Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2801/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1961-ci il tarixində Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(112)-7563/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 17.06.2021-ci il tarixində cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 19.05.2021-ci il tarixli, **********3 saylı cavab məktubunun əsassız hesab olunması və iddiaçıya 57 yaşının tamam olduğu 26.10.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. 01.01.2006cı il tarixədək 26 il 6 ay, 20 gün ümumi iş stajı, 18 il 3 ay güzəştli iş stajı mövcuddur. Lakin cavabdeh qeyd olunan halları nəzərə almadan iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyinindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təyini üçün kifayət etmir. İmtina qanunsuz və əsassızdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçıya 57 yaşdan, yəni 26.10.2018-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(112)-7563/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, iddiaçı Muxtarov (mətnə uyğun) Sahib Rafayıl oğluna 57 yaşdan, yəni 26.10.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alnmışdır. Qərardan narazı qalan cavabdeh 23.09.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(112)-7563/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan peşələr Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıdakı peşələr ilə üst-üstə düşmür. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2- 1(112)-7563/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı tərəfindən yuxarıda qeyd edilən hər iki şərtin ödənildiyi müəyyən edilir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -19.02.1979-cu il tarixdən 13.10.1980-ci il tarixədək tornaçı şagirdi, maşınları sazlayan fəhlə şagirdi, maşınları sazlayan fəhlə peşələrində çalışmışdır. 13.10.1980-ci il tarixdə Sovet Ordu sıralarına çağrılması ilə əlaqədar işdən azad edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi 20.10.1980-ci il tarixdən 23.11.1982-ci il tarixinə kimi Sovet ordusunda xidmət etmişdir. 25.02.1983-cü ildən 17.07.2002-ci ilədək maşınları sazlayan fəhləsınaqçı, dəmirçi-ştamplayıcı, qalayçı, mühəndis-kimyaçı, qalvanik, qalvanik sahədə usta peşələrində çalışmışdır. 17.07.2002-ci il tarixdə vəzifədən azad edilmişdir. 18.07.2002-ci il tarixdə qalvanik sexinə rəis peşəsinə qəbul edilmiş və hal-hazırda həmin sahədə işləyir. Eyni zamanda, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş güzəştli iş stajı barədə arayışda iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda zərərli iş kimi nəzərdə tutulduğu qeyd edilmiş, iddiaçının işlədiyi müddətdə zərərli turşularla, o cümlədən xlorid turşusu, azot turşusu, sulfat turşusu, xromat turşusu, qələvilərlə birbaşa təmasda olduğu üçün zərərli şəraitə uyğun əmək haqqı ödənildiyi və əlavə məzuniyyət verildiyi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının çalışdığı (18.12.1985-01.01.2006-cı illər) qalvanik peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XİV. Metal emalı bölməsində halvanik üsulla metallara üzçəkmə istehsalı üzrə 2150500a—11629 kodu altında (fəhlələr-halvaniklər (yalnız hissələrin asılıb və çıxarılması, həmçinin bağlı vannaların avtomatik rejimində məşğul olanlardan başqa)), 2150500a—16265 kodu altında (qurğuşunlaşdırıcılar), 2150500b—23428 kodu altında (halvanik üsulla metallara üzçəkmə istehsalı üzrə sahə ustaları, böyük ustalar) zərərli iş kimi nəzərdə tutulmuşdur. Eyni zamanda, qalvanik sexində rəis vəzifəsi də 2150500b—24125 kodu altında (halvanik üsulla metallara üzçəkmə istehsalı üzrə sex rəisləri) zərərli vəzifə kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi hətta halvanik üsulla metallara üzçəkmə istehsalında fəhlə peşəsi nəzərə alınmadan təkcə rəhbər heyət kimi halvanik üsulla metallara üzçəkmə istehsalında usta və sex rəisi vəzifəsində belə onun zərərli iş stajı 12 il 6 aydan çoxdur (15 il 2 ay 2 gün). Göründüyü kimi iddiaçının 01.01.2006-cı il tarixədək “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş ümumi və güzəştli iş stajı mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdehin imtinasının əsasını iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının ümumi və ya güzəştli iş stajı mübahisələndirilməmiş, onun yalnız pensiya təyin edilməsi üçün kifayət qədər pensiya kapitalına malik olmaması göstərilmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin b) bəndində nəzərdə tutulan ümumi və güzəştli iş stajları toplanıldığından (və cavabdeh tərəfindən mübahisələndirilmədiyindən), iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman, məhz həmin qanunvericiliyin normaları tətbiq olunmalıdır. Yəni, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa qanunun həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmadığından, iddiaçının topladığı ümumi və güzəştli iş stajları, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas verir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtina edilməsi barədə hərəkətləri əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının əmək kitabçasında qeyd olunan peşələrin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıdakı peşələr ilə üst-üstə düşməməsi ilə əlaqədar qeyd edir ki, cavabdeh tərəfindən konkret olaraq, iddiaçının çalışdığı hansı vəzifənin müvafiq Siyahıdakı hansı peşə ilə üstüstə düşmədiyi qeyd edilməmiş, göstərilən dəlil formal olaraq göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(112)-7563/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(112)-7563/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.