Məhkəmə qərarları › İş №2-1(103)-2800/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2800/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2800/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4412/2023 saylı, 02 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək stajının hesablanması” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbinin “xx.xx.1977xx.xx.1982-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı dövr, xx.xx.1992xx.xx.1992-ci illərdə Rusiya Volqoqradda “Orqxim”də işlədiyi dövr, xx.xx.1995-xx.xx.2001ci illərdə Rusiya “Verxnedon” RMSK-də işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 sentyabr 2021-ci ildə ona 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən əmək stajı düzgün hesablanmamışdır. Belə ki, DSMF-nin 31 oktyabr 2022-ci il tarixli **********9 nömrəli arayışda pensiya təyin olunan zaman əmək stajının hesablanması göstərilmişdir. Ona hesablanmayan əmək stajı dövrləri aşağıdakılardan ibarətdir ki, bu stajlar əmək kitabçasında əks olunmuşdur: xx.xx.1977 - xx.xx.1982 (Azərbaycan Dövlət Universitetində əyani təhsil aldığı müddət. Bu haqda Bakı Dövlət Universitetindən xx.xx.2021 tarixli 01- TF/201 nömrəli arxiv arayışı) xx.xx.1992 - xx.xx.1992 (Rusiya Volqoqrad “Orqxim”) xx.xx.1992 - xx.xx.1995 (“Orxan” kiçik müəssisəsi Sumqayıt şəhəri (Bu haqda Dövlət Vergi Xidmətindən xx.xx.2022 il tarixli **********933900 nömrəli arayış) xx.xx.1995 - xx.xx.2001 (Verxnedon RMSK Rusiya “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 22 aprel 2022-ci il Müqavilə Maddə 9). Qeyd edilən dövr cəmi 14 il 5 ay 17 gün təşkil edir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın həcmi artırılaraq əvvəlki iddia ilə yanaşı «cavabdehin 19 aprel 2022-ci il tarixli **********6 nömrəli qərarının ləğv edilməsi» tələbinin də icraata qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı 06 oktyabr 2022-ci il tarixdə Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona təyin edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilərkən sosial sığorta stajına daxil edilməyən 14 il 05 ay 17 gün sosial sığorta stajının daxil edilərək yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd edilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edilməlidir. Arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, məhkəmə İPM-nin 12.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə arayışı tələb etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilikdə təhsil müddəti əmək stajına daxil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla əlaqədar olaraq qeyd edək ki, İddiaçı 26 yanvar 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 01 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İddiaçı pensiya hüququnun yarandığı 01 sentyabr 2021-ci il tarixədək ümumi iş stajı 26 il 09 ay 19 gün təşkil edir. Eyni zamanda bildirilir ki, hazırda yenidən hesablanmadan sonra İddiaçı 26 il 09 ay 19 gün sosial sığorta stajı nəzərə alınaraq təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği dəyişdirilərək 325.68 manat müəyyən edilmişdir. Həmçinin, iddiaçının əmək pensiyası yenidən hesablanarkən 2348.33 manat əskikvermə müəyyən edilmiş və hər ay pensiya məbləğinin üzərinə əlavə edilərək ödənilir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsaslanaraq, İPM-in 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı iddiasının təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4412/2023 saylı, 02 may 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilərək, xx.xx.1977-xx.xx.1982-ci illərdə kimyaçı ixtisası üzrə əyani ali təhsil aldığı müddət, “Orqxim” trestinin Volqoqrad ixtisaslaşdırılmış istehsalat idarəsində işlədiyi müddət nəzərə alınmamış xx.xx.1992xx.xx.1992-ci illərdə olan hissəsi və xx.xx.1995 - xx.xx.2001-ci illərdə Verxnedon RMSK-da işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmaqla İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4412/2023 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya verilən etirazın məzmununa oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilikdə təhsil müddəti əmək stajına daxil edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsinə əsasən: 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Hazırda yenidən hesablanmadan sonra İddiaçı 26 il 09 ay 19 gün sosial sığorta stajı nəzərə alınaraq təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği dəyişdirilərək 325.68 manat müəyyən edilmişdir. Həmçinin, iddiaçının əmək pensiyası yenidən hesablanarkən 2348.33 manat əskikvermə müəyyən edilmiş və hər ay pensiya məbləğinin üzərinə əlavə edilərək ödənilir. S.X1 təqdim etdiyi əmək kitabçasında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bundan başqa, həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, İddiaçı mübahisələndirilən sosial sığorta stajına xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək olan təhsil dövrü, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi illər aiddir. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək olan təhsil dövrü “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən əmək stajına daxil edilmir. Həmçinin, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan iş dövrü isə sözügedən Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan dövrdən sonraya aid olduğundan həmin dövrlərin də sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiası təmin olunmamalıdır. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4412/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur və ona 26 il 09 ay 19 gün sığorta stajı nəzərə alınmaqla 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.1977xx.xx.1982-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı dövr, xx.xx.1992xx.xx.1992-ci illərdə Rusiya Volqoqradda “Orqxim”də işlədiyi dövr, xx.xx.1995-xx.xx.2001ci illərdə Rusiya “Verxnedon” RMSK-də işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar olaraq cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla hesab etmişdir ki, iddiaçının ali təhsili əyani olaraq aldığı, eləcə də vaxtilə Rusiya SSR-də fəaliyyət göstərmiş müəssisələrdə işlədiyi müəyyən olunur, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumların mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, arxiv sənədlərin olmamağı və ya faktiki və arxiv sənədlərin saxlanıldığı ünvanın məlum olmaması həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsini istisna edə bilməz. xx.xx.2002-ci ildən qüvvədə olan qanunvericiliyə əsasən məcburi dövlət sığorta stajının ödənilməsi tələb olunmuş olsa da, 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına və ya nəzərə alınmamasına dair cavabdehin dəlili əsassızdır. Belə ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur və ona 26 il 09 ay 19 gün sığorta stajı nəzərə alınmaqla 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bakı Dövlət Universiteti tərəfindən verilmiş arxiv arayışına əsasən, Bakı Dövlət Universitetinin arxiv sənədlərinə əsasən İddiaçı 1977-ci il 27 avqust tarixli 332 n/c nömrəli əmrlə Kimya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1982-ci il 24 iyun tarixli 3/301 nömrəli əmrlə həmin fakültənin əyani şöbəsini “Kimyaçı, kimya müəllimi” ixtisası üzrə bitirmiş və ona 1982-ci il 08 sentyabr tarixində qeydiyyat nömrəsi 8232 olan ИВ seriyalı 042373 nömrəli adi diplom verilmişdir. 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən arayışa əsasən, 2 saylı Ərazi Vergilər Baş İdarəsində olan reyestr məlumatlarına əsasən “Orxan” Kiçik müəssisəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 1109 nömrəli sərəncamı ilə qeydiyyatına alınmışdır. Bundan əlavə bildirilmişdir ki, “Orxan” Kiçik müəssisəsi xx.xx.1994-cü il tarixdə, 12296 nöməli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır Əmək kitabçasında xx.xx.1982-xx.xx.1985-ci illərdə Rostov-Don şəhəri Oktyabr İnqilabı adına Rostov Kimya zavodunda, eləcə də xx.xx.1985-xx.xx.1992-ci illərdə “Orqxim” trestinin Volqoqrad ixtisaslaşdırılmış istehsalat idarəsində, xx.xx.1992xx.xx.1995-ci illərdə “Orxan” kiçik müəssisəsində, xx.xx.1995-xx.xx.2001-ci illərdə Verxnedon RMSK-da, xx.xx.2004-xx.xx.2004-cü illərdə “Diatonit” Elmi-İstehsalat Birliyində, xx.xx.2005-xx.xx.2008-ci illərdən ən azı pensiya təyin olunan tarixədək Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda işləməsinə dair qeydlər var. xx.xx.1977-xx.xx.1982-ci illərdə kimyaçı ixtisası üzrə əyani ali təhsil aldığı müddət, “Orqxim” trestinin Volqoqrad ixtisaslaşdırılmış istehsalat idarəsində işlədiyi müddətin xx.xx.1992-xx.xx.1992-ci illərdə olan hissəsi, xx.xx.1995-xx.xx.2001-ci illərdə Verxnedon RMSK-da işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmamışdır. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə 8 iyul 2022-ci il tarixli №579-VİQ Qanunla təsdiq edilmişdir. Həmin Müqavilənin 9-cu maddəsinin 2-ci bəndinə əsasən, Razılığa gələn Tərəflər pensiya hüququnun müəyyən edilməsi zamanı onların ərazisində, habelə keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının və X3 Sosialist Respublikasının ərazisində əldə edilən sığorta stajını (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalını - Azərbaycan Respublikası üçün) nəzərə alırlar. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin ğ) bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: (4.1.1) yaşa görə əmək pensiyası; (4.1.2) əlilliyə görə əmək pensiyası; (4.1.3) ailə başçısını itirməyə görə əmək pensiyası. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda tərtib edildiyindən qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozması barədə düzgün nəticəyə gəlmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4412/2023 saylı, 02 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar