Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2809/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “travmanın ağırlıq dərəcəsi haqqında arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 1145/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arayışın verilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və xx.xx.1994-cü il tarixdə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən ona xx.xx.1994-cü il tarixdə hərbi xidmət dövründə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N-ci ilin dekabr ayından xx.xx.1996-cı il tarixədək N №-li hərbi hissənin tərkibində əsgər kimi hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1994-cü il tarixdə döyüş vaxtı yaralanmışdır. Yaralanmağı ilə əlaqədar xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 2 №-li şəhər klinik xəstəxanasında, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müayinədə və müalicədə olmuş, Mərkəzi Hərbi Həkim Komissiyasının 2354 №-li, xx.xx.1994-cü il tarixli qərarı ilə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək xidmətə yararsız olduğuna görə ona xəstəliyə görə məzuniyyət verilmişdir. Göründüyü kimi o, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək hərbi xidmətə yararsız (əmək qabiliyyətsiz) olmuşdur. Yaralanmağının səbəb əlaqəsi Mərkəzi Hərbi Həkim Komissiyasının 2354 №-li, xx.xx.1994-cü il tarixli qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilmişdir. Lakin xx.xx.1994-cü il tarixdə aldığı yaralanmanın ağırlıq dərəcəsi haqqında ona müvafiq arayış verilməmişdir. xx.xx.1994-cü il tarixdə N №-li hərbi hissədə xidmət keçərkən aldığı yaralanmanın (travmanın) ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1145/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı (hakim M.Qarayeva) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü il tarixdə şəhadətləndirilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.1994-cü il tarixli 2354 №-li arayışı verilmişdir. Onu da qeyd etmək lazımdır ki, hazırda iddiaçı hərbi qulluqçu olmadığından, qeydiyyatda olduğu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və ya bölməsinə müraciət etməli və həmin qurumun göndərişi əsasında şəhadətləndirilməyə göndərilməlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ayrı qurum olduqlarından Müdafiə Nazirliyi öz səlahiyyətlərinə aid olmadığı məsələlərə görə cavabdehlik daşıya bilməz. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı, cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini qanunsuz və əsassız hesab edir. Belə ki, mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1145/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı ləğv edilməli, şikayət qismən təmin edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçıya verilmiş 07 noyabr 2005-ci il tarixli müvəqqəti vəsiqənin - hərbi bilet əvəzinin surətində qeyd edilmişdir ki, o sıravidir, vəzifəsi atıcıdır. N nömrəli hərbi hissədə 12.N-ci ildən xx.xx.1996-cı ilədək xidmətdə olmuşdur. N saylı hərbi hissənin tərkibində qulluq etdiyi müddət ərzində Azərbaycan Respublikasının suverenliyi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş və xx.xx.1994-cü ildə sol ayağın deşib keçən qüllə yarası almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasının M-08 nömrəli, 16 iyul 2018-ci il tarixli məktubu ilə bildirilmişdir ki, xəstəxananın qeydiyyat jurnallarına əsasən xx.xx.1972ci il təvəllüdlü İddiaçı Aril oğlu xx.xx.1994-cü il tarixdə “Sol ayaq nahiyəsinin dəlib keçən güllə yarası” diaqnozu ilə N saylı hərbi hissədən xəstəxananın cərrahiyyə şöbəsinə göndərilmişdir. Aparılan müayinə və müalicədən sonra xəstə xx.xx.1994-cü il tarixdə kafi vəziyyətdə evə ambulator müalicəyə yazılmışdır. Diaqnoz: “Sol ayaq pəncəsinin dəlib keçən güllə yarası”. Əlavə məlumat üçün bildirilmişdir ki, xəstəxananın arxivi qəzalı vəziyyətə düşdüyü üçün xəstəlik tarixi saxlanılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 2876 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, vətəndaş İddiaçı yaralanması və şəhadətləndirilməsi barədə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının kompyuter bazasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, 4144 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv tərəfindən Sabunçu rayon Hərbi Komissarlığına ünvanlanmış 26/2-1749 nömrəli, fevral 2009-cu il tarixli məktubunda bildirilmişdir ki, N saylı hərbi hissə komandirinin dekabr N-ci il, aprel 1996-cı il tarixli əmrlərində İddiaçı barəsində məlumat yoxdur. Beyləqan Rayon Hərbi Prokurorluğunun dekabr 1997-ci il tarixli qərarın surətinə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə təqsirlənməsinə dair 15/21682 nömrəli cinayət işinə amnistiya ilə əlaqədar xitam verilmişdir. İddiaçı məxsus uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.N-ci ildə həqiqi xidmətə çağırılmışdır. Onun hərbi rütbəsi sıravi kimi qeyd edilmiş, atıcı olaraq hərbi hissədə xidmət etmişdir. N nömrəli hərbi hissədə xidmət etmiş, N nömrəli, xx.xx.1994-cü il tarixli arayışa əsasən yaralandıgı, xx.xx.1994-cü ildə sol ağağından qüllə yarası aldıgı qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-43-70/2-121/2023 nömrəli məktuba qoşma olaraq göndərilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının N nömrəli, xx.xx.1994-cü il tarixli qərarına əsasən 1972-ci il təvəllüdlü İddiaçı MN Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək ona “Sol ayaq pəncəsinin dəlib keçən güllə yarası, sol ayağın funksiyasının pozulması” qoyulan diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək hərbi xidmətə yararsız olduğuna görə xəstəliyə görə məzuniyyət verilmişdir. Göründüyü kimi, iddiaçının tələbi xx.xx.1994-cü il tarixdə hərbi xidmət dövründə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2008-ci il tarixli 123 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim Ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatına əsasən: - bənd 174. Hərbi xidmət (hərbi toplanış) dövründə xəsarət almış hərbi qulluqçular, hərbi toplanışa çağırılmış vətəndaşlar hərbi tibb müəssisəsində müalicənin başa çatmasından əvvəl alınmış xəsarətin ağırlıq dərəcəsini müəyyən etmək məqsədi ilə qarnizon və ya hospital HHK-sı tərəfindən şəhadətləndirilməlidirlər. - bənd 175. HHK xəsarətin ağırlıq dərəcəsini hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda sığorta hadisəsinin baş verməsi barədə qərar qəbul edilməsi üçün əsas verən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş ağır, yaxud yüngül xəsarət növlərinin Siyahısına (bundan sonra- Siyahı) (bu Təlimata 19 nömrəli qoşma) uyğun olaraq müəyyən edir. - bənd 176. Xəsarətin ağırlıq dərəcəsi haqqında HHK-nın qərarı HHK-nın iclas protokolları kitabına (bu Təlimata 1 nömrəli qoşma), xəstəlik tarixinə, tibb kitabçasına yazılır və müvafiq arayış blankında (bu Təlimata 20 nömrəli qoşma) rəsmiləşdirilir. Xəsarət Siyahıya (bu Təlimata 19 nömrəli qoşma) aid olmadığı halda arayış tərtib edilmir və bu barədə HHK-nın iclas protokolları kitabında (bu Təlimata 1 nömrəli qoşma) müvafiq qeyd edilir. -bənd 177. Xəsarətlə əlaqədar müalicədə olan hərbi qulluqçuya (hərbi toplanışa çağırılmış vətəndaşa) xəsarətin ağırlıq dərəcəsi barədə qərar çıxarılmadığı halda xəsarətin ağırlıq dərəcəsi onun və ya hərbi hissə komandirinin müraciəti ilə qarnizon HHKsı tərəfindən təyin edilir.Əgər alınmış xəsarətin Siyahıya (bu Təlimata 19 nömrəli qoşma) aid olmadığı müəyyən edilərsə, arayış tərtib edilmir və bu barədə HHK-nın iclas protokolları kitabına (bu Təlimata 1 №-li qoşma) qeyd edilir.” Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim Ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarına istinad edilsə də, həmin qərar xx.xx.2014-cü ildə ləğv olunmuşdur və hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı” qüvvədədir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, iddiaçı MN Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş hərbi qulluqçu kimi hazırda travmanın ağırlıq dərəcəsi haqqında arayışın verilməsini tələb etdiyindən hazırki tələb üzrə cavabdehlik daşıyan inzibati orqan qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası çıxış etməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmçinin, iş materiallarından aydın göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilməmiş, iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı dəqiqləşdirilmənin aparılmasına dair təklif edilməmişdir. İnzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1145/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İnzibati iş qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2809/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2809/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver