Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2802/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər X5, X6, X3 və X1 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair iddiası üzrə prosessual müddətin bərpa edilməsi tələbinə dair üçüncü şəxs X5 tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər X5, X6, X3 və X7 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2905/2025 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilmiş, X5, X6, X3 və X1 Bakı şəhəri, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs X5 Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 2905/2025 saylı qərarından apellyasiya şikayəti vermiş, prosessual müddətin ötürülməsi qənaətindədir və müddətin bərpasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış ərizəsinə baxılan üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, ərizəni verən şəxs X2 məqsədi məhkəmə qərarının icrasının geciktirilməsidir. Həmin şəxs birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının da heç birində iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İnzibati Prosessual Məcəllənin 22.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İnzibati Prosessual Məcəllənin 23.1-ci maddəsinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən isə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2905/2025 saylı qərarı üçüncü şəxs X2 elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, birinci instansiyası məhkəməsinin qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmiş, qanuni qüvvəsini almışdır. Bundan sonra – xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 2905/2025 saylı qərarından üçüncü şəxs X5 tərəfindən imzalanmış apellyasiya şikayəti “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Üçüncü şəxs X5 məhkəməyə apellyasiya şikayətində aşağıdakı məzmunda ərizə ilə müraciət etmişdir: “ ...Bildirirəm ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı elektron məhkəmə portalına xx.xx.2025-ci il tarixində yerləşdirilsə də mən onu gec oxumuşam və gec başa düşmüşəm. Belə ki, mən 44 günlük Vətən Müharibəsində ağır travma almışam və yaralanmışam.” Məhkəmə kollegiyası üçüncü şəxs X4 münasibətdə qeyd edir ki, məhkəmə qərarı proses iştirakçısının elektron kabinetinə yerləşdiyi andan alınmış hesab edilir. Qeyd olunan məhkəmə qərarının vaxtında başa düşülməməsi ərizənin təmin edilməsi üçün əsas deyildir, şəxsin isə məhz həmin vaxt stasionar müalicə alması və şikayət vermək imkanından məhrum olması iş materialları ilə öz təsdiqini tapmır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yekunda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, prosessual müddətin bərpası barədə ərizəsində üçüncü şəxsin göstərdiyi dəlillər formal və əsassızdır. Ona görə də, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2905/2025 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2905/2025 saylı qərarından üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2802/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2802/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver