Məhkəmə qərarları › İş №2-1(103)-2803/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2803/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2803/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1939-cu il tarixdə Qubadlı rayonunun Muradxanlı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X4 “əmlakın hərracda satılmasına dair protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2721/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 17.11.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı cavabdehin 19 sentyabr 2020ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 15 saylı bazarın hərrac yolu ilə satışının təşkil olunması haqqında tərtib olunmuş hərrac protokolunun və bunun əsasında əmlakın alqı-satqısına aid müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin avqust-sentyabr aylarında ondan xəbərsiz işdə adıgedən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən onun öz vəsaiti və zəhməti hesabına qurduğu Qızıldaş qəsəbəsində fəaliyyət göstərən 15 saylı bazar açıq hərrac yolu ilə vətəndaş X1. Cavabdeh bazarı öz maraqlarına uyğun olaraq hərraca çıxarmış və tamamilə kənar fiziki şəxsə satılmasını təşkil etmişdir. Bu da onun adıgedən 15 saylı bazarın yerləşdiyi torpaq sahəsinə olan hüquqlarının birbaşa pozulması deməkdir. Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli və 28.07.2021-ci il tarixli bildirişləri ilə iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2721/2021 nömrəli qərardadı ilə (hakim E.Əliyev) İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2721/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdi. Cavabdeh, üçüncü şəxs X4 və onun birinci instansiya icraatı zamanı vəkili olmuş Vəkil (Bakı şəhəri 20 syalı Vəkil Bürosu) məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbini cavabdehin 19 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 15 saylı bazarın hərrac yolu ilə satışının təşkil olunması haqqında tərtib olunmuş hərrac protokolunun və bunun əsasında əmlakın alqı-satqısına aid müqavilənin ləğv edilməsi təşkil edir. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan 18.08.2020-ci il tarixli 07/01 nömrəli Hərrac protokoluna əsasən X4 hərrac vasitəsilə İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, keçmiş “Azərsutikinti” X3 Birliyinin 15 saylı bazarının Qızıldaş filialını (obyektin ümumi sahəsi 183 kv.m, obyektin yerləşdiyi torpaq sahəsi 320 kv.m) almış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X4 arasında 15 saylı bazarının Qızıldaş filialının (obyektin ümumi sahəsi 183 kv.m, obyektin yerləşdiyi torpaq sahəsi 320 kv.m) alqı-satqısına dair 19.08.2020-ci il tarixli 1 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Qeyd edilənlərdən göründüyü kimi iddiaçının tələbləri əmlakın alqı-satqısından irəli gələn mülki hüquq münasibətlərini əhatə edir. Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuş iddia növləri sadalanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı subyektiv hüquqa malik olsaydı belə, Məcəllənin qeyd edilən tələbləri baxımından iddiaçının tələbləri mülki hüquq münasibətlərindən irəli gəldiyindən mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2721/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar