Məhkəmə qərarları › İş №2-1(103)-2805/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2805/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2805/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və pensiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6149/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının yaşa görə əmək pensiyasından tutulmaların aparılmasına dair qəbul edilmiş inzibati aktın (qərar, sərəncam) ləğv edilməsi və iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddət məhkəmə orqanlarında, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsində hakim vəzifəsində işləmişdir. DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2012-ci ildə hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2012-ci ildən xx.xx.2019-cu il tarixə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləməklə yanaşı ona təyin olunmuş yaşa görə əmək pensiyasını da almışdır. xx.xx.2019-cu il tarixdən isə iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olunduğuna görə ona təyin edilmiş əmək pensiyası yenidən hesablanmış və “Əmək pensiyaları haqqında” AR Qanununun 20.7.2-ci maddəsinə əsasən vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının 80%, yəni 4171,20 manat məbləğində pensiya hesablanmışdır. İddiaçı ona təyin olunmuş pensiyanı xx.xx.2021-ci il tarixə qədər almışdır. Lakin həmin tarixdən etibarən iddiaçıya təyin edilmiş pensiyanın məbləğində azalmalar müşahidə edilmişdir. İddiaçı tərəfindən bununla əlaqədar olaraq cavabdeh inzibati orqana pensiyanın düzgün hesablanması barədə ərizə ilə müraciət edilmişdir. Həmin ərizəyə DSMF tərəfindən verilmiş cavabda belə müəyyən olunur ki, iddiaçıya ilk dəfə DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə pensiya təyin edilən zaman əsassız olaraq qulluq stajına görə əlavələr hesablanmış və iddiaçı həmin əlavələri xx.xx.2021-ci il tarixə qədər almışdır. Bu əsasdan cavabdeh inzibati orqan iddiaçı tərəfindən xx.xx.2012-ci ildə xx.xx.2021-ci ilə qədər aldığı əmək pensiyasından 46542,37 manat artıq pul vəsaitinin dövlət büdcəsindən çıxdığını müəyyən etmişdir. Buna görə də cavabdeh inzibati orqan tərəfindən həmin pul vəsaitinin büdcəyə qaytarılması məqsədi ilə hər ay iddiaçının əmək pensiyasından 417 manat 12 qəpik çıxılmaqla tutulması qərara alınmışdır. Cavabdeh inzibati orqanın artıq ödənilməsi iddia olunan pensiya məbləğinin iddiaçıdan tutulması ilə bağlı hərəkətləri qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 39cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3- cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki növü mövcuddur - tərəfin razılığı və məhkəmə qaydasında. Lakin hər iki hal mövcud olmamış və cavabdeh inzibati orqan asan yola baş vuraraq özü inzibati qaydada qərarla məsələni həll etmək istəmişdir. Belə ki, əgər təyinat zamanı hər hansı bir qanunsuzluq mövcud olmuşsa, o zaman həmin məsuliyyəti iddiaçı deyil, cavabdehin məsul şəxsləri daşımalıdır. Yəni mübahisə predmeti olan məbləğ inzibati və ya intizam icraatı zamanı həmin şəxslərdən tutulmalıdır. Bundan başqa, iddiaçıya pensiya təyin olunarkən onun hakim vəzifəsində işlədiyi müddətdə əmək məzuniyyətinə və müalicə üçün aldığı əlavələri cavabdeh inzibati orqan pensiyanı yenidən hesablanması zamanı nəzərə almamışdır. Bununla da iddiaçıya təyin edilmiş pensiyanın məbləğində kifayət qədər azalmalar yaranmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinin 1-ci abzasına əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 109-cu maddəsinin 4-cü abzasına əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqları məhdudlaşdırılmışdır. Məhkəmənin 04 avqust 2021-ci il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasından tutmaların aparılmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi, İddiaçı 2021-ci ilin fevral ayı üzrə ödənilməli olan, lakin ödənilməmiş yaşa görə əmək pensiyası məbləğinin ona ödənilməsinin cavabdehin üzərinə qoyulması, İddiaçı 2021-ci ilin mart, aprel, may ayları üzrə artıq ödənilmiş pensiyanın geri qaytarılması adı ilə hər ay üzrə tutulmuş 417,12 manat məbləğin ona ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçı 23 fevral 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, iddiaçının Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda mövcud olan pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 1 oktyabr 2012-ci il tarixindən hakim kimi (vəzifədən azad edilmədiyi üçün hakim kimi əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ olmadığı halda) yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən hakim kimi əmək pensiyası təyin edilərkən hakim vəzifəsində işlədikdə onların əmək pensiyası üzrə qulluq stajına görə əlavə ödənilmir, yalnız sığorta hissəsi (xx.xx.2017-ci il tarixindən əvvəl baza və sığorta) ödənilir. Bununla əlaqədar onun əmək pensiyası xx.xx.2012-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün aşağıdakı qaydada yenidən hesablanmışdır: xx.xx.2006-cı il tarixinədək olan iş stajına (37 il 4 ay 23 gün) uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi xx.xx.2012-ci il tarixindən indeksləşdirilərək 78,03+85 (baza hissəsi)+243,91 (xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində yığılmış 35123,04 manat pensiya sığorta kapitalına görə hesablanmış əmək pensiyasının sığorta hissəsi)=406,94 manat müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixinədək olan iş stajına uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi xx.xx.2013-cü il tarixindən indeksləşdirilərək 78,89+85 (baza hissəsi)+246,59 (xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində yığılmış pensiya kapitalına əsasən hesablanmış sığorta hissəsi (243,91 manat) xx.xx.2013-cü il tarixindən indeksləşdirilərək)=410,48 manat müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixinədək olan iş stajına uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi xx.xx.2013-cü il tarixindən 78,89+100 (baza hissəsi artırılaraq) +246,59=425,48 manat müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixinədək olan iş stajına uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi xx.xx.2014-cü il tarixindən indeksləşdirilərək 80,78+100 (baza hissəsi) +252,51 (xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində yığılmış pensiya kapitalına əsasən hesablanmış sığorta hissəsi xx.xx.2014-cü il tarixindən indeksləşdirilərək)=433,29 manat müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixinədək olan iş stajına uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi xx.xx.2015-ci il tarixindən indeksləşdirilərək 81,91+100 (baza hissəsi) +256,05 (xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində yığılmış pensiya kapitalına əsasən hesablanmış sığorta hissəsi xx.xx.2015-ci il tarixindən indeksləşdirilərək)=437,96 manat müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixinədək olan iş stajına uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi xx.xx.2016-cı il tarixindən indeksləşdirilərək 85,19+100 (baza hissəsi) +266,29 (xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində yığılmış pensiya kapitalına əsasən hesablanmış sığorta hissəsi xx.xx.2016-cı il tarixindən indeksləşdirilərək)=451,48 manat müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixinədək olan iş stajına uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi xx.xx.2016-cı il tarixindən 85,19+110 (baza hissəsi artırılaraq) +266,29=461,48 manat müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixinədək olan iş stajına uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi xx.xx.2017-ci il tarixindən indeksləşdirilərək 95,75+110 (baza hissəsi) +299,31 (xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində yığılmış pensiya kapitalına əsasən hesablanmış sığorta hissəsi xx.xx.2017-ci il tarixindən indeksləşdirilərək)=505,06 manat müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixindən 505,06 manat pensiya məbləği indeksləşdirilərək 533.85 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixindən 533,85 manat pensiya məbləği indeksləşdirilərək 549.86 manat müəyyən edilmişdir. Eyni zamanda iddiaçının 30 dekabr 2019-cu il tarixindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olunmağı ilə əlaqədar əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1980,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 891,00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 495,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 297,00 manat, bir aylıq vəzifə maaşı miqdarında əlavədən hesablanan pul təminatı 330,00 manat, digər növ əlavələr 1221,00 manat olmaqla orta aylıq əmək haqqı 5214,00 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (5214,00 manat) 80 faizi4171,20 manat məbləğində hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 95713,82 manat pensiya məbləği ödənilməli olduğu halda 142256,19 manat ödənildiyi müəyyən edilmişdir. Nəticədə iddiaçıya ümumilikdə 46542,37 (142256,19-95713,82) manat artıq pul vəsaiti ödənilmişdir. Həmin artıq ödənilmiş 46542,37 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə cari aydan etibarən onun əmək pensiyasından 417,12 manat çıxılmaqla tutulur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı 2021-ci ilin fevral ayı üzrə ödənilməli olan, lakin ödənilməmiş yaşa görə əmək pensiyası məbləğinin və iddiaçıdan 2021-ci ilin mart, aprel, may ayları üzrə artıq ödənilmiş pensiyanın geri qaytarılması adı ilə hər ay üzrə tutulmuş 417,12 manat məbləğin ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-500/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6149/2021 saylı qərardadı ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6149/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasından tutulmaların aparılmasına yönəlmiş hərəkətləri qanunsuz hesab edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6149/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair təqdim edilmiş yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6149/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olunmuş, bundan sonra cavabdeh orqan tərəfindən iddiaçının pensiyası yenidən hesablanmışdır. Cavabdeh orqan tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıya 1 oktyabr 2012-ci il tarixindən hakim kimi yaşa görə əmək pensiyası təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən vəzifədən azad edilmədiyi hakim vəzifəsində işlədiyi halda əmək pensiyasına qulluq stajına görə əlavə hesablanmış və ödənilmişdir. Bununla əlaqədar onun əmək pensiyası xx.xx.2012-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün yenidən hesablanmış və bu zaman iddiaçıya ümumilikdə 46542,37 manat artıq pul vəsaitin ödənildiyi müəyyən edilmiş, həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə geri qaytarılması üçün hər ay iddiaçının pensiyasından 417,12 manat vəsaitinin tutulmasına başlanılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, qeyd etmişdir ki, cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə nə iddiaçının razılığını almadan, nə də məhkəmədə müvafiq iddia qaldırmadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının pensiyasından tutulmaların aparılmasına dair hər hansı inzibati akt (qərar və s.) qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunla iddiaçının hüquqi vəziyyətini dəyişdirəcəyi qənaətinə gəldiyi təqdirdə bu barədə inzibati akt qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi “İnzibati icraat haqqında” Qanunun tələbləri ilə uyğunluq təşkil etməmişdir. Bununla yanaşı məhkəmə cavabdehin iddiaçının pensiyasından tutulmaların aparılmasına dair hərəkətlərini faktiki xarakterli kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, inzibati aktlarla yanaşı inzibati orqanların faktiki xarakterli hərəkətləri də inzibati məhkəmə icraatında məhkəmə araşdırmasının predmeti qismində çıxış edir. İnzibati orqanın faktiki xarakterli hərəkəti inzibati orqanın publik hüquq sahəsində inzibati akta aid edilməyən bütün digər hakimiyyət tədbirlərini əhatə edir. İnzibati orqan təkcə inzibati aktlar qəbul etmir, həm də “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər də edə bilər. Bu hərəkətlər ya inzibati aktın verilməsi zamanı və ya inzibati aktla bağlı olmayan konkret əməllərdir. Hər bir halda faktiki hərəkətlər müəyyən nəticənin əldə edilməsinə yönəlmişdir və faktiki vəziyyəti dəyişdirə bilir. Bu baxımdan cavabdehin iddiaçının pensiyasından tutulmaların aparılmasına dair hərəkətləri inzibati orqanın iddiaçı üçün hüquqi nəticə yaradan faktiki xarakterli hərəkəti kimi qəbul olunur və bu hərəkət hazırkı inzibati məhkəmə icraatının yoxlama predmetini təşkil edir. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: -1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan tutulma barədə qərar qəbul etməlidir. -2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Göründüyü kimi inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh həm “Əmək pensiyaları haqqında” Qanunun, həm də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə nə iddiaçının razılığını almadan, nə də məhkəmədə müvafiq iddia qaldırmadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6149/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6149/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar