Məhkəmə qərarları › İş №2-1(103)-2802/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2802/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2802/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4198/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-4198/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına) həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət edərək ona hüququ yaranan tarixdən, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraatın nəticəsi olaraq İddiaçı təqdim etdiyi əmək kitabçasının, Şərur rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 041188 nömrəli arxiv arayışına əsasən mövcud sosial sığorta stajı cəmi 14 il 10 ay 20 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13 il 5 ay 20 gün sığorta stajına uygun olaraq 10954,62 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək 762,89 manat olmaqla, ümumilikdə 11717,51 manat təşkil edir. Bundan başqa İddiaçı əmək kitabçasında qeyd olunmuş Şərur Rayon Dövlət Arxivinin müvafiq arxiv arayışına əsasən xx.xx.1984-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək “Naxçıvan MSSR-nin 40 illiyi” adına sovxozda və Şərur Rayon Mərkəzi Kitabxanasında ona 1977-ci il üzrə 4 ay, 1978-ci il üzrə 10 ay, 1979-cu il üzrə 10 ay, 1980-ci il üzrə 9 ay, 1981-ci il üzrə 5 ay, 1992-ci il uzrə 10 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 12 ay, 1995-ci il üzrə 11 ay, 1996-cı il üzrə 11 ay, 1997-ci il üzrə 3 ay əmək haqqı ödənilmiş və yalnız əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Eyni zamanda “Bibiheybət” Gəmi təmiri zavodunun müvafiq arxiv arayışına əsasən iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək “İ.Allahverdiyev” adına Gəmitəmiri gəmiqayırma zavodunda 1997-ci il üzrə 11 ay, 1998-ci il uzrə 12 ay, 1999-cu il üzrə 12 ay, 2000-ci il üzrə 10 ay, 2001-ci il üzrə 7 ay əmək haqqı hesablandığı məlum olmuş və yalnız əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 14 il 10 ay 20 gün sığorta stajı mövcuddur. İddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE təqdim etdiyi şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmaqla yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə xx.xx.2022ci il tarixdə çatmışdır. İddiaçının cəmi 14 il 10 ay 18 gün sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. İddiaçı Şərur rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 041188 nömrəli arxiv arayışına və “Bibiheybət” Gəmi təmiri zavodunun müvafiq arxiv arayışına əsasən “Naxçıvan MSSR-nin 40 illiyi” adına sovxozda və Şərur Rayon Mərkəzi Kitabxanasında və “Bibiheybət” Gəmi təmiri zavodunda əməkhaqqı almadığı aylar sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Bu illər mübahisələndirilən sığorta stajıdır və 11 il 1 ay təşkil edir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubda qeyd olunur: Təqdim etdiyiniz əmək kitabçanızın surətinə, digər sənədlərə və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən sığorta stajınız 14 il 10 ay 20 gün təşkil edir. xx.xx.2006-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13 il 5 ay 20 gün sığorta stajına uyğun olaraq 10954,62 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək 762,89 manat olmaqla, ümumilikdə 11717,51 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2016-cı il tarixindən çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət aldığınız üçün Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1984-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Şərur Rayon Dövlət Arxivinin müvafiq arxiv arayışına əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1984-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək “Naxçıvan MSSR-nin 40 illiyi” adına sovxozda və Şərur Rayon Mərkəzi Kitabxanasında Sizə 1977-ci il üzrə 4 ay, 1978-ci il üzrə 10 ay, 1979-cu il üzrə 10 ay, 1980-ci il üzrə 9 ay, 1981-ci il üzrə 5 ay, 1992-ci il üzrə 10 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 12 ay, 1995-ci il üzrə 11 ay, 1996-cı il üzrə 11 ay, 1997-ci il üzrə 3 ay əmək haqqı ödənilmiş və yalnız əmək haqqı hesablanan aylar sığorta stajınıza daxil edilmişdir. Eyni zamanda “Bibiheybət” Gəmi təmiri zavodunun müvafiq arxiv arayışına əsasən sizə xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək “İ.Allahverdiyev” adına Gəmi təmiri gəmiqayırma zavodunda Sizə 1997-ci il üzrə 11 ay, 1998-ci il üzrə 12 ay, 1999-cu il üzrə 12 ay, 2000-ci il üzrə 10 ay, 2001-ci il üzrə 7 ay əmək haqqı hesablandığı məlum olmuş və yalnız əmək haqqı hesablanan aylar sığorta stajınıza daxil edilmişdir. Sizin Şərur Rayon Mərkəzi Kitabxanasında və “İ.Allahverdiyev” adına Gəmi təmiri gəmiqayırma zavodunda 1997-ci il üzrə fevral, mart aylarında olan əmək fəaliyyəti dövrləriniz üst-üstə düşdüyü üçün “İ.Allahverdiyev” adına Gəmi təmiri gəmiqayırma zavodunda olan dövr sığorta stajınıza daxil edilmişdir. Əlavə olaraq bildiririk ki, Şərur Rayon Dövlət Arxivinin müvafiq arxiv arayışına əsasən xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək analıq məzuniyyətində olduğunuz dövr sığorta stajınıza daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçanızın surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin baxımından mümkün hesab edilməyib. İş materiallarında olan Şərur rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışında bildirilmişdir ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Şərur rayon Mədəniyyət Şöbəsinin sənədlərinə baxıldıqda müəyyən olundu ki, İddiaçı Şərur rayon Mədəniyyət Şöbəsinə işə girmə əmrinə rast gəlinmədi, lakin xx.xx.1982-ci il tarixli 23 nömrəli əmrlə analıq məzuniyyətinə buraxılması, xx.xx.1982-ci il tarixli 60 nömrəli əmrlə analıq məzuniyyəti qurtardığından işdə hesab edilməsi, xx.xx.1984-cü il tarixli 108 nömrəli əmrlə tutduğu vəzifədən azad edilərək İliç rayon X2 Xidmət Şöbəsində kitabxanaçı təyin olunması və xx.xx.1997-ci il tarixli 14 nömrəli əmrlərlə işdən azad olunması əmr kitablarında qeyd olunmuşdur. İş materiallarında olan Şərur rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışında bildirilmişdir ki, Şərur rayon Mədəniyyət Şöbəsinin sənədlərinə baxıldıqda müəyyən olundu ki, İddiaçı Şərur rayon Mədəniyyət Şöbəsinə işə girmə əmrinə rast gəlinmədi, lakin xx.xx.1982-ci il tarixli 23 nömrəli əmrlə analıq məzuniyyətinə buraxılması, xx.xx.1982-ci il tarixli 60 nömrəli əmrlə analıq məzuniyyəti qurtardığından işdə hesab edilməsi, xx.xx.1984-cü il tarixli 108 nömrəli əmrlə tutduğu vəzifədən azad edilərək İliç rayon X2 Xidmət Şöbəsində kitabxanaçı təyin olunması və xx.xx.1997-ci il tarixli 14 nömrəli əmrlərlə işdən azad olunması əmr kitablarında qeyd olunmuşdur. İş materiallarında olan Sığortaolunanın hesabı barədə məlumatdan çıxarışa əsasən İddiaçı 2006-cı ilin yanvar-sentyabr aylarında “Yeni Həyat” qəzetində (VÖEN **********), 2011-ci ilin sentyabr-dekabr aylarında və 2012-ci ilin yanvar, fevral, iyul, sentyabr aylarında 5 saylı Mənzil İstismar İdarəsində (VÖEN **********) işlədiyi dövrlərdə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Həmin dövlər üzrə pensiya kapitalı cəmi 762,87 manat təşkil edir. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə “Naxçıvan MSSR-ın 40 illiyi” adına sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmiş, xx.xx.1981-ci ildə İliç rayon tarixdiyarşünaslıq muzeyinə nəzarətçi təyin edilmiş, xx.xx.1984-cü ildə İliç rayon Mərkəzi kitabxanasına kitabxanaçı təyin edilmiş, xx.xx.1994-cü ildə Şərur rayon Mərkəzi Kitabxanasında metodika şöbəsinə müdir təyin edilmiş, xx.xx.1997-ci ildə işdən azad edilmiş, xx.xx.1997-ci ildən İ.Allahverdiyev adına Gəmi Təmiri və Gəmiqayırma zavodunda Laboratoriya şöbəsinə mühəndis qəbul edilmiş, xx.xx.1999-cu ildə İstehsalat hazırlıq bürosunun 3-cü dərəcəli böyük anbardarı keçirilmiş, xx.xx.2001-ci ildən əmək müqaviləsinə xitam verilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2021 – 30 iyun 2022 tarixədək qadınların pensiya yaşı 62 yaş 06 ay müəyyən olunmuşdur. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 62 yaş 6 ayını xx.xx.2022-ci il tarixində tamamlamışdır. Buna görə də iddiaçı 01 yanvar 2022-ci il tarixdən yaşa görə əmək pensiyası hüququna malikdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Cavabdeh apellyasiya şikayətində iddiaçının xx.xx.1984-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək “Naxçıvan MSSR-nin 40 illiyi” adına sovxozda, Şərur Rayon Mərkəzi Kitabxanasında və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək “İ.Allahverdiyev” adına Gəmitəmiri gəmiqayırma zavodunda yalnız əmək haqqı hesablanan ayları sığorta stajına daxil etməklə iddiaçının 14 il 10 ay 20 gün sığorta stajını qəbul etdiyi bildirmişdir. Lakin apellyasiya baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərardan görünür ki, xx.xx.1981-xx.xx.1997-ci il illər sosial sığorta stajına daxil edilməmişdir. Əsas kimi xx.xx.1981-ci ildə işə daxil olma əmrinə rast gəlinməməsi, həmin qeyddə qaralamaya rast gəlindiyi, əmrin tarixinin qeyd edilməməsi, xx.xx.1997-ci ildə işdən çıxma əmrinin kiril əlifbalı möhürlə təsdiq edilməsi və İliç rayonu əmri ilə işdən çıxma əmrinin təsdiq edilməsi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək haqqının hesablanması barədə sənədlərin arxivdə saxlanılmasına iddiaçı məsuliyyət daşımır. Qeyd olunan sənədlərin saxlanılmasına iş yeri və arxiv idarələri məsuliyyət daşıyırlar. Əmək kitabçasının doldurulması, hansı möhurlə təsdiqlənməsi isə işəgötürənin məsuliyyət dairəsinə aiddir. Cavabdehin qeyd etdiyi əsaslar iddiaçının əmək kitabçasına müdaxiləsi nəticəsində (möhürlərdə, tarixlərdə, vəzifədə və ya əmrdə dəyişiklik, düzəliş və s.) baş verməmişdir. Həmçinin həmin qeyddən əvvəl və sonra olan qeydlərdə də hər hansı müdaxilə və qeyri-müəyyənlik yoxdur. Bundan başqa, Şərur rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunan dövrdə iddiaçının işlədiyi öz təsdiqin tapır, belə ki, həmin dövrdə iddiaçının analıq məzuniyyətinə buraxılması, analıq məzuniyyəti qurtardığından işdə hesab edilməsi, tutduğu vəzifədən azad edilməsi, İliç rayon X2 Xidmət Şöbəsində kitabxanaçı təyin olunması və işdən azad olunmasının əmr kitablarında qeyd olunduğu öz əksini tapır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. Göründüyü kimi, əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrü (xx.xx.1977xx.xx.1981, xx.xx.1981-xx.xx.1997, xx.xx.1997-xx.xx.2001) və xx.xx.2006-cı ildən sonra mdss haqqı ödənilən 01 il 05 ay daxil olmaqla iddiaçının iş stajı ümumilikdə 25 il, 06 ay, 05 gün təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Beləliklə, iddiaçının pensiya yaşının tamam olduğu xx.xx.2022-ci tarixə (62 il 06 ay) iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4198/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar