Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2809/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov X1 ibarət tərkibdə, Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3175/2022 saylı, 13 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia qaldıraraq cavabdeh tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli **********91 saylı cavab məktubu qanunsuz sayılmaqla iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1702 saylı torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması və həmin əmlakın özgəninkiləşdirilməsi üçün müvafiq sənədlərin (yüklülüyün olmaması haqqında arayış və s.) verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(112)-3175/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və yeni qərar qəbul edilərək iddanın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi apellyasiya şikayətini mümkün sayaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, iddiaçı isə prosessual müddətinin üzrsüz buraxıldığı üçün şikayətin qeyri-mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Мəcəllənin 22.1-ci maddəsinə əsasən İPM ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin İPM ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surəti 16 iyun 2022-ci il tarixdə qaiməyə imza edilərək cavabdeh tərəfindən qəbul edilmiş, həmin qərardan apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı xx.xx.2022-ci il tarixd bitmiş, apellyasiya şikayəti isə cavabdeh tərəfindən 20 iyul 2022-ci il tarixdə poçta təqdim edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında müddətin hansı səbəbdən ötürüldüyünü izah edə bilməmiş, ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizə verməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də, cavabdehin qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(112)-3175/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarsi tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2809/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2809/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver