarışda əks etdirildiyini nəzərə alaraq hesab edirik ki, məhkəmə araşdırmanı düzgün aparmamaış, doğru olmayan maddi hüquq normasını tətbiq etməklə yanlış qənaətə gəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 5-ci bəndində Reyestrdən çıxarışda əks olunmalı olan məlumatların siyahısı dəqiq göstərilmişdir. Qeyd olunan bəndin tələbləri ilə tanış olduqda aydın görünür ki, “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" qərarın reyetrdən çıxarışda əks etdirilməsi nəzərdə tutulmamışdır.Əlavə olaraq qeyd olunan məsələyə dair Ali Məhkəmə "xxxx" MMC-nin Bakı şəhəri lokal Gəlirlər Baş idarəsinə qarşı iddia tələbinə dair iş üzrə xx.xx.2021-ci il tarixli 2- 1 (102)-1041/2021 saylı saylı qərarında bildirilmişdir ki, “Əlavə yoxlama tədbirlərinin keçirilməsi" barədə qərarın reyestrə daxil olunması barədə tələbə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cu maddəsi ilə ona verilmiş səlahiyyətindən istifadə etməklə səyyar vergi yoxlaması aktında mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerlərə getmədən, səyyar vergi yoxlaması zamanı əldə olunmuş sənədlər əsasında səyyar vergi yoxlaması aktındakı çatışmazlıqların və səyyar vergi yoxlaması ilə vergi ödəyicisindən əldə olunmuş sənədlər arasında olan uyğunsuzluqların aradan qaldırılması üçün əlavə araşdırmanın həyata keçirilməsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən həmin qanunun müddəalarının təsiri altına düşmür. Birinci instansiya məhkəməsi həm Vergi Məcəlləsinin 14-cü maddəsini, həm də Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Plenum qərarını iş üzrə düzgün tətbiq etməmişdir. Belə ki, bazar qiymətinin təyin edilməsi hər hansı mərhələyə şamil edilmir. Həmçinin məhkəmə işə aidiyyəti olmayan “Tənzimlənən qiymətlər haqqında” xx.xx.2003cü il tarixli ARQ-na istinad etmişdir. Bildiririk ki, bazar qiymətinin anlayışı Vergi Məcəlləsində təsbit edilmişdir və vergitutma məqsədləri üçün məhz Vergi Məcəlləsinin müddəalarına istinad edilməlidir. Əlavə olaraq, məhkəmənin istinad etdiyi xx.xx.2012-ci il tarixli Plenum qərarında bazar qiymətinin müəyyən edilməsi ilə bağlı açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsinin mümkünlüyü ifadə olunmuşdur. Vergi orqanı tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyində də qeyd olunan Plenum qərarına uyğun olaraq açıq məlumat mənbələrindən istifadə edilmişdir. Göründüyü kimi, məhkəmə qeyd olunan pozisiyada da maddi hüquq normalarına düzgün sitinad etməmiş və qərarı düzgün əsaslandırmamışdır.» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi L.Əhmədova apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, cavabdehin xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı MTK-da növbədənkənar səyyar vergi yoxlaması aparılmış, aşkar olunmuş faktlar üzrə 21 may 2021-ci il tarixli "xxxx" aktı tərtib edilmiş və həmin akt əsasında 30 iyun 2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçıya - ƏDV üzrə 762 770,29 manat, mənfəət vergisi üzrə 216.08 manat əlavə vergi məbləğləri hesablanmış və ona Vergi Məcələssinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50 faizi miqdarında, yəni, 381 493,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin həmin qərarla iddiaçının vergi məsuliyyətinə cəlb olunmasını əsassız sayır. Birincisi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. 3.4.18-ci yarımbəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunubolunmaması) və həmin Əsasnamənin 3.4.19-ci yarımbəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar təşkil edir. 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. İş materiallarından (“Vahid məlumat reyestrindən çıxarışdan) görünür ki, cavabdehin “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarı ilə 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilməsi barədə KY201455368 saylı qərarı görünür ki, qanunvericiliyin sadalanan tələblərinə zidd olaraq, cavabdeh vergi orqanının xx.xx.2021-ci il tarixli, sözügedən əlavə vergi yoxlaması vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Digər tərəfdən, cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticələrinə dair 30 iyun 2021-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı, bu günədək yoxlamanın nəticəsi, bu zaman aşkar olunan qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementrləri barədə məlumatlar da yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Bundan əlavə, mübahisəli səyyar vergi yoxlaması yoxlama aktından görünür ki, xx.xx.2020-ci il tarixdə başlmış yoxlama, 7 dəfə dayandırılmış (təxirə salınmış), bir dəfə əlavə vergi yoxlaması təyin edilmiş, yoxlama 1 il keçdikdən sonra yalnız xx.xx.2021-ci il tarixində başa çatmışdır. Halbuki,“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VİQD nömrəli Qanuna ilə (Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286) Vergi Məcəlləsinə edilən dəyişikliyin qüvvəyəyə mindiyi 1 yanvar 2022-ci il tarixinə qədər həmin Məcəllənin 38.2-ci maddəsinin 2-ci hissəsi nəzərdə tuturdu ki, növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Göründüyü kimi, cavabdeh yoxlamanın qeydə alınması, aparılması və onun nəticələrinnə dair məlumatların reyestrə daxil edilməsi kimi qanunvericiliklə üzərinə düşən öhləiklərini lazımınca yerinə yetirməmiş, kobud qanun pozuntularına yol vermişdir. Ona görə də bununla bağılı cavabdehin apellyasiya şikayətinin formal xarakterli dəlilləri ilə birinci instansiya məhkəməsçin qərarı ilə razılaşmayan dəlillərini əsassız sayır. İşin mahiyyətinə gəldikdə cavabdeh MTK-nın vergi borcunu müəyyən edərkən, Şirvan şəhərində inşa edilmiş yaşayış binası üzrə: 6.803,87 kv/m yaşayış sahəsi, 1.961,1 kv/m qeyri-yaşayış, eyni zamanda, AR ƏƏSMN-yə satılan 20 ədəd mənzilin 1.544,8 kv.m sahəsininin hər kv.m-nə göstərilən orta bazar qiyməti - «Azərekspertiza» Birliyinin xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasında asən əsas tuturaq müəyyən olunmaqla kooperativə 762.770,29 manat məbləğində ƏDV hesablamışdır. (415151,39+194448,05+ 153170,85=762.770,29).Lakin, sözügedən ekspert rəyində təsbit oolunan qiymətlərlə iddiaçıya əlavə vergilərin hesablanması veri qanunvericiliyi ilə müəyyən olunan qaydalara uyğun olduğu müəyyən olunmur. Belə ki, Vergi Məxəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Cavabdeh orqan tərəfindən isə ekspert dəvət edilənə qədər bu Məcəllədə göstərilən üsullardan istiafdə etmədən birbaşa ekspertin cəlb edilməsinə cəhd göstərməmiş, üstünlük vermişdir. Halbuki,birinci növbədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. İşdən görünür ki, MTK tərəfindən təməl qoyma xx.xx.2007-ci ilədək olmuşdur. Tikintinin ümumi yaşayış sahəsi 12100,8 kv.m. və 150 mənzildən ibarət olmuşdur.İddiaçı tərəfindən təqdim edlmiş mənzillərin alqı-satqısına dair müqavilələrindən və borcun ödənilməsinə dair maliyyə arayışlarından görünür ki, mənzillər hazırkı yoxlama ilə əhatə edilən aprel 2017-mart 2020-ci hesabat dövrlərində deyil, əvvəlki (2008-2010) hesabat dövrlərində təqdim edilmişdir. Cavabdeh vergi orqanı isə mənzillərin məhz, yoxlama ilə əhatə edilən hesabat dövrlərində təqdim edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, mənzillər yoxlama ilə əhatə edilən hesabat dövrlərindən əvvəlki hesabat dövrlərində satılmışdır. Vergi Məcəlləsinin qüvvədə olan 56.1-ci maddəsinin tələbinə görə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. İşin qeyd olunan halları isə onu göstərir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 3 il müddəti keçdikdən sonra, cavabdehin vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qəbul etməsi, vergi qanunvericiliyinin qeyd olunan tələbəlrinə zidd olmuşdur Səyyar vergi yoxlaması aktndan görünür ki, əvvəlki vergi yoxlamaları ilə binanın 3.752,13 kv.m (3500+252,13) sahənin satışı yoxlama ilə əhatə olunmuş, əhatə olunmayan qalıq sahə 16.170,79 kv.m-dir (19922,92-3500-252,13). Hazırki yoxlama ilə 10.309,77 kv.m sahə əhatə edilmiş, qalıq sahə isə yoxlama ilə əhatə edilməmişdir. Belə ki, iddiaçı tərəfindən 2019-cu ilin noyabr ayı üzrə ƏƏSMN-nə satılan 20 mənzilin (1.544,8 kv/m) məhz, satışı əvvəlki yoxlamalarla əhatə edilmiş 3 752, 13 kv.m sahəsindən ibarət olduğu öz təsdiqi tapır. İddiaçı tərəfin, mənzil borcunu ödəyə bilmədikləri üçün vətənədaşlar tərəfindən mənzillərin geri qaytarılmasına dair ərizə və mənzillərin ödənilmiş haqqlarının geri qaytarılmasına dair məxaric orderlərindən görünür ki, əvvəlki yoxlamalarla satışı əhatə edilmiş 20 mənzil MTK-ya geri qaytarılmış və iddiaçı həmin mənzilləri 2019-cu ildə yenidən Nazirliyə satmışdır. Başqa sözlə desək, iddiaçı həmin mənzillərə görə əvvəlki yoxlamaları zamanı vergiləri ödəmişdir ki, geri qaytarılaraq yenidən satılan həmin mənzillərin təqdim edilməsi vergitutma obyekti kimi çıxış etməsi istisna edilir. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə görə heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Cavabdeh vergi orqanı qeyd olunan halları və vergi qanunvericiliyinin tələblərini nəzərə almayaraq iddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satmış mənzillərə görə iddiaçıya ikinci dəfə əlavə vergilər hesablamaqla kobud qanun pozuntusuna yol vermişdir. Qeyd olunmalıdır ki, cavabdeh vergi orqanı məhkəmə baxışı zamanı, iddiaçı tərəfin mənzillərin qaytarılaraq yenidən satılmasına dair məhkəməyə təqdim etdiyi sənədlərin mötəbərliyinə şübhə ilə yanaşsa da, həmin sənədlərin mötəbərliyini şübhə altına alan və həmin sənədləri təkzib edən digər hər hansı sübut və ya dəlillər məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh vergi orqanı iddiaçıya yoxlamadan əvvəlki dövrlərdə satılmış mənzillərə görə iddiaçıya Vergi Məcəlləsinin 67.16-cı maddəsi ilə əlavə vergi vergi hesablayarkən də maddi hüquq normaların tətbiqində kobud nöqsana yol vermişdir. Belə ki, həmin maddə 29 noyabr 2019-cu il tarixli Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və həmin qanun yalnız 1 yanvar 2020-ci il tarixdən hüquqi qüvvəyə minmişdir ki, həmin normada bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. Vergi Məcəlləsinə əlavə edilən yeni 67.16-cı maddəsi yalnız, qüvvəyə mindiyi 1 yanvar 2020-ci il tarixdən həmin tarixdən sonrakı yaşayış və qeyriyaşayış sahələrin təqdim edilməsi əməliyyatlarına tətbiq edilə bilər. İddiaçı isə 2020-ci ilin 1 yanvar tarixindən sonra hər hansı yaşayış və qeyri-yaşayış sahələri təqdim etdiyi müəyyən olunmur. Cavabdeh vergi orqanı isə öz mülahizəsinə görə əvvəl satılmış mənzillərə 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən normanı tətbiq etməklə, iddiaçının hüquqi vəziyyətini ağırlaşdırmışdır ki, belə olan hal da yeni qəbul edilən normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi geriyə qüvvəsi yoxdur. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı 15 aprel 2008-ci il tarixdə inşa etdiyi binalar üzrə ümumi sahəsinə görə həmin anda qüvvədə olan vergi qanunvericiliyinin tələblərinə əsasən mənzil tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi öhdəliyini (8 rübə bölməklə) hesablayaraq vergi orqanına hesabat verərək bəyan etmiş və hər rüb üzrə 21 361 manat olmaqla, ümumilikdə 8 rüb üzrə 170 888,00 manat məbləğində MTFSV hesablamış və vaxtı çatdıqca həmin vergi öhdəliyini tam olaraq yerinə yetirmişdir. Həmin vaxt qüvvədə olan vergi qanunvericiliyinə görə inşa edilən binanın tikintiquraşdırma işləri başlandığı rübdə ümumi sahəsinə görə MTFSV və mənzillərin satışı zamanı isə İMcəllənin 159.9-ci maddəsinə görə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanırdı. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il 1704-VQD nömrəli Qanunun keçid müddəaların 2.2-ci maddəsinə görə bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikintiquraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyir. Həmin vergi ödəyiciləri tərəfindən 2020-ci il yanvarın 1-dən sonra təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV və gəlir (mənfəət) vergisi hesablanmır. Göründüyü kimi, 1 yanvar 2020-ci il tarixdən sonra təqdim etdiyi yaşayış və qeyriyaşayış sahələrə görə isə ƏDV və gəlir (mənfəət) vergisinin hesablanmasını qadağan etmişdir. Beləliklə, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya hesablanmış həmin vergi növünün də qanunvericiliyə zidd olduğunu və iddiaçının hüquqlarını pozduğu sübuta yetirilir. Birinci instansiya məhkəməsinin qərarından da məhz görürünür ki, məhkəmə, yuxarıda qeyd olunanlar nəzərə alınmış , hərtərəfli araşdırma aparılmaqla və hüquqi qiymətləndirmə həyata keçirilmiş və sonda belə qənaətə gəlmişdir ki, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 iyun 2021-ci il tarixli qərarı üzrə hesablanmış ƏDV və mənfəət vergisi əsassız olduğundan, onlara tətbiq olunan maliyyə sanksiyası da əsassız hesab edilməlidir. İPM-in 70.1-ci maddəsindən isə görünür ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, düzgün əsaslandırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu, mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8794/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cpavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8794/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-280/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-280/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver