Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2804/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təqvim günləri ilə hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4772/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının xx.xx.1997-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi prokurorluq orqanlarında işlədiyi təqvim günləri də nəzərə alınmaqla, 27 fevral 2018-ci il tarixdən prokurorluq orqanlarından təqaüdə çıxdığı günə qədər dəqiqliklə hesablanması və təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı təqaüddə olan prokurorluq işçisidir. xx.xx.1997-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi prokurorluq orqanlarında xidmət etmişdir. Həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 8-ci bəndinə əsasən pensiya yaşına çatmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən 5 ilin və ya son 2 ilin əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilməli olduğu göstərilmişdir. İddiaçı pensiyasının göstərilən qaydada hesablanması üçün xx.xx.2022-ci il tarixli məktubla cavabdehə müraciət etmiş, sonuncu tərəfindən 02 noyabr 2022-ci il tarixli məktubla ona orta aylıq əmək haqqının 80%-i miqdarında pensiyanın təyin edilməsindən imtina edilmişdir. Bununla yanaşı həmin məktubda iddiaçının pensiyasının düzgün hesablanmadığı, ona artıq pensiya təyin edildiyi, artıq ödənilmiş pensiya məbləğinin ondan tutulmasına razılıq verməsi üçün Filiala müraciət etməli olduğu göstərilmişdir. Bundan sonra iddiaçı Filiala yaxınlaşaraq, yazılı ərizə ilə müraciət etmiş və onun iş stajının düzgün hesablanmadığını bildirmişdir. Lakin iddiaçıya şifahi qaydada “Excell” proqramı ilə hesablama aparıldığı və əmək stajının düzgün hesablandığı bildirilmiş, həmçinin, 24 noyabr 2022-ci il tarixli cavab məktubu ilə ona pensiyanın ərizəsində göstərdiyi qaydada, yəni iş stajının 20 il 8 ay 19 gün hesablanmaqla təyin edilməsindən imtina edilmişdir. Halbuki, hətta adi qaydada hesablandıqda belə iddiaçı haqlı olduğunu, Mərkəz tərəfindən əmək stajının hesablanarkən səhvə yol verildiyinin aşkar olduğunu qeyd edir. Belə ki, o, 25 fevral 2018ci il tarixdən deyil, 27 fevral 2018-ci il tarixdən prokurorluq orqanlarından işdən azad olunaraq pensiyaya çıxmışdır. Başqa sözlə fevral ayının tamamlanmasına bir gün qalana qədər işləmiş və həmin 2 gün onun iş stajına daxil edilməlidir. Lakin bu hal nəzərə alınmamış və Filial tərəfindən iddiaçının iş stajının 20 il 8 ay 16 gün kimi hesablanmışdır. Əslində isə onun fevral ayının tamamlanmasına bir gün qalmış təqaüdə çıxması və 1997ci ilin iyun ayının 11-dən prokurorluqda fəaliyyətə başlaması nəzərə alınmaqla, prokurorluqdakı iş stajı ən azı 20 il 8 ay 19 gün hesablanmalıdır. Belə olduqda iddiaçının prokurorluq orqanlarındakı iş stajına uyğun olaraq ona təyin olunan aylıq pensiyanın məbləği orta aylıq əmək haqqı məbləğinin 67 %-ə qədər deyil, təqribən 67.2 %-ə qədər və ya stajındakı 19 gün təqribən 1 ay hesab edilərsə (belə ki, müvafiq qanunda il tamam olmadıqda ayların hesablanmasının göstərildiyini, günlərin göstərilmədiyini nəzərə almaqla, onun stajındakı artıq qalmış 19 gün 1 ayın yarısından çox olduğuna görə təqribən 1 ay hesablandığı halda) 67.25 %-i qədər olmalıdır. Cavabdeh tərəfindən iddiaçıya göndərilən 24 noyabr 2022-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 20.8.1 və 20.8.2-ci maddələrinə əsasən prokurorluq orqanlarının əməkdaşına əmək pensiyasının hesablanması zamanı prokurorluq orqanlarında qulluq stajının günlərinə və ya natamam aylarına görə deyil, həmin orqanlarda qulluq stajının hər ilinə görə və il tam olmadıqda isə ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla müvafiq əmək haqqının orta aylıq məbləğinin müəyyən faizi miqdarında qulluq stajına görə əlavələrin verilməsinin nəzərdə tutulması göstərilmiş və qeyd edilən əsasa görə iş stajının 20 il 8 ay 19 gün hesablanmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, savabdeh tərəfindən onun prokurorluq orqanlarındakı əmək stajı hesablanarkən təqvim günlərinin nəzərə alınmaması son nəticədə ona pensiya məbləğinin az təyin edilməsinə və beləliklə də, mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır kİ, qanunvericilikdə prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının hesablanması zamanı prokurorluq orqanlarında qulluq stajının günlərinə və ya natamam aylarına görə deyil, yalnız prokurorluq orqanlarında qulluq stajının hər ilinə görə və il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla müvafiq əmək haqqının orta aylıq məbləğinin müəyyən faizi miqdarında qulluq stajına görə əlavələrin verilməsi nəzərdə tutulub. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4772/2023saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.8.1 və 20.8.2-ci maddələrində staj hesablanarkən yalnız təqvim ilinin və aylarının hesablanması, iş günlərinin nəzərə alınmaması barədə birbaşa göstəriş yoxdur. Cavabdeh formal əsaslara görə onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. İnzibati icraat haqqında Qanunun 15-ci maddəsi formal tələblərdən sui istifadənin qadağan olunması prinsipini təsbit edir. Cavabdeh tərəfindən onun prokurorluq stajının təqvim günlərinin nəzərə alınmaması son nəticədə ona pensiya məbləğinin az təyin edilməsinə səbəb olmuşdur. Məhkəmə mahiyyət üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə, əmək pensiyasının xx.xx.1997-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi prokurorluq orqanlarında işlədiyi təqvim günləri də nəzərə alınmaqla, 27 fevral 2018-ci il tarixdən prokurorluq orqanlarından təqaüdə çıxdığı günə qədər dəqiqliklə hesablanması və təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İşə əlavə olunmuş, iddiaçıya məxsus ИТ-İ № 0518116, saylı xx.xx.1980-cı il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1997-ci il tarixli 29 nömrəli əmrlə Abşeron rayon Prokurorluğuna stajor vəzifəsinə təyin edilmiş və aşağıdakı vəzifələrdə çalışmışdır: xx.xx.1997 - xx.xx.1998-ci illərdə prokurorluqda stajyor; xx.xx.1998 - xx.xx.1999-cu illərdə Tərtər rayon prokurorluğunda müstəntiq; xx.xx.2001-xx.xx.2001-ci illərdə Ağdam rayon prokurorluğunda prokuror köməkçisi; xx.xx.2001-xx.xx.2001-ci illərdə Ağdam rayon prokurorluğunun müstəntiq vəzifəsinin müvəqqəti icraçısı; xx.xx.2001-xx.xx.2010-cu illərdə Ağdam rayon prokurorluğunda müstəntiq; xx.xx.2010-xx.xx.2011-ci illərdə Göyçay rayon prokurorluğunda böyük müstəntiq; xx.xx.2011-xx.xx.2013-cü illərdə Bakı şəhər Prokurorluğunda isintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsini müvəqqəti icra edən; xx.xx.2013- xx.xx.2018-ci il tarixədək Kəlbəcər rayon prokurorunun böyük köməkçisi. xx.xx.2018-ci il tarixdə iddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə tutduğu vəzifədən azad edilərək prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Beləliklə də, xx.xx.1997-ci ildən xx.xx.2018-ci ilədək onun prokurorluq stajı 20 il 8 ay 19 gün (2018. 02. 27 – 1997.06. 11) təşkil edir. Göründüyü kimi, iddiaçının prokurorluq stajında 20 il 8 ay tamamlansa da növbəti ay bitmir, 19-cu günündə qulluğuna xitam verilməsi ilə əlaqədar dayanmışdır. Apellyasiya şikayətinin dəlillərində iddiaçı mübahisələndirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.8.1-ci və 20.8.2-ci maddələrində qulluq stajın yalnız təqvim ilinin və aylarının hesablanması gösətrilsə də, burada iş günlərinin nəzərə alınmaması barədə birbaşa göstəriş yoxdur. Lakin cavabdeh orqan tərəfindən onun qulluğunun həmin günləri formal yanaşma ilə nəzərə almamışdır ki, bu da onun əmək pensiaysı məbləğinin az hesablanmasına gətirib çıxarmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 20.8.2-ci maddəsi aşağıdakıları nəzərədə tutur: 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, prokurorluq işçisinin orta aylıq əmək haqqı müəyyən edilərkən, onun prokurorluq stajının hər ilinə görə, il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanır və burada natamam aydakı günlərin sayını artırmaqla ayın tamamlanmısı nəzərdə tutulmur. Yəni, stajın hesablanmasında günlər nəzərə alınmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də məhz, onu nəzərdə tutur ki, - -illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır (m.369.1.) -aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. Aylarla hesablanan müddətin qurtarması müvafiq günü olmayan aya düşdükdə müddət həmin ayın sonuncu günü qurtarır (m.369.3). -günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır (m.369.6.) Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının apellyasiya şikayətinin staj hesablanarkən yalnız təqvim ilinin və aylarının hesablanması, iş günlərinin nəzərə alınmaması barədə birbaşa göstəriş olmadığını mübahisələndirilən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunnarkən bir ayı tamamlanmayan 19 günün nəzərə alınmasından imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi də məhz onu nəzərdə tutur ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda, öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozmuş olsun. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4772/2023saylı, xx.xx.2023-cü il tarixli qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4772/2023saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2804/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2804/2023
07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver