Məhkəmə qərarları › İş №2-1(103)-2803/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2803/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2803/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin tibb müəssisəsinin ilkin göndərişin təqdim etdiyi tarixdən (xx.xx.2021-ci il) müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5136/2023 saylı, 04 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2021-ci il tarixində təyin olunmuş ikinci dərəcəli əlilliyin xx.xx.2020-ci il tarixindən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, qaraciyərin C virus mənşəli sirrozundan əziyyət çəkir. Xəstəliyi səbəbindən ona 2014-cü il tarixdən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Lakin daha sonra xx.xx.2020-ci il tarixində cavabdeh orqan tərəfindən əlilliyi əsassız olaraq dayandırılmış, xx.xx.2021-ci il tarixində onun təşəbbüsü ilə yenidən ikinci dərəcəli əlillik (müddətsiz) müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı bu xəstəlikdən uzun illərdir ki, əziyyət çəkir və qaraciyərin C virus mənşəli sirrozu xəstəliyinin sağalması mümkünsüzdür. Bununla bağlı olaraq hal-hazırda müayinə və müalicə olunsa da, sözügedən xəstəliyin müalicəsi mümkün deyildir. Bu səbəbdən də xəstəliyi ilə əlaqədar daimi müayinə və müalicəyə ehtiyacı vardır. Xəstəlik səbəbindən ağrılarını yüngülləşdirə bilmək, öz normal həyatına davam edə bilmək üçün həkim tövsiyəsi ilə günlük dərman preparatları qəbul edir ki, onların məbləği də olduqca yüksək olmaqla (200 manat) onun maddi vəziyyətinə uyğun deyildir. Qaraciyərin C virus mənşəli sirrozu xəstəliyi sağalan xəstəlik olmadığından ona yenidən xx.xx.2021-ci ildə əlillik müəyyən edilmişdir. Halbuki, təyin edilmiş əlillik dayandırılmamalı, xx.xx.2020-ci il tarixindən bərpa edilməli idi. Belə ki, əlillik dayandırılan zaman da (xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək) o, bu xəstəliklə mübarizə aparmışdır. İddiaçı illərdir ki, bu xəstəlikdən əziyyət çəkir. Beləliklə, qaraciyərin C virus mənşəli sirrozu xəstəliyi sağalmadığı halda dayandırılmış əlilliyinin yenidən xx.xx.2021-ci il tarixində müəyyən edilməsi əlilliyinin əsassız olaraq xx.xx.2020-ci il tarixində dayandırılmasının bariz nümunəsidir. Milli Onkoloji Mərkəzi tərəfindən təqdim edilmiş xəstəlik tarixindən çıxarışdan da aydın olur ki, o, uzun illər qaraciyərin C virus mənşəli sirrozu xəstəliyindən müalicə olunur. Təyin edilmiş ikinci dərəcəli əlilliyin xx.xx.2020-ci il tarixindən bərpa edilməsi məqsədilə cavabdehə rəsmi qaydada müraciət etsə də, xəstəliyinə müvafiq olaraq xx.xx.2020-ci il tarixindən əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunmuşdur. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbinin “xx.xx.2021-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin tibb müəssisəsinin ilkin göndərişin təqdim etdiyi tarixdən (xx.xx.2021-ci il) müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 18 saylı Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K74 - Qaraciyərin fibrozu və sirrozu => K74.3 - Birincili biliar sirroz; Diaqnozun mətni: Qara ciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Həzm funksiyasının pozulması .; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə.” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K74 - Qaraciyərin fibrozu və sirrozu => K74.3 - Birincili biliar sirroz; Diaqnozun mətni: Qara ciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Həzm funksiyasının pozulması .; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə.” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı şəhər 7 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K74 - Qaraciyərin fibrozu və sirrozu => K74.3 - Birincili biliar sirroz; Diaqnozun mətni: Qaraciyərin fibrozu və sirrozu, Qaraciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Uşaqlığın selikaltı leyomioması, Endometriyanın hiperplaziyası. Servikal kanalın tam stenozu. Uşaqlıq yolundan qanaxma. Portal hipertenziya, Aşağı ətraf venalarının varikoz genəlməsi, Hər iki aşağı ətrafın varikozu. İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip 2 insulindən asılı; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər 7 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K74 - Qaraciyərin fibrozu və sirrozu => K74.5 - Dəqiqləşdirilməmiş biliar sirroz; Diaqnozun mətni: Qaraciyərin fibrozu və sirrozu, Qaraciyərin C virus hepatiti Portal hipertenziya, Splenomeqaliya.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Müayinələr yetərli deyil. Ağırlaşmalar təsdiqini tapmır.” səbəbi ilə imtina verilmişdir. Daha sonra vətəndaşın Agentlik tərəfindən xx.xx.2021-ci ildə əyani müayinəsi həyata keçirilmiş və müayinə aktına əsasən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2-ci bəndinə uyğun olaraq ümumi xəstəlik səbəbilə 2-ci dərəcə müddətsiz əlillik dərəcəsi müəyyən olunmuşdur. Əyani müayinənin nəticəsi Əlillik altsisteminə işlənərək, Bakı şəhər 7 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi ilə Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K74 - Qaraciyərin fibrozu və sirrozu => K74.5 - Dəqiqləşdirilməmiş biliar sirroz; Diaqnozun mətni: Qaraciyərin fibrozu və sirrozu, Qaraciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Assit, Portal hipertenziya, Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya, Splenomeqaliya..; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri(üm...;” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi İddiaçı Şıxsoltan qızının Bakı şəhər 7 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əlilliyinin qiymətləndirilməsi zamanı ona “Göndərişin natamam doldurulması - Səbəb: Müayinələr yetərli deyil. Ağırlaşmalar təsdiqini tapmır” səbəbi ilə imtina verilmişdir, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirmə əyani müayinə aktı ilə aparılaraq göstərilən səbəb aradan qalxdıqdan sonra isə ona Bakı şəhər 7 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci ildən müddətsiz əlillik dərəcəsi verilmişdir. Bu səbəbdən də, iddiaçının əlilliyin təyinat tarixinin xx.xx.2020-ci il tarixdən qeyd olunması tələbi əsassız və qanunsuzdur. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-1-ci bəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunan norma “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə AR Qanunu ilə 2 iyul 2021-ci ildə qüvvəyə minmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə verilən əlillik təyinatı barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, 2022-ci ildə, yəni təxminən 1 il sonra əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. İddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5136/2023 saylı, 04 aprel 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5136/2023 saylı, 04 aprel 2023-cü il tarixli qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı tərəf və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. Bundan sonra iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından müəyyən olunur ki, 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının qiymətləndirmə nəticələrinə əsasən xx.xx.2014-cü il tarixdə ilkin müayinə nəticəsində İddiaçı ümumi xəstəlik səbəbilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Diaqnozun mətnində qeyd olunur: “Qara ciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Həzm funksiyasının pozulması”. Tibbi Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumata əsasən xx.xx.2016-cı il tarixdə təkrar müayinə nəticəsində İddiaçı ümumi xəstəlik səbəbilə xx.xx.2015-ci ildən 5 il müddətinə, xx.xx.2020-ci il tarixədək ikinci dərəcəli əlillik təyin olunmuşdur. Diaqnozun mətnində qeyd olunur: “Qara ciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Həzm funksiyasının pozulması”. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmişdir. “Diaqnozun mətni – Qaraciyərin fibrozu və sirrozu, Qaraciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Uşaqlığın selikatı leyomioması, Endometriyanın hiperplaziyası. Servikal kanalın tam stenozu. Uşaqlıq yolundan qanaxma. Portal hipertenziya,. Aşağı ətraf venalarının varikoz genəlmə, Hər iki aşağı ətrafın varikozu. İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip 2 insulindən asılı”. Əlavə müalicəyə ehtiyacının olması səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən xx.xx.2021-ci il tarixdə təkrar müayinə nəticəsində İddiaçı ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. Diaqnozun mətnində qeyd olunur: “Qaraciyərin fibrozu və sirrozu. Qaraciyərin C virus mənşəli sirrozu subkompensasiya mərhələsi. Assit,.Portal hipertenziya. Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya, Splenomeqaliya.”. Milli Onkologiya Mərkəzi tərəfindən tərtib olunan İddiaçı xəstəlik tarixindən çıxarışa (epikrizə) əsasən o, müalicə üzrə xx.xx.2018-ci il tarixdə daxil olmuş, xx.xx.2018-ci il tarixdə çıxmış, “endometriyanın hipertenziyası” klinik diaqnozu qoyulmuşdur. 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişinə əsasən İddiaçı xəstəliyinin başlanma tarixi xx.xx.2013-cü ildir, xəstəliyə görə müraciətlər xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə olmuşdur, Milli Onkoloji Mərkəzdə xx.xx.2018xx.xx.2018-ci illərdə, Bakı 3 nömrəli Şəhər Klinik Xəstəxanasında xx.xx.2014-xx.xx.2014, xx.xx.2015-xx.xx.2015, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2018, xx.xx.2019xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2021- xx.xx.2021-ci illərdə stasionar müalicə almışdır. İş materiallarına əlavə edilmiş 24 may 2021-ci il tarixli Əyani müayinə aktına əsasən, İddiaçı 5 saylı TSEK-in ekspert – həkimləri tərəfindən müayinə olundu, müayinələrin nəticəsində müəyyən olundu ki, səhiyyə müəssisəsinin 017003AAEAS saylı göndərişində qeyd edilmiş diaqnoz təsdiqini tapır, xəstənin hazırkı vəziyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əliliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5 bəndinə müvafiq olaraq İİ qrup müddətsiz əlillik təyininə əsas verir. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, cavabdeh inzibati orqan məhkəmənin həmin qərarı ilə razılaşmayaraq onu mübahisələndirir ki, Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması istiqamətində hər hansı qanunazidd hərəkətə və hərəkətsizliyə yol verilməmiş, qiymətləndirmə qanunvericiliyə uyğun aparılmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən (3.1.) şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. (3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (3.3-1). Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (3.4.) Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (3.5.) Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. (3.6.) Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: -1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İddiaçının əlilliyin müəyyən edilməsi üçün 7 saylı şəhər poliklinikası xx.xx.2021-ci il tarixdə və daha sonra xx.xx.2021-ci il tarixdə cavabdehə müvafiq göndərişləri (088 nömrəli forma) təqdim etmişdir. Cavabdeh - əlavə müalicəyə ehtiyacı olması, müayinələr yetərli deyil - əsasları ilə iddiaçıya əlilliyin müəyyən edilməsindən imtina barədə qərarları qəbul etmişdir. Lakin sonradan cavabdeh xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçını xx.xx.2021-ci il tarixdə əyani müayinə edərək, ona ikinci dərəcəli müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərar qəbul etmişdir. İddiaçıya əlilliyin təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarın qəbul edilməsi üçün əsas olmuş Əyani müayinə aktında göstərilmişdir ki, “səhiyyə müəssisənin göndərişində göstərilmiş diaqnoz öz təsdiqini tapır”. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, 7 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişində və sonradan xx.xx.2021-ci il tarixdə təqdim etdiyi göndərişində göstərilmiş diaqnozlar eynidir. Belə olan halda əyani müayinənin nəticələrinə əsasən cavabdehin 03 iyun 2021-ci il tarixdə qəbul etdiyi qərarında 7 saylı şəhər poliklinikasının ilkin, yəni xx.xx.2021-ci il tarixli göndərişi nəzərə alınmaqla əlilliyin müəyyən edilməsi məsələsi həll olunmalı idı. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5136/2023 saylı, 04 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5136/2023 saylı, 04 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar