Məhkəmə qərarları › İş №2-1(103)-2803/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2803/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2803/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı iştirakı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2543/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları

1. İddiaçı digər universitetə köçürülüb orada təhsilini davam etdirmək xahişi ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi onu başqa universitetə köçürməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “iddiaçının ixtisasına uyğun müvafiq ali təhsil müəssisəsinə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

3. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, 2007-ci ildə Rusiya Federasiyasında Universitetə qəbul olunmuş, 2008-ci ildə Azərbaycan Beynəlxalq Universtetinə köçürülmüşdür. Bundan sonra ABU rəhbərliyi ilə onun atası X2 arasında ali təhsilli kadrların hazırlamaq məqsədi ilə müqavilə bağlanmış, həmin müqavilə üzrə o və valideyni üzərlərinə düşən öhdəlikləri tam və vaxtında icra etmişlər. Təhsil aldığı Universitetin fəaliyyətinin dayandırılması ilə bağlı o, təhsilini davam etdirə bilməmiş və ona təhsil haqqında yekun dövlət sənədi olan diplom verilməmişdir. Onunla bərabər təhsil alan digər tələbələr Azərbaycan Kooperasiya Universitetinə köçürülsələr də, o, köçürülən tələbələr sirasına daxil edilməmiş, onun təhsili yarımçıq qalmışdır. Digər ali təhsil müəssisəsinə köçürülüb orada təhsilini davam etdirməsi ilə bağlı o, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, lakin nazirlik onun müraciətinə müsbət cavab verməmiş, onun başqa ali təhsil müəssisəsinə köçürülməsindən imtina etmişdir. O, Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunduğu vaxt digər tələbələr kimi onunla universitetin rəhbərliyi arasında müqavilə bağlanmışdır. Universitet rəhbərliyi ilə bağlanmış müqavilənin 3.2-ci bəndində universitet rəhbərliyi ona təhsil haqqında yekun sənədin – diplomun verilməsini öz öhdəsinə götürmüşdür. O, müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş, lakin müqavilə üzrə digər tərəf üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Universitetin fəaliyyətinin dayandırılması onun iradəsindən asılı olmayan səbəblərdəndir. Onun universitetə akademik və maliyyə borcu qalmamışdır. Ona görə də ona oxuduğu ixtisas üzrə yekun sənədin – diplomun verilməməsi qanunvericiliyin tələblərinə zidd olmaqla bərabər, onun hüquqlarına da toxunur. Azərbaycan Respublikası Təhsil Nazirinin 2 sentyabr 2010-cu il tarixli 1200 nömrəli əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti 2010-cu ildə dayandırılmışdır. Həmin universitetdə təhsil alan tələbələrin digər universitetlərə yerləşdirilməsi və onlarla bağlı digər məsələlərin həllinə dair Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən 8 sentyabr 2010-cu il tarixdə növbəti əmr imzalanmışdır. Bununla da məlum olur ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılandan sonra Təhsil Nazirliyi faktiki olaraq tələbələrin problemlərinin həllini öz üzərinə götürmüşdür. Hesab olunur ki, hazırkı mübahisədə onun pozulmuş hüquqlarını bərpa etmək səlahiyyəti qanunvericiliklə hazırkı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə verilmişdir. Ona görə də, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə, İPM-in 2.2.3, 14.3, 73-cü maddələrinə əsaslanaraq, məhkəmədən onun təhsil aldığı maliyyə-kredit ixtisası üzrə təhsilinin davam etdirilməsi üçün ixtisasına uyğun digər ali təhsil müəssisələrinin (ixtisası üzrə təhsil və yekun təhsil sənədi – diplom vermək səlahiyyəti olan) birinə köçürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur.

4. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 2008-ci ildə Rusiya Fedarasiyasının ali təhsil müəssisəsindən Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Təhsil Nazirinin 7 avqust 1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnaməyə görə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülə bilər. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdır. Ona görə də “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” 5 fevral 2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. 2002-ci ildə Təhsil Nazirliyinə çoxsaylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddı vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil naziri 28 yanvar 2002-ci il tarixli 80 nömrəli əmr imzalamışdır. Həmin əmrin üçüncü bəndinə görə qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin beşinci bəndinə görə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil Nazirinin təhsil müəssisələrinə ünvanladığı 6 avqust 2007-ci il tarixli 46-03- 4368/17 saylı məktubuna əsasən, yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış, tələbənin xarici pasportunun surəti, təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsi məsələsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının sənədləri Təhsil Nazirliyində araşdırılmamış və Nazirliyin müvafiq razılığı olmadan rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hər hansı qanunazidd hərəkətlər edilmədiyindən iddiaçının da qanunla qorunan hər hansı bir hüququ pozulmamışdır. Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra, qanunvericiliklə müəyyən olunmuş qaydada qəbul olunmuş və təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə köçürülmüş, təhsilini başa vuran tələbələrə diplomlar verilmişdir. İddiaçı iddiasının heç bir hüquqi əsas olmadığından, rədd edilməlidir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2543/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “iddiaçının istisasına uyğun müvafiq ali təhsil müəssisəsinə köçürülməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2543/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2543/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı onun təhsil aldığı ixtisasa uyğun müvafiq ali təhsil müəssisəsinə köçürülməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildə Rusiya Federasiyasında Universitetə qəbul olunmuş, 2008-ci ildə Azərbaycan Beynəlxalq Universtetinə köçürülmüş, bundan sonra ABU rəhbərliyi ilə atası X2 arasında ali təhsilli kadrların hazırlamaq məqsədi ilə müqavilə bağlanmış, həmin müqavilə üzrə atası və iddiaçı üzərinə düşən öhdəlikləri tam və vaxtında icra etmişlər. Təhsil aldığı Universitetdə o vaxt baş vermiş məlum hadisələrə görə təhsilini davam etdirə və təhsil haqqında yekun dövlət sənədi olan diplom ala bilməmiş, onunla təhsil alan digər tələbələr Azərbaycan Kooperrasiya Universitetinə köçürülsələr də o, köçürülməmiş, bununla da təhsili yarımçıq qalmışdır. Digər universitetə köçürülüb orada təhsilini davam etdirmək xahişi ilə o, Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etsə də, Nazirlik onun bu müraciətinə müsbət cavab verməmiş, onu başqa universitetə köçürtməkdən imtina etmişdir. Ona görə də o, məhkəməyə müraciət etmiş, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2543/2024 saylı, 10 mart 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin olunmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi halları ondan ibarətdir ki, o, Azərbaycan Beynəlxalq Universitetinin X1 köçürülmüş və təhsilini davam etdirmişdir. 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra təhsilini başa çatdıra bilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2010-cu il tarixli, 1200 nömrəli əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti 2010-cu ildə dayandırılmışdır. Həmin Universitetdə təhsil alan tələbələrin digər universitetlərə yerləşdirilməsi və onlarla bağlı digər məsələlərin həllinə dair Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən xx.xx.2010-cu il tarixdə növbəti əmr imzalanmışdır. Azərbaycan Beynəlxalq Universiteti fəaliyyətini dayandırandan sonra Təhsil Nazirliyi faktiki olaraq tələbələrin problemlərinin həllini öz üzərinə götürmüşdür. Ona görə də hesab edir ki, hazırki mübahisədə onun pozulmuş hüquqlarını bərpa etmək səlahiyyəti qanunvericiliklə Azərbaycan Respublikası Təhsil Nazirliyinə verilmişdir. Belə olduğu halda Azərbaycan Beynəlxalq Universitetinin vəzifələrinin icrası Azərbaycan Respublikası Təhsil Nazirliyinə (hazırkı adı Elm və Təhsil Nazirliyi) keçmişdir. Onunla ilə sözügedən Universitet arasında müqavilə bağlandığı nəzərə alınsa müqavilə üzrə öhdəliklər Azərbaycan Beynəlxalq Universiteti tərəfindən icra olunmadığı halda bu öhdəliklər həmin təhsil müəsissəsinin vəzifələrinin icrasını öz üzərinə götürmüş Azərbaycan Respublikası Təhsil Nazirliyinə (hazırkı adı Elm və Təhsil Nazirliyi) tərəfindən həyata keçirilməli idi. Lakin, bu halı birinci instansiya məhkəməsi nəzərə almamışdır. Ona görə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2543/2024 saylı, 10 mart 2024-cü il tarixli qərarını ləğv edib işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri

8. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

11. Maddə 25. İ.Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 42. İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

12. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu

13. Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1.abituriyent - ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxs;1.0.43. təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi; 1.0.47. təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum;

14. Maddə 26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

15. Maddə 26.4. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır.

16. Maddə 26.5. Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

17. Maddə 26.5-3. Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

18. Maddə 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu

19. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

20. Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;

21. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

22. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

23. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

24. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi

25. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);

26. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

27. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

28. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

29. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

30. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

31. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

33. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

34. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

35. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

36. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

37. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş (Fərmanın 1-ci bəndi 6 may 2017-ci il tarixli Fərmanla ləğv edilmişdir) “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”

38. Bənd 1. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

39. Bənd 6. Komissiyanın əsas vəzifələri aşağıdakılardır: 6.3. Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”

40. Bənd 1.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

41. Bənd 2. Mərkəz ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanlarını keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”

42. Bənd 4.4. Ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər.

43. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 iyun 1999-cu il tarixli 524 nömrəli əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə»də dəyişiklik bərədə 9 dekabr 1997-ci il tarixli 870 saylı əmrinin 1-ci bəndinin 2-ci abzasının müvəqqəti olaraq aşağıdakı kimi ifadə olunması qərara alınmışdır: -Qanuni fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisəsindən dövlət təhsil müəssisələrinin əlavə pullu (ödənişli) təhsil qruplarına tələbələrin köçürülməsi dövlət təhsil müəssisəsi tabeliyində olduğu Nazirlik, Komitə, idarə və təşkilatların razılığı əsasında təhsil müəssisəsi rəhbərliyinin (rektorların və ya direktorların) əmri ilə həyata keçirilir.

44. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

45. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

46. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

49. Tədqiq olunmuş sübutlardan görünür ki, İddiaçı Azərbaycan Beynəlxalq Universitetinin Moskva Filialından Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüş, təhsilini davam etdirmiş, 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra iddiaçı təhsilini başa çatdıra bilmədiyindən 2023-cü ildə təhslini davam etdirmək üçün onun ixtisası nəzərə alınmaqla tələbə kimi müvafiq ali təhsil müəssisəsinə köçürülməsini cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tələb etmişdir.

50. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə həmin qurumun Moskva Filialından köçürülməsi zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyindən razılığın alınması zəruri olsa da, iddiaçıya münasibətdə belə razılıq alınmamışdır. Bu hal isə iddiaçının təhsil müəssisəsinə köçürülməsinin qeyriqanuni əsaslarla baş verməsi qənaətinə gəlinməsi üçün əsasdır.

51. Bundan başqa, təhsil aldığı Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətini dayandırmasından 14 ilə yaxın müddət keçdikdən sonra hazırkı tələblə müraciət edən iddiaçının təhsil aldığı müddətdə müvafiq təhsil proqramının yerinə yetirməsini (imtahan sessiyası üzrə imtahanları vermək və s.) müəyyən etmək hazırda mümkünsüzdür. Ötən 14 il ərzində ali təhsil sahəsində elmi texniki nailiyyətlər mövcuddur, bununla bağlı təhsil proqramları, ümumilikdə ali təhsilin standartları dəyişmiş və müasir çağırışlara (o cümlədən hazırkı qəbul qaydalarına) uyğunlaşdırılmışdır.

52. Hazırkı vəziyyətdə iddiaçının digər müvafiq ali təhsil müəssisəsinə köçürülməsi və təhsilini davam etdirməsi təhsilin mahiyyətinə formal şəkildə xidmət etmiş olardı. Bu səbəbdən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin imtinası qanuna zidd sayıla və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz.

53. İsinad olunanlara əsasən, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

54. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq

qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2543/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar