Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2806/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının təhkim edilməsi barədə” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4794/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi hesabına Asan Ödəniş portalı vasitəsi ilə adından ödənmiş 1500 (bir min beş yüz) manat dövlət rüsumuna əsasən, yəni dövlət qeydiyyat nişanlarının verilməsinə görə, seriya eyni hərflərdən ibarət olduqda dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üzrə ödənişə görə hazırda sərfiyyatda olan seriya üzrə yuxarıda qeyd olunan dövlət qeydiyyat nömrələrindən hər hansı birinin adına dövlət qeydiyyatının aparılmasının cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının vətəndaşı olaraq vətəndaşlıq hüququndan istifadə edərək xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinə elektron Asan Ödəniş portalı vasitəsi ilə onun adından dövlətin büdcəsinə ödənmiş fövlət qeydiyyat nişanlarının verilməsinə görə: seriyası eyni hərflərdən ibarət olduqda dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üzrə ödənişə görə dövlət qeydiyyatının aparılmasını xahiş etmişdir. Belə ki, 24 təqvim günündən sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinin rəis müavini Kamran Əliyevin imzası ilə arzu etdiyi dövlət qeydiyyat nişanlarının hazırda sərfiyyatda olmadığından xahişinin istəyinə uyğun həlli mümkün olmamışdır deyə heç bir hüquqa uyğun olmayan qanuna zidd cavab verilmişdir. Dünyada baş verən sürətli elektron inkişafa uyğun olaraq şəffaflığın təmin edilməsi və vətəndaşların hüquqların qorunması məqdəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən “ASAN xidmət" mərkəzləri yaradılmışdır. Daha sonra 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə "ASAN ödəniş" sistemi yaradılmışdır və hər bir Azərbaycan Respublikası vətəndaşının şəxsi kabinet yaradaraq bu sistemdən istifadə edərək ödəniş etmək qanuni olaraq hüququ vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4794/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakimin qərardadında qeyd etdiyi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını yoxlamalıdırlar.Subyektiv hüquq dedikdə, insanın müəyyən bir şəkildə hərəkət etmək hüquq qabiliyyəti başa düşülür.Subyektiv hüquq, subyekt tərəfindən müəyyən bir hüquqi əlaqənin yaranması ilə yanaşı hüquqi fakt əsasında əldə edilir. Bu iddia üzrə onun dövlət büdcəsində rüsum ödənişini etməsi nəticəsində onun subyektiv hüququ yaranmış olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin mərkəzi informasiya sistemi haqqında ƏSASNAMƏ-nin 6.1.8ci bəndinə əsasən mövcud olan dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar Sistemə daxil edilməli, 6.1.16-cı bəndinə əsasən isə Sistem vasitəsilə mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanları verilməlidir. Həmin ƏSASNAMƏ-nin 7.4.11-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçirilməsi, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi, dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnaməsinin verilməsi, avtomobil yollarının ayırma zolağında inşa edilən obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması üçün ödənilmiş dövlət rüsumları, habelə utilizasiya haqları barədə məlumatlar Sistemə informasiya sistemlərinin inteqrasiya olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İnzibati Prosessual Məcəllə: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddiaərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. İV-İ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 1) nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi; 2) nəqliyyat vasitəsinin dövlət qeydiyyatını və daimi uçota alınmasını, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı həmin fəaliyyəti həyata keçirən dövlət orqanında “bir pəncərə” prinsipinin təşkili; 3) nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi və texniki baxışı ilə bağlı hərəkətlərin fasiləsiz olaraq həyata keçirilməsi; … 6) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin, dövlət qeydiyyat nişanlarının verilməsinin elektron idarəetmə sistemi; 7) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması. İşin faktiki hallarından görünür ki, iddiaçı seriyası eyni hərflərdən, rəqəmlərin kombinasiyası 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 olan dövlət qeydiyyat nişanının verilməsini cavabdehdən tələb edir, cavabdeh isə imtinasını iddiaçının arzu etdiyi dövlət qeydiyyat nişanlarının hazırda sərfiyyatda olmaması ilə əsaslandırır. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, adından da bəlli olduğu kimi şəxsin xüsusi mülkiyyətində deyil, dövlət mülkiyyətində olan əşyadır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin nə əşya, nə də əmlak hüquqlarına həsr olunmuş maddələrində avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının həmin anlayışlara (yəni, əşya və əmlak hüququ anlayışlarına) daxil olmaması da, müəyyən edilir. Kollegiya onuda qeyd edir ki, dövlət qeydiyyat nişanının təyinatı baxımından cavabdehin müraciət edən şəxsin nəqliyyat vasitəsini yalnız dövriyyədə olan qeydiyyat nişanı ilə təchiz etmək öhdəliyi vardır. Qeyd olunan həmin öhdəlik şəxsin arzu etdiyi istənilən rəqəm və hərf kombinasiyasından ibarət qeydiyyat nişanın verilməsi anlamında təfsir oluna bilməz. Başqa sözlə, dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçmək imkanı dövriyyəyə buraxılmış qeydiyyat nişanları ilə məhdudlaşır. Başqa cür yanaşma, müxtəlif şəxslər tərəfindən eyni rəqəm və hərf kombinasiyaların seçildiyi təqdirdə çıxılmaz və həlli mümkün olmayan halların yaranmasını şərtləndirərdi. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı halda iddiaçının iddia predmeti ilə bağlı iddia qaldırmağa subyektiv hüququnun müəyyən edilmədiyi nəticəsinə gəlmişdir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4794/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2806/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2806/2024
19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver