Məhkəmə qərarları › İş №2-1(103)-2801/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2801/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2801/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “tikinti layihəsinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X11 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (əri) X1, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsində tikinti layihəsinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1963/2024 saylı 29 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, 1 nömrəli X10 ərazisində yerləşən torpaq sahəsində tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin mövcud vəziyyətdə, müvafiq qaydada təsdiq edilməsi tələbi ilə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, təqdim olunan sözügedən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş torpaq sahəsinin planı və ölçüsünə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa (reyestr nömrəsi **********99) əsasən həmin torpaq sahəsinin vətəndaş İddiaçı xüsusi mülkiyyətində olduğu və fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. Sözügedən ərazi və tikinti işlərinin aparılması nəzərdə tutulan 500,0 kv.m torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazisinin hüdudları daxilinə aiddir və Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində təyinatı (kateqoriyası): “Kənd təsərrüfatı təyinatlı torpaqlar” olan Abşeron rayonu, 1 nömrəli Hovsan Zeytunçuluq sovxozu ərazisində yerləşir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, tikinti işlərinin aparılması məqsədə uyğun hesab edilməmiş və sözügedən uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda isə göstərilmişdir ki, təqdim olunan sözügedən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tariixində verilmiş torpaq sahəsinin planı və ölçüsünə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa (reyestr nömrəsi **********99) əsasən həmin torpaq sahəsinin vətəndaş İddiaçı xüsusi mülkiyyətində olduğu və fərdi yaşayış evinin tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. Sözügedən ərazi və tikinti işlərinin aparılması nəzərdə tutulan 500,0 kv.m torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazisinin hüdudları daxilinə aiddir və Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində təyinatı (kateqoriyası); “Kənd təsərrüfatı təyinatlı torpaqlar” olan Abşeron rayonu, 1 nömrəli X10 ərazisində yerləşir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-T-00xx-xx/2023 nömrəli məktubu ilə cavab verilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, sözügedən məsələ ilə bağlı Suraxanı RİH tərəfindən xx.xx.2023-cü il tarixli 5-20/2-185/2023 nömrəli məktubla Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilmiş və alınmış xx.xx.2023-cü il tarixli 5-29/2-T-2/2-151/2- V1/2023 nömrəli cavab məktubunda Abşeron RİH tərəfindən vətəndaş İddiaçı tikinti işlərinin aparılması üçün məlumatlandırma icraatı çərçivəsində verilmiş razılığın ləğv edildiyi bildirilmişdir. Abşeron RİH tərəfindən vətəndaş İddiaçı tikinti işlərinin aparılması üçün məlumatlandırma icraatı çərçivəsində verilmiş razılığın ləğv edildiyini nəzərə alaraq, tikinti işlərinin aparılmasını məqsədə uyğun hesab etmirlər və sənəddəki (çıxarışda) uyğunsuzluğun aradan qaldırılması üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Abşeron rayonu, 1 nömrəli X10 ərazisində yerləşən torpaq sahəsində tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun olaraq fərdi yaşayış evinin tikintisinin əsassız olaraq dayandırılması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin əsassız müdaxilələrinin dayandırılması və belə müdaxilələrin gələcəkdə edilməməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, 1 nömrəli X10 ərazisində yerləşən torpaq sahəsində tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin mövcud vəziyyətdə, müvafiq qaydada təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və Suraxanı Rayon İcra Hakimiyyətinə, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrinə və üçüncü şəxslərə tikinti işlərinə müdaxilə edilməsinin qadağan edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X14 arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli, 4Ə-1715 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisi ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini almışdır. Bununla bağlı onun adına həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli çıxarış və xx.xx.2022-ci il tarixli, A №863142 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin sənədlərə əsasən həmin torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları olduğu açıq şəkildə ifadə edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa (reyestr nömrəsi **********99) əsasən İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli razılıq məktubuna əsasən razılaşdırılmışdır. Qeyd edilən razılıq alındıqdan sonra, sözügedən torpaq sahəsi üzərində iddiaçı tərəfindən fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. Lakin tikintiyə başlanıldıqdan sonra Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən tikinti işləri dayandırılmış və bildirilmişdir ki, sözügedən ərazi və tikinti işlərinin aparılması nəzərdə tutulan 500.0 kv.m torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazisinin hüdudları daxilinə aiddir. Bu səbəbdən də iddiaçı X2 xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətindən razılıq alması lazımdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 4 Saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-1-00xx-xx/2023 saylı və xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-10167/2023-**********67 saylı məktublarla İddiaçı cavab olaraq bildirilmişdi ki, aparılan araşdırmalar zamanı sözügedən torpaq sahəsinin X10nun hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti xx.xx.2023-ci il tarixli, 520/2T-8-151/2023 nömrəli məktubla İddiaçı cavab olaraq sözügedən ərazidə tikinti işlərinin aparılmasını məqsədə uyğun hesab etməmiş və sözügedən uygunsuzluqların aradan qaldırılması üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 4 Saylı Abşeron Ərazi İdarəsinə müraciət etməsinin məqsədəuyğun hesab etdiklərini bildirmişlər. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1963/2024 saylı 29 fevral 2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, 1 nömrəli X10 ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.05 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi niyyəti barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə inzibati işə baxılarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və digər hüquq normalarına istinad edilmədən qərar qəbul edilmişdir. Belə ki, Suraxanı rayonunun inzibati ərazisində yerləşən Abşeron Rayon icra Hakimiyyətinin istifadəsində və təyinatı (kateqoriyası): “Kənd təsərrüfatı təyinatlı torpaqlar” olan Abşeron rayonu, 1 nömrəli X10 ərazisində İddiaçı məxsus 500,0 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikinti işləri tərəfimizdən dayandırılmışdır. İddiaçı tərəfindən RİH-ə təqdim olunan sənədlərdən sözügedən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tariixində verilmiş torpaq sahəsinin planı və ölçüsünə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa (reyestr nömrəsi **********99) əsasən həmin torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olduğu və fərdi yaşayış evinin tikintisi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmış tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə əsasən (surətləri əlavə olunur) aparıldığı müəyyən edilmişdir. Məsələnin araşdırılması zərurəti yarandığından sözügedən məsələ ilə bağlı Suraxanı RİH tərəfindən xx.xx.2023-cü il tarixli 5-20/2-185/2023 nömrəli məktubla Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilmiş və alınmış xx.xx.2023-cü il tarixli 5- 29/2-T-2/2-151 /2-t/1/2023 nömrəli cavab məktubunda Abşeron RİH tərəfindən İddiaçı tikinti işlərinin aparılması üçün məlumatlandırma icraatı çərçivəsində verilmiş razılığın ləğv edildiyi bildirilmişdir. Həmçinin Abşeron RİH tərəfindən İddiaçı tikinti işlərinin aparılması üçün məlumatlandırma icraatı çərçivəsində verilmiş razılığın ləğv edildiyini nəzərə alaraq, tikinti işlərinin aparılması məqsədə uyğun hesab edilməmiş və dayandırılmışdır. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4. bəndinə görə yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 21.1.2. maddəsinə görə meşələr, kənd təsərrüfatı təyinatlı torpaqlar, faydalı qazıntı yerləri, xüsusi mühafizə olunan təbiət əraziləri və s. ərazilər məskunlaşma sistemi ilə əhatə olunmayan ərazilər kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13.1. maddəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9.3. maddəsinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

240. maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1. maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş yaşayış evi və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1. maddəsinə görə İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 65.1.2. maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinin Azərbaycan Respublikasının Baş nazirinə ünvanladığı xx.xx.2010-cu il tarixli 17-4/314 saylı məktubdan çıxarış: “Bəzi yerli icra hakimiyyətləri və bələdiyyələr ayrı-ayrı məqsədlər üçün torpaq sahələrinin ayrılması barədə qərarlar qəbul edərkən qanunvericilikdə müəyyən edilmiş səlahiyyətlərini aşmaqla sənədləşmənin yerqurluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında aparılmasını təmin etməmiş, torpaqların məqsədli təyinatı məsələləri nəzərə alınmamışdır. Respublikada hazırda böyük narahatçılıq doğuran hallardan biri kənd təsərrüfatına yararlı torpaqların təyinatının özbaşına dəyişdirilməsi, orada və ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmayan digər yerlərdə müxtəlif təyinatlı tikililərin inşa edilməsidir ki, bu qanunsuzluqlar da bir sıra ərazilər üzrə kütləvi hal aldığından onların qarşısının alınmasında müəyyən çətinliklərlə rastlaşılır. Qeyd etmək lazımdır ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı şəkildə tikinti işlərinin aparılmasına zərurət yarandıqda torpaqların məqsədli təyinatına müvafiq olaraq kateqoriyasının dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərində olduğundan, torpaqayırma qaydasında keçirilməlidir.” Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1963/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Abşeron rayon 1 nömrəli X12 ərazisində yerləşən 500 k.vm torpaq sahəsində fərdi yaşayış evinin tikintisi niyyəti barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Suraxanı RİH-in üzərinə qoyulmasını əsassız hesab edərək, apellyasiya şikayətinin verilməsini və qərarın ləğv edilməsini qanunamüvafiq hesab edirik.

Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (əri) X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında məhkəmə kollegiyasının hüquqi yardımına müvafiq olaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən ərizə verilərək Suraxanı rayon İcra Hakimiyyətinə, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələrinə və üçüncü şəxslərə tikinti işlərinə müdaxilə edilməsinin qadağan edilməsi ilə bağlı tələbdən imtina olunmuş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiadan hissəvi imtina qəbul edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktublarının tarixi xx.xx.2023cü və xx.xx.2023-cü il tarixdir. İddiaçının həmin məktubları nə vaxt alması müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisi ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini X3 almışdır. Həmin torpaq sahəsinin A№863142 nömrəli, xx.xx.2022-ci il tarixli planı və ölçüsündə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, 1 nömrəli X10 ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd olunmuşdur. Torpağa dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan da görünür ki, Abşeron rayonu, 1 nömrəli X10 ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsudur. İddiaçı qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün məlumatlandırma icraatı çərçivəsində cavabdehə müraciət etsə də, cavabdeh həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan tikinti işlərinin aparılmasını məqsədə uyğun hesab etməmiş və bunu əsas gətirərək ona imtina cavabı verilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən layihənin ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə, belə plan olmadıqda ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğunun yoxlanılması ilə bağlı zəruri inzibati araşdırma aparmadan iddiaçının müraciətinə irad bildirdiyinə əsaslanaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla inzibati icraat aparıb inzibati akt qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir) həyata keçirir. 92.1-ci maddəsinə əsasən bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir) tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. Hazırda iddiaçının tələbi “onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, 1 nömrəli X10 ərazisində yerləşən torpaq sahəsində tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin mövcud vəziyyətdə, müvafiq qaydada təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Cavabdehin imtinasının əsas dəlili isə iddiaçıya məxsus sözügüdən torpaq sahəsinin “kənd təsərrüfat təyinatlı” torpaq olması ilə bağlıdır. Halbuki iş materiallarında olan xx.xx.2008-ci il qeydiyyat tarixli X5 adına olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan, həm də xx.xx.2022-ci il qeydiyyat tarixli İddiaçı adına olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, 1 nömrəli X10 ərazisində yerləşən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları”na aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Cavabdeh inzibatı orqan iddiaçının mülkiyyətində olan Abşeron rayonu, 1 nömrəli X10 ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin kənd təsərrüfat təyinatlı torpaq olması faktını təsdiq edən sənədləri nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi "X6” MMC-nin mütəxəssisləri tərəfindən keçirilmiş tədqiqatın nəticəsinə dair xx.xx.2024-cü il tarixli, 194 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayonu, 1 №-li Hovsan Zeytunçuluq sovxozu ünvanında - İddiaçı məxsus torpaq sahəsində (yaşayış məntəqələri torpaqları) fərdi yaşayış evi üçün inşa olunmuş monalit dəmir-beton konstruksiyalı bünövrənin inşası və layihə üzrə ölçüləri, eləcə də inşası nəzərdə tutulan evin layihəsi Tikinti-norma və qaydaların tələblərinə və Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin 69 və 80-cı maddələrinin tələblərinə uyğundur. Bu onunla izah olunur ki, inşa olunan bünövrə tikinti norma və qaydaların tələblərinə uyğundur, inşası nəzərdə tutulan evin qonşu torpaq sahələri ilə ara məsafəsi məcəlləyə uyğundur, məcəlləyə əsasən evin hasarla ara məsafəsi - 1.11m (3.7m x 0.3) olmalıdır, mövcud vəziyyəti üzrə bu məsafə 1.11 m-dən çoxdur, tikilinin mövcud inşa olunmuş bünövrəsinin ölçüləri memarlıq-planlaşdırma həlli layihəsində göstərilən ölçülərlə və yerləşmə planı ilə üst-üstə düşür, tikilinin layihə üzrə aşırımlarının uzunluğu 6 metrdən azdır, tikilinin layihə üzrə hündürlüyü 12 m-dən azdır, tikili yaşayış məntəqələri təyinatlı torpaq sahəsində inşa olunmuşdur, memarlıq planlaşdırma layihəsi tikintisinin norma və qaydalarının tələblərinə uyğun inşa olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin faktiki hallarını araşdıraraq və qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, 1 nömrəli X10 ərazisində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan evin layihəsi Tikinti-norma və qaydaların tələblərinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 və 80-cı maddələrinin tələblərinə uyğun olduğundan onun xüsusi mülkiyyətində olan torpaq sahəsində tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin mövcud vəziyyətdə, müvafiq qaydada təsdiq edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu cavabdeh orqan tərəfindən iş üzrə sübuta yetirilmir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1963/2024 saylı 29 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməli və İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, 1 nömrəli X10 ərazisində yerləşən torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin mövcud vəziyyətdə, müvafiq qaydada təsdiq edilməsi vəzifəsi cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1963/2024 saylı 29 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, 1 nömrəli X10 ərazisində yerləşən torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin mövcud vəziyyətdə, müvafiq qaydada təsdiq edilməsi vəzifəsi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X18 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar