Məhkəmə qərarları › İş №2-1(103)-2808/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2808/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2808/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və “Qaçqın statusu”nun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3413/2025 nömrəli, 06 may 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 24 sentyabr 2024-cü il tarixli İQ- 59/4 saylı qərarının ləğv edilməsi və qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, vətəndaşı olduğu Pakistan Respublikada onun və ailəsinin həyatı təhlükəsizliyinin təminatı nəinki inamsızdır, hətta o və ailəsi aşkar təhdid edilir. Pakistan hökuməti isə onların hüquqlarını müdafiə etmək iqtidarında deyil. Onun vəsatətinin dəlillərini cavabdeh nəinki görməməzlikdən gəlib hətta onun dediklərində bir çox məqamlarda təhrif etmişdir. Belə ki, guya nə o, nə ailəsi Pakistanda heç bir təqibə məruz qalmamışdır. Halbuki, onlar dini baxışlarına görə hər addımda təqib, təhdid altında yaşamaq məcburiyyətindən qurtararaq Azərbaycan Respublikasına pənah gətirmişdir. O, xx.xx.2024-cü il tarixdə “qaçqın statusu verilməsi haqqında” vəsatətilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Cavabdeh isə vəsatətini təmin etməyib və buna dair 24 sentyabr 2024-cü il tarixli, İQ-59/4 nömrəli qərarını qəbul etmişdir. Hesab edir ki, cavabdehin 24 sentyabr 2024-cü il tarixli imtina qərarı ləğv edilməli və qaçqın statusunun verilməsi ilə bağlı vəsatətinin təmin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki iddiaçı ona və ailə üzvlərinə qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024cü il tarixli İQ-59/4 nömrəli qərar qəbul edilmişdir. Hesab edirlər ki, Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, şəxsin birinci və ikinci müsahibəsi zamanı ifadəsində ziddiyyətlər mövcud olmuş və bununla bağlı həmin ziddiyətlərin nədən ibarət olması müvafiq qərarda öz əksini tapmışdır. Bununla yanaşı, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3413/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq da qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin yol verdiyi pozuntuları aradan qaldırmayıb və öz qərarını cavabdehlə eyni əsaslarla əsaslandırıb. Sığınacaq verilməsindən imtina edilməklə iddiaçıya aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ (Konstitusiya, maddə 70): inzibati icraat hüququ (Konstitusiya, maddə 60): pis rəftara məruz qalmamaq hüququ (AİHK, maddə 3); şəxsi həyata hörmət hüququ (AİHK. maddə 8); səmərəli vasitələr hüququ (AİHK, maddə 13). Nəticə etibarilə, cavabdehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) baxımdan qanuni deyil. Eləcə də həmin qərar əsassızdır (iş materialları əsasında təkzib edilir). Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. İPM-in 73. 1-ci maddəsinə əsasən bu halda məhkəmə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoymalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, iddiaçı xx.xx.1992-ci il təvəllüdlü İddiaçı “Qaçqın statusunun verilməsi haqqında” 25 iyun 2024-cü il tarixli vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 90-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Belə ki, Dövlət Miqrasiya Xidmətinin “Qaçqın status verilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, İQ-59/4 №-li Qərarında qeyd olunmuşdur ki: - Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı (Pasport: Na AA4983604) ailə üzvləri (arvadı xx.xx.1992-ci il təvəllüdlü Kannedy Aqsa, oğlu - xx.xx.2021-ci il təvəllüdlü Griffin İshkar İsrael, oğlu - xx.xx.2023-cü il təvəllüdlü X2) ilə birlikdə 25 iyun 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün DövlətMiqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 90-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvü ilə müsahibə keçirilmişdir. - Ərizəçi qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı X5 şəhərində doğulduğunu, 3-4 yaşı olarkən ailəsi ilə birlikdə Pakistana qayıtdıqlarını, milliyyətcə pəncablı, dini etiqadına görə xristian (katolik) olduğunu, 1992-2004-cü illərdə Lahor şəhərində 12 illik orta təhsil aldığını, maddi imkansızlıq səbəbindən təhsilini davam etdirə bilmədiyini bildirmişdir. O, əmək fəaliyyətinə ilk dəfə 2000-ci ildən başladığını, 2010-cu ilə qədər “TRG” adlı çağrı mərkəzində operator vəzifəsində çalışdığını, 2010-cu ildə Dubay şəhərinə getdiyini, 2015-ci ilə qədər “Super Price rent a car” adlı şirkətdə, 2015-2017-ci illərdə “Al-Wathba Services” adlı şirkətdə, 2017-2019-cu illərdə isə klassik maşın şirkətində işlədiyini qeyd etmişdir. O, 2019-cu ildə Pakistana qayıtdığını, bir il “Keep Tracking” şirkətində baş menecer, 2021-ci ildən isə “Western Union” şirkətində texniki təhlilçi olaraq çalışdığını söyləmişdir. - Ailə vəziyyəti barədə məlumat verən ərizəçi 2019-cu ildə ailə həyatı qurduğunu (nikah haqqında şəhadətnaməsini təqdim etmişdir), bu nikahdan 2 övladının dünyaya gəldiyini, 1 qardaşı, 2 bacısının olduğunu, qardaşının və 1 bacısının hazırda X1, digər bacısının Avstriyada, valideynlərinin Pakistanda, əri və uşaqlarının isə onunla birlikdə Azərbaycan Respublikasında yaşadıqlarını söyləmişdir. - Ərizəçi 25 aprel 2024-cü il tarixdə İskhar İsrael adlı övladını səhhətində yaranmış problem səbəbindən xəstəxanaya apardığını, orada olarkən tanımadığı şəxslərin övladının adının İsrael olduğunu öyrəndiyini və bundan sonra onu təhdid etdiklərini bildirmişdir. O, qeyd edilən tarixdə zorla məscidə aparıldığını, fiziki təzyiqlərə məruz qaldığını, İsrail hökumətinə dəstək verməkdə günahlandırıldığını, lakin məsciddə olan As Muhammad adlı şəxsin onu müdafiə etdiyini və günahsız olduğunu bildirdikdən sonra sərbəst buraxıldığını söyləmişdir. Ərizəçi bu hadisədən bir neçə gün sonra 28 aprel tarixində yenidən həmin şəxslərin hücumuna məruz qaldığını, ona və oğluna soyuq silahla xəsarət yetirildiyini və bu barədə tibbi ekspertizanın rəyinin olduğunu qeyd etmişdir. O, məsələ ilə əlaqədar polisə şikayət etdiyini, əvvəlcə müraciətinə baxılmadığını, lakin təsadüfən polis bölməsində olan jurnalistlər tərəfindən məsələnin işıqlandırılmasından sonra müraciətinin qəbul edildiyini və polisin ona məhkəməyə müraciət etməsini tövsiyə etdiyini söyləmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra məhkəmənin onun polisin müdafiəsi ilə təmin edilməsi barədə qərar verdiyini, lakin hüquq mühafizə orqanının bu qərarı icra etmədiyini, həmin şəxslərin sonradan onun barəsində polisə şikayət edərək onu küfr etməkdə günahlandırdıqlarını, polisin bu şikayətin qarşısını almaq üçün ondan pul istədiyini, lakin özünün bu pulu vermək istəmədiyini və ölkəsini ailə üzvləri ilə birlikdə tərk edərək 21 may 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiklərini söyləmişdir. Ərizəçi hazırda tanımadığı şəxslərin onu küfr etməkdə günahlandırmasını əsas gətirərək ölkəsinə qayıtmaq istəmədiyini, qayıdacağı təqdirdə isə bu məsələnin ona qarşı müəyyən risklər doğura biləcəyini qeyd etmişdir. - Ərizəçinin arvadı Aqsa Kannedy ilə keçirilən müsahibə zamanı o, 11 dekabr 1992- ci il tarixdə Pakistanın Lahor şəhərində anadan olduğunu, pedaqogika ixtisası üzrə ali təhsil aldığını, 2015-2023-cü illərdə “Air Blue” adlı hava yollarında təyyarə bələdçisi işlədiyini, 3 bacısının olduğunu, atasının 2007-ci ildə vəfat etdiyini, anasının və bacılarının hazırda Pakistanda yaşadıqlarını söyləmişdir. - Aqsa Kannedy qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən həyat yoldaşı İddiaçı söylədiklərini təsdiq edərək eyni səbəbdən Pakistanı tərk etdiklərini və orada yaşamaqdan ehtiyat etdiklərini bildirmişdir. - Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını təqdim edərəkadlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduqları yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. - Ərizəçinin ölkəsini tərk etməsinə səbəb olmuş hallarla bağlı müsahibə zamanı söylədiklərində bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmiş və o, yaranmış uyğunsuzluqlara aydın izahatlar verə bilməmiş, qarışıq və rabitəsiz fikirlər söyləmişdir. Bu cür fikirlər onun söylədiklərini inandırıcılıq baxımından şübhə altına almış və təqib qorxusunun ciddi olmadığını göstərmişdir. - Belə ki, ərizəçi hadisənin aprel ayından başladığını desə də, məhkəmənin qərarı ilə bağlı təqdim etdiyi sənəddə bu hadisələrin 28 fevral tarixində baş verdiyi əks olunmuşdur. Beləliklə ərizəçinin söylədikləri ilə təqdim etdiyi sənəddəki məlumatlar üstüstə düşməmiş və öz təsdiqini tapmamışdır. Ona bu məsələni dəqiqləşdirməsi üçün imkan yaradılmış, lakin o, heç bir əsaslı izahat verə bilməmişdir. - Bundan başqa, ərizəçi məscidin həyətində onu naməlum şəxslərdən xilas edən As Məhəmməd adlı şəxslə bir-birlərini tanımadıqları barədə məlumat versə də, məhkəməyə müraciətlə bağlı təqdim etdiyi sənədində As Muhammadın onu tanıdığı və yaşadığı ünvanı bildiyi məlum olmuşdur. Bu hadisə ilə bağlı eyni zamanda qeyd edilməlidir ki, ərizəçini İsrail hökumətinə dəstək verməkdə günahlandıran naməlum şəxslərin onu məsciddən rahat buraxması və sonra yenidən təhdid etməsi də ağlabatan hesab olunmamışdır. - Həmçinin ərizəçi özünə və oğluna xəsarət yetirildikdən sonra tibbi ekspertizanın təyin olunduğunu, həmin rəyi əldə etdiyini qeyd edərək sənədi müsahibə vaxtı təqdim etmişdir. Onun təqdim etdiyi sənədə baxış keçirilərkən orada ad, soyad, şəxsiyyət vəsiqəsinin nömrəsi və s. başqa hər hansı məlumatın olmadığı məlum olmuşdur. Ona bu barədə sual verilərkən o, həmin sənədə baxmadığını və orada yazılanlardan xəbərsiz olduğunu bildirmişdir. Ümumiyyətlə müsahibə zamanı ərizəçinin təqdim etdiyi sənədlərin bir qismi ilə tanış olduğu halda bir qismi ilə tanış olmaması da diqqət çəkmişdir. - Bundan başqa İddiaçı onu təhdid edən şəxslərin “MADNİ” adlı dini təşkilatın üzvləri olduğunu bildirsə də, mənşə ölkəsi barədə araşdırma zamanı bu təşkilat üzvlərinin heç bir dini, irqi ayrı seçkiliklə məşğul olmadığı da məlum olmuşdur. - “... Qaydalar: Heç bir dinə və irqə qarşı qərəzlik olmamalıdır. Heç kəsə hücum və təhqir olmamalıdır...” (Mənbə: https://www. facebook.com/qroups/**********74186/) - Yuxarıda qeyd edilənlərdən əlavə, ərizəçi polis tərəfindən himayə olunması üçün məhkəməyə etdiyi müraciətinin təmin edildiyini, onu təhdid edən şəxslərin saxlanılması, özünün isə polis tərəfindən himayə edilməsi barədə məhkəmə tərəfindən qərar verildiyini bildirərək həmin qərarın surətini DMX-ya təqdim etmişdir. Lakin o, belə bir qərarın verilməsinə baxmayaraq, Pakistanda qalmaq istəməmiş və bunun səbəbini polisin məsələyə laqeyd yanaşması, həmçinin Azərbaycana gəlmək üçün biletləri alması ilə əlaqələndirmişdir. Göründüyü kimi, ərizəçinin himayəsi üçün məhkəmənin qərarı və dövlətin onu himayə etmək istəyi olduğu halda, o, heç bir əsaslı səbəb olmadan bu imkandan istifadə etmək istəməmişdir. Hökumətin ərizəçini himayə etmək məqsədinin olduğunu nəzərə alsaq, onun ölkə daxilində yerdəyişmə alternativindən istifadə etmək istəməməsi də söylədiklərinin ciddiliyi ilə bağlı şübhə doğurmuş və onu qorxusunun əsaslı olmadığını deməyə imkan vermişdir. - İddiaçı və arvadının müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, siyasi əqidələrinə və dini etiqadlarına görə ciddi şəkildə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. - Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun və ailə üzvünün gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla və ailə üzvü ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 24 sentyabr 2024-cü il tarixli, 18 saylı protokolu). - “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı və ailə üzvlərinə (arvadı - xx.xx.1992-ci il təvəllüdlü Kannedy Aqsa, oğlu - xx.xx.2021-ci il təvəllüdlü X6, oğlu - xx.xx.2023-cü il təvəllüdlü X2) qaçqın statusu verilməsindən imtina edilmişdir. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətandaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3413/2025 nömrəli, 06 may 2025-ci il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. . Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar