Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2801/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Polovinkina (Pervitskaya) Yelena Yakovlevnanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2801/2023 (Açar sözlər: “vətəndaşlıq mənsubiyyətinin tanınması”) Bakı şəhəri 10 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4013/2023 saylı, 03 may 2023-cü il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Polovinkina (Pervitskaya) Yelena Yakovlevna xx.xx.2022-ci il tarixdə Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir.
2. Qərar onunla əsaslandırılmışdır ki, X2 Rusiya Federasiyasının vətəndaşlığını əldə etmişdir.
3. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, valideynlərilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 40 saylı evin 86 saylı mənzilində xx.xx.1991-ci il tarixədək qeydiyyatda olmaqla yaşamışdır. X4 ilə xx.xx.1990-ci il tarixdə Səadət Sarayında nikaha daxil olmuşdur. Bakı şəhərində yerləşən 193 saylı orta məktəbi, sonra 1991-ci ildə Bakı Dövlət Universitetini bitirmiş və həmin il Azərbaycan Respublikasını tərk etmişdir.
4. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan sorğuya cavabda qeyd edilmişdir ki, sorğu edilən İddiaçı Azərbaycan Respublikasının ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir.
5. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır (hazırda da vətəndaşı olmaqda davam edir) və bunu təsdiq edən rəsmi sənədlər, o cümlədən iddiaçıya aid pasport xx.xx.2021-ci il tarixdə verilmiş xx.xx.2031-ci il tarixədək etibarlılığı müəyyən edilən RUS ********* saylı pasport iş üzrə materiallara əlavə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Polovinkina (Pervitskaya) Yelena Yakovlevna cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının (xx.xx.1970-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş Polovinkina (Pervitskaya) Yelena Yakovlevna) Azərbaycan Respublikasının vətəndaşılığına mənsubiyyətimin tanınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1970-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. X5 İlyiç xx.xx.1935-ci il tarixində, anası X3 xx.xx.1937-ci il tarixdə Azərbaycanda anadan olmuşlar. Valideynləri Azərbaycan Respublikasının vətəndaşı olublar və hazırda vəfat ediblər. O, valideynlərilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 40 saylı evin 86 saylı mənzilində xx.xx.1991-ci il tarixədək qeydiyyatda olmaqla yaşamışdır. X4 ilə xx.xx.1990-ci il tarixdə Səadət Sarayında nikaha daxil olmuşdur. Bakı şəhərində yerləşən 193 saylı orta məktəbi, sonra 1991-ci ildə Bakı Dövlət Universitetini bitirmiş və həmin il Azərbaycan Respublikasını tərk eləmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün Ərizə-Anket ilə 29 sentyabr 2022-ci il tarixdə ASAN2 xidmət mərkəzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. X6 Xidməti ******* nömrəli, xx.xx.2022-ci il tarixli (Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında) Qərarla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına imtina edilməsi qərara alınmışdır. Qeyd olunan qərar onunla əsaslandırılmışdır ki, araşdırılma nəticəsində onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Bu səbəbdən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi Qaydası”-nın 3.11-ci bəndinə və 4.4-cü bəndinə istinad edərək, mənim Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına imtina etmişdir. Dövlət Miqrasiya Xidməti ******* nömrəli, xx.xx.2022-ci il tarixli (Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında) Qərarı rəsmi qaydada qəbzə imza etməklə xx.xx.2022-ci il tarixdə almışdır.
8. 28.02.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
9. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Polovinkina (Pervitskaya) Yelena Yakovlevna xx.xx.2022-ci il tarixdə Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir. Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsaverir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961- ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
11. Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Eyni zamanda qeyd olunmalıdır ki, Polovinkina (Pervitskaya) Yelena Yakovlevna “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla)
12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4013/2023 saylı, 03 may 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci bəndi də daxil olmaqla iddiaçının istinad etdiyi normalar şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməli olduğu halları nəzərdə tutur. Başqa sözlə, həmin hallar özü-özlüyündə vətəndaşlığı müəyyən etmir və yalnız mənsubiyyətin müəyyənləşdirilməsinin əsası kimi çıxış edirlər. Həmin normalar valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxslərə (2.2.2) və doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla, valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə (2.2.3) münasibətdə tətbiq olunur.
14. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus RUS ** ******* nömrəli Rusiya Federasiyasının vətəndaşının pasportunun surətindən görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır.
15. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan vətəndaşı xarici bir ölkənin vətəndaşlığını qəbul edərsə, bu hal, müvafiq qanuna əsasən, Azərbaycan vətəndaşlığından imtina edilməsi mənasına gəlir: "Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir".
16. Məhkəmə müəyyən etmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı Azərbaycan SSR-in ərazisində doğulmuşdur və hazırda Rusiya Federasiyası vətəndaşıdır. 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
17. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 1-ci, 5-ci, 6-cı,18-ci maddəsinə, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”-nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 №-li qərarı ilə təsdiq edilmişdir) 1.1.-ci, 2.2.-ci, 2.2.1.-ci, 2.2.2.-ci, 2.2.3.-cü, 3.4.-cü, 3.4.3.-cü, 4.-cü, 4.1.-ci, 4.1.1.-ci, 4.1.2.-ci, 4.1.3.-cü, 4.1.4.cü, 4.1.4.1.-ci, 4.1.4.2.-ci, 4.1.5.-ci, 4.1.6.-cı, 4.1.7.-ci, 4.1.8.-ci, 4.1.9.-cu, 4.1.10.-cu, 4.1.11.-ci, 4.3.-cü, 4.4.-cü maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci, 1.2-ci, 2.0.1-ci, 2.0.2-ci, 2.0.11-ci, 58.1-ci, 67.1-ci, 73.2ci maddəsinə əsasən istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4013/2023 saylı, 03 may 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan sorğuya cavabdan İddiaçı Azərbaycan Respublikasının ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilmədiyini qeyd edərək, belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən miqrasiya və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və qanunsuz sayıla bilməz. Lakin məhkəmə nəzərə almır ki, istinad etdiyi norma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 №-li qərarı ilə təsdiq edilmişdir “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” qanunvericilik sistemində olan ondan daha üstün qanuna zidd olmamalıdır. Bununla da, belə nəticəyə gəlmək olar ki, iddiaçı Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuşdur, həmçinin əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuşdur və onun vətəndaşlığına xitam verilməmişdir. Bu səbəbdən də, iddiaçı Polovinkina (Pervitskaya) Yelena Yakovlevnanın Azərbaycan Respublikasına hüquqi bağlılığı olduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmalıdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
22. Məhkəmə Kollegiyasının iclasında vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Konstitusiyasının - 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
24. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun (1998-ci il 30 sentyabr tarixdə qəbul edilmiş, 1998-ci il 7 oktyabr tarixdə qüvvəyə minmişdir): - Maddə 1. Vətəndaşlıq hüququ - Maddə 5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət - Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: - 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; - 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; - 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; - 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. - Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. - Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. - Maddə 6. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: - 1) ləğv edilib; - 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; - 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. - Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: - 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; - 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; - 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; - 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; - 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; - 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
25. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 №-li qərarı ilə təsdiq edilmişdir): - 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. - 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: - 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; - 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); - 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); ... - 3.4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: ... - 3.4.3. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə); ..... - 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
32. İşin araşdırılmış hallarına görə, iddiaçı Polovinkina (Pervitskaya) Yelena Yakovlevna xx.xx.2022-ci il tarixdə cavabdeh Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-ci bəndlərinə əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir.
33. Qərar onunla əsaslandırılmışdır ki, X2 Rusiya Federasiyasının vətəndaşlığını əldə etmişdir. İddiaçı hazırkı iddia tələbi ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.
34. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, valideynlərilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 40 saylı evin 86 saylı mənzilində xx.xx.1991-ci il tarixədək qeydiyyatda olmaqla yaşamışdır. X4 ilə xx.xx.1990-ci il tarixdə Səadət Sarayında nikaha daxil olmuşdur. Bakı şəhərində yerləşən 193 saylı orta məktəbi, sonra 1991-ci ildə Bakı Dövlət Universitetini bitirmiş və həmin il Azərbaycan Respublikasını tərk etmişdir.
35. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan sorğuya cavabda qeyd edilmişdir ki, sorğu edilən İddiaçı Azərbaycan Respublikasının ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir.
36. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tələbindən göründüyü kimi, həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin, Azərbaycan Respublikasının vətəndaşları sayılması üçün Azərbaycan Respublikasının vətəndaşı həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma əsas şərtdir.
37. Eyni ilə, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə görə, həmin Qaydanın 2.2.1ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır.
38. İddiaçı istinad edilən normalarda göstərilən müddətdə Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır.
39. Göründüyü kimi, iddiaçının iddia tələbi Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin dispozisiya şərtləri ilə uzlaşmır.
40. Bundan başqa, iddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin 2, 3 və 4-cü bəndlərində göstərilmiş şəxslər kateqoriyasına da aid deyil.
41. İddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddia tələbini “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.2-ci (Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla)) və 2.2.3-cü (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla)) bəndləri ilə əsaslandırmışdır.
42. Məhkəmə iddiaçının həmin dəlilini əsaslı hesab etmir.
43. Belə ki, Qaydanın 2.2.1-ci bəndi də daxil olmaqla iddiaçının istinad etdiyi normalar şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməli olduğu halları nəzərdə tutur. Başqa sözlə, həmin hallar özüözlüyündə vətəndaşlığı müəyyən etmir və yalnız mənsubiyyətin müəyyənləşdirilməsinin əsası kimi çıxış edirlər. Həmin normalar valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxslərə (2.2.2) və doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla, valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə (2.2.3) münasibətdə tətbiq olunur.
44. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır (hazırda da vətəndaşı olmaqda davam edir) və bunu təsdiq edən rəsmi sənədlər, o cümlədən iddiaçıya aid pasport -xx.xx.2021-ci il tarixdə verilmiş xx.xx.2031-ci il tarixədək etibarlılığı müəyyən edilən RUS ********* saylı pasport iş üzrə materiallara əlavə olunmuşdur.
45. Azərbaycan vətəndaşı xarici bir ölkənin vətəndaşlığını qəbul edərsə, bu hal, müvafiq qanuna əsasən, Azərbaycan vətəndaşlığından imtina edilməsi mənasına gəlir: "Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir".
46. Tətbiq edilən normalara, o cümlədən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə görə, Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması şərtilə Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan iddiaçının həmin dövrdə Rusiya Federasiyasında yaşadığı və qeydiyyatda olduğu müəyyən olunmuşdur.
47. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı Azərbaycan SSR-in ərazisində doğulmuşdur və hazırda Rusiya Federasiyası vətəndaşıdır. 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
48. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).
49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4013/2023 saylı, 03 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4013/2023 saylı, 03 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.