Məhkəmə qərarları › İş №2-1(103)-2808/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2808/2023

01.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2808/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2-1(112)-7331/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 avqust 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və Bakı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında sərbəst toplaşmaq barədə icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradovanın qəbulunda olmaq üçün dəfələrlə teleqramlar, məktublar, şikayətlər göndərsə də, Komitə sədri onu və ailəsini qəbul edib şikayətlərini dinləməkdən imtina etmişdir. Belə ki, bəzi əsaslı şübhələrə görə hesab edir ki, Bahar Muradova tabeçiliyində xidmət edən şəxsi himayə etdiyindən ona və ailəsinə qarşıqaldırılmış məhkəmə iddiaları ziyanına çıxarılır. Buna görə iddiaçı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında ailəsilə birlikdə dinc şəkildə toplantı keçirmək istədiyini və həmin vaxt bütün ictimai qayda və ictimai təhlükəsizliyin pozulmayacağını bildirsə də, cavabdeh heç bir hüquqi əsas gətirmədən sərbəst toplaşmaqlarına icazə verməmişdir. Cavabdeh kifayət qədər əsaslandırmadan onun “Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərini pozaraq sərbəst toplaşmaq hüquqlarını məhdudlaşdırmışdır. Halbuki, toplantıları ailə üzvlərindən 5-8 nəfərdən ibarət dinc şəkildə olacaqdır. Hesab edir ki, cavabdehin imtinası (hərəkət və hərəkətsizliyi) qanunsuz və əsassız olmaqla onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən hüquqları kobud şəkildə pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2-1(112)-7331/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya qeyd edir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında sərbəst toplaşmaq barədə icazənin verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti 3-52/2-S-5/2-003/2/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, şikayəti ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlanılmış, həmin qurumdan daxil olmuş məktubda məsələnin predmetinin qohumlar arasında mülki mübahisə olduğu, komitə ilə əlaqədar olmadığı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, 10 fevral 2023-cü il tarixində planlaşdırdığı toplantının keçirilməsinin məqsədəuyğun hesab edilməyərək məsələsinə hüquqi müstəvidə baxılaraq, məhkəmənin yekun qərarının gözləməyini iddiaçıya tövsiyə edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin imtinasının qanunsuz hesab edilməsini və Bakı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında sərbəst toplaşmaq barədə icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun: -Maddə 1. Sərbəst toplaşmaq azadlığı. İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. İİ. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. -Maddə 6. Toplantının təşkilatçısı İ. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. İİ . 18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan və fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər himayəçilərinin yazılı razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər. -Maddə 7. Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər İ. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: -Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddiaçının hazırki tələbi üzrə iddianın mümkünlük şərtləri ödənilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda sadalanan hallarına görə iddiaçı ona mitinqə icazə verilməməsi ilə bağlı hüquqlarının pozulduğunu bəyan edir. Hazırki iddiaaya münasibətdə cavabdehin müvafiq inzibati aktın qəbul edilməsi iddiaçı üçün heç bir hüquqi maraq yaratmayacaqdır. Belə ki, cavabdehin imtinasından göründüyü kimi iddiaçının şikayəti ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlanılmış, həmin qurumdan daxil olmuş məktubda məsələnin predmetinin qohumlar arasında mülki mübahisə olduğu, komitə ilə əlaqədar olmadığı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 10 fevral 2023-cü il tarixində planlaşdırdığı toplantının keçirilməsi məqsədəuygun hesab edilməmişdir. Bundan əlavə işdə olan məhkəmə aktlarından və iddiaçının özünün də məhkəmə iclasında bildirdiyi kimi qohumlar arasında mülki mübahisə oldugundan iddiaçı Komitənin əməkdaşından şikayətlidir, lakin toplantının keçirilməsində onun hüquqi marağının nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Avropa Məhkəməsinin presedent hüququndakı mövqeyinə görə Məhkəmə təkrar edir ki, nümayişi təşkil edən assosiasiyalar və digərləri demokratik prosesin faktorları kimi qüvvədə olan normalara əməl etməklə həmin prosesi tənzim edən qaydalara hörmətlə yanaşmalıdırlar (baxın: “X3rşı” (Oya Ataman v. Turkey, no. 74552/01, § 38, ECHR 2006- Xİİİ)). Nümayiş, onun təbliğ etmək istədiyi ideyalara müxalif olan şəxsləri narahat edə və ya incidə bilər. Bununla belə, iştirakçılar opponentləri tərəfindən fiziki zorakılığa məruz qalmaqdan qorxmadan nümayişini keçirə bilməlidirlər. Əsl, səmərəli dinc toplamaq azadlığı, bu səbəbdən, Dövlətin müdaxilə etməmək vəzifəsi ilə məhdudlaşa bilməz: bu neqativ konsepsiya Maddə 11-in predmet və məqsədi ilə uyğun olmazdı. 8-ci maddə kimi, maddə 11 bəzən, hətta fərdlər arasındakı münasibətlərlə bağlı sahələrdə belə ehtiyac olduqda pozitiv addımların atılmasını tələb edir (bax, Plattform “Ärzte für das Leben” v. Austria, 21 iyun 1988, § 32, Series A no. 139). Fərdlərin 11-ci maddə hüquqlarını məhdudlaşdıran hərəkətlər etdiyi hallarda dövlət orqanları, onların müdafiəsini təmin etmək üçün bu fərdlərin arasındakı münasibətlərə müdaxilə etməli ola bilərlər. Bu, belə maddə 11 hüquqlarını təmin etmək üçün aktiv polis tədbirlərinə ehtiyacı və bu hüquqların həyata keçirilməsinə təsir edən zorakı insidentlərin araşdırılması öhdəliyini əhatə edə bilər (bax,Ouranio Toxo and Others v.Greece, no. 74989/01, § 43, ECHR 2005X (çıxarışlar). Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2-1(112)-7331/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar