Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2807/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər Ələsgərova (Məhərrəmova) Elnurə Oktay qızı və X5) “ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2-1(112)-7898/2021 saylı qərarından üçüncü şəxs Ələsgərova (Məhərrəmova) Elnurə Oktay qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək üçüncü şəxslər Ələsgərova (Məhərrəmova) Elnurə Oktay qızı və X2 ona məxsus ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 09.02.2013-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. O, həmin evdə ailə üzvlərilə birlikdə yaşayır. X4 06.05.2008-ci ildə oğlu ilə nikaha daxil olmuş, nikahdan sonra ona məxsus fərdi yaşayış evinə köçərək orada yaşamağa başlamışdır. Onların arasında olan nikahdan bir övladları - 24.03.2009-cu il təvəllüdlü X5 anadan olmuş, sonradan aralarında olan münasibət pozulduğundan, Elnurə Ələsgərova qızını da özü ilə götürərək, 2020-ci ilin yanvar ayında ona məxsus evi tərk etmiş, atasına məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən evdə yaşamağa başlamışdır. Onların arasında olan nikah isə 27.02.2020-ci ildə Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə pozulmuşdur. O, X1 və onun azyaşlı qızı 24.03.2009-cu il təvəllüdlü X2 qeydiyyatdan çıxarılmaları üçün Nəsimi Rayon Polis İdarəsinə yazılı müraciət etsə də, həmin orqan onun müraciətini təmin etməkdən imtina etdi və qeydiyyatdan çıxarılmanın yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçirildiyini bildirdi. Hesab edir ki, Nəsimi Rayon Polis İdarəsinin imtinası əsassızdır. X1 və onun azyaşlı qızı 24.03.2009-cu il təvəllüdlü X2 əsassız olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması mənim mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. X4 oğlu ilə evləndikdən sonra onun onun mənzilinə pasport qeydiyyatına alınmasına dair onun tərəfindən razılıq verilməsinə baxmayaraq, 2020-ci ilin yanvar ayında övladı ilə birlikdə ona məxsus evi tərk edərək atasına məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən evinə köçüb orada yaşadığından, onların hazrki qeydiyyatı formal xarakter daşıyır. Bakı İnzibati Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2-1(112)-7898/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Ələsgərova (Məhərrəmova) Elnurə Oktay qızının ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs Ələsgərova (Məhərrəmova) Elnurə Oktay qızı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2-1(112)- 7898/2021 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qanunvericilik normaları ilə əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2-1(112)-7898/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından Ələsgərova (Məhərrəmova) Elnurə Oktay qızının verdiyi apellyasiya şikayəti iddianın təmin olunmuş hissəsində ləğvinə yönəlmiş, digər şəxslər isə apellyasiya şikayəti verməmişlər. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- 3596/2020 nömrəli iş üzrə 21.09.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 16b saylı fərdi yaşayış evindən X1 istifadə hüququnun olmaması müəyyən edilmiş; İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 16b saylı fərdi yaşayış evindən X2 istifadə hüququ itirilmiş hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1625/2021 nömrəli iş üzrə 03.03.2021-ci il tarixli qərardadı ilə X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-3596/2020 nömrəli iş üzrə 21.09.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçıya izah olunmuşdur ki, hazırki tələbilə aidiyyəti inzibati orqana müraciət edə, bundan imtina edildikdə isə müvafiq inzibati məhkəmədə iddia qaldıra bilər. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarını, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4, 30.5, 30.6-cı maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarını, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslini, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia qismən təmin edilməli, Ələsgərova (Məhərrəmova) Elnurə Oktay qızının ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ələsgərova (Məhərrəmova) Elnurə Oktay qızı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli qərarında ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.... Baxılan iş üzrə iddiaçı evin mülkiyyətçisidir, üçüncü şəxs Ələsgərova (Məhərrəmova) Elnurə Oktay qızı həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçının ailə üzvü deyil, izahatlara əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüququ mövcud deyil. Bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətində 3-cü şəxs E.Ələsgərova (Məhərrəmova) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 – 228.2-ci maddələrinə istinad edərək göstərmişdir ki, ona qanunla nəzərdə tutlumş kompensasiya ödənilmədən mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilə bilməzdi, eyniliklə müvafiq kompensasiya verilmədən həmin sahəyə qeydiyyatdan çıxarıdla bilməzdi. Məhkəmə bu dəlilləri əsaslı hesab etmir, çünki yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi və ya bu hüquqa xitam verilməsi, habelə belə xitamla əlaqədar kompensasiyanın verilməsi məsələləri inzibati prosessual qanunvericiliyinin deyil, mülki prosessual qanunvericiliynin normaları ilə tənzimlənir. Yaşayış sahəsinə qeydiyyatdan çıxarılması ilə bağlı mübahisələrə inzibati prosessual qanunvericilyinin çərçivəsində baxılsa da, bu zaman mülkiyyətçinin həmin sahədən kiminsə qeydiyyatdan çıxarılmasını tələb etməsi üçün həmin şəxsə hər hansı kompensasiyanın verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə iddianı təmin etməklə düzgün qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs Ələsgərova (Məhərrəmova) Elnurə Oktay qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2-1(112)-7898/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2807/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2807/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver