Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2807/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4620/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına izah verilməsi barədə İddiaçı ərizəsinə əsasən qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4620/2022 nömrəli 25 aprel 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiya təyin edildikdən sonra iddiaçının fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında, iddiaçının yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4620/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı (E.Əliyev) ilə iddiа təmin edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra həmin qərar icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. İddiaçı məhkəməyə qərarın izah olunmasına dair ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə qərarının icrası nəticəsində pensiyanın ümumi məbləği artırılmamışdır, çünki cavabdeh tərəfindən Əmək pensiyları haqqında Qanunun 29.2-ci maddəsi tətbiq edilərək qulluq illərinə görə pensiyaya əlavənin məbləği azaldılmışdır. Aşağıdakı əsaslara görə hesab edir ki, məhkəmə qərarının düzgün icrasının təmin edilməsi məqsədilə izah edilməlidir. Hərbi pensiyaçılar istər mülki sahələrdə işləməyə davam etsin, istər hərbi xidmətini davam etsin, Azərbaycan manatı ilə gəlir əldə edir, əldə etdiyi gəlirdən eyni faiz dərəcəsi ilə gəlir vergisi ödəyir, eyni faiz dərəcəsi ilə sosial sığorta haqları ödəyir. Gəlirdən ödənilmiş sosial sığorta haqları arasındakı fərq nədir ki, hərbi pensiyaçı hərbi xidmətə davam etdiyi halda sosial sığorta kapitalından faydalana bilər, mülki sahələrdə işləməyə davam etsə faydalana bilməz, hətta qulluq stajına görə əlavəni itirər. Pensiyaçının sosial sığorta haqlarını ödəməsi pensiyaçının aldığı pensiyasının ümumi məbləğinin artırılması məqsədini daşıyır və ödənilmiş pulun geriyə sığortaolunana qaytarılması prinsipi əsasında dövr etməlidir. Qulluq illərinə görə pensiyaya əlavə qazanılmış hüquqdur və maliyyələşdirilməsi mənbəyi dövlət büdcəsidir. Hətta indeksasiya nəticəsində qulluq illərinə görə əlavə adı altında alınan pul pensiyanın sığorta hissəsinin tərkibində pensiyaçıya ödənilməyə davam edir, ona görə də sosial sığorta haqlarının qulluq illərinə görə əlavə adı ilə ödənilən pulla əvəzləşdirilməsi sosial sığorta prinsiplərinə ziddir. İşləyən pensiyaçı ilə işləməyən pensiyaçı arasında fərq var, Cavabdeh tərəfindən bu nəzərə alınmalıdır. xx.xx.2019-cu il tarixədək Əmək pensiyaları haqqında Qanunun 29.2-ci maddəsi ona şamil edilmirdi. xx.xx.2019-cu il tarixədək o, Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması hüququnu qazanmışdır. xx.xx.2019cu il tarixədək qüvvədə olan qanunvericiliyə uyğun pensiyası yenidən hesablandıqda qulluq illərinə görə pulunu kəsmək mümkün deyil, çünki 29.2-ci maddə ona şamil edilmirdi. Konstitusiya Məhkəməsinin xx.xx.2022 tarixli qərarı həmin vaxt xx.xx.2022 tarixdə qüvvədə olan Əmək pensiyaları haqqında Qanunu şərh edib, onun hüququ isə xx.xx.2019dan öncə yaranıb. Əmək pensiyaları haqqında Qanun yaranma müddətindən asılı olmayaraq bütün hüquqları tanıyır, Qanun dəyişəndə qazanılmış hüquqlar itmir, ləğv olmur. Konstitusiya Məhkəməsinin Qərarında "müraciət edildiyi gündən hesablanma aparılır müddəası" 9.6-cı maddəyə münasibətdə yazılıb, yəni ki hərbi xidmətə davam edənlərə münasibətdə yazılıb. Mülki sahələrdə işləməyə davam edənlərə münasibətdə isə 37.3.1-ci maddəyə əsasən yenidən hesablanma aparılması göstərilir. Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma iki halda aparılır: pensiyaya çıxdıqdan sonra 6 il işlədikdə və pensiyaya çıxdıqdan sonra işləməyə davam edib əmək müqaviləsinə xitam verildikdə, məsələn pensiyaya çıxdıqdan sonra 4 il işləyən pensiyaçının əmək müqaviləsinə xitam verilərsə yenidən hesablanma hüququnu əmək müqaviləsinə xitam verildiyi tarixdən qazanıb. Sadəcə həmin maddəni diqqətlə oxumaq lazımdır. Pensiyaya çıxdıqdan sonra 6 il işləyən pensiyaçının 6 il stajı tamam olduğu tarixdən yenidən hesablanma hüququ yaranıb. Cavabdeh qurum bilməlidir ki, pensiyanın yenidən hesablanma tarixi və pensiyanın ödənilməyə başlaması tarixi fərqli anlayışlardır. Pensiyanın yenidən hesablanma tarixi dedikdə hüququn yaranması nəzərdə tutulur. Pensiyanın ödənilməyə başlaması tarixi isə pulun hansı tarixdən ödəniləcəyi tarixini müəyyən edir. Məsələn onun hüququ xx.xx.2018-də yaranıb, o, isə xx.xx.2021-də müraciət etmişdir, ona xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il tarixdən sonrakı ayın birindən etibarən ödəniş edilməyə başlayacaq. Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinə uyğun eyni hüququ qazanmış vətəndaşlara fərqli münasibət tətbiq edilməsi diskriminasiyadır, ayrı-seçkilikdir. 2022-ci ildə müraciət edən işləyən hərbi pensiyaçılar ilə 2023-cü ildə müraciət edən işləyən hərbi pensiyaçılar Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən eyni hüququ qazanıb. 2023cü ildə müraciət edən işləyən hərbi pensiyaçıların Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyasının sığorta hissəsi yenidən hesablandıqdan sonra qulluq illərinə görə pulu azaldılmayacaq, kəsilməyəcək. Əmək pensiyaları haqqında Qanunun 20-ci maddəsində göstərilən şəxslər, o cümlədən hərbi pensiyaçılar əmək pensiyası ilə birlikdə əmək pensiyalarına əlavələr alır. Başqa sözlə desək, onların pensiyasının ümumi məbləği ibarətdir: oensiyasının ümumi məbləği = əmək pensiyası + əmək pensiyasına əlavə Əmək pensiyası = sığorta hissə + yığım hissə. Əmək pensiyasına əlavə = qulluq illərinə görə ömürlük qazanılmış pul. Qulluq illərinə görə pulunu almağa davam edənlər: Pensiyaya çıxdıqdan sonra işləməyən hərbi pensiyaçılar; 2023-cü ildə müraciət edən hərbi pensiyaçılar. Pensiyaya çıxdıqdan sonra işləməyən qulluq illərinə görə pulunu almağa davam edən hərbi pensiyaçılar: Pensiya çıxdıqdan sonra dövlət büdcəsinə gəlir vergisi ödəməyib. Pensiyaya çıxdıqdan sonra DSMF-yə sosial sığorta haqları ödəməyib. Qulluq illərinə görə əlavəsi kəsilən və 2022-ci ildə müraciət edən hərbi pensiyaçılar: Pensiya çıxdıqdan sonra Dövlət büdcəsinə gəlir vergisi ödəyib. Pensiyaya çıxdıqdan sonra DSMF-yə sosial sığorta haqları ödəyib. Nəticədə 2022-ci ildə müraciət edən hərbi pensiyaçılar istisna olmaqla hamı qulluq illərinə görə pulunu almağa davam edir. "Qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin” əmək pensiyalarının əlavəsinin 2023-cü il yanvarın 1-dək olan dövr üçün 37.3.1-ci maddəyə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə, hazırda qüvvədə olan Əmək pensiyaları haqqında Qanunun tətbiq edilməməsi barədə hər hansı norma hazırda qüvvədə olan Əmək pensiyaları haqqında Qanunda və ya 627 nömrəli Qanunda mövcud deyil. 2022-ci ildə müraciət edən hərbi pensiyaçılar 2023-cü ildə müraciət edən hərbi pensiyaçılar ilə Qanunun 37.3.1-ci maddəsinə əsasən eyni hüququ qazanmış vətəndaşlarıq, eyni hüquqi vəziyyətdə olanlara fərqli münasibət göstərilməsi diskriminasiyadır. Əmək pensiyaları haqqında Qanunun müxtəlif dövrlərdə müddəalarına dəyişikliklər edilib, xx.xx.2017-dək Əmək pensiyaları haqqında Qanunda ümumiyyətlə işləyən pensiyaçının ödədiyi sığorta haqqlarından yenidən hesablanma hallarına dair qulluq illərinə görə pulun azaldılması barədə hər hansı müddəalar mövcud olmayıb, xx.xx.2017-xx.xx.2019 arası isə yalnız xx.xx.2017-dən öncə pensiyaya çıxmış işləyən pensiyaçılar barədə müddəalar qüvvədə olub, xx.xx.2019-xx.xx.2023 arası isə 29.2-ci maddə əsasında Konstitusiya Məhkəməsinin qərarı ilə tətbiq edilib, lakin hazırda xx.xx.2023 tarixdən etibarən isə Əmək pensiyaları haqqında Qanunda işləyən Pensiyaçının ödədiyi sığorta haqqlarından pensiyanın yenidən hesablanması hallarına münasibətdə qulluq illərinə görə pulun hər hansı azaldılması müddəaları yoxdur. Bu o deməkdir ki, müxtəlif dövrlərdə qazanılmış eyni hüquqa münasibət fərqli olub. Eyni maddə əsasında qazanılmış hüquqdan müxtəlif dövrlərdə vətəndaşlara gah pensiyanın ümumi məbləğində artım almağa imkan verilib, gah da verilməyib. Nəticə etibarilə Konstitusiyanın 25-ci və 149-cu maddələrinin tələblərinə uyğun olmayan vəziyyət yaradılıb. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4620/2022 nömrəli 25 aprel 2023-cü il tarixli qərardadı ilə (hakim E.Əliyev) ərizə təmin edilmiş, pensiya təyin edildikdən sonraki dövr üzrə fərdi şəxsi hesabında toplanan sığorta kapitalı əsasında qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 16 mart 2005-ci il tarixində xidmət illərinə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla adıçəkilən şəxsin əmək pensiyası 3282 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: əmək pensiyasının sığorta hissəsi – 243,30 manat; qulluq stajına görə əmək pensiyasına əlavə - 3038,70 manat. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Əlavə olaraq bildiririk ki, ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 235146,41 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qəyd olunanları nəzərə alaraq, iddiaçının 235146,41 manat məbləğində pensiya sığorta kapitalı ‘Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (235146,41:72=3265,92 manat) əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 3509,22 (243, 30+3265,92) manat hesablanıb. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (3038,70 manat) sığorta hissəsinin artım məbləğindən (3265,92 manat) az olduğundan 0 manat müəyyən edilib. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən etibarən 3837,42 manat müəyyən edilib. Eyni zamanda, "Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixindən hesablanmaqla 4401,52 manat məbləğində müvafiq kart hesabına köçürülür. Bundan başqa məhkəmənin sözügedən qərardadının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minən 5 noyabr 2022-ci il tarixli 627- VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Bununla bağlı bildiririk ki, həmin qanunun keçid müddəalarının 2.2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1 -ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Eyni zamanda, məhkəmə Qanunun 29.2-ci maddəsinin ləğvini Azərbaycan Respublikasının 149-cu maddəsində nəzərdə tutulan hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirməklə də səhvə yol vermişdir. Belə ki, Qanunda edilmiş dəyişiklik şəxslərin hüquqi vəziyyətində hər hansı yaxşılaşdırmasına səbəb olmayıb. Bu dəyişikliklər sadəcə maddi vəziyyəti yaxşılaşdırmağa xidmət edir. Sözügedən dəyişiklik sadəcə hesablanma qaydasındadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair" 2014-cü il 28 yanvar tarixli Qərarına əsasən, "hüquqi vəziyyət (status)" kateqoriyası qanun nöqteyi-nəzərindən subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. Hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsində "fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar" dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Göstərilənlərə əsasən müəyyən olunur ki, Qanunun 29.2-ci maddəsinin 01. 01.2023-cü il tarixindən ləğv edilməsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiqinin heç bir hüquqi əsası yoxdur. Belə ki, qanunverici sosial təminat sahəsində müəyyən qədər tənzimləmə müstəqilliyinə malikdir. Lakin belə müstəqillik mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşır. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimlənmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının qazanılmış pensiya hüququndan yalnız o halda söz edilə bilər ki, dəyişiklik edilən tarixədək qanunvericilikdə ona hər hansı formada sosial təminat hüququ müəyyən edən normalar mövcud olsun. Yalnız belə hallarda əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla bilməz və buna yönəldilmiş hər hansı tənzimləmə sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. xx.xx.2023-cü il tarixinədək isə hərbi (xüsusi) rütbəlilərə münasibətdə yenidən hesablanma zamanı hesablanmış vəsaitin pensiyanın ümumi məbləğinin üzərinə əlavə edilməsi norması mövcud deyildi. Yəni iddiaçının həmin hesablamaya qanuni gözləntisi olmayıb. Qeyd olunanlardan aydın görünür ki, iddiaçının fərdi hesabında toplanmış pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminatının imkanları baxımından mümkün deyil. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verib, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəyə uyğun izahat verib, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4620/2022 nömrəli 25 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; - 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; - 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; - 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur; - 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı işləyən əmək pensiyaçı kimi toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə iddiaçıya təyin edilmiş əmək pensiyasını, daha doğrusu, pensiyanın sığorta hissəsini Qanunun 37-ci maddəsinə əsasən yenidən hesablayarkən həm də ona ödənilən qulluq stajına görə əlavənin məbləğini də yenidən hesablamış və iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini azaltmışdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, hərbi qulluqçular da (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən güzəştlər tətbiq edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilir. İndeksləşdirmə Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi daşımaqla istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün vətəndaşların pensiya gəlirini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həm Qanunun 29.2-ci maddəsinə, həm də Qaydanın 2.1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirildikdə və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanması nəzərdə tutulmuşdur. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcud olmuş və bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır. Cavabdeh orqanın isə Qanunun 29.2-ci maddəsinə (indeksləşdirməyə) istinad edərək pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğini azaltması baxılan işin mahiyyətinə ziddir. Məhkəmə kollegiyası bir məqamı da diqqətə çatdırmaq istəyir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1766/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır:
26. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır.
27. Belə olan halda, iddiaçı Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcud olmuş və bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını tələb etməkdə haqlıdır.
28. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə istinadı isə əsaslı hesab edilmir. Belə ki, hazırkı halda həmin normanın məzmunu vəziyyəti iddiaçının zərərinə dəyişmir. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla qərardadın ləğvinə əsas vermir, bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və 1.2, 76, 80, 85, 116-cı ci maddələrini və MPM-nin 263-264 maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4620/2022 nömrəli 25 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov